Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-27/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İKB ASC-yə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “X5" MMC və Abşeron rayon icra və Probasiya Şöbəsinə qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(006)-6082/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh X4 ASC ilə İddiaçı arasında bağlanmış 24 may 2013-cü il tarixli, 3-s-l-0-253-13 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X4 ASC ilə X11 arasında 24.05.2013-cü il tarixli, 3-S-l -0-253-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən X10 36 ay müddətinə illik 22% hesablanmaqla 50.000,00 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh X4 ASC, İddiaçı (ipoteka qoyan) və X11 (borc alan) arasında 24 may 2013-cü il tarixli, 3-S-l-0-253- 13 saylı “ipoteka müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 215,1 kv.m ümumi sahə, 87,0 kv.m yaşayış sahəsi, 128.1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. X11 tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər icra edilməmiş və buna görə də bank tərəfindən “kredit borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 15 sentyabr 2015-ci il tarixli, 2(012)-1798/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnaməyə əsasən X7 35323 ABŞ dolları əsas borc, 6195 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43.518 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin əvəzinin tutularaq, Cavabdeh X4 ASC-nə verilməsi, İddiaçı mülkiyətində olan ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahə 25,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş pul vəsaiti heabına X9 Cavabdeh X1 43.518 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh İddiaçı Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və 17.07.2017-ci il tarixli, 2(105)-27/2017 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon Məkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(012)-1798/2015 saylı qətnaməsinin “X7 ....2000 (iki min) ABŞ dolları cərimə olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, ümumilikdə 43518 ABŞ dollarının tutulması” və “İpoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, cavabdeh X7 100 ABŞ dolları cərimə (dəbbə) olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, cəmi 41.618 ABŞ dollarının tutularaq iddiaçı Cavabdeh X2 ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, qətnamə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən ipoteka predmetinin satışı ilə əlaqədar hərracın keçirilməsi üçün sifariş məktubu ilə “X5” MMC-yə müraicət olunmuşdur, həmin ipoteka predmetinin satışı ilə əlaqədar iki dəfə hərrac keçirilmiş, 13 iyul 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamış elan edilmişdir. 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilmədiyinə görə, hərrac təşkilatı sənədlər toplusunu 17.09.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarmışdır. Bu səbəbdən hesab edir ki, hazırki vəziyyətdə ipotekaya xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(006)-6082/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Rayon məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı iddia tələbini sübuta yetirməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə istinad edilərək ipotekaya xitam verilməsi xahiş olunmuşdur. Belə ki, təkrar hərracın baş tutmaması və bu barədə məlumatın dərc olunduğu gündən iki aydan çox müddət ərzində materiallar hərrac təşkilatında qalmış, lakin bank nə bu müddət ərzində, nə də bugünə qədər 10.08.2018-ci il tarixli məktubdan başqa əmlakın əldə edilməsi üçün hər hansı real təşəbbüs göstərməmişdir. Odur ki, hərrac təşkilatı tərəfindən 17.09.2018-ci il tarixdə materiallar Abşeron rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “X5" MMC və Abşeron rayon icra və Probasiya Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, həmçinin tərəflərin məhkəmə iclasında vermiş oluqları izahatları dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin müəyən edilmiş hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh X4 ASC ilə X11 arasında 24.05.2013-cü il tarixli, 3-S-l -0-253-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən X10 36 ay müddətinə illik 22% hesablanmaqla 50.000,00 (əlli min) ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi Cavabdeh X4 ASC ilə İddiaçı (ipoteka qoyan) və X11 (borc alan) arasında 24 may 2013-cü il tarixli, 3-S-l-0-253- 13 saylı “ipoteka müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 215,1 kv.m ümumi sahə, 87,0 kv.m yaşayış sahəsi, 128.1 kv.m köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, X11 tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər icra edilməmiş və buna görə də bank tərəfindən “kredit borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Abşeron rayon məhkəməsinin və onun dəyişdirilməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri ilə cavabdeh X7 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, cəmi 41.618 ABŞ dollarının tutularaq iddiaçı Cavabdeh X2 ödənilməsi, İddiaçı mülkiyətində olan ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahə 25,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş pul vəsaiti hesabına X9 Cavabdeh X1 41.618 ABŞ dolları pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş, icra hərəkətləri çərçivəsində Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin əmlakın hərracda satılması üçün “X5” MMC-nə sifariş edilmiş, həmin sifariş əsasında iddiaçıya məxsus əmlak 01.06.2018-ci il tarixdə ilkin, 13.07.2018-ci ildə isə təkrar hərraca çıxarılmış, lakin əmlak satılmamış, bundan sonra “Nikoyl Bank” İKB 10.08.2018-ci il tarixli məktubla “X5” MMC-nə müraciət edərək 19.07.2018-ci il tarixli təklifi qəbul etdiklərini, İddiaçı mülkiyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 142.125 manata balansa qəbul etmək istədiklərini bildirmiş, lakin sonradan həmin əmlak tələbkar tərəfindən əldə edilməmiş, bu səbəbdən sənədlər toplusu “İpoteka Haqqında Azərbaycan Respublikasının qanununun 43.8-ci maddəsinə əsasən hərrac təşkilatı tərəfindən 17 sentyabr 2018-ci il tarixli məktubla İcra şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(102)-4741/21 saylı qərarından məlum olur ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər “X6” MMC və digərlərinə qarşı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahə 25,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi ilə bağlı “X6” MMC tərəfindən hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, həmin qətnamədən “X6” MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2021ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qərarda Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, düzgün tətbiq etmədiyini, ipoteka saxlayan kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə razılıq verdiyini və beləliklə də, icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericilikdə yalnız iki hərracın (ilkin və təkrar) keçirilməsi nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, ipoteka predmeti təkrar hərracdan satış qiymətləri 25 faiz endirilməklə "xxxx" ASC-yə təklif olunmuş, lakin 30 təqvim günü müddətində onun tərəfindən əldə edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbafcan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda sadalanan tələblərindən bu nəticəyə gəlmək olur ki, İddiaçı məxsus olan və 24 may 2013-cü il tarixli, 3-S-l-0-253-13 saylı “ipoteka müqaviləsi” ilə «Nikoyl Bank» (hazırkı "xxxx") ASC -nin xeyrinə yüklü edilmiş daşınmaz əmlak məhkəmə qətnaməsinin icra edilməsi çərçivəsində açıq hərraca çıxarılmış, ilkin və təkrar hərrac zamanı satılmadığına görə həmin əmlak tələbkar "xxxx" ASC-yə təklif edilmiş, lakin Bank tərəfindən 30 gün ərzində əldə edilməmiş, bununla da ipoteka qoyan şəxsin həmin ipotekaya xitam verilməsini tələb etmək hüququ əmələ gəlmişdir. Bu səbəbdən hazırkı iddia tələbi əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin sübuta yetməməsi və iddianın rədd edilməli olması kimi səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(006)-6082/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Cavabdeh X4 ASC ilə İddiaçı arasında bağlanmış 24 may 2013-cü il tarixli, 3-s-l-0- 253-13 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda 0.01378 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215,1 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-27/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-27/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver