Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2671/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Şəhriyar Əlizadənin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi kimi 9.588 manat, sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə dəbbə pulu kimi 7.574,52 manat, mənəvi zərərin əvəzi kimi 1.500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 18.692,52 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, sığorta ödənişi kimi 7.254 manat, sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə dəbbə pulu kimi 725 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, habelə ekspertiza xərcinin əvəzi kimi 150 manat cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Şəhriyar Əlizadə apellyasiya şikayətinin əsaslı olduğnu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya məxsus olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev № 46-da yerləşən 127 №-li mənzil cavabdeh tərəfindən 25.000 manat sığorta məbləği həddində icbari qaydada sığortalanıb. xx.xx.2020-ci ildə mənzilə yuxarı mərtəbədən su axıb. Subasma sığorta hadisəsi hesab olunur. Bu, “İcbari sığortalar haqqında” Qanunun 36.1.5ci maddəsində müəyyən edilib. Mübahisə subasma nəticəsində vurulmuş zərərin məbləği barədədir. Cavabdeh zərərin məbləğini 408 manat müəyyən edib. İddiaçı həmin məbləğin az olduğunu bildirib və məhkəməyə müraciət edib. Məhkəmə zərərin məbləğinin 7.254 manat olduğunu müəyyən edib. Belə ki, tikinti-texniki ekspertizanın xx.xx.2022-ci il tarixli 10/979 nömrəli rəyində qeyd olunub ki, mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7.254 manat müəyyən edilir. Bu, düzgün məbləğdir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar və ya əlavə ekspertiza keçirilməsi üçün əsas yoxdur. Lakin sığorta ödənişinin məbləği müəyyən edilərkən şərtsiz azadolma məbləği nəzərə alınmayıb. Belə ki, “İcbarı sığortalar haqqında” Qanunun 39.3.1-ci maddəsinə görə, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 250 manat təşkil edir. Bu, sığorta şəhadətnamədə də qeyd olunub. Ona görə də qətnamə dəyişdirilməli, 7.254 manatdan 250 manat çıxılmalı, iddiaçıya verilməli olan sığorta ödənişinin məbləği 7.004 manat müəyyən edilməlidir. Bundan başqa, sığorta ödənişinin gecikdirilməsinə görə ödənilməli olan dəbbə pulunun məbləğinin 7.363,58 manat təşkil edir. Belə ki, mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5213 nömrəli rəyində qeyd olunub ki, xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2022-ci ilədək 9.588 manat sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gün üçün 0,1 faizi həcmində dəbbə pulu hesablanmaqla, ödənilməli olan cəmi dəbbə pulu 7.363,58 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərək azaldıb, 725 manat müəyyən edib. Sığorta ödənişinin gecikdirilməsinə görə sığortaçının dəbbə pulu ödəmək vəzifəsi “İcbari sığortlar haqqında” Qanunun 18.2-ci maddəsində müəyyən edilib. Odur ki, cavabadeh sığorta ödənişinin verilməsini gecikdirdiyinə görə dəbbə pulu ödəməlidir. İddiaçı dəbbə pulunun məbləğin azlığına görə qətnaməni mübahisələndirməyib. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə dəbbə puluna aid hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilsin, sığorta ödənişinin məbləği 7.004 (yeddi min dörd) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2671/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2671/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver