Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2708/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı podrat müqaviləsinin ləğv edilməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(005)-2103/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Cavabdeh" MMC arasında bağlanmış mənzil tikintisinə dair 05 iyun 2018-ci il tarixli 83 saylı podrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə ödənilmiş cəmi 63599 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "Cavabdeh” MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "Cavabdeh" MMC arasında mənzil tikintisinə dair 05 iyun 2018-ci il tarixli 83 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi İddiaçı podratçı “Cavabdeh" MMC-yə Bakı şəhəri Nərimanov rayonu Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv.m olan 1 otaqdan ibarət 294 saylı mənzilin tikintisini sifariş etmişdir. İddiaçı müqavilə şərtlərinə əməl edərək, ilkin olaraq 25000 manat, sonra isə qrafikə uyğun olaraq 38599 manat, cəmi 63599 manat ödəniş etmişdir. Hazırda ayı 1331 manat olmaqla, cəmi 7 ayın ödənişi qalmışdır. İddiaçı hər dəfə 2-3 aylıq ödənişi birdən həyata keçirmiş, yəni cəmi 12 ödənişlə 29 ayın ödənişini həyata keçirmişdir. Lakin müqavilə bağlanandan təxminən 1 il 10 ay keçməsinə baxmayaraq, qeyd olunan ərazidə hər hansı tikinti-inşaat işləri aparılmamış, inşa olunmalı binanın heç bünövrəsi salınmamışdır. Binanın tikintisinin nə vaxt başlayacağı, nə vaxta qədər inşa işlərinin aparılması və mənzilin iddiaçıya nə zaman təhvil verilməsi məlum olmadığı üçün iddiaçı narahat olduğunu bildirmiş və müqaviləni pozmaq qərarına gəlmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada 17 fevral 2020-ci il tarixdə cavabdehə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş və 10 gün müddətində cavab verilməsi xahiş olunmuşdur. Daha sonra ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminə görə iddiaçı bütövlükdə mart ayını nəzərə alaraq iddia qaldırılmasını ertələmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddiaçı ilə əlaqə saxlanılmamış, onun yazılı və şifahi müraciətlərinə cavab verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(005)- 2103/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində müqavilə üzrə nəzərdə tutulan inşaat işlərinin başlanmamasına istinad etsə də, bu tamamilə yalandır və məhkəmə bunu yerli baxış aparmaqla müəyyən edə bilərdi. Bundan əlavə, cavabdehin məhkəmə prosesi barədə heç bir məlumatı olmamış, qətnaməni öz təşəbbüsü ilə məhkəməyə rəsmi qaydada müraciət etməklə almışdır. Həmçinin məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı və ya onun nümayəndəsi tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi ilə bağlı təklifin cavabdehə göndərilməsi də həqiqətdən uzaqdır. Podrat müqaviləsində nəzərdə tutulmuş işlərin 80 %-i yerinə yetirilmişdir. Bu hal da yerində baxış keçirməklə və məhkəmə tərəfindən ikinti-texniki ekspertizası keçirməklə müəyyən edilə bilərdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahatında cavabdeh “xxxx” MMC tərəfindən tikilən bu binada tikinti işləri ləngidiyinə görə sifarişçilərin çoxsaylı şikayətlərinin olduğunu, bu barədə internet saytlarında kifayət qədər məlumat olduğunu, binanın 6 girişli olduğunu, iddiaçının sifariş etdiyi mənzilin hələ tikilmədiyini, buna görə də iddiaçının müqavilənin icrasına marağının qalmadığını göstərdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə binada tikinti işlərinin əksəriyyətinin görüldüyünü bildirərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(005)-2103/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 05.06.2018-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Bakı şəhəri Nərimanov rayonu Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv.m olan 1 otaqdan ibarət 294 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi 1 otaqlı, tam sahəsi eyvanla birlikdə 66.3 kv.m mənzilin 1 kv.m. sahəsinin qiyməti 1100 AZN olmaqla, cəmi 72930 AZN təşkil edir. Eyni zamanda sifarişçi müqavilənin imzalanması ilə eyni vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 25000 AZN məbləğində pulu ödəyir. İş materiallarında olan kassa mədaxil orderlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 05.06.2018-ci il tarixində 25000 AZN, 20.06.2018-ci il tarixində 6655 AZN, 02.07.2018-ci il tarixində iki aylıq ödəniş 2662 AZN, 20.07.2018-ci il tarixində 3 aylıq ödəniş 3993 AZN, 08.08.2018-ci il tarixində 2 aylıq ödəniş 2662 AZN, 16.10.2018-ci il, 05.11.2018-ci il, 18.12.2018-ci il, 14.01.2019-cu il, 19.02.2019-cu il tarixində 2662 AZN, 15.03.2019-cu il tarixində 1331 AZN, 16.04.2019-cu il və 15.05.2019-cu il tarixində 3993 AZN ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh MMC “Sipark yaşayış kompleksi”nə ünvanlanmış 17.02.2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə təklifin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 05.06.2018-ci il tarixli mənzilin tikintisinə dair 083 saylı müqavilənin ləğv edilməsini, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş bütün məbləğin qaytarılmasını təklif etmiş, müddət olaraq 10 gün müəyyən olunmuşdur. Müqavilənin ləğv edilməsinə dair 28.02.2020-ci il tarixədək tərəflərindən dəvət olmadığı təqdirdə 01.03.2020-ci il tarixdə dəymiş zərərin ödənilməsi və əldən çıxmış faydanın tutulması, həmçinin hüquqi yardımın göstərilməsi və sair xərclərin tutulması barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, iddiaçı müqavilə üzrə borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada, hətta artıqlaması ilə ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzilin yerləşdiyi blokda tikintinin aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, podrat müqaviləsində mənzilin tikilib təhvil verilməsi müddətinin nəzərdə tutulmaması tikinti işlərinin vaxtında aparılmamasına əsas vermir. Müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi nəticəsində iddiaçı tərəf müqavilənin icrasına marağını itirdiyindən, iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə iclasında cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin hüquqi ünvanı üzrə məhkəmə bildirişləri sifarişli poçt vasitəsilə göndərilmiş, SMS bildiriş çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(005)- 2103/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu ayrılıqda apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2708/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2708/2021
05.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver