Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2654/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(011)- 1098/2025 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi onun xx.xx.2025-ci il tarixdə onun elektron kabinetində yerləşdirilsə də, bu tarixdə onun elektron poçt ünvanına bildiriş gəlməmişdir. xx.xx.2025-ci il tarixdə onun elektron poçt ünvanına bildiriş gəlmiş və bildirişin mətni aşağıdakı kimi olmuşdur: “e-2(011)-1098/2025 nömrəli iş üzrə şəxsi kabinet vasitəsi ilə xx.xx.2025-ci tarixdə təqdim edilib”. O, qeyd edilən tarixdə elektron poçt ünvanına gəlmiş həmin bildirişi qətnamənin təqdim edilməsi kimi anlamış və qəbul etmişdir. Buna görə də müddətin axımını həmin tarixdən hesablamaqla xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək müddətin hələ ötürülmədiyini düşünmüşdür. Yalnız bu apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad elektron sistemdə kabinetində yerləşdirildikdən sonra ona məlum olmuşdur ki, apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdür. Ona görə də, dərhal müddətin bərpasına dair vəsatət tərtib edərək elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi, qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili şikayət verərək qərardadın ləğv edilməsi, müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə onun elektron kabinetində yerləşdirilsə də, bu tarixdə onun elektron poçt ünvanına bildiriş gəlməmişdir. xx.xx.2025-ci il tarixdə onun elektron poçt ünvanına bildiriş gəlmiş və bildirişin mətni aşağıdakı kimi olmuşdur: “e-2(011)-1098/2025 nömrəli iş üzrə şəxsi kabinet vasitəsi ilə xx.xx.2025-ci tarixdə təqdim edilib”. O, qeyd edilən tarixdə elektron poçt ünvanına gəlmiş həmin bildirişi qətnamənin təqdim edilməsi kimi anlamış və qəbul etmişdir. Qərəzli şəkildə edilmiş hərəkətlərə yol verməmiş, məsuliyyətsizlik və ya səhlənkarlıq nəticəsində müddəti ötürməmiş və səmimi olaraq müddətin ötürülməsinin səbəbini açıq şəkildə qeyd etmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddətini üzrlü səbəbə görə cəmi 4 gün ötürdükdən sonra apellyasiya şikayəti vermiş və müddəti ötürmədiyini düşündüyü üçün həmin tarixdə müddətin bərpasına dair vəsatət verməmişdir. Yalnız bu gün apellyasiya şikayətinin geri qaytarılması barədə Qərardad elektron sistemdə kabinetinə yerləşdirildikdən sonra ona məlum olmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də dərhal müddətin bərpasına dair vəsatət tərtib edərək elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
12. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 13.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil şəxsi elektron kabinetində yerləşdirilmiş, apellyasiya şikayəti isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. 20.Qətnamənin elektron kabinetə yerləşdirilməsi ilə bağlı elektron poçt ünvanına bildiriş gəlməməsi ilə bağlı ərizəçinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanuvericiliyin tələblərindən göründüyü kimi məhkəmə sənədlərinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi vaxt məhkəmə sənədlərinin rəsmi qaydada verldiyi tarix hesab olunur.
21. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
22. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
23. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə tərəfə göndərilən bildiriş sadəcə əlavə məlumatlandırıcı vasitə olmaqla, bildirişin gec gəlməsi müddətin ötürülməsinin obyektiv səbəbi hesab oluna bilməz.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə