Məhkəmə qərarları › İş №2(103)-2727/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2727/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2727/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(094)-487/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər 16 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 29 avqust 2007-ci il təvəllüdlü X3, 30 oktyabr 2009-cu il təvəllüdlü X5 və 26 dekabr 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Nikahları rəsmi qaydada pozulmasa da, uzun müddətdir ki, tərəflər ayrı yaşayırlar. Cavabdeh uşaqları maddi cəhətdən saxlamaqdan boyun qaçırdığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və hər ay hər uşağa görə 175 manat olmaqla 3 uşağa görə 525 manat məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(094)- 487/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İkinci Qarabağ müharibəsində iştirak edərək qazi olmaqla yanaşı, hal-hazırda işləmir. Bu səbəbdən yüksək məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Buna görə də alimentin məbləğinin hər ay hər uşağa görə 100 manat təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(094)-487/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı 16 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 29 avqust 2007-ci il təvəllüdlü X3, 30 oktyabr 2009-cu il təvəllüdlü X5 və 26 dekabr 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi aliment təyin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, o cümlədən aliment ödəməli olan cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. Bununla belə, İddiaçı tərəfindən məhkəməyə göndərilən ərizədən də görünür ki, o da alimentin hər ay hər uşaq üçün 100 manat məbləğində müəyyən edilməsinə razıdır. Məhkəmə kollegiyası hesab edir ki, aliment ödəməyə borclu olan Cavabdeh maddi vəziyyətini və alimentin məbləğinin hər ay hər uşaq üçün 100 manat məbləğində müəyyən edilməsinə iddiaçının razılığını nəzərə alaraq, qətnamə dəyişdirilməli və aliment hər uşaq üçün hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(094)- 487/2021 saylı qətnaməsi dəyişdirilsin. 29 avqust 2007-ci il təvəllüdlü X1, 30 oktyabr 2009-cu il təvəllüdlü X2 və 26 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar