Məhkəmə qərarları › İş №2(103)-2711/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2711/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2711/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı gəlirin bölünməsi və dəymiş zərərin ödənilməsi, paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər:maneənin aradan qaldırılması, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-202/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, ünvan 7, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payların müəyyən edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payların müəyyən edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki,Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan Qəhrəmanov Nadir Fərrux oğlu apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6700/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6700/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh və 3-cü şəxs Qəhrəmanov Nadir Fərrux oğlu kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh və 3-cü şəxs Qəhrəmanov Nadir Fərrux oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin ümumi sahəsi 247,40 kv.m. olan 103 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə), Cavabdeh (1/2 hissə, xx.xx.2023-cü il tarixdən) adlarına qeydiyyata alınmışdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 343,20 kv.m. olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə), İddiaçı (1/2 hissə, xx.xx.2023-cü il tarixdən) adlarına qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarında "xxxx" MMC-nin (VÖEN: **********) adına qeydiyyatdan olan Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 129cu məhəllədə yerləşən **********-17004 kodlu təsərrüfat subyektinin (obyektinin) icarə haqqı məbləği 1500 manat, X2 (VÖEN: **********) adına qeydiyyatda olan ünvan 4 ünvanda yerləşən **********-17001 kodlu təsərrüfat subyektinin (obyektinin) isə icarə haqqı məbləği 300 manat olmaqla Qəhrəmanov Nadir Fərrux oğlundan (Pin:0SQRRAE) icarəyə götürülməsi barədə məlumat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı gəlirin bölünməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Nazir oğlundan paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 33/2022 saylı qətnaməsi ilə ünvan 7, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə onun və Cavabdeh hər birinin ½ hissədə paylar və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylar müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-962/2023 saylı qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Onun əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir ki, həmin əmlaklar birgə nikah dövründə alınıb və onlardan istifadə etmək hər birinin hüququdur. Buna baxmayaraq cavabdeh 2018-ci ildən bu günədək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə iddiaçıya ayrılmış hissənin ona təhvil verilməsinə maneələr yaradır. Ondan əlavə olaraq cavabdeh 343,20 kv.m.sahəni bütövlükdə icarəyə verərək oradan gəlir əldə edir. Cavabdeh qeyri- yaşayış obyektinin bir hissəsini “Oliva” gözəllik salonuna, bir hissəsini də “Mediplanet” klinikasına icarəyə verib. Qeyri-yaşayış sahəsi şəhərin mərkəzində yerləşir və cavabdeh hər obyekt üçün aylıq 10000 manat kimi icarə haqqı alır. O, icarədarlara və Dövlət Vergi Xidmətinə pretenziya ilə müraciət edərək, icarə müqavilələrinin surətlərinin ona verilməsini xahiş etmişdir. Lakin aydın məsələdir icarədarlar cavabdehin tapşırığı ilə həmin icarə müqavilələrinin ona təqdim etməyiblər. Bəlkə də cavabdehlə əlbir olaraq icarə haqqını danacaqlar. Hesab edir ki, cavabdeh qərəzli mövqe sərgiləməklə qəsdən olaraq 6 ildir ki, onun həmin obyektə sahib çıxmasına maneələr yaradır və belə olan halda onun əldən çıxan faydanı və gəlirin 50% ona ödəməlidir. Bununla bağlı o, 9 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Qarşı tərəfin vəkil gəlməsinə baxmayaraq məsələ ilə əlaqədar razılaşma əldə olunmamış və ona X3 (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə arayış təqdim edilmişdir. 5 ildir ki, 2019-2024-cü il dövrü üçün cavabdeh həmin obyekti icarəyə verməklə orta hesabla illik 120.000 manat gəlir əldə edir. 5 ildə həmin məbləğ 600.000 manat edir. Hesab edir ki, cavabdeh əldə etdiyi gəliri aralarında bölüşdürməlidir. Eyni zamanda həmin məbləğ vaxtında ona verilsəydi, o, onu daha da səmələri istifadə edərək gəlirini artıra bilərdi. Hesab edir ki, ona çatacaq gəlirindən əlavə olaraq o, əldən çıxan faydanı da tələb etməkdə haqlıdır. Ondan əlavə olaraq Səbail rayon Məhkəməsinin 2(009)- 2722/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında bəzi əşyalar bölüşdürülmüşdür.Həmin əşyaların arasında qiyməti 80.000 ABŞ dolları olan “Candella” lazer aparatı da mövcuddur. Cavabdeh həmin aparatı ayrıca icarəyə verərək ordan da gəlir əldə edir, həmin aparatın aylıq icarə haqqı 2000 manat civarındadır.

8. İddiaçı Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və paylı mülkiyyətdə olan ünvan 7, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin onun tərəfindən istifadəsi üçün maneələrin aradan qaldırılmasının cavabdeh İddiaçı üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə cavabdeh İddiaçı qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.1995-ci il tarixdə rəsmi nikah daxil olmuşlar, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanılmış nikaha xitam verilmişdir. Onların paylı mülkiyyətində olan təkcə ünvan 6 ünvanında yerləşən 343,20 kv.m. olan qeyriyaşayış sahəsi deyil, həmçinin ünvan 7 ünvanında yerləşən 103 saylı mənzil və həmin mənzilə uyğun "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisində 61 No-li dayanacaq yeri də (qaraj) onların paylı mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(009)-33/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, ünvan 7, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6700/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-962/2023 saylı qərarı ilə qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh paylı mülkiyyətdə olan ünvan 6 ünvanında yerləşən 343,20 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmiş və həmin gəlirin 50%-ni cavabdehdən tələb edir. Qeyd edir ki, ilkin iddia üzrə olan tələblər tam əsassızdır və həqiqətə uyğun deyil. İddiaçı onların paylı mülkiyyətində olan ünvan 7, 103 saylı mənzili vaxtaşırı icarəyə verir, mənzilin qıfılını dəyişmiş, ona məxsus olan bütün əşyalarını həmin mənzildən çıxartmış, taksi sürücüsünün vasitəsi ilə onun əşyalarını onun atasının evinə göndərmiş, mülkiyyətçi olan Cavabdeh ümumiyyətlə həmin mənzilə buraxmamış, eyniliklə mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerini də vaxtaşırı icarəyə vermiş, onu paylı mülkiyyətdə olan mənzilin və dayanacağın istifadəsindən maneələr törədərək məhrum etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşdur.

10. İlkin iddia üzrə İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı onlara eyni məzmunlu pretenziya ilə müraciət etmişdir. Pretenziyaya cavab olaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirilmişdir ki, ünvan 7, 103 saylı mənzildə İddiaçı birgə nikahdan olan 3 övladı ilə yaşayır, eyni zamanda 2018-ci il tarixdən o, həmin ünvanda yerləşən mənzilə və qaraja görə hər ay 500 manat üzvlük haqqı ödəyir. Həmin məbləğ 42.000 manat pul edir. Həmin məbləğin 50% Cavabdeh aid olsa da, Cavabdeh bu günədək heç bir vəsait ödəməmişdir. Qarajla bağlı bildirmək istəyir ki, Cavabdeh həmin obyektdən istifadəsini heç kim məhdudlaşdırmayıb, ancaq Cavabdeh yenə də heç bir üzvlük haqqını ödəməmişdir. Ona məxsus əmlakları isə icarəyə verərək oradan gəlir əldə etmişdir. Beləliklə Cavabdeh ona faktiki olaraq 21.000 manat vəsait ödəməlidir. Ondan əlavə olaraq Bakı şəhəri, Səbail rayonu, 129- cu məhəllə, Əhməd Cavad küç.3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ona ayrılmış hissəni qanunsuz olaraq icarəyə verərək onun ondan istifadəsinə maneələr yaradır. 2022-ci ilin fevral ayından hesablasalar 34 ay MTK-nın saxlama xərci 500 manatdan 17000 manat təşkil edir. Belə olan halda Cavabdeh ona 8.500 manat ödəniş etməlidir. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh paylı mülkiyyət olan ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğin alınaraq ona ödənilməsi, ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən istifadəsi üçün maneələrin qaldırılmasının ilkin iddia üzrə Cavabdeh üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə ilkin iddia üzrə Cavabdeh qadağa edilməsi, ünvan 7, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin 34 ay üzrə ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödədiyi 17000 manat MTK-nın saxlanma xərcinin 50% 8500 manat məbləğini İddiaçı ödənilməsi öhdəliyinin ilkin iddia üzrə Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-202/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə paylı mülkiyyətdə olan ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyriyaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-ni təşkil edən 25.000 (iyirmi beş min) manat məbləğində pul tutulması, ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyriyaşayış sahəsinin İddiaçı tərəfindən istifadəsi üçün yaradılan maneənin aradan qaldırlması, gələcəkdə maneələrin yaradılmasının Cavabdeh qadağa edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 (yeddi min on üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin Cavabdeh tərəfindən istifadəsi üçün yaradılan maneənin aradan qaldırılması, gələcəkdə maneələrin yaradılmasının İddiaçı qadağan edilməsi qət edilmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikah dövrü ərzində tərəflərin adlarına müxtəlif daşınar və daşınmaz əmlaklar qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaları təmin edilərək, ünvan 7, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilmişdir. ünvan 7, 103 saylı mənzildə yalnız İddiaçı tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra övladları ilə birlikdə yaşayır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüquqları yarananadək cavabdehin atası tərəfindən icarəyə verilmiş, icarə müqaviləsində icarədar qismində Qəhrəmanov Nadir Fərrux oğlu çıxış etmiş, icarəyə götürən ”Medikal Klinikası” MMC icarəyə götürdüyü qeyriyaşayış sahəsinə görə 1500 manat, sahibkar fiziki şəxs Gülnarə Zeynalova isə 300 manat icarə haqqı ödəmişdir, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarandığı vaxtdan sonra icarə müqaviləsi bağlanılmamışdır. 13.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar, Cavabdeh paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilindən istifadə edilməsi ilə əlaqədar maneələr mövcuddur. Qanunvericiliyin mülkiyyətlə bağlı qeyd edilən normaların tələbləri baxımından məhkəmə hesab edir ki, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri olan tərəflər (iddiaçı və cavabdeh) ümumi mülkiyyətdə olan daşınmaz əmlaklardan istifadə qaydası haqqında razılığa gələ bilmədikləri üçün onların həmin tələblə bağlı məhkəməyə müraciət etmələri əsaslı hesab edilməli, həmçinin tərəflərin paylı mülkiyyətdə olan əmlakdan istifadə edilməsinə qarşı tərəfin maneçilik törədilməsi əsassız hesab edilməli, əmlakdan istifadəyə maneə yaradılması paylı mülkiyyətçinin əmlak üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, ilkin iddia tələbi tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istifadəsi üçün maneənin aradan qaldırılması hissəsində və qarşılıqlı iddia əsaslı olduğu üçün təmin edilməlidir.

14. Məhkəmə ilkin iddianın tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən 600.000 manat gəlirin 50%-ni təşkil edən 300.000 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilənədək və daşınmaz əmlakın dövlət reyestrində tərəflərin paylı mülkiyyət hüququ qeydiyyata alınanadək həmin qeyri-yaşayış sahəsi Cavabdeh atası Nadir Qəhrəmanov tərəfindən icarəyə verilmiş, icarəyə verilmiş əmlaklara görə aylıq cəmi 1800 manat icarə haqqı alınmışdır.

15. Birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 göstərilən qeyriyaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ yaranandan sonra həmin sahənin əvvəlki icarəyə götürənlər tərəfindən təmənnasız, yəni icarə haqqı vermədən istifadə etdikləri səbəbindən ilkin iddia tələbinin cavabdehdən icarə haqqının yarısının tutulması hissəsində iddianı əsassız hesab edilməsinə dair qeyd edilən dəlillərini məntiqli hesab etməyərək qeyd etmişdir ki, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarananadək icarə haqqı ödəyən icarəçinin sonradan əvəzsiz icarəyə götürdüyü əmlakdan istifadə etməsi inandırıcı və ağlabatan mühakimə kimi qəbul edilə bilməz.

16. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı icarəyə verilmiş əmlakın icarə haqqının yarı hissəsinin cavabdehdən tutulması barədə tələb irəli sürməsi əsaslı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçının icarəyə verilmiş əmlakın icarəsindən əldə edilən vəsaitin 600.000 manat təşkil etməsi barədə dəlilləri əsassızdır. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumata əsasən mübahisəli qeyri-yaşayış sahəsi 1800 manata icarəyə verilmişdir. Tərəflərin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Təqdim olunan çıxarışda qeyriyaşayış sahəsi üzərində paylı mülkiyyət hüququnun xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilsə də, məhkəmə hesab edir ki, payların müəyyən edilməsinə dair qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyi üçün tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüququnun yaranması da həmin tarixdən qəbul edilməlidir.

17. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin 1800 manata icarəyə verilməsini, həmin qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından qətnamə qəbul edilən tarixədək olan müddətin 21 ay 21 gün təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin müddət ərzində əldə edilən icarə haqqı – 50.000 manatın ½ hissəsini təşkil edən 25.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə ilkin iddia tələbinin cavabdehdən “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, həmin lazer aparatının aylıq 2000 manata icarəyə verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz.

19. Məhkəmə iddia tələbinin 30.000 manat əldən çıxmış faydanın tutulması tələbləri üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmçinin bu tələbin təmin edilməsinə dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir.

20. Məhkəmə iddia tələbinin tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və zirzəmidəki 61 No-li dayanacaq yerinin saxlama xərci kimi ödədiyi pul vəsaitinin 50%-ni təşkil edən 8500 manatın cavabdehdən tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ("xxxx" MMMC-nin arayışı), həmçinin iddiaçının nümayəndəsinin izahatı və məhkəməyə təqdim etdiyi ərizə ilə 34 ay üzrə qeyd edilən mənzilin ümumi istifadə sahələrinin saxlanılmasına görə İddiaçı tərəfindən aylıq 412,55 manat olmaqla cəmi 14.026 manat ödənişin edilməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən 14.026 manat ödənişin edilməsi nəzərə alınaraq həmin məbləğin 50% təşkil edən 7.013 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 125, 13 və 29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1-213.3, 216, 21.1, 21.ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, ilkin iddia tələbinin tam şəkildə rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər 21 noyabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanılmış nikaha xitam verilmişdir. Hər iki paylı mülkiyyətdə olan əmlakın üzərində tərəflərin arasında digər məhkəmə mübahisələləri olmuş (İddiaçı cavabdehlər Cavabdeh, Qəhrəmanov Nadir Fərrux oğluna qarşı əmlakların üzərində bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair; ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın üzərində payın müəyyən edilməsinə dair, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın üzərində payın müəyyən edilməsinə dair), nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(009)-33/2022 saylı qətnaməsi ilə hər iki əmlakın üzərində tərəflərin Cavabdeh və İddiaçı ½ pay hissəsi müəyyən edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il t arixli 2(103)- 6700/2022 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(102)-962/2023 saylı qərarı ilə qeyd olunan qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra ünvan 10 ünvanında yerləşən 343,20 kv.m. olan qeyri-yaşayış sahəsinin tərəflərin paylı mülkiyyətdə olması barədə qeydiyyat 23 iyul 2023- cü il tarixdə aparılmış və bununla bağlı çıxarış verilmişdir. Eyniliklə də ünvan 7 ünvanında yerləşən 103 saylı mənzilin tərəflərin paylı mülkiyyətdə olması barədə qeydiyyat 14 avqust 2023-cü il tarixdə aparılmış və bununla bağlı çıxarış verilmişdir. 1-ci instansiya məhkəməsi belə bir qənaətə gəlmişdir ki, ünvan 11 ünvanında yerləşən 343,20 kv.m. olan qeyri-yaşayış sahəsi tərəflərin arasında paylı mülkiyyət olduğu üçün həmin əmlakın üzərindən icarədən Cavabdeh tərəfindən əldə etdiyi gəlirin 50% İddiaçı ödənilməlidir. Halbuki qeyd etdiyi əmlakın üzərindən icarədən Cavabdeh ümumiyyətlə gəlir əldə etməmişdir. Qeyd edir ki, həmin əmlaka dair Cavabdeh adına heç bir icarə müqaviləsi mövcud deyil. Bu hal işdə olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 29 dekabr 2024-cü il tarixli məktubu ilə təsdiq olunur, hansında ki, qeyd edilir ki, həmin qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi Qəhrəmanov Nadir Fərrux oğlunun adına müəyyən olunur. Qeyd edir ki, həmin qeyri-yaşayış sahəsinin üzərində tərəflərin payı müəyyən edilməmişdən əvvəl, qeyriyaşayış sahəsinin mülkiyyətçisi Qəhrəmanov Nadir Fərrux oğlu olmuş, bu səbəbdən icarə müqaviləsi Qəhrəmanov Nadir Fərrux oğlu ilə bağlanılmış, hazırda həmin icarə müqaviləsinin müddəti bitmişdir. Bundan əlavə 1-ci instsansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakixanov küçəsində yerləşən 26A evin 103 saylı mənzil və həmin binanın ümumi istifadə sahələrin saxlanılması üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin 50%-nı Cavabdeh tutulub iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin bu hissədə də gəldiyi nəticə tam səhvdir və həqiqətə uyğun deyil. Qeyd edir ki, İddiaçı məhkəmə iclasında da bildirmişdir ki, həmin mənzildə özü yaşayır. Faktiki olaraq, həmin mənzil tərəflərin arasında paylı mülkiyyətdə olduğu halda, İddiaçı mənzili tam payda olaraq istifadə edir. Belə olduğu halda sual yaranır: «Əgər əmlak paylı mülkiyyətdədirsə və mülkiyyətçinin birisi həmin əmlakın istifadəsində digər mülkiyyətçiyə maneə yaradırsa, özü təkbaşına əmlakdan istifadə edirsə, necə ola bilər ki, həmin əmlakın üzərində olan xərcləri (hazırki vəziyyətdə Cavabdeh) mülkiyyətçilərinin arasında bölüşdürülüb və payına uyğun olaraq mülkiyyətçilər tərəfindən ödənilməlidir?» Bundan başqa qeyd edir ki, hazırda tərəflərin arasında həmin əmlakların üzərində natura qaydasında bölünməsinə dair iddia tələbləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində mülki iş mövcudur və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(009)-1103/2024 saylı qərardadı ilə həmin mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə bu halı hazırki işə baxarkən nəzərə almamışdır. 1-ci instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv tədqiq etməmiş, işdə olan sənədlərə kifayət qədər hüquqi qiymət verməmişdir. Məhkəmə diqqət yetirməmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına icarə müqaviləsi mövcud deyil və eyni zamanda ünvan 12 ünvanında yerləşən 103 saylı mənzildə İddiaçı özü yaşayır (bu halı İddiaçı məhkəmə iclasında etiraf etmişdir).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdehlə bağlanan yeni müqavilə yoxdur.

26. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hər ay ödədiyi ödənişləri təqdim etmişdir. Qeyriyaşayış sahəsi yüksək səviyyədə təmir edilib. Bahalı lazer aparatı da oradadır. İşin yekunlaşmasını və maneələrin aradan götürülməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasya baxışının hədləri qətnamənin ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən 600000 manat gəlirin 50%-nin cavabdehdən iddiaçının xeyinrə tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 17000 xərcin 50%-nin cavabdehdən tutulması ilə bağlı ilkin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, ilkin iddia üzrə cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, ilkin iddia üzrə iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilməlidir. 34.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikah dövrü ərzində tərəflərin adlarına müxtəlif daşınar və daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaları təmin edilərək, ünvan 7, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Həmin qətnamə iş üzrə yekun məhkəmə aktı olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə elə həmin tarixdə qanuni qüvvəsini almışdır.

35. Həmçinin müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüquqları yarananadək ilkin iddia üzrə cavabdehin atası Qəhrəmanov Nadir Fərrux oğlu tərəfindən icarəyə verilmiş, icarə müqaviləsində icarədar qismində Qəhrəmanov Nadir Fərrux oğlu çıxış etmiş, icarəyə götürən ”Medikal Klinikası” MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə 1500 manat, sahibkar fiziki şəxs Gülnarə Zeynalova isə 300 manat icarə haqqı ödəmişdir, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarandığı vaxtdan sonra yeni icarə müqaviləsi bağlanılmamışdır. 36.İlkin iddia üzrə iddiaçı həmin daşınmaz əmlakların tərəflərin paylı mülkiyyətində olmasına əsaslanaraq ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i - 300.000 manatın və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 17000 manat xərcinin 50%nin - 8500 manat məbləğinin cavabdehdən tutulmasını tələb edir.

37. Məhkəmə kollegiyası paylı mülkiyyətdə olan əmlakın icraəyə verilməsindən əldə edilən gəlirin yarısının tutulması ilə bağlı iddiaçının tələbini əsaslı hesab edən məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

38. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilənədək və daşınmaz əmlakın dövlət reyestrində tərəflərin paylı mülkiyyət hüququ qeydiyyata alınanadək həmin qeyri-yaşayış sahəsi Cavabdeh atası Nadir Qəhrəmanov tərəfindən icarəyə verilmiş, icarəyə verilmiş əmlaklara görə aylıq cəmi 1800 manat icarə haqqı alınmışdır. 39.Məhkəmə sorğusu nəticəsində təsdiq olundu ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsindən hazırda da istifadə olunur. Təqdim edilmiş Qəhrəmanov Nadir Fərrux oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İcarəyə verən Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küçəsi ünvanında yerləşən və ümumi sahəsi 343.20 kv.metr olan qeyri-yaşayış sahəsindən ibarət mülkün 250 kv.metrini aylıq 1500 icarə haqqı müqabilində 5 il müddətinə İcrarəçiyə icarəyə verir. Qəhrəmanov Nadir Fərrux oğlu ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 9 ünvanında yerləşən 93 kv.metr sahəni İcarəçiyə aylıq 300 manat icarəhaqqı müqabilində 3 il müddətinə İcarəçiyə icarəyə verir.

40. Kollegiya apellyatorun həmin əmlakların onun tərəfindən deyil, tərəflərin həmin qeyriyaşayış sahəsinin üzərində payı müəyyən edilməmişdən əvvəl qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuş Qəhrəmanov Nadir Fərrux oğlu tərəfindən icarəyə verilməsi, payları müəyyən edildikdən sonra isə qeyri yaşayış yerinin əvəzsiz istifadəyə verilməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyri yaşayış sahəsinin Qəhrəmanov Nadir Fərrux oğluna bağışlanması barədə müqavilə etibarsız sayılmış və tərəflərin payının müəyyən edilməsi barədə məhkəmənin qərarı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Hazırda da təsdiq olundu ki, qeyri yaşayış sahəsindən istifadə edilməsi davam etdirilir.

41. Beləliklə, məhkəmə kollegiyası icarəyə verilmiş əmlakın icarə haqqının yarı hissəsinin cavabdehdən tutulması üzrə tələbin əsaslı olması barədə məhkəmənin mövqeyi ilə razılaşsa da, tutulmalı olan vəsaitin məbləği hissəsində razılaşmır.

42. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin 1800 manata icarəyə verilməsini, həmin qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından qətnamə qəbul edilən tarixədək olan müddətin 21 ay 21 gün təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin müddət ərzində əldə edilən icarə haqqı – 50.000 manatın ½ hissəsini təşkil edən 25.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 43.Kollegiya ilk növbədə qeyd edir ki, hətta 22 ay 1800 manatdan hesablanarsa belə məbləğ 39600 manat edir. İşə baxan məhkəmənin 50000 manat məbləği necə hesablamasını qətnamədən müəyyən etmək mümkün deyil. 44.Bundan əlavə, iddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək 2019- 2024-cü illər üzrə əldə edilmiş gəlirin yarısı, yəni 60000 manat tələb etmişdir.

45. Kollegiya hesab edir ki, icrarə haqqı məbləği iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixədək hesablanmalı, həmin qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından (payların müəyyən edilməsinə dair qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən) xx.xx.2024cü il tarixədək olan dövr 1 il, 7 ay, 10 gün (19 ay, 10 gün) təşkil etdiyindən 19 ay üçün – 34200, (1800x19=34200) 10 gün üçün 600 manat (1800/30=60) (60x10=600) olmaqla cəmi 34800 manat icrarə haqqının yarısı 17400 manat təşkil edir.

46. Buna görə də kollegiya hesab edir ki, ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyi tarixədək keçən müddət ərzində əldə edilən 34800 manat gəlir bölüşdürülərək gəlirin 50%ni təşkil edən 17.400 (on yeddi min dörd yüz) manat məbləğində pul tutulmalıdır. 47.İşə baxan rayon məhkəməsi "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışını əsas götürərək İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 (yeddi min on üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasını qət etmişdir. Arayışın surətindən görünür ki, İddiaçı ünvan 7 “Saatlı ev” yaşayış kompleksi adlandırılmış "xxxx" MMMC-nin istifadəsində olan binanın 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanmasına görə xx.xx.2022-ci il tarixdən etibarən (34 ay) aylıq 412,55 manat dəyişilməz qiymətdən kommunal ödənişləri və sayğac göstəricilərinə əsasən aylıq soyuq su ödənişlərini ödəmişdir.

48. Hazırki işin hallarından görünür ki, tərəflərin birgə mülkiyyətində olan ünvan 7, 103 saylı mənzildə yalnız İddiaçı tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra övladları ilə birlikdə yaşayır və həmin mənzilin saxlanması üzrə xərcləri iddiaçı təkbaşına qarşılayır. 49.Kollegiya hesab edir ki, iddiaçı xərclərin bölüşdürülməsini tələb etməkdə haqlı olmuşdur.

50. Belə ki, mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 51.Nəsimi-10 Mənzil Mülkiyyətçilə Müştərək Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2019cu il tarixli 2 saylı Protokolundan çıxarışa əsasən müəyyən edilir ki, ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1.45 manat məbləğin təyin olunması qərara alınmışdır. 52.Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı ev, 103 saylı mənzilin ümumi sahəsi 247,40 kv.m təşkil edir. 247.40*1.45=358.73 manat edir. 34 ay *358.75=12.196,82 manat edir. Deməli, 34 ay ərizində mənzilin saxlanması üçün çəkilmiş xərcin yarısı 6098,41 manat (altı min doxsan səkkiz manat, qırx bir qəpik) məbləğində pul ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 53 .Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdeh qaşırılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-202/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - Cavabdeh İddiaçı xeyrinə paylı mülkiyyətdə olan ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyriyaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-ni təşkil edən 25.000 (iyirmi beş min) manat məbləğində pul tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 (yeddi min on üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissələrində dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə 17.400 (on yeddi min dörd yüz) manat və 6098,41 manat (altı min doxsan səkkiz manat, qırx bir qəpik) məbləğində pul vəsaiti tutulmalıdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 manat İddiaçı Cavabdeh xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalıq məbləği apellyatora aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402 və 405ci-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-202/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh İddiaçı xeyrinə paylı mülkiyyətdə olan ünvan 9 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyriyaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-ni təşkil edən 25.000 (iyirmi beş min) manat məbləğində pul tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 (yeddi min on üç) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissələrində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 17.400 (on yeddi min dörd yüz) manat və 6098,41 manat (altı min doxsan səkkiz manat, qırx bir qəpik) məbləğində pul vəsaiti tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 manat İddiaçı Cavabdeh xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalıq məbləği apellyatora aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Bəhrəmzadə Sabit

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar