Məhkəmə qərarları › İş №2(103)-2686/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2686/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2686/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-579/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs və Nümayəndə1 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Maraqlı şəxs 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi olaraq tikinti materialın 20.915 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi və cavabdehlər tərəfindən 36 panelin dağılmasına görə böhtan atılmaqla-işgüzar nüfuza xələl gətirməklə, İddiaçı MMC-nin direktoru Nümayəndə1 5.000 manat zərərin ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Maraqlı şəxs və Cavabdeh Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi kimi tikinti materialların dəyəri olaraq 20.915 manat real zərər, İddiaçı MMC və onun qanuni təmsilçisinin işgüzar nüfuzuna xələl dəydiyinə görə 5.000 manat mənəvi zərərin iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı Kiçik Müəssisəsinin istifadəsində olan 237 kv.metrlik 1 mərtəbəli obyektin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı MMC elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC işgüzar nüfuzuna xələl gəldiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı MMC-nin istifadəsində olan 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 579/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

5. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, hazırki mübahisənin kommersiya xarakterli olduğunu müəyyən etdiyindən işin aidiyyəti üzrə baxılması üçün komersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Maraqlı şəxs vəsatətə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1 “Qeyd” hissəsi. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı: Bənd 11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-579/2025 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC-nin təşkilati-hüquqi forması “məhdud məsuliyyətli cəmiyyəti” olmaqla, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.

14. Həmçinin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məğşul olduğuna görə onun adına xx.xx.2005-ci il tarixdə, ********** saylı VÖEN açılmışdır.

15. İddiaçının tələblərindən biri Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı MMC-nin istifadəsində olan 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsi ilə bağlıdır və iddiaçının bildirdiklərinə əsasən əmlak cavabdeh Maraqlı şəxs sahibkarlıq fəaliyyəti nəticəsində sökülmüşdür.

16. İşdə olan məhkəmə aktlarından həmçinin müəyyən edilir ki, qeyd olunan tərəflər arasında sözügedən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində vurulmuş zərərlə bağlı işə də Bakı Kommersiya Məhkəməsində baxılmışdır.

17. Göründüyü kimi, iddiaçı hüquqi şəxs, cavabdeh Maraqlı şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və hazırki mübahisə hər iki tərəfin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən yaranmışdır.

18. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bundan əlavə, Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar aldı:

Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 579/2025 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar