Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2734/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(007)-229/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında 4273,62 manat məbləğində pulun və 30,40 məbləğində dövlət rüsumunun, cəmi 4304,02 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.10.2018-ci il tarixində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində X4 mülkiyyətində olan "Mercedes Benz 190 minik" markalı, Az ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx" ASC-də “avtokasko" qaydaları ilə sığortalanmış, "xxxx" ASC-nin mülkiyyətində olan, "CİTROEN DS 3" markalı, Az ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin 25.10.2018-ci il tarixli, 055-28531-1218 saylı arayışına və 17.10.2018-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 327.1-ci maddəsinə (düzgün manevr etməməsi nəticəsində digər avtomobil ilə toqquşma) əsasən, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 190“ markalı, Az ** TM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda “xxxx" ASC tərəfindən sığortalanmışdır. “CİTROEN DS 3" markalı, Az ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin MİC-10699/18 saylı sığorta şəhadətnaməsinə və həmin şəhadətnamənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı cədvələ əsasən, “CİTROEN DS 3" markalı, Az ** PR ***i/o dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx" ASC tərəfindən 24.08.2018-ci il tarixindən 24.08.2019-cu il tarixinədək 35000 manat sığorta məbləği olmaqla “avtokasko” qaydaları ilə tam sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, hadisə yerində sığorta əməkdaşları tərəfindən cavabdehlə aparılmış danışıqların audioyazılışından aydın bilinir ki, yol nəqliyyat hadisəsi nəticəsində “CİTROEN DS3” markalı, Az ** PR ***i/o dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak etmək hüququ barədə cavabdehə məlumat verilmişdir. Həmçinin, qiymətləndirmə və təmir zamanı nümayəndələri tərəfindən dəfələrlə cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılaraq iştirak etmə təklifi edilmiş və bütün bunlar iddia ərizəsinə əlavə edilmiş elektron daşıyıcıda (diskdə) əksini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş 09.10.2018-ci il tarixli, № BS-C-18/1519 saylı məktubdan və poçt göndərişlərinə dair siyahıdan göründüyü kimi “CİTROEN DS3” markalı Az ** PR ***i/o dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən ediləcəyi yer və prosesdə iştirak etmək hüququ barədə cavabdehə rəsmi qaydada da məlumat verilmişdir. Hadisə nəticəsində “xxxx” ASC-də sığortalanmış “CİTROEN DS3" markalı, Az ** PR ***i/o dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 15.10.2018-ci il tarixli zərərin hesablanması aktına əsasən tərəflər arasında 9273,62 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 30.11.2018-ci il tarixli, 089/18 saylı sığorta aktına və 04.12.2018-ci il tarixli, №002OCLl ********* saylı ödəniş tapşırığına əsasən 9273,62 manat məbləğində sığorta ödənişi “CİTROEN DS3" markalı, Az ** PR ***i/o dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün “xxxx” MMC-nin hesabına köçürülmüşdür. Hadisə zamanı cavabdehin idarə etdiyi “Mercedes Benz 190” markalı, Az ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC Şirkətində sığortalandığından, "xxxx" məsuliyyət həddi olan 5000 manat sığorta ödənişi məbləğini “xxxx" ASC-yə geri ödəmişdir. Qalıq 4273,62 manat məbləğinin geri ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh həmin pulu iddiaçıya geri qaytarmaqdan qərəzli şəkildə yayınmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4273,62 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(007)- 229/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1782 manat sığorta ödənişi və 12 manat 50 qəpik dövlət rüsumunun, cəmi 1794,50 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 58,30 manatının “xxxx” ASC-dən və 41,70 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi avtomobilə vurulmuş zərəri hesablayarkən ekspert rəyində qeyd olunan köhnəlmə əmsalını tətbiq etmiş və sığorta ödənişi verilərkən sığorta təşkilatının ödədiyi 18 faiz əlavə dəyər vergisinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(007)-229/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 9/2587 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” ASC-nin 15.10.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “CİTROEN DS3” markalı, Az ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6782 manat müəyyən edilir. Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 190“ markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda “xxxx" ASC tərəfindən sığortalandığına görə, icbari sığorta üzrə 5000 manat sığorta məbləği çıxılmaqla birinci instansiya məhkəməsi 1782 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “CİTROEN DS3” markalı, Az ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cü il buraxılışlı olduğuna və cavabdeh yalnız vurduğu ziyan həcmində mülki məsuliyyət daşıdığına görə, birinci instansiya məhkəməsi ziyanın məbləğini hesablayarkən köhnəlmə faizini tətbiq etməkdə haqlı olmuşdur. İddiaçı sığorta təşkilatı tərəfindən sığorta ödənişi verilərkən 18 faiz əlavə dəyər vergisi ödənilməsi və həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır. Məhkəmə kollegiyası hesab edir ki, əlavə dəyər vergisini ödəmək “xxxx” ASC-nin borcu olmaqla həmin vergi iddiaçının əldə etdiyi dəyər artımının bir hissəsinin büdcəyə alınması hesabına olmuş və ödənilən vergi cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Belə ki, iddiaçının ödədiyi ƏDV cavabdehin iddiaçıya vurduğu ziyanın həcminə daxil deyil. Kollegiya bir daha vurğulayır ki, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(007)-229/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2734/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2734/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver