Məhkəmə qərarları › İş №2(103)-2705/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2705/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2705/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh nümayəndələri (anası) Cavabdeh və (vəkili) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəməsinin 2(004)-209/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ondan tutularaq hazırki iş üzrə cavabdehə ödənilməli olan aliment ödənişləri üzrə ona hesablanmış 13.394,78 manat məbləğində borcun, həmin məbləğin onun tərəfindən cavabdehə ödənilməsi əsası ilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan onların 2 övladları var: xx.xx.2011-ci il təvəllüdlü Aytac və xx.xx.2013-cü il təvəllüdlü Tahir. Nikahdan uşaqların olmasına baxmayaraq onların münasibətləri korlanmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahının pozulması, birgə nikahdan olan uşaqların hazırki iş üzrə cavabdehin yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iş üzrə iddiaçıdan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı, məhkəməyə müraciət edənə kimi və bundan sonra uşaqlarının bütün maddi təminatını qarşılamış, 2022-ci ilin oktyabr ayından hər ay uşaqların saxlanması üçün cavabdehə 3.000 manat aliment ödəmişdir. İddiaçı, alimenti ödəyərkən “Milliön” terminalında ödənişin təyinatı olaraq “aliment” bölməsi olmadığı üçün “Maddi yardım” bölməsini seçərək əməliyyatı həyata keçirmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını həyata keçirən icra məmuru 2023-cü ilin may ayında iddiaçı ilə əlaqə saxlayaraq, aliment ödənişini həyata keçirməsini tələb etmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərini isə təyinatı fərqli göstərildiyi üçün aliment ödənişini təsdiq edən sübut kimi qəbul etməmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə tutmanı iddiaçının əmək haqqısına yönəldilmişdir. İddiaçı 2023-cü ilin may ayından başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsini təşkil edən 2.000 manat alimenti cavabdehə ödəməyə başlamışdır. İcra məmurunun xx.xx.2023-cü il tarixli, 11758 nömrəli məktubunda iddiaçının 13.394,78 manat aliment borcu yarandığı qeyd edilmişdir. İddiaçının hər ay 3.000 manat pul ödəməsini cavabdeh özü də etiraf edir, lakin bu məbləğin aliment olmadığını, obyektin icarəsindən ona ödəniləcək vəsait olduğunu bildirir. Lakin iddiaçının aliment ödənilməsinə dair icra sənədindən başqa ödəyəcəyi vəsait yoxdur. İddiaçı, qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi vəsaitin yarısı qismində cavabdehə 3.000 manat ödəniş etməmişdir, onların arasında belə bir razılaşma olmamışdır. Odur ki, iddiaçıya əsassız hesablanmış 13.394,78 manat aliment borcu silinməlidir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən 2023-cü ilin may ayına kimi iddiaçı hər ay uşaqlarının saxlanması üçün maddi yardım kimi obyektin icarəsindən əldə etdiyi gəlirdən ona 3.000 manat vəsait ödəmişdir. Bu vəsait aliment sayıla bilməz. Çünki, həmin məbləğlər ödənilən zaman tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdır və aliment tutulması barədə qətnamə mövcud deyildi. İddiaçının cavabdehin hesabına köçürdüyü vəsaitlər ailə biznesinin gəliri olaraq cavabdehin payına aiddir. Aylıq icarə haqqının dəqiq məbləğini bilmirlər, lakin xx.xx.2023cü il tarixli icarə müqaviləsində icarə haqqının 2.000 manat olduğu göstərilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra İdarəsinin icraatında olan icra vərəqəsi üzrə borclu olan hazırki iş üzrə iddiaçıdan həmin icra vərəqəsi üzrə tələbkar olan cavabdehin xeyrinə aliment tutulmasına dair yalnız bir icra sənədi, yəni Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-209/2023 nömrəli icra sənədi vardır və həmin icra sənədi üzrə borclunun (hazırki iş üzrə iddiaçının) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi iki uşağın saxlanması üçün tələbkara (hazırki iş üzrə cavabdehə) ödəməli olduğu alimentin cəmi məbləği (1.913,54 manat x 5 ay=) 9.567,70 manat təşkil edir və borclu həmin dövr üçün 13.000 manat vəsait ödəməklə, borclu kimi üzərinə düşən öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir. Bu səbəbdən icra məmurunun borclunun həmin icra sənədi üzrə (Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 11758 nömrəli məktubunda göstərilmiş) 13.394,78 manat aliment borcu olmasına dair gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Ödənilmiş vəsaitin bankın terminalında maddi yardım kimi göstərilməsi, həmin vəsaitin aliment deyil, icarə haqqı kimi qəbul edilməsi yolverilməzdir. Çünki, icarə haqqından əldə edilən gəlirin bölünməsinə dair tərəflərin arasında hər hansı bir razılaşma, müqavilə, məhkəmə aktı mövcud deyildir. Borclu, icra sənədi üzrə öhdəliyini tam olaraq yerinə yetirmiş və müəyyən edilmiş alimenti tələbkara ödəmişdir. Ödənişin təyinatı qəbzlərdə aliment deyil, maddi yardım kimi yazılması, borclunun alimenti ödəmədiyi qənaətinə gəlməyə əsas vermir. Borclu tərəfindən ödənilmiş vəsaitlərin uşaqların maddi ehtiyaclarına xərclənməsini tələbkarın nümayəndəsi (anası) məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Alimentin (maddi yardımın) ödənilməsində məqsəd uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasından ibarətdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Əsasları iddiaya qarşı olan etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İş üzrə cavabdehin nümayəndələri (vəkili və anası) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər.

9. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir.

11. İlk növbədə Məhkəmə bildirir ki, iddia ərizəsində iddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-209/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ondan tutularaq hazırki iş üzrə cavabdehə ödənilməli olan aliment ödənişləri üzrə ona hesablanmış 13.394,78 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini “aliment borcunun silinməsi barədə iddia” kimi adlandırmışdır.

12. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü bu iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə istinad etmişdir.

13. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

14. Göründüyü kimi iddiaçının istinad etdiyi normada nəzərdə tutulmuş mübahisələndirmə icra məmurunun aliment üzrə borcun müəyyən edilməsi ilə bağlıdır.

15. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ondan tutularaq hazırki iş üzrə cavabdehə ödənilməli olan aliment ödənişlərini artıqlaması ilə ödəmişdir.

16. İddianın əsasını və iddia ərizəsində iddia tələbinə cavab verməli olan şəxs kimi icra məmurunun deyil, məhz xeyrinə aliment tutulmalı olan şəxsin qoyulmasını, son nəticədə iddiaçının yuxarıda qeyd edilən aliment borcunun ödənilməsindən azad olmaq istəməsi niyyətini nəzərə alan Məhkəmə hesab edir ki, məhkəmə baxışının predmeti olan iddia tələbi mahiyyət etibarı ilə “aliment üzrə borcları ödəməkdən azad edilmə barədə” tələbdir ki, bu tələblər üzrə tətbiq edilməli olan norma Ailə Məcəlləsinin 107-ci maddəsidir.

17. Ailə Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə isə, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər (maddə 107.1.). Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2.).

18. Lakin apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır.

19. İşdə olan sənələrdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-209/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Qətnamə aliment hissəsində dərhal qanuni qüvvəyə minmiş. Qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Sumqayıt Şəhər İcra İdarəsinə göndərilmişdir.

20. İcra İdarəsinin xx.xx.2023-cü il tarixli, 11758 nömrəli məktubundan görünür ki, “X5” X7 xx.xx.2023-cü il tarixli, 297 nömrəli arayışından görünür ki, həmin icra sənədinin icrası ilə bağlı borclunun kart hesabına köçürülən maaşının 1/3 hissəsi 1.913,54 manat təşkil edir. Borclunun hal-hazırda tələbkara 13.394,78 manat ödənilməmiş aliment borcu qalmışdır.

21. İddiaçı, “Milliön” ödəniş terminalları vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixə kimi olan dövr ərzində cavabdehə hissə-hissə cəmi 13.000 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində cavabdehə hissəhissə cəmi 13.000 manat pul ödəmişdir.

22. İşin mübahisəli halı aşağıdakı kimidir: İddiaçı bildirir ki, 2022-ci ilin oktyabr ayından etibarən iddiaçıya hissə-hissə, hər ay ödədiyi (yuxarıda qeyd edilən) pul vəsaiti aliment olmuşdur, baxmayaraq ki, həmin vaxt nikahın pozulması və alimentin tutulması barədə qətnamə hələ qəbul edilməmişdir. O, alimenti ödəyərkən “Milliön” terminalında ödənişin təyinatı olaraq “aliment” bölməsi olmadığı üçün “Maddi yardım” bölməsini seçərək əməliyyatı həyata keçirmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzləri təyinatı fərqli göstərildiyi üçün icra məmuru tərəfindən aliment ödənişini təsdiq edən sübut kimi qəbul edilməmiş, əsassız olaraq ona 13.394,78 manat aliment borcu hesablanmışdır. Cavabdeh isə xx.xx.2022-ci il tarixdən 2023-cü ilin may ayına kimi iddiaçı tərəfindən göndərilmiş pul vəsaitinin, atası ilə iddiaçının əldə etdikləri obyektin icarəyə verilməsindən əldə olunmuş gəlirdən iddiaçının ona hər ay göndərdiyi 3.000 manat vəsait olduğunu və bu vəsaitin aliment olmadığını bildirir.

23. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, iş üzrə cavabdeh onun bacısının qızı, iddiaçı isə cavabdehin keçmiş əridir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehin atasının və iddiaçının vəsaiti hesabına alınmışdır. Həmin obyektin icarəsindən əldə olunan vəsaitdən iddiaçı tərəfindən cavabdehə pul ödənilməlidir. O, icarə haqqının ödənilib-ödənilməməsini müəyyən etmək üçün təxminən 2023-cü ilin iyun ayında obyektə getmiş və orada Ramin adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Ramin ona bildirmişdir ki, obyektin icarə haqqını iddiaçı ödəyir. Ramin bildirdi ki, cavabdehin atası da obyektə gəlmiş və icarə haqqının ödənilməsi ilə maraqlanmışdır. O, Raminə bildirmişdir ki, ər-arvad arasında narazılıq var, ödənişləri barədə qəbzlərini saxlasın. Ramin bildirmişdir ki, ödənişləri rəsmi qaydada həyata keçirir. Ailədə olan danışıqlardan məlumatı vardır ki, iddiaçı aldığı icarə haqqından hər ay 3.000 manatını cavabdehə ödəyirdi. Obyektin icarəyə verilməsində iştirak etməmişdir və icarə haqqının nə qədər olmasından məlumatı yoxdur. İddiaçı ilə cavabdehin obyektin icarə haqqından əldə olunan vəsaitin bölünməsinə dair hansı qaydada razılaşma əldə etmələrindən məlumatı yoxdur.

24. Cavabdehin nümayəndəsi (anası) Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (obyektin) aylıq icarə haqqından cavabdehin hesabına xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 3.000 manat, 2022-ci ilin dekabr ayında üç dəfəyə cəmi 3.000 manat, 2022-ci ilin dekabr ayında 2023-cü ilin yanvar ayı hesabına hissə-hissə olmaqla 3.000 manat, 2023cü ilin fevral ayında üç dəfəyə 3.000 manat, 2023-cü ilin mart ayında hissə-hissə olmaqla 3.000 manat, 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla 3.000 manat, 2023-cü ilin may ayında iki dəfəyə 2.000 manat, 2023-cü ilin iyun ayında 2.000 manat pul ödəmişdir. Ödənilən vəsaitləri cavabdeh övladlarının ehtiyaclarına xərcləmişdir. Cavabdeh, qeyriyaşayış sahəsini və ünvan 2 ünvanında yerləşən, rəsmiyyətdə 32 kv.metrdən ibarət 2 ədəd avtomobil yuma boksunu mübahisələndirib bölgüsünü tələb etdikdə, iddiaçı cavabdehə qarşı qərəzli münasibət sərgiləyərək obyektin icarə haqqından cavabdehə pul ödəməyi dayandırmış və cavabdeh qarşısinda şərt qoymuşdur ki, əmlak bölgüsü tələbində obyektin bölgüsündən əl çəkib 3.000 manat icarə haqqına sahib durmasın, yoxsa icarə haqqı olaraq cavabdehə 3.000 manat ödəməyəcəkdir. Cavabdeh şərti qəbul etməmiş və obyektlərdən payının müəyyən edilməsində davam etmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməsini də icra məmurundan 2023-cü ilin aprel-may aylarından etibarən həm şifahi, həm də rəsmi müraciətlərlə israrla tələb etməyə başlamışdır. Bundan sonra iddiaçı cavabdehin hesabına 3.000 manat, guya aliment ödənişləri etdiyi barədə dəlillər uyduraraq 13.394,78 manat ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdən etibarən hər ay iddiaçı obyektin icarə haqqından cavabdehin payına 3.000 manat ödəyərkən, hələ tərəflərin nikahı məhkəmə qaydasında pozulmamışdı və aliment tutulması barədə qətnamə mövcud deyildi. Uşaqlara aliment ödənilməsi ilə bağlı müqavilə, öhdəlik və ya qətnamə olmadığı halda, əksinə məhkəməyə müraciət edərək adında olan əmlakları bölgü siyahısından çıxarmaqla məhkəmədən gizlədib cavabdehdən əmlaklar, həmçinin mediatordan uydurma, saxta barışıq sazişi əldə edərək, məhkəməyə təqdim edib cavabdehdən külli miqdarda 200.000 manat pul tələb edən, əmlak payını artırmaq niyyətində olan bir şəxsin – iddiaçının könüllü olaraq həmin cavabdehə hər ay 3.000 manatı aliment ödəməsi ağlabatan deyildir. Nikahı pozduran - ailəni dağıdan, uşaqlarına aliment ödəməli olan şəxs X4 direktoru, həm də 5 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi olan iddiaçıdır. İddiaçı direktor olduğu X5 X7 icra məmuruna verdiyi xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının kart hesabına köçürülən pulun 1/3 hissəsi 1.913,54 manat təşkil edir. Yəni, vəkillə təmin edilmiş iddiaçının əgər aliment ödəmək niyyəti olsaydı, aylıq əmək haqqına uyğun hər ay 2.000 manat deyil, 1.913 manat ödəyərdi. İddiaçının aliment üzrə borcları icra məmuru tərəfindən düzgün müəyyən edilmişdir. Hesab edir ki, iddia əsassızdır.

25. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi iddianın əsaslı olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən icra sənədi üzrə borclu olan hazırki iş üzrə iddiaçı icra sənədi üzrə öhdəliyini tam olaraq yerinə yetirmiş və müəyyən edilmiş alimenti icra sənədi üzrə tələbkar olan hazırki iş üzrə cavabdehə ödəmişdir. Ödənişin təyinatı “Ödəniş qəbzlərində” aliment deyil, maddi yardım kimi yazılması, borlunun alimenti ödəmədiyi qənaətinə gəlməyə əsas vermir.

26. Məhkəmə bu yanaşmanı səhv hesab edir. Çünki həqiqətən də hazırki iş materiallarından müəyyən edilir ki, tərəflərin istinad etdikləri ödəniş qəbzlərində ödənişin təyinatı kimi “aliment” deyil, “maddi yardım” qeyd edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinin icarəsindən gəlir əldə etdiyi işin mübahisəsiz halıdır və iddiaçının aylıq əmək haqqısından başqa əlavə gəlirlərinin də olduğunu təsdiq edir.

27. Bundan başqa Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın əsaslı olması barədə mövqeyini onunla əsaslandırmışdır ki, borclu (iddiaçı) tərəfindən ödənilmiş vəsaitlərin uşaqların maddi ehtiyaclarına xərclənməsini tələbkarın (cavabdehin) nümayəndəsinin (anasının) məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir.

28. Məhkəmə tələbkarın (cavabdehin) nümayəndəsinin (anasının) Rayon Məhkəməsinə verdiyi və hazırki qətnamənin 24-cü bölməsində təsvir edilmiş izahatını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin həmin izahata yanaşması səhv olmuşdur. Çünki tələbkarın (cavabdehin) nümayəndəsi (anası) bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə ödədiyi pul vəsaitləri uşaqların maddi ehtiyaclarına xərclənsə də, aliment deyil, cavabdehin atası ilə iddiaçının əldə etdikləri obyektin icarəyə verilməsindən əldə olunmuş gəlirdən iddiaçının payına düşən pul məbləğidir.

29. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

31. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

32. Hazırkı mübahisədə onun həyata keçirdiyi ödənişlərin sırf aliment ödənişləri olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

33. Digər tərəfdən iddiaçının aliment miqdarından artıq ödənişlər etməsi halı da həmin ödənişlərin sırf aliment ödənişləri olmadığı fikrini qüvvətləndirir.

34. Odur ki, işin hallarını, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsassızdır, Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə nəticə səhvdir, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımır. g) apelyasiyanın nəticəsi

35. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. Rayon Məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

36. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

37. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi rədd edildiyindən, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

38. İddiaçının tələbi rədd edildiyindən və iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

39. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi tələbi barədə” iddiası təmin edilməsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar