Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2701/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qızıl-zinət əşyalarının geri qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və Vəkil iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep kulondan ibarət komplekt zinət əşyalarının və ya onların dəyərinə uyğun olaraq 5000 manatın mediasiya xərci olaraq ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək, ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları olmuşdur. Hal-hazırda övladı onunla birlikdə yaşayır. Ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan cavabdehin ona qarşı kobud rəftarı ailənin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7426/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər aralarında bağlanmış nikahın pozulması, azyaşlı övladının onun yanında saxlanılması və övladı yetkinlik yaşına çatanadək 175 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. O, cavabdehlə ailə qurandan sonra ona verilmiş hədiyyələr, cehiz kimi ata evindən apardığı və birgə nikahda olduğu müddət ərzində ona hədiyyə kimi verilmiş əşyalar cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cavabdehin və onun vəkilinin iştirakları ilə ona məxsus olan əşyaların əksər hissəsi ona təhvil verilmiş və bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh ailə qurarkən ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının ona qaytarılmasından imtina etmişdir. Həmin qızıl-zinət əşyaları 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd sep-kulondan (kolye) ibarət komplekt qızıl zinət əşyalarıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia təmin edilmiş, qızıl komplekt dəsti: bir ədəd sepkulon (kolye), bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd üzüyün, olmadığı təqdirdə dəyəri olan 5000 (beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi qərara alınmışdır.
4. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı qızıl-zinət əşyalarını da özü ilə birlikdə aparmışdır, iddiaçı guya onun toyda alınan qızılı verməkdən imtina etdiyini bildirir, lakin bununla bağlı sübut vermir, lakin məhkəmə iddaçının bildirdiklərinə əsasən iddia tələbini əsassız olaraq təmin etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq, göstərdi ki, iddiaçı evdən anasıgildə qonaq qalmaq üçün icazə alıb gedib, birdəfəlik getmək niyyəti olmayıb, iki gün artıq qalıb deyə mübahisə olub, qızıl əşyalarını aparmamışdır, sonradan telefon, iki zinət əşyası, cehiz əşyaları verilib, bununla bağlı akt var, lakin toyda alınan qızıl əşyaları verilməyib. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə Bakı şəhərində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclasının təxirə salnmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Vəkil, X4 və X3 iştirakı ilə tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aktı tərtib edənlər X5 ünvan 1 ünvanında yerləşən X1 məxsus evdə olan cehiz əşyalarını (2 vərəq siyahı üzrə) təhvil almışlar.
9. Şəxsi əşyalar və cehizliklərin siyahısında həmçinin qızıl-zinət əşyalarından 2 adda qızıl əşyası (qızıl qolbaq və qızıl sırğa) qeyd olunub və iddiaçı tərəfdən təhvil alınıb.
10. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 №-li rəydən görünür ki, sifarişçi Vəkil sifarişi ilə 4 adda (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sepkulon (kolye)) komplekt zinət əşyası dəyərləndirilmişdir. Rəyə əsasən 4 adda komplekt zinət əşyasının ümumilikdə bazar qiyməti 5000 manat müəyyən edilmişdir.
11. Rəydə qeyd edilir ki, zinət əşyalarına baxış keçirmək mümkün olmadığından, həmin zinət əşyalarının hazırlanış keyfiyyəti və funksionallığı müvafiq bazar seqmentindəki orta göstəricilər üzrə və təqdim olunn şəkillər əsasında hesaba alınmışdır.
12. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-6114 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil Məmmədəli oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7426/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X8 ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixində Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış, 29 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı X5 yanında saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başalayaraq, Cavabdeh hər ay 175 manat və xx.xx.2020-ci il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 30 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, iddiaçı X8na ödənilməsi və s. qət edilmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7426/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixində Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış, 29 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
16. Azərbaycan Respublikası Mülki Məcəllə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
18. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyələndirmə:
20. Birinci instansiya məhkəməsi tərəfindən aparılan yuxarıda qeyd olunan araşdırmalarla toyda iddiaçıya bir ədəd sep-kulondan ibarət kolye, bir ədəd sırğa, bir ədəd qolbaq və bir ədəd üzükdən ibarət qızıl-komplekt toy hədiyyəsi kimi taxılmışdır. Bu faktı həm iddiaçının özü, həm cavabdeh təsdiq edir. İş materiallarında olan fotoşəkillərlə qızılzinət əşyalarının mövcudluğu mübahisə doğurmur
21. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona toyunda taxılan qızıl komplektin qaytarılmasını, mümkün olmadıqda isə dəyərinin- 5000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
22. Qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün iddiaçı tərəfindən qızılların qiymətləndirilməsi üçün ekspertiza keçirilmiş, "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 №-li rəyi ilə 4 adda (1 ədəd üzük, 1 ədəd sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep-kulon (kolye)) komplekt zinət əşyasının ümumilikdə bazar qiyməti 5000 manat müəyyən edilmişdir. Qızıl komplektin dəyərinin 5000 manat olmasını məhkəmə iclasında iştirak edən cavabdeh izahatında təsdiq etmişdir.
23. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
24. Rayon məhkəməsi qeyd etmişdir ki, həmin normalardan göründüyü kimi, qızılzinət əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
26. Belə ki, ümumi qəbul olunmuş qaydaya (adətə) görə ər evinə gəlin gedən qadınlar qızıl-zinət əşyalarını adətən ər evində saxlayırlar. Hazırkı işdə də belədir, iddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını ər evində saxladığını bildirir, cavabdeh də bunu inkar etmirlər, yalnız iddiaçının gedərkən həmin əşyaları özü ilə apardığını bildirirlər. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı halda da cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
32. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
33. Beləliklə, apellyasiya şikayətində qızıl-zinət əşyalarının mövcudluğunu və dəyərini mübahisələndirməyən cavabdehin yeganə dəlili iddiaçının həmin qızıl-zinət əşyalarını aparması ilə bağlıdır. Belə olan halda prosessual qanunvericiliyə uyğun olaraq sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh həmin dəlillə bağlı hər hansı əsaslı və şübhədənkənar sübut təqdim etməmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Bu səbəbdən, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, onun dəlillərinə dair sübutlar təqdim edilməməklə, qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
38. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov