Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2716/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-856/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 15 dekabr 2021-ci il tarixdə İddiaçı AR CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə İddiaçı əməli AR CM-nin 182.2.4-cü maddəsinə tövsif edilmiş, xx.xx.2021-ci il tarixdə İddiaçı AR CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.
3. Həmin qərardadan apellyasiya şikayti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X4 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.
4. Müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
5. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən AR CM-nin 182.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı əməlində cinayət tərkibinin olmasına işarə edən kifayət qədər sübutlar məcmusu olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmış, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 15.000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Polis İdarəsi İŞ-nin müstəntiqi, polis kapitanı Ülvi Hadıyev 10 dekabr 2021-ci il tarixdə heç bir ilkin təhqiqat aparmadan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlamış və həmin cinayət işini öz icraatına qəbul etmişdir. Bundan sonra müstəntiq 13 və 14 dekabr 2021-ci il tarixlərdə telefon nömrəsinə zəng edərək onu «xırda bir izahat vermək» adı ilə aldadaraq Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdir. O, 15 dekabr 2021-ci il saat 12-00 radələrində Nəsimi rayon Polis İdarəsinin 301-ci otağına gəlmiş və özünü müstəntiqə təqdim etmişdir. Bu zaman müstəntiq dərhal öz iş otağına bir neçə əməliyyatçı dəvət edib onun azadlığını faktiki olaraq məhdudlaşdırmış və ona qarşı mənəvi psixoloji təsir etməyə başlamışlar. Müstəntiq nədə təqsirləndirildiyini izah etmədən, ona heç bir şikayət, habelə cinayətdə şühbəli olmağı ilə bağlı hər hansı bir əlamətlər təqdim etmədən onu öz otağında faktiki həbs etmişdir. Hətta onun dəvət etdiyi polislər onu tualetə də buraxmamışlar. Halbuki, hələ o zamana qədər barəsində «tutma protokolu» yox idi. Bu isə heç bir əsas olmadan azadlığının məhdudlaşdırılması demək idi. Bundan sonra müstəntiq onun barəsində şikayət olduğunu və onun ifadə verməli olduğunu bildirmişdir. Məhz o zaman ona məlum olmuşdur ki, müstəntiq artıq barəsində cinayət işi də qaldırmışdır. Bu zaman o müstəntiqə vəkilsiz heç bir ifadə verməyəcəyini bildirdikdə ona istədiyi vəkili dəvət etməyinə də mane olmağa başlamış və yalnız «onların ərazisində yerləşən vəkil bürosunun növbətçi vəkilini» dəvət edə biləcəyini bildirmişdir. Buna baxmayaraq təkid elədikdə çağırmaq istədiyi 3 vəkilin heç biri ilə onu təmin eləməmişlər. Bundan sonra qərar vermədən iki ədəd əl telefonlarını da müsadirə etmişlər. Təyinat əsasında çağrılmış vəkil Elman Ağayev gəlib çıxandan sonra müstəntiq ona qarşı verilən şikayəti ona oxumadan və ona qarşı qaldırılmış cinayət işinin mahiyyəti barədə izah vermədən onu «şübhəli şəxs» kimi tanıyaraq şübhəli şəxs kimi də dindirməyə başlamışdır. Müstəntiqə bu faktın hazırda Nəsimi Rayon Məhkəməsində mülki qaydada araşdırıldığını bildirmişdir. Lakin müstəntiq buna məhəl qoymamış həmin gün, yəni 15 dekabr 2021-ci ildə onu “şübhəli şəxs” kimi dindirəndən və «tutma protokolu» tərtib edəndən sonra 48 saat saxlamaq üçün kameraya göndərməzdən əvvəl o ondan həmin gün barəsində tərtib etdiyi prosessual sənədlərin surətləri tələb etmişdir. Amma müstəntiq barəsində tərtib etdiyi prosessual sənədləri ona təqdim etməmişdir. Müvəqqəti saxlama kamerada 48 saat saxlayandan sonra 17 dekabr 2021-ci il tarixdə müstəntiq vəkili ilə bərabər saxlandığı kameraya gələrək ona AR CM-nin 182.2.4-cü maddəsi ilə ittiham elan etmiş və ifadəsini almışdır. Bundan sonra müstəntiq barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə əvvəl rayon prokuroru Həsən Hənifəyevin yanına aparmışdır. Prokuror isə heç bir araşdırma aparmadan həbs qətimkan tədbiri seçmək barədə təqdimat vermişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən həmin maddə ilə barəsində 4 (dörd) ay həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Bakı İstintaq Təcridxanasına aparılmış və 23 dekabr 2021-ci ilə qədər orada saxlanmışdır. Vəkilinin və onun həbs qətimkan tədbiri haqqında qərarından verdikləri apellyasiya şikayətindən sonra 23 dekabr 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şikayəti araşdırmağa başlamışdır. Araşdırmadan sonra Kollegiya barəsində olan həbs qətimkan tədbirini ləğv edərək onu məhkəmə zalından azadlığa buraxmışdır. Eyni zamanda Kollegiya işi saxtalaşdırmış Nəsiminin müstəntiqi Ülvi Hadıyev və həbs qətimkan tədbiri seçmiş hakim barəsində “xüsusi qərar” qəbul edərək aidiyyəti orqanlara göndərmişdir. 17 dekabr 2021-ci ildən bu ilə qədər həmin cinayət işi üzrə heç bir istintaq hərəkətləri aparılmamışdır. Amma həmin cinayət işi iki dəfə Nəsimi rayon prokurorluğundan alınaraq Bakı Baş Polis İdarəsinə aparılmışdır. Bundan sonra ona nə işin dayandırılması, nə də xitam eilməsinə dair heç bir qərar göndərilməmişdir. Yalnız bir dəfə Baş Prokurorluğun İdarə Rəsinin müavini ona məktub göndərmişdir. Həmin məktubdan görünür ki, Nəsimi rayon Pİ Müstəntiqi həmin cinayət işini AR CPM nin 39.1.3-cü maddəsi ilə xətm etmişdir. Lakin həmin məktubdan sonra “tam sakitçilik” olsa da yəni istintaq hərəkətləri edilməsə də həmin cinayət işi hələ də üstündə qalmışdır. Buna görə də onu hər yerdə “reket” deyə təhqir edirdilər. Hətta Yasamal rayon Pİ-də digər bir cinayət işi üzrə zərərçəkmiş kimi keçsə də sonradan oranın müstəntiqi həmin işi xətm edərək onun Nəsimi işi üzrə “reket” olduğunu bilavasitə qərarda qeyd eləmişdir. ********* saylı cinayət işinin hərəkətsiz qaldığını görərək istintaq orqanlarının hərəkətləri nəticəsində ona vurulmuş 20.000 manat kompensasiyanı almaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə iddia vermişdir. Bu barədə xətm qərarı olmadığına görə iş xx.xx.2020-ci il tarixli № 2(006)-3673/2020 həmin iddiası təmin olunmamışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3673/2020 saylı həmin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4885/2022 saylı qətnaməsi ilə həmin qətnamə qüvvəsində saxlanmışdır. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilsə də, onun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının halhazırda da davam etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Demək ki, həmin cinayət işi üzrə yekun qərar qəbul olunmamış, bu isə nəzəri baxımdan barəsində ittiham hökmünün çıxarılmasını istisna etmir. Qətnaməyə görə həmin iş üzrə bəraətverici əsaslarla xətm qərarı yaxud da hökm çəxarılandan sonra onun belə bir tələb qoymaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi özünün xx.xx.2023 cü il tarixli 2(102)-1477/2023 saylı qərarı ilə Apellyasiya Məhkəməsi Kollegiyasının gəldiyi nəticə ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsi CK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş həmin cinayət işini saxtalaşdırmış müstəntiq Ülvi Hadıyev və hakim barəsində “xüsusi qərar” çıxarılandan sonra müstəntiq həmin cinayət işi üzrə barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçmişdir. Bundan sonra həmin iş Nəsimi rayon prokurorluğundan alınaraq Bakı Baş Polis İdarəsi AC üzrə İŞ-nə verilmişdir. Cinayət işi 10 ay BPİ də ağır cinayətlərə dair şöbədə heç bir istintaq hərəkətləri aparılmadan saxlanandan sonra yenidən Nəsimi rayonu prokuroruna qaytarılmış, müstəntiqi Ü.Hadıyev həmin cinayət işini AR CM-nin 39.1.2-ci maddəsi ilə xətm etmişdir. Lakin işin nəticəsi ilə biləvasitə maraqlı olan rayon prokuroru Həsən Hənifəyev həmin xətm qərarı ilə razı olmayaraq onu ləğv etmişdir. Bundan sonra Bakı Baş Polis İdarəsi İŞ yenidən həmin cinayət işini öz icraatına götürərərək (X6 ) həmin cinayət işini 2024-cü ilin ortalarına kimi heç bir istintaq aparmadan, hərəkətsiz saxlamış və xətm etməmişdir. Yalnız bir ay bundan əvvəl təsədüfən ona məlum olmuşdur ki, həmin cinayət işinə artıq xitam verilmişdir. Amma ona bu barədə heç bir qərar göndərilməmişdir. Buna görə də həmin cinayət işi ilə bağlı həm həbsdə, həm də azadlıqda çəkdiyi maddi fiziki və mənəvi ziyanlarını tələb etmək qərarına gəlmişdir. Nəticədə o zaman 65 yaşı olduğu halda, xəstə insan olduğu halda iki dəfə tibbi əməliyyat keçirtdiyi halda 7 gün həbsdə saxlanmışdır. Onun 2 sutkasını polisin zirzəmisində 5 gününü isə Kürdəxanı Təcridxanasında saxlanmışdır. Təcridxanaya gətirilən gün ona zorla Covid 19 peyvəndi vurmuşlar. Bu müddət ərzində nəinki fiziki, həm də maddi və mənəvi əziyyətlərə və sarsıntılara məruz qalmışdır. Ailəsinin, bütün dost, qohumlarının yanında ümumiyyətlə “cinayətkar,reket” kimi tanınmağa başlanmışdır. Bu söhbət hətta anadan olduğu rayona da gedib çatmışdı. Hamı ona nifrət və şübhə ilə yanaşırdı. Çunki özgəsinin əmlakını hədəqorxu ilə tələb etmək ağır cinayət sayılır. Həbs olunub ittiham olunduğu üçün baş redaktor kimi çalışıdığı “Vəkilin səsi” ictimai siyasi hüquq qəzeti redaksiyasından xaric edilmişdir. Hətta xarici ölkələrdə yaşayan qohumları da onu “reket” kimi qəbul edərək ondan üz döndərmişlər. O zamandan da 3 il heç yerdə iş tapa bilməmişdir. Borc almaqla dolanır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-856/2025 saylı 4 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 8.250 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir.
10. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay - azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir.
11. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 8250 ((8 gün həbsdə qalma müddətinə düşən məbləğ təqribi 250 manat + (16 ay x 500 manat) = 250+8000= 8250) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
12. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bu hissədə iddiasını əsaslı edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi 5000 manat məbləğində maddi zərərin iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 28 və 68-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1100, 1101.1 və 1101.2-ci madələrinə; Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1 və 58.2-ci maddələrinə; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5, 6, 7 və 12-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-856/2025 saylı 4 mart 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. O, həbs olunan zaman “Vəkilin səsi” qəzetinin baş redaktor kimi ayda 250 manat maaş alırdı. Qəzetin təsiçisi məhz barəsində cinayət işi qaldırıldığı üçün onu vəzifədən kənarlaşdırdılar. Barəsində əvvəlcə 8 gün həbs daha sonra 16 ay muddətində barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilib. 16 ay o, işindən məhrum olmuşdur. Bununla bağlı ona daha 4000 manat maddi ziyan dəyib. Bu isə onun maddi ziyana görə tələb edəcəyi minimum məbləğdir. Məhkəmə həmin məbləği ona vurulmuş maddi ziyan kimi cavabdehdən tutmalı idi. Məhkəmə isə maddi ziyan məsələsinə qiymət verməyib.
16. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-856/2025 saylı 4 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 386 nömrəli Fərmanında da bunun bağlı hər hansı müddəa müəyyən edilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 8.250 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Maliyyə Nazirliyi orada iki əsas məsələni vurğulayır. Birincisi guya ki, iddia ərizəsi verilərkən cavabdehin yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə verilərdi. İkincisi də guya cavabdehliyi Maliyyə Nazirliyi daşımalı deyil. Lakin bütün normalardan görsənir ki, dəymiş ziyanı dövlət ödəməlidir. Vermiş olduğu apellyasiya şikayəti ilə bağlı bildirmişdir ki, o, 20 min manat kompensasiya məsələsini qaldırmışdır, 5 min manat maddi və 15 min manat isə mənəvi ziyan kimi qaldırmışdır. Hesab edir ki, maddi də təmin olunmalıdır. Çünki qanunvericilik normalarına görə o, həmin vaxtı qəzet redaktoru idi və onu bu hallara görə işdən çıxarmışdılar. O, simvolik olaraq 250 manat maaş alırdı. O, həbs olunan zaman işləyirdi. Orada xidməti müqavilə idi deyə portalda görsənmirdi. O, həbsdə 7 gün ərzində qalmışdır. Polisin nəzarəti altına vermə qətimkan tədbiri 23 dekabr 2021-ci ildən dərhal seçildi, 29 aprel 2023-cü ilə qədər davam etdi. İstintaq hərəkətləri getmirdi, sadəcə qətimkan tədbiri qalırdı. O da heç bir yerə gedə bilmirdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan aydın olur ki, onlar, ayrı-ayrılıqda qətnamənin iddianın təmin olunan və təmin olunmayan hissələrindən narazıdır. Kollegiya bunu nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
30. 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
31. 58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
32. 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
33. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
34. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
35. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
37. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
40. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “mənəvi zərərin məbləği” hissəsində dəyişdirilməlidir.
44. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin 4(103)-758/2021 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı, o cümlədən İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Müstəntiqin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
45. xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərara əsasən, İddiaçı barəsində AR CM-nin 182.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv olunmuşdur.
46. Beləliklə də işdə olan sənədlərə əsasən İddiaçı əsassız olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, yəni 7 (yeddi) gün müddətində həbsdə saxlanıldığı, həmçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək barəsində 16 (on altı) ay müddətində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin tətbiq edildiyi müəyyən olunmuşdur.
47. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 15.000 manat, cəmi 20.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
48. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının, barəsində əsassız olaraq qətimkan tədbirlərinin tətbiq edilməsi nəticəsində mənəvi sarsıntı və iztirablar keçirdiyi faktı ilə razılaşmış, lakin həbs və başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirlərinin tətbiq edilməsi nəticəsində ödəniləcək mənəvi zərərin miqdarının biri-birindən fərqləndirilməli olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 8.250 ((7 gün həbsdə qalma müddətinə düşən məbləğ təqribi 250 manat + (16 ay x 500 manat) = 250+8.000 = 8.250) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bu hissədə iddiasını əsaslı edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia “5.000 manat məbləğində maddi zərərin iddiaçıya ödənilməsi” tələbi hissəsində təmin edilə bilməz.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3 və 1101.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur.
50. Belə ki, 1101.1-ci maddəsinin məzmunundan göründüyü kimi qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq yaranır.
51. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətindəki dəlillər ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.
52. Beləliklə, mülki hüquq pozuntusundan (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün zərər vuran şəxsin təqsirli olub-olmaması istisna olmaqla, yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iş materiallarından da görünür ki, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət yaranması üçün zəruri olan bütün şərtlərin mövcud olduğu cinayət təqibinə xitam verilməsi barədə qərar ilə müəyyən edilmişdir. Qərar ilə müəyyən edilmiş bu faktlar da hazırkı mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmə araşdırmasının predmeti ola bilməz.
53. Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən qeyd etməyi zəruri sayır ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
54. Belə ki, barəsində məhkəmənin bəraət hökmü və ya cinayət təqibinə bəraətverici əsaslar ilə xitam verilməsinə dair qərar çıxarılmış, yəni təqsirliliyi müəyyən edilməmiş şəxsin Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində cinayət təqibinə məruz qalması nəticəsində uğradığı zərərin ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
55. Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən də, Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.
56. Beləliklə də iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
57. Оnа görə də hazırki iş üzrə ödənilməli olan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən tutulub iddiaçıya verilməlidir.
58. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində həbs və başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirlərinin tətbiq edilməsi, təqsirsizliyinin uzun sürən araşdırmanın predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Qeyd edilənlər də İddiaçı mənəvi zərərə uğradığı qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur.
59. Bununla belə kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşmır, mənəvi zərərin qətnamə ilə tutulmuş məbləği çox olmaqla real qiymətləndirmir. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi, habelə məhkəmənin dövlət vəsaiti hesabına ödənilməsini qət etdiyi mənəvi ziyan məbləği ağlabatan sayıla bilməz.
60. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 4.250 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
61. Məhkəmə iddianın “maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi hallarının müəyyən edilməsi görünmür.
62. İddiaçı tərəf həbs edilmədən öncə “Vəkilin səsi” ictimai siyasi hüquq qəzeti redaksiyasında baş redaktor vəzifəsində çalışmaqla hər ay 250 manat məbləğində pul qazandığı halda qanunsuz həbs edilmə nəticəsində aylıq gəlirindən məhrum olduğunu qeyd etdə də, bunları təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
63. Əksinə iş materiallarında olan “Vəkilin səsi” X3 Hüquq Qəzetinin təsisçisinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı “Vəkilin səsi” X3 hüquq qəzetinin baş redaktoru vəzifəsindən azad edilməsi qərara alındığı müəyyən edilmişdir.
64. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı iddianın “maddi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.
65. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-856/2025 saylı 4 mart 2025-ci il tarixli qətnaməsi “mənəvi zərərin məbləği” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 4.250 (dörd min iki yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Ziya Şirinov