Məhkəmə qərarları › İş №2(103)-2662/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2662/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2662/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: cehiz əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X15 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaların qaytarılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-cü il tarixli, 2(006)- 3643/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 12 mart 2017-ci il tarixdə cavabdeh ilə rəsmi nikah bağlayaraq, cavabdehin atası X10 məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23, bina 1, blok 3, mənzil 813 ünvanında yerləşən mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır.

2. Təxminən 1 il sonra tərəflər Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüş və iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları həmin evə aparılmışdır.

3. 18 iyul 2019-cu il tarixdə X13 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış mebel və s. əşyalarla birlikdə X2.

4. Tərəflərin birgə nikahda olduqları dövrdə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, 007İKUMAZN109868 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20% olmaqla 10000 manat məbləğdə kredit verilmişdir. Qeyd edilən kredit üzrə borc tam ödənilmişdir.

5. Tərəflər bir müddət bağ evində birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e- 2(011)4205/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqlar - 06 iyun 2017-ci il təvəllüdlü Nigar və 27 oktyabr 2018-ci il təvəllüdlü Muradın iddiaçının yanında qalması, 04 avqust 2020-ci il tarixdən (tərəflərin faktiki ayrıldıqları tarix) hesablanmaqla cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 7-ci mikrorayondakı mənzildə olan cehiz əşyaları -18300 manat dəyərində POLO Yataq mebeli (böyük şifoner, termo) - 1 dəst, masa stullarla (8 ədəd) birlikdə (Türkiyə istehsalı), yumşaq mebel - divan dəsti, jurnal masası 1 ədəd (Türkiyə istehsalı), divan (dəyirmi masa və 4 ədəd stullarla birlikdə) - 1 dəst; 5625 manat dəyərində mətbəx mebeli (6,5 m2 avtomobil boyası ilə hazırlanmış) - 1 dəst; 1040 manat dəyərində qonaq və yataq otağında LG markalı kondisioner (40 m2) - 2 ədəd; 150 manat dəyərində yataq otağında çilçıraq 4 lampalıq- 1 ədəd; 150 manat dəyərində giriş koridorda çilçıraq 4 lampalıq - 1 ədəd; 2274 manat dəyərində mətbəxdə, qonaq və yataq otağında pərdələr - 1 dəst; 1390 manat dəyərində soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) - 1 ədəd; 1275 manat (750 ABŞ dolları) dəyərində yemək qızdıran, soba özü tənzimləyən Hotpoint-Ariston FK1041LP0X/HAS (Luce) - 1 ədəd; 272 manat (160 ABŞ dolları) dəyərində mikrodalğalı soba Hotpoint - Ariston MVVH L 2022 X (alman malı) - 1 ədəd; 442 manat (260 ABŞ dolları) dəyərində hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı) - 1 ədəd; 340 manat (200 ABŞ dolları) dəyərində qaz sobası Hotpoint - Ariston PC 631 (BK)/HA - 1 ədəd; 1050 manat dəyərində qabyuyan Hotpoint Ariston LTF 11M116 EU - 1 ədəd; 60 manat dəyərində əlüzyuyan - 1 ədəd; 750 manat dəyərində LG markalı paltaryuyan maşın - 1 ədəd; 50 manat dəyərində qab qurudan - 1 ədəd; 100 manat dəyərində gecə lampaları 2 ədəd; 80 manat dəyərində mətbəxdə çilçıraq 2 lampalıq - 1 ədəd; 170 manat dəyərində yumşaq yumru oturacaq (Pufik) - 2 ədəd, cəmi: 33.518 manat dəyərində; - Mərdəkan qəsəbəsindəki bağ evində olan cehiz əşyaları - 670 manat dəyərində yemək servis dəsti - 84 parça hərəsindən 12 ədəd; 150 manat dəyərində elektrikli Samovar qara rəngdə - 1 ədəd; 750 manat dəyərində Bagema qab - 1 ədəd, rumkalar (çexiya malı) - 6 ədəd; 300 manat dəyərində Bagema Meyvə qabları - 2 ədəd; 300 manat dəyərində Bagema Güldan - 2 ədəd; 750 manat dəyərində Firuzəyi servis 1 ədəd qab, rumkalar - 6 ədəd; 850 manat dəyərində 1 ədəd Bagema çaydan 6 ədəd stəkanla padnosda (Sinqapur malı) – 1 dəst; 650 manat dəyərində kamodun qabağında Bagema qabları - 1 ədəd güldan və meyvə qabı - 2 ədəd; 150 manat dəyərində plov, sous, salat və kabab üçün boşqablar (gündəlik istifadə) hərəsindən - 12 ədəd; 50 manat dəyərində şirniyyat üçün büllur vaz - 2 ədəd; 200 manat dəyərində büllur qrafinka dəsti - qrafinka - 1 ədəd, stəkan - 6 ədəd; 200 manat dəyərində büllur mürəbbə qabları - 2 ədəd; 150 manat dəyərində büllur konfet qabları - 2 ədəd; 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə) - 4 ədəd; 150 manat dəyərində xalat - 1 ədəd; 36 manat dəyərində gündəlik boşqablar hərəsindən 6 ədəd, cəmi - 18 ədəd; 30 manat dəyərində dolmalıq dərin boşqab - 6 ədəd; 50 manat dəyərində bulud böyüklü-kiçikli 3 növdə hərəsindən - 6 ədəd, cəmi - 18 ədəd; 36 manat dəyərində maskoralar - 12 ədəd; 24 manat dəyərində kiçik salat və limon üçün qablar - 6 ədəd; 40 manat dəyərində gündəlik istifadə üçün qrafinka – 1 ədəd, stəkanları ilə 12 ədəd; 36 manat dəyərində kasalar 2 ədəd; 20 manat dəyərində yağ, pendir və ləbləbi qabları hərəsindən 2 ədəd; 36 manat dəyərində büllur rozetkalar 12 ədəd; 50 manat dəyərində büllur armudu stəkan nəlbəkisi ilə 12 ədəd; 80 manat dəyərində şirə içmək üçün büllur stəkan 12 ədəd; 20 manat dəyərində mürəbbə bişirmək üçün tas 2 ədəd; 9 manat dəyərində vedrə 12 litrlik 1 ədəd; 35 manat dəyərində dərin kiçik qablar dəsti - 1 dəst 6 ədəd; 10 manat dəyərində sarımsaq əzən, fındıq sındıran - 1 dəst 2 ədəd; 20 manat dəyərində ayrıca bıçaq dəsti 12 ədəd; 30 manat dəyərində çömçə və kəfkir dəsti hərəsindən 2 ədəd, 4 ədəd; 20 manat dəyərində aşsüzən plastmas 1 ədəd, dəmir 2 ədəd; 40 manat dəyərində «Tefal» balıq çevirən 1 ədəd; 30 manat dəyərində dəm çayniki 2 ədəd; 48 manat dəyərində çaşkalar nəlbəki ilə 2 dəst 12 ədəd, cəmi: 6.200 manat dəyərində, göstərilən cehiz əşyalarının 39.718 (6200+33.518) manat ümumi dəyərinin ona ödənilməsi, onun və uşaqların doğum haqqında şəhadətnamələrinin, diplomunun, xarici pasportunun və disklərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 12 mart 2017-ci il tarixdə cavabdehlə arasında nikah qeydə alınmış, ailə qurduqdan sonra onlar cavabdehə məxsus 7-ci mikrorayonda yerləşən mənzilə köçmüşlər. Atasının vəsaiti hesabına alınmış bütün cehiz əmlakı da həmin ünvanda yerləşdirilmişdir. Təxminən 1 il müddətində orada yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər. Həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamış, bu səbəbdən də, cehiz əşyalarının bir hissəsi həmin ünvana, 1 ədəd 32 LG markalı televizor isə cavabdehin Lənkəran rayonu Girdəni kəndində yerləşən evinə aparılmışdır. 2020-ci ilin iyun ayının sonunda xəstəliyi ilə bağlı müalicənin aparılması məqsədilə neçə gün müddətinə uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə getmiş, evdən müvəqqəti olaraq, yəni müalicə məqsədi üçün çıxdığına görə bir çox fərdi istifadəsindəki əşyaları, hədiyyələri, zinət əşyalarını və uşaqlara məxsus əşyalarını özü ilə götürməmişdir. İyul ayının 11-də öz doğum gününün keçirilməsindən sonra cavabdeh valideynlərinin yaşadığı ünvana gələrək mübahisə yaratmış və atasına nalayiq sözlər demişdir. Bu mübahisədən sonra nikahın pozulması qərarına gəlmiş və həmin vaxtdan cavabdehlə yaşadığı evə qayıtmamışdır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Dəfələrlə cehiz əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi, sonradan tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən götürülmüş 10000 manat vəsaitin ailə münasibətləri pozulduqdan sonra ödənilməmiş qalan 7480 manat hissəsinin 50 %-ni təşkil edən 3740 manatın iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, alınmış cehizlərin qiymətləri süni şəkildə yüksək göstərilməklə yanaşı, alınmış cehiz mebellərinin dəyəri birgə keçirilmiş toyda əldə edilmiş vəsait hesabına toydan sonra müştərək qaydada ödənilmişdir. Başqa sözlə, mebellərin dəyərinin çox hissəsini cavabdehin atası ödəmişdir. Bütün cehiz əşyaları atasına məxsus olmuş 7-ci mikrorayondakı mənzildə yerləşdirilmiş, sonradan atasının ağır xəstələnməsi səbəbindən müalicəsini təmin etmək məqsədilə atası həmin mənzili satmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin may ayında mənzil orada olan mebellərlə birlikdə satılmışdır. Mebellər mənzilin divar ölçülərinə uyğun yığıldığından həmin mebelləri başqa sahələrə yerləşdirmək mümkünsüz olardı. Bu səbəbdən, həmin vaxt iddiaçının razılığı əsasında mənzil orada quraşdırılmış mebellərlə birlikdə yeni alıcıya təqdim edilmiş, alıcı tərəfindən mənzildəki əşyaların dəyəri olaraq 6500 manat ödənilmişdir. Həmin pul vəsaitini ailə və uşaqları üçün 2019-2020-ci illərdə birgə təsərrüfatda xərcləmişlər. Müəyyən ailədaxili maddi çətinlikləri aradan qaldırmaq məqsədilə 22 noyabr 2019-cu ildə "xxxx" ASC-dən 10000 manat kredit götürərək ailə təsərrüfatına xərcləmiş və iddiaçı bundan məlumatlı olmuşdur. Hazırda həmin kredit məbləğini ödəyir, son ödəniş tarixi 22 noyabr 2021-ci ildir.

10. X19 (7-ci mikrorayonda yerləşən mənzilin yeni alıcısı) məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, sözügedən mənzili 18 iyul 2019-cu il tarixdə X7 əşyaları ilə birlikdə almışdır. Mənzildə olan əşyalara görə 10000 manat ödəniş etmişdir. Mənzildə olan əşyalar aşağıdakılardır: “Polo” yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul), 1 ədəd komod, 1 ədəd şkaf (tumba); Mətbəxdə divan dəsti (künc) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 kv.m avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd “LG” markalı kondisioner (40 kv.m üçün); yataq otağında olan 1 ədəd 4 lampalıq çilçıraq; 1 ədəd dəhlizdə 4 lampalıq çilçıraq; 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd “LG” markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) “Hotpoint Ariston FK 1041 POX/NAS (Luce)”; 1 ədəd (alman malı) Mikrodalğalı soba “Hotpoint Ariston MW HA 2022 X”; 1 ədəd havaçəkən “Eleyeus Troy 750 60 BLLED” (Ukrayna istehsalı); 1 ədəd qaz sobası «HotpointAriston LTF 11M116 EU»; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan (suşilka); 1 ədəd mətbəxdə iki lampalı çilçıraq.

11. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 7-ci mikrorayonda yerləşən mənzil qardaşının mənzilidir. Həmin mənzil müəyyən səbəblərdən satılmışdır. Mənzildə olan əşyaların bir hissəsi bağ evinə aparılmış, əşyaların aparılmasında o da iştirak etmişdir. Həmin əşyalar bağa hissə-hissə aparılmışdır. Mənzildə qalan əşyaların dəyərində mənzili alan şəxs pul ödəmiş, həmin pul ailə xərcləri üçün istifadə edilmişdir. Mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Mənzilin niyə satılmasını dəqiq bilmir, mənzil satılanda iştirak etməmişdir. Mənzilin birgə nikah dövründə alınıbalınmaması barədə dəqiq məlumatı yoxdur. Mənzil satılanda evdə olan hər kəsin məlumatı olmuşdur.

12. X4 isə ifadəsində bildirmişdir ki, ailənin dostudur. Faiqlə bağa gəlmiş, əşyaları metallik furqonla bağa aparmışlar. Bağ Mərdəkanda yerləşir. Onlar əşyaları 7-ci mikrorayonda yerləşən mənzildən bağa aparmışlar. Mənzilin neçəyə satılması və kimə satılması barədə məlumatı yoxdur.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(006)- 3643/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, iddiaçıya məxsus 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün büllur vaz, 200 manat dəyərində büllur qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd büllur mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd büllur konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 30 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklü kiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd büllur razetka, 50 manat dəyərində 12 ədəd büllur armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə içmək üçün büllur stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 20 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədəd dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, ilk iddianın qalan hissədə rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin atası mülkiyyətində olan mənzili özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebel və s. əşyalarla birlikdə hazırkı iş üzrə tərəflərin razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. Bağ evində xeyli müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən iddiaçının təşəbbüsü ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı mənzilin satılmasından xəbərinin olmadığını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymır, ona görə ki, iddia ərizəsində və izahatında təxminən 1 il müddətində 7-ci mikrorayonda yerləşən mənzildə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmələrini, həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamalarını, bu səbəbdən də, cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını göstərmişdir. İddiaçı bağ evinə daimi yaşamaq üçün köçərkən mənzilin alıcısı X16 ərizəsində sadalanan, onun mənzili alarkən dəyərini ödədiyi əşyaların bağ evinə aparılmamasını bildirmişdir. Cavabdeh mənzildə olan mebellərin iddiaçının razılığı ilə satılaraq əldə edilən vəsaiti ailə təsərrüfatına xərclənməsini, çoxsaylı ev əşyalarının xarab olduğundan atılmasını bildirsə də, mənzilin alıcısının məhkəməyə təqdim etdiyi ərizəsində sadalanan əşyalar istisna olmaqla iddiaçının sonuncu ərizəsində sadalanan, ona məxsusluğu iddia edilən digər əşyaların mənzildən aparılması faktı təsdiq edilmişdir.

15. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfindən birgə nikah dövründə bankdan kredit götürülərək, ailənin ümumi mənafeyi tələb edən məsələlərin həll edilməsinə xərclənmiş, kredit cavabdeh tərəfindən ödənilmiş və tərəflər arasında ailə münasibətləri faktiki olaraq (04 avqust 2020-ci il tarixdən) pozulduqdan sonra banka olan qalıq borc 7480 manat təşkil etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1, 36, 37.3, 41.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə faktiki sübutlara deyil, cavabdehin təqdim etdiyi formal mülahizələrə əsaslanmışdır. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı 7-ci mikrorayonda olan mənzilə köçdükdən bir müddət sonra cavabdehin təkidi ilə Mərdəkandakı bağ evinə köçmüş və əşyaların az hissəsini - gündəlik istifadə üçün nəzərdə tutulanlar bağ evinə aparılmışdır. Nikah dövründə və nikahdan sonra məhkəmədə iddia qaldırılanadək 7-ci mikrorayondakı mənzilin satılmasından xəbəri olmamışdır. Cavabdeh məhkəmə baxışı zamanı götürülmüş kreditin nəyə xərcləndiyini əsaslandıra bilməmişdir.

19. Apellyasiya baxışı zamanı iddiaçı tərəfdən təqdim edilmiş qaimələrdən görünür ki, “Polo” yataq mebel dəsti 21 avqust 2016-cıil tarixdə 18300 manata, mətbəx mebeli dəsti 04 sentyabr 2016-cı il tarixdə 5625 manata, Yataq və qonaq otağında olan 2 ədəd “LG” markalı kondisioner 27 avqust 2016-cı il tarixdə 1040 manata, 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə) 03 sentyabr 2016-cı il tarixdə 2274 manata, 1 ədəd soyuducu 732 HQ GU LG 27 avqust 2016-cı il tarixdə 1390 manata, 1 ədəd “LG” markalı paltaryuyan maşın 27 avqust 2016-cı il tarixdə 750 manata, 1 ədəd Soba (duxovka) “Hotpoint Ariston FK 1041 POX/NAS (Luce) 27 avqust 2016-cı il tarixdə 682,5 ABŞ dollarına, 1 ədəd (alman malı) Mikrodalğalı soba “Hotpoint Ariston MW HA 2022 X” 27 avqust 2016-cı il tarixdə 145,6 ABŞ dollarına, 1 ədəd havaçəkən “Eleyeus Troy 750 60 BLLED” (Ukrayna istehsalı) 27 avqust 2016-cı il tarixdə 236,6 ABŞ dollarına, 1 ədəd qaz sobası “HotpointAriston LTF 11M116 EU” 27 avqust 2016-cı il tarixdə 182 ABŞ dollarına, 1 ədəd qabyuyan HotpointAriston LTF 11M116 EU 27 avqust 2016-cı il tarixdə 445,9 ABŞ dollarına alınmışdır.

20. Məhkəmə kollegiyası tərəfindən 7-ci mikrorayonda yerləşən mənzildə olan əşyaların X3 18 iyul 2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 14 aprel 2022-ci tarixli, 15/0396 nömrəli hesabatına əsasən, qiymətləndirməyə təqdim edilmiş 2016-cı ilin avqust-sentyabr aylarında alınmış mebel və ev əşyalarının satıldığı 18 iyul 2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) real bazar dəyəri 27,384 manat müəyyən edilmişdir.

21. Cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/3445 nömrəli ekspert rəyinə əsasən, göstərilən əşyaların 2016-2019-cu il tarixədək istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16480 manat müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-1871/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 7-ci mikrorayonda yerləşən satılmış mənzildə olan cehiz əşyalarının dəyərinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia qismən təmin edillərək, mənzildə olan cehiz əşyalarının dəyəri kimi 27299 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzilin onun ölçülərinə uyğun yığılmış mebel və s. avadanlıqlarla birlikdə iddiaçının razılığı ilə satıldığını qeyd etsə də, mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü kimi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamışdır, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.

24. Məhkəmə kollegiyası həmin əşyaların satıldığı 18 iyul 2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini daha mötəbər hesab etmişdir. Belə ki, MMC tərəfindən illər üzrə aşınma nəzərə alınmaqla əsaslandırılmış rəy verilmişdir, Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi isə ümumi ifadələrdən ibarət olmaqla kifayət qədər əsaslandırılmamışdır. Odur ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ əsas götürülməklə, qeyd edilən məbləğ iddiaçıya ödənilməlidir. Lakin iş materiallarında olan bəzi cehiz əşyalarının cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndələrinə təhvil verilməsi barədə 03 iyul 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 2 ədəd gecə lampası iddiaçıya təhvil verilmişdir. Bu səbəbdən, həmin iki ədəd gecə lampasının müəyyən edilmiş dəyəri olan 85 manat ümumi məbləğ 27384 manatdan çıxılmalı və 27299 manat (27384-85) iddiaçıya ödənilməlidir.

25. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, işə rayon və apellyasiya icraatı qaydasında baxılarkən cavabdeh kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf olunmasına dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh götürülən kreditin ailə üçün xərcləndiyini bildirərək, Şəki rayonuna səfər etdiklərini, uşağı dənizə apardığını və s. göstərmişdir. Əvvəla, cavabdeh tərəfindən kredit noyabr ayında götürülmüş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, tərəflər Şəkiyə yay aylarında getmişlər. Digər tərəfdən, uşağın dənizə aparılması və ya Şəkiyə gəzməyə gedilməsi üçün kredit götürülmüş 10.000 manat vəsaitin sərf edilməsi ağlabatan deyildir. Göründüyü kimi, cavabdeh kredit məbləğinin ailənin ümumi ehtiyaclarına sərf olunmasını iddia etdiyi halda, bu halı sübuta yetirə bilməmiş, işin müəyyən edilmiş halları ilə isə bu təkzib edilmişdir. Odur ki, qətnamə bu hissədə də ləğv edilməli və qarşılıqlı iddia rədd edilməlidir.

Kassasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023cü il tarixli, 2(102)-498/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-1871/2022 nömrəli qətnaməsi ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissələrdə - ilk iddianın təmin olunmuş qalan hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

28. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “- 59. Məhkəmə kollegiyası hesab edir ki, 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mebel və s. cehiz əşyalarının (siyahısı mənzilin alıcısı X19 tərəfindən verilmiş ərizədə göstərilmiş) dəyərinin qaytarılması hissəsi istisna olmaqla, ilk iddianın təmin olunmuş hissələrində və qarşılıqlı iddianın rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. - 60. Kassasiya şikayətinin dəlillərində bu hissələrlə bağlı qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. - 61. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, qətnamə bu hissələrdə qüvvəsində saxlanılmalıdır. - 62. Bununla belə, apellyasiya instansiyası məhkəməsi 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli əşyalarının dəyərinin qaytarılması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. - 63. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflər 12 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla bir müddət cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzildə yaşamışlar və iddiaçı özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır. Təxminən 1 il sonra Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüşlər və iddiaçıya məxsus bir sıra cehiz əşyaları da həmin evə aparılmışdır. 18 iyul 2019-cu il tarixdə cavabdehin atası 7-ci mikrorayonda yerləşən mənzili orada quraşdırılmış iddiaçıya məxsus bir sıra mebel və s. cehiz əşyaları ilə birlikdə X2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. - 64. Hazırda iddiaçı 7-ci mikrorayonda yerləşən mənzildə qalmış mübahisəli cehiz əşyalarının və ya onların dəyərinin qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, həmin əşyaların iddiaçının razılığı ilə mənzillə birlikdə satıldığını və əldə edilmiş vəsaitin ailənin ehtiyacları üçün xərcləndiyini bildirir. - 65. Apellyasiya instansiya məhkəməsi bu tələbi rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə ləğv edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir. Belə ki, tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır. Göründüyü kimi, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamış, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əşyaları iddiaçıya qaytarılmalıdır. Lakin hazırda əşyalar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir. - 66. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. - 67. Hazırkı iddia tələbi vindikasiya tələbi olmaqla iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi cehiz əşyalarının geri qaytarılmasını tələb edir. - 68. Bu tələbin hüquqi əsasını təşkil edən mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 69. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. - 70. Baxılan işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliyində olması işin mübahisəsiz hallarıdır. - 71. Göründüyü kimi, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi əşyaların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əşyaların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır. - 72. Faktiki vəziyyət bu şəkildə olduqda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər. - 73. Apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq, cavabdehin həmin tələbə cavab verməli olan şəxs olub-olmadığını müzakirə etməmişdir. - 74. Məlum olduğu kimi, iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülməlidir. Bu səbəbdən iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 19-cu bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçının nümayəndəsi X5 və vəkili Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.

32. Həmçinin, məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil tərəfindən cavabdehin əsl cavabdeh X19 ilə əvəz olunması barədə vəsatət verilmiş, vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2(102)-498/2023 nömrəli qərarında qeyd olunan mövqeyə uyğun olaraq əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması üçün əsasın məhkəmə baxışında yaranması ilə əsaslandırılmışdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunduqdan sonra işə yenidən baxılmağa başlanması nəzərdə tutulduğundan, həmçinin, apellyasiya instansiyasında bu prosessual hərəkətin mümkünsüzlüyü nəzərə alınaraq vəsatət təmin olunmamışdır.

34. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək kassasiya instansyiası məhkəməsinin mövqeyi nəzərə alınmaqla iddianın mübahisələndirilən hissədə rədd olunmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir;

36. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir; Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar;

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarı: “Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ərarvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir, yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ərarvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.”

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirilsə də, Ali Məhkəmənin 13 yanvar 2023-cü il tarixli, 2(102)-498/2023 nömrəli qərarı ilə, ilk iddianın 7ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissədə yeni apellyasiya baxışına göndərildiyindən qətnamə geri qalan hissələrdə qanuni qüvvəsini aldığından məhkəmə aktı yalnız ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissədə ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

42. Belə ki, birinci instansiya məhkəməsi hazırda yoxlanılan - ilk iddia üzrə 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbini rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehin atası, mülkiyyətində olan mənzilini, özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebelin və s. əşyaları ilə birlikdə hazırki iş üzrə tərəflərin, yəni Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının və Cavabdeh razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul da ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. İlk iddiaçı mənzilin satılmasından xəbərinin olmamasını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymamışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bu iddia tələbi mahiyyət baxımından vindikasiya tələbidir və iddiaçı cavabdehin qanunsuz sahibliyində qaldığını iddia etdiyi cehiz əşyalarının geri qaytarılmasını tələb edir.

44. Bu tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) cavabdehin əşyanın sahibi olması; 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Qeyd olunan şərtlərin hər biri ödənməlidir və onların mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

46. Hazırkı işdə cavabdehin atasına məxsus 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış mübahisəli cehiz əşyalarının iddiaçıya məxsus olması, həmin əşyaların mənzillə birlikdə satılaraq hazırda başqa şəxsin (alıcının) sahibliyində olması işin mübahisəsiz hallarıdır.

47. Göründüyü kimi, iddiaçının vindikasiya tələbi çərçivəsində geri qaytarılmasını tələb etdiyi əşyaların hazırda cavabdehin sahibliyində olması şərti ödənilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı həmin əşyaların qaytarılması barədə iddia tələbi ilə çıxış etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə kolleygiyası hazırkı cavabdehin mövcud tələbə cavab verməli olan şəxs olmadığı qənaətinə gəlir.

48. Belə olan halda, iddiaçı mübahisəli əşyaları qaytarılması barədə hazırkı tələbini yalnız həmin əşyalara faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürə, əks təqdirdə isə ona məxsus mübahisəli əşyalarının satılmasına razılığının olmamasına istinad edərək, məhz həmin əşyaları qanunsuz satmış və onların dəyərini əldə etmiş şəxsə qarşı mülki hüquq pozuntusu qaydaları çərçivəsində düşdüyü zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.

49. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə cavabdeh bu hissədə iddia tələbinə cavab verməli olmayan şəxs olduğundan, ona qarşı yönəlmiş bu tələb üzrə birinci instansiya məhkəməsi, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir.

50. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından qismən – ilk iddianın 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması tələbi ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd olunmalı, şikayət qismən təmin olunmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-cü il tarixli, 2(006)- 3643/2021 nömrəli qətnaməsindən iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-cü il tarixli, 2(006)- 3643/2021 nömrəli qətnaməsi qismən – ilkin iddia üzrə 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının Cavabdeh qarşı iddiası 7-ci mikrorayonda yerləşən mənzillə birlikdə satılmış cehiz əşyalarının dəyərinin qaytarılması hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar