Məhkəmə qərarları › İş №2(103)-2674/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2674/2022

14.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2674/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimləri X1 (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla Cavabdehnə qarşı "əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s." tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 nömrəli mülki işi üzrə 11.01.2022-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 Cavabdehnə qarşı "əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh MMC tərəfindən əmək funksiyalarının yerinə yetirilməsinə dair törədilən maneələrin, qanunsuzluqların qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxılmış iş günlərə görə verilməli olan əmək haqqının hesablanaraq ödənilməsi, cavabdehin qanunsuz qərəzli hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 2500 manat, mənəvi ziyana görə 1500 manat və mediasiya xərci qismində ödənilmiş 50 manat məbələğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada iddia tələbinin artırılmasına dair ərizə göndərmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırlıq iclasından sonra cavabdeh tərəfindən işdən azad olunmaq haqqında əmrlərin surətinin məhkəməyə təqdim edilmiş, həmin əmrlərə əsasən onlar tərəfindən guya onlar əmək funksiyalarını qərəzli şəkildə yerinə yetirməməsini, işə üzrlü səbəb olmadığına gəlməməsini, əmək və icra intizamının normal əhanginin pozduğuna (və sairə) görə ƏM-in 10 "a” və "b”, 72 "a” və 70 "ç” maddələrinə əsasən əmək müqavilələrinə xitam verərək işdən çıxarılması haqqında müxtəlif tarixli əmrlərlə onları işdən azad etmişdir. Onlar bu əmrlərin qəbul olunmasında ümumiyyətlə xəbərsiz olmuşlar və onlar haqqında yalnız bu günlərdə məlumat almışlar. Qeyd olunanlara əsasən cavabdeh - "AAC” MMc-nin 17.09.2021-ci il tarixli, 364 nömrəli Əmr; 23.09.2021-ci il tarixli, 379 nömrəli Əmr; 23.09.2021-ci il tarixli, 380 nömrəli Əmr, 21.09.2021-ci il tarixli, 368 nömrəli Əmr; 20.09.20201-ci il tarixli, 366 nömrəli Əmr və 17.09.2021-ci il tarixli, 363 nömrəli Əmrlər ləğv olunaraq işə bərpa olunmağımız, məcburi buraxdıqları (işləmədikləri) dövr üçün əmək haqqı (əlavələr daxil) hesablanaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi, cavabdeh tərəfindən əmək funksiyalarının yerinə yetirməsinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq onlara ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində onlara vurulmuş maddi ziyana görə hər biriləri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyi 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 nömrəli işi üzrə 11.01.2022ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 Cavabdehnə qarşı "əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s." tələbinə dair iş üzrə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin artırılmasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152; Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 3.1.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin artırılmasına dair ərizədə yeni tələb yəni - əmrin ləğvi və işə bərpa qoyulmuşdur. Bu səbəbdən iddiaçı hazırkı tələbin artırılması ilə bağlı (əmrin ləğvi və işə bərpa) məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli və məhkəməyə tələbə riayət edilməsini təsdiq edən sənədləri təqdim etməli idi. Lakin ərizəyə əlavə edilmiş sənədlərdə cavabdeh tərəfindən məhz artırılmada göstərilən hallara (əmrin ləğvi və işə bərpa) dair məhkəməyə müraciət edilənədək tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Ərizənin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia tələbinin artırılmasına dair ərizə geri qaytarılmalıdır. İddiaçıların nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə MPM-in 53-cü maddəsinə istinadən qeyd edilmişdir ki, nümayəndəsi və vəkili olan şəxslər, Cavabdeh MMC-yə qarşı iddia irəli sürərək əmək funksiyalarımızın yerinə yetirməyimizə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdığı iş günlərə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq onlara ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində onlara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyi 50 manat pul cavabdehdən tutularaq onlara ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin ilkin hazırlıq iclasdan sonra cavabdeh işdən azad olunması haqqında qəbul etdiyi əmrlərin surətini məhkəməyə təqdim etmişdir. Həmin əmrlərə əsasən tərəfindən guya onlar əmək funksiyalarını qərəzli şəkildə yerinə yetirməməsini, işə üzrlü səbəb olmadığına gəlməməsini, əmək və icra intizamının normal əhanginin pozduğuna (və sairə) görə ƏM-in 10 “a” və “b”, 72 “a” və 70 “ç” maddələrinə əsasən əmək müqavilələrinə xitam verərək işdən çıxarılması haqqında müxtəlif tarixli əmrlərlə onları işdən azad etmişdir. İddiaçılar bu əmrlərin qəbul olunmasında ümumiyyətlə xəbərsiz olmuşlar və onlar haqqında yalnız bu günlərdə məlumat almışlar. Belə ki, əmrlər qanunda nəzərdə tutulmuş qaydada onlara verilməmiş və onlar əmrlərlə ümumiyyətlə tanış olunmamışdırlar, bu əmrlər qanunsuzdur, əsassızdır və ona görə də onlar məhkəmə qaydasında ləğv olunmalıdır və onlar işə bərpa olunmalıdır. Ona görə hazırki iddia tələbinin həcminin artırılmasına ehtiyac yaranmışdır. Lakin Məhkəmə bunları nəzərə almamış və iddia tələbinin həcminin artırılması haqqında ərizəni 2(006)-625/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Hesab edir ki, bu qərardad qanunsuzdur, əsassızdır və işə mahiyyəti üzrə baxılmasına maneə edir. Belə ki, məhkəmə qərardadı MPM-in 152.1.6-1 -ci maddəsinə («Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə) əsaslanaraq iddia tələbinin həcminin arıtırlması haqqında ərizəni geri qaytarır. Ancaq qeyd etmək istəyir ki, məhkəməyə müraciət etməmişdən öncə ididaçılar mediasiya orqanına müraciət etmişdir və hətta ilkin mediasiya sessiyasının keçirilməsi haqqında iclas təyin olunmuşdur. Sadəcə cavabdehlər nə mediasiyanın keçirilməsi haqqında təklifə, nə də ki, mediasiya sessiyanın keçirilməsi haqqında bildirişə cavab verməmiş, ümumiyyətlə münasibət bildirməmiş və iclasa da gəlməmişdir. Bu da onu bir daha sübut edir ki, məhkəmədənkənar qaydada mübahisənin həlli yolu qalmamış və cavabdeh özü də buna dair hər hansı bir təşəbbüs göstərməmişdir. Lakin ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etməklə, işin bir qədər suni şəkildə yubandırmaq məqsədi güdülmüşdür. Qeyd etmək istəyir ki, iddiaçılar 5 aydır ki, ümumiyyətlə işsizdir. Onlar özləri, eləcə də ailələri demək olar ki, sözün həqiqi mənasında ac qalırlar. Gündəlik dolanış xərclər üçün belə 1 manat da olsa pulları yoxdur. Əmək kitabçaları cavabdehdə saxlanıldığına görə də, başqa işə düzələ də bilmir. Onların yeganə ümud yeri Məhkəmədir. Ona görə də tələbin artırılmış hissəsinin yenidən mediasiyaya göndərilməsi üçün əsas yoxdur. Çünki hələ cavabdehin nümayəndəsi (və vəkili) məhkəmə iclasında ilk iddia tələbinə, eləcə də iddianın artırılmış hissəsinə də qəti etiraz etmişdir. Belə olduğu halda mediasiyada məsələnin sülh yolu ilə qurtarması perpsektivi də yoxdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 nömrəli işi üzrə 15.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13, 14, 53, 149-152, 259, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Qeyd edilməlidir ki, iddia həcminin artırılmasının məhz mediasiya proseduruna məruz qalmaması əsası ilə geri qaytarılmasının qanuni əsası mövcud deyildir. Belə ki, predmeti fərqli olmayan, yəni əmək münasibətlərindən irəli gələn mübahisəyə dair artıq mediasiya prosesi aparılmış, tələbin həcminin artırılması məhz eyni münasibətlərdən irəli gəlir ki, qanuvericiliyin bu tələblərinə də riayyət edilmişdir. Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən: Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məcəllənin 259.0.13-cü maddəsinə əsasən: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda Məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş aşağıdakı müddəalar nəzərdən keçirilməlidir: Maddə 21.8: Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeydşərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 21.9: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Maddə 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. 29.5. Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir. 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsi ilə əmək münasibətlərindən irəli gələn fərdi əmək və kollektiv əmək mübahisələrin bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilməsi təsnif edilmişdir. İlk iddia tələbi əmək mübahisəsi ilə bağlı olmuş, mediasiyaya və əmək müvəttişliyinə müraciətlər olmuşdur. (iş səh.6-17) Qeyd edilənlərdən əlavə olaraq qeyd edilməlidir ki, icraatda olan məhkəmə baxışı zamanı iddia ərizəsinin geri qaytarılması barədə qərardadın qəbul edilməsi mülki prosessual qanunvericiliklə müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən isə: Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Məhkəmənin tətbiq etdiyi Məcəllənin 152.1.6-1 ci maddəsi iddia ərizəsinin icraata qəbulu zamanı həll etdiyi məsələlərin həddinə aiddir. Məcəllənin 385.1.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların nümayəndəsi Vəkil1 şikayəti təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 nömrəli işi üzrə 11.01.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar