Məhkəmə qərarları › İş №2(103)-2736/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2736/2022

11.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2736/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Həşimova Nigar Zəkiş qızının, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı Həşimova Nigar Zəkiş qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar Həşimova Nigar Zəkiş qızı və İddiaçı1 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə anaları Həşimova Elmira Əli qızı arasında bağlanmış 10.06- 3928/005710-Sİ saylı, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin 03.06.2010-cu il tarixli, 10.06-3928/005710 saylı kredit müqaviləsinə əsasən Rüstəmov Mətləb İxtiyar oğlu 48 ay müddətinə İllik 24% faiz olmaqla 260000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi mərhum anaları Həşimova Elmira Əli qızının mülkiyyətində olan ünvan 1 ünvanı ipoteka ilə “Bank Respublika" ASC-nin xeyrinə yüklü edilmişdir. Anaları Həşimova Elmira Əli qızı 01.10.2017-ci ildə vəfat etmişdir. Rüstəmov Mətləb İxtiyar oğlu dələduzluq edərək, onlarla bərabər 30 adamı aldatmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən məhkum edilərək azadlıqdan mərhum edilmişdir. Bununla bağlı zərəçəkmiş şəxsin hüquqi varisi kimi tanınmaqları ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişlər və İddiaçı1 zərərçəkmiş anaları Həşimova Elmira Əli qızının hüquqi varisi qismində tanınmışdır. Göstərilənlərdən məlum olur ki, Cavabdeh ASC ilə Rüstəmov Mətləb İxtiyar oğlu arasında bağlanan kredit müqaviləsinin təminatı kimi mərhum analarına məxsus ev ipoteka ilə yüklü edilmiş və bu tam qanunsuz və əsassız yolla edilmişdir. Belə ki, həmin əqd aldatma yolu ilə bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən mərhum analarının mülkiyyətində olan ünvan 1 ünvanı 20.07.2010-cu ildə bağlanmış 10.06-3928/005710-Sİ saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə etdikləri sənədlərdən və işin faktiki hallarından görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlu bankın əməkdaşı kimi özünü təqdim edərək onların mərhum anasını aldadaraq iddiaçı Həşimova Nigar Zəkiş qızının banka olan kredit borcunun uzadılması adı ilə müqavilə bağlayaraq faktiki olaraq kredit götürmüşdür. Onlar faktiki olaraq M.Rüstəmovun dələduzluq əməllərinə görə əmlaklarından məhrum olmuş olurlar. Bu səbəbdən onlar və onlar kimi aldadılmış onlarla şəxslərin şikayətləri əsasında M.Rüstəmov cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı1 zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. İş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bütün bu hallar ipoteka müqaviləsinin etibarsız olduğunu sübut edir. Ona görə də, Cavabdeh ASC ilə anaları Həşimova Elmira Əli qızı arasında bağlanmış 10.06- 3928/005710-Sİ saylı, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Həşimova Nigar Zəkiş qızı və İddiaçı1 Cavabdeh ASC-yə qarşı ipoteka müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Həşimova Nigar Zəkiş qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Həşimova Nigar Zəkiş qızı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər İddiaçı1 məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 102228/16 saylı, 18 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Bank Respublika" ASC-nin cavabdehlər Rüstəmov Mətləb İxtiyar oğluna, Həşimova Elmira Əli qızına, İddiaçı1n, Əsədov Sahib Esxay oğluna, Osedov Əsəd Sahib oğluna, Osedov Ramil Sahib oğluna və Osedov Samil Sahib oğluna qarşı ipoteka predmetlərinə tutma yönəldilməsi, onların aşıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 118766,04 ABŞ dolları əsas kredit borcu, 45447,80 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 164313.84 ABŞ dolları məbləğində kredit borcunun ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun Rüstəmov Mətləb İxtiyar oğlundan tutularaq “Bank Respublika" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh Əsədov Sahib Esxay oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə və Həşimova Elmira Əli qızına məxsus olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, Əsədov Sahib Esxay oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin satış qiymətinin 85000.00 manat müəyyən edilməsi, Həşimova Elmira Əli qızına məxsus olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 56100.00 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğin cavabdeh Əsədov Sahib Esxay oğluna, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 127 saylı mənzilin satışından qalan məbləğin Həşimova Elmira Əli qızına qaytarılması, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Həşimova Elmira Əli qızının və İddiaçı1 ünvan 1 ünvanından, Əsədov Sahib Esxay oğlunun, Osedov Əsəd Sahib oğlunun, Osedov Ramil Sahib oğlunun və Osedov Samil Sahib oğlunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1 və Əsədov Sahib Esxay oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 10228/16 saylı, 18 iyul 2016-cı il tarixli qətnaməsi faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 26082.26 ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 144878.01 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 23 nömrəli evin 127 nömrəli mənzilin ilkin satış qiyməti isə 60000 manat müəyyən edilmiş, qətnamə cavabdehlər İddiaçı1 və Əsədov Sahib Esxay oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirdikləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3403/2019 saylı, 14.05.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ 899887 saylı, 04.10.2017-ci il tarixli ölüm haqqında şəhadərnamədən görünür ki, Həşimova Elmira Əli qızı 01.10.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıların anası mərhum Həşimova Elmira Əli qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzil sonuncu tərəfindən Cavabdeh ASC ilə Rüstəmov Mətləb İxtiyar oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 10.06-3928/005710-Sİ saylı, 20.07.2010cu il tarixli ipoteka müqaviləsinə əsasən “Bank Respublika" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh bank tərəfindən borcun tutulması və tutmanın ipoteka əmlaklara yönəldilməsi barədə məhkəmədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından görünür ki, İddiaçı1 həmin məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətlər təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nin iddiası üzrə məhkəmə araşdırmaları 2016-cı ilin əvvəllərində başlanmışdır. Hazırki iş üzrə iddiaçılar Bankın iddia tələbi üzrə cavabdeh qismində iştirak etmiş, İddiaçı1 anası Həşimova Elmira Əli qızına məxsus mənzilin Cavabdeh ASC ilə Rüstəmov Mətləb İxtiyar oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsinə razılıq verməsi səbəbilə cavabdeh tərəf olduğu halda, Sabunçu Rayon Məhkəməsinin 2(008)-102228/16 saylı 18 iyul 2016-cı il tarixli qətnaməsindən apellyasiya və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-164/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, 20.07.2010-cu il tarixli ipoteka müqaviləsinin qanuniliyini mübahisələndirməmiş, bununla əlaqədar qarşılıqlı tələb irəli sürməmişdir. Hazırki iddia tələbi ilə isə iddiaçılar yalnız 2021-ci ilin sentyabr ayında müraciət etmişlər ki, bu da onlar tərəfindən iddia müddətinin ötürüldüyünü təsdiq edir. Bununla yanaşı, iddiaçılar məhkəməyə vaxtında müraciət etməmələrini heç bir səbəblə əsaslandırmamışlar. Beləliklə, iddiaçılar anaları Həşimova Elmira Əli qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh ASC ilə Rüstəmov Mətləb İxtiyar oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsindən ipoteka müqaviləsi bağlanan gündən məlumatlı olmalarına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 2021-ci ilin sentyabr ayında müraciət etmişlər ki, bu da onlar tərəfindən iddia müddətinin ötürüldüyünü təsdiq edir. Bununla yanaşı, iddiaçılar məhkəməyə vaxtında müraciət etməmələrini heç bir səbəblə əsaslandırmamışlar. Belə olduğu təqdirdə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Həşimova Nigar Zəkiş qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar