Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2669/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “ipoteka müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2070/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə formal kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı kimi Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsini 3-M-260 saylı kredit müqaviləsinə əsasən yaranmayan və olmayan öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Notariat Kontoru bu formal müqaviləni təsdiq edərkən öhdəliyin necə və nə vaxt yarandığına dair ona heç bir sual verməmişdir. Həmin vaxtı axşam müqavilə imzalanmış və kreditor ona müqavilə üzrə üzərinə düşən pul vəsaitini vermədən getmişdir. Həmçinin əmlak girova qoyularkən onun üzərində olan tikililər nəzərə alınmamış və yalnız torpaq sahəsi yazılmışdır. X1 torpaq sahəsinin üzərində əmlakın olması barədə sual versə də o, bunun ona aidiyyatı yoxdur deyib, müqavilədə onun xəbəri olmadan əmlakı 50.000 manat qiymətləndirmişdir, halbuki, həmin əmlakın qiyməti qoyulandan 10 dəfə çoxdur. İpoteka müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Belə ki, onu aldadaraq qarşı tərəf demişdir ki, vergi məcəlləsi həllini tapdıqdan sonra bu müqaviləni ləğv edəcəklər. Formal olaraq rəhbərlik belə bir müqavilənin bağlanmasını tələb edir. Həmçinin, o, Hikməti ümumiyyətlə tanımamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 2070/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 668 nömrəli reyestr kitabının 63224 nöməli vərəqində qeydiyyat aparılmışdır. xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2 il müddətinə hər ay 1042 manat ödəmək şərti ilə 25008 manat borc pul almışdır. Kredit müqaviləsinə əsasən öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 13246/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 25008 manat əsas borcun, 45.80 manat bank xidməti xərclərinin əvəzi və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda (ilkin satış qiyməti 50.000 manat) satışından əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1848/2020 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. İş materiallarından göründüyü kimi mübahisəli müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin məhkəmə aktının hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığını nəzərə alan Kollegiya bildirir ki, həmin aktda tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B-70 a saylı sahə ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, onun hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Həmin məhkəmə aktı ilə sözügedən ipoteka müqaviləsinin etibarlılığı və hüquqi nəticələri tanınmışdır. Hazırki iş üzrə iddiaçı həmin işə baxılan zaman bu müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Belə olduğu təqdirdə, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən söhbət gedə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2070/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2669/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2669/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver