Məhkəmə qərarları › İş №2(103)-2738/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2738/2025

28.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2738/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X4 qarşı “cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin olunmamış, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ərizə və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3535/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini cavabdeh X4 xx.xx.2024-cü i ltarixdə poçt vasitəsilə rəsmi şəkildə təqdim edildiyini qeyd etmişdir. Lakin iş materiallarında olan poçt qəbzindən görünür ki, həmin qəbz nəinki, cavabdeh X6 tərəfindən şəxsən qəbul edilmiş, ümumiyyətlə qəbzdə hər hansı şəxsin imzası belə yoxdur. Digər tərəfdən məhkəmə qətnaməsi cavabdeh Hadıyev Faiqin qeydiyyatda olduğu Saatlı rayonu, Seyidoba kəndinə göndərilsə də o artıq 2 ildir faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvana getmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülübötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X4 xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi şəkildə təqdim edilmişdir. Beləliklə, 1 aylıq müddət nəzərə alınmaqla apellyasiya şikayəti verilməsinin son günü xx.xx.2024-cü il tarix olmuşdur. Həmin qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilməklə apellyasiya şikayəti verilmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, buraxılmış prosessual müddətin bərpası üzrə qəbul edilmiş bütün qərarlar cavabdeh X4 da poçt vasitəsilə rəsmi şəkildə təqdim edilmişdir (qəbzlər iş materiallarına əlavə edilmişdir). Müvafiq qəbzlərdə imzanın olmaması həmin məhkəmə aktının Faiq Hadıyev və ya onun ailə üzvlərinə təqdim edilməməsinə əsas deyildir. Təhvil alan şəxs özü imza atmaqda maraqlı olmalıdır, poçt əməkdaşı tərəfindən təhvil verilən şəxsə məcburi qaydada imzalatmaq mümkün olmaya bilər (əks halda sui-istifadə halları arta bilər). Əsas məsələ odur ki, məhkəmə aktları tərəfə (özünə və ya ailə üzvlərinə) rəsmi şəkildə təqdim edilmişdir. Bunun başqa formada şərh edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Rəsmi sənədin etibarlılığına dair təxəyyül əsasında ehtimallar üzrə nəticəyə gəlinməsi ağlabatan deyildir. Bu barədə ərizəçi tərəfindən də əsaslı sübutlar məhkəməyə bildirilməmişdir. Mülki işin gedişatı zamanı cavabdeh X4 məxsus olan mobil nömrələrə SMS bildirişlər göndərilmişdir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizədə ərizəçi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən ona SMS bildiriş göndərildikdən sonra iş üzrə məlumatlı olmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, apellyasiya məhkəməsi tərəfindən bildiriş ona məxsus ********** mobil nömrəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli SMS bildiriş X3 məhz həmin nömrəsinə göndərilmişdir. X6 məhkəmə iclasına gəlmədiyindən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli SMS bildirişlər onun ********** mobil nömrəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli SMS bildiriş yenidən onun ********** mobil nömrəsinə nömrəsinə göndərilmişdir. Lakin, o, məhkəmə iclaslarında iştirak etməmişdir. X6 ən azından məhkəmə ilə əlaqə saxlamaqla iclaslarda iştirak edə, işin mahiyyəti ilə bağlı məlumat ala bilərdi. Bunların heç biri olmadan “qəbzdə imza yoxdur” deyə məhkəmə qərarının təqdim edilməmiş hesab edilməsi ağlabatan deyildir. “Yaşayış və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, müvafiq məhkəmə aktları cavabdeh X3 şəxsiyyət vəsiqəsi üzrə ünvanı Saatlı rayonu, Seyidoba kəndinə göndərilmişdir. Hazırki ərizə və apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, hazırki halda isə qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən buraxılmış prosessual müddətin bərpası üçün göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən qeyd olunan hallar üzürlü səbəb kimi qəbul edilməklə şikayətin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı qətnamədən zəruri formada tərtib edilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür. Buna görə də kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Belə ki, cavabdehin istinad etdiyi hallarda prosessual müddətin ötürülməsinin üzürlü hesab olunması üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar