Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2741/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (üçüncü şəxs “xxxx” ASC) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5241/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (üçüncü şəxs “xxxx” ASC) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsiə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC ilə aralarında bağlanılmış 10.07.2014-cü il tarixli, MAP-140972-B09 saylı həyat sığorta şəhadətnaməsinə əsasən onun faydalanan şəxs, “xxxx” ASC-nin 20 yanvar filialına 10 iyul 2018-ci il tarixinə olan 31.352 manat kredit borcunun qalığı məbləğində sığorta ödənişinin cavabdehdən alınıb “xxxx” ASC-nin xeyrinə ödənilməsi, əmək qabiliyyətini itirdiyi 2017-ci ilin mart ayından 10.07.2018-ci il tarixinə qədər “xxxx” ASC-yə ödədiyi 9.760 manat pul ödənişinin cavabdehdən alınıb ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat məbləğində xidmət haqqının və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5241/2019 saylı, 18 oktyabr 2018ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək, qeyd olunan qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tibbi sosial ekspertiza müayinəsindən görünür ki, ona ikinci dərəcəli əlillik verilmiş, əlilliyin səbəbi ümumi xəstəlik olmaqla, ona “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, əmək qabiliyyətini daimi itirmişdir. 5 saylı Kliniki xəstəxana tərəfindən ona verilmiş 12.04.2017 və 08.05.2017-ci il tarixli vərəqələrdə onun əmək qabiliyyətinin olmaması qeyd olunmuş, əmək qabiliyyətini qismən itirsəydi, ona əmək qabiliyyətini müvəqqəti itirilməsi vərəqəsi verilərdi. Bundan əlavə, birinci instansiya məhkəməsinin imtinası ondan ibarətdir ki, sığorta şəhadətnaməsində İ və İİ qrup əlilik dərəcəsi “sığorta müddəti ərzində təyin edilərsə” yazıldığı üçün, sığortanın qüvvədə olduğu müddət 10.07.2014-cü il saat 00.01-dən 10.07.2017-ci il saat 24:00-dək müəyyən edildiyi, lakin ona TSEK tərəfindən əlillik dərəcəsi 25.01.2018-ci ildə təyin edildiyi üçün cavabdehin sığorta ödənişinin ödənilməsindən imtinası əsaslıdır. Halbuki, həyat sığorta şəhadətnaməsinin sığorta şərtləri cavabdehin 18.02.2010-cu il tarixli ipoteka kreditləri üzrə borcalanın həyat sığortası qaydaları ilə müəyyən olunur. Bundan əlavə, həmin şəhadətnamənin əlavələr bölməsində deyilir ki, bu müqaviləyə aşağıdakı əlavələr edilir və onun tərkib hissəsi hesab olunur 1) sığorta ödənişinin verilməsi qeyd şərti və əlavə şərtlər; 2) “Cavabdeh Sığorta Şirkəti” ASC-nin 18.02.2010-cu il tarixli ipoteka kreditləri üzrə borcalanların həyat sığortası qaydaları. Bakı Apelyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(103)-5430/2019 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi Alışıov Rafiq Talış oğlu kassasiya şikayəti verərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)- 5430/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10.12.2019-cu il tarixli 2(102)-7371/2019 saylı qərarı ilə qeyd olunan kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli 2(103)-5430/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 09 iyul 2014-cü il tarixli **********41914 saylı kredit müqaviləsinə əsasən “xxxx” Bank ASC tərəfindən iddiaçıya “xxxx” MTK ilə bağladığı 13.12.2013-cü il tarixli ********* saylı müqaviləyə əsasən satış qiyməti 61420 manat olan Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan yaşayış evlərinin 7-ci binası, 5-ci blok, 9-cu mərtəbədə yerləşən 83 kv.m ümumi sahədən ibarət 3 otaqlı 160 saylı mənzilin alınması məqsədilə 115 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 44.680 manat kredit verilmiş, “xxxx” MTK-nın 10.07.2014-cü il tarixli 464 saylı məktubuna əsasən MTK ilə İddiaçı arasında bağlanmış 13.12.2013-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən sonuncunun mənzilə dair qalıq 44680 manat borcu 10.07.2014-cü ildə tam olaraq ödənilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli MAP-140972-B09 saylı həyat sığortası Şəhadətnaməsinə əsasən, 09 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının həyatı sığorta müddəti ərzində ölməsi; əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi, sığorta müddəti ərzində ona İ və İİ qrup əlillik təyin edilməsi hallarında sığorta riskləri üzrə sığortalanmış, Şəhadətnamədə faydalanan şəxs kimi “xxxx” Bank ASC 20 Yanvar filialı göstərilib, sığorta məbləği 44.680 manat, sığortanın qüvvədə olduğu müddət isə 10 iyul 2014-cü il saat 00:01-dən, 10 iyul 2017-ci il saat 24:00-dək müəyyən edilmişdir. Həmçinin sığorta ödənişinin verilməsi - ölüm halında sığorta məbləğinin 100 faizi, əmək qabiliyyətinin xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirilməsi (İ və İİ qrup əlillik) halında isə Tibbi-Sosial Ekspert Komissiyasının arayışında qeyd edilmiş faiz həcmində ödənilməsi müəyyən edilmişdir. İddiaçı, 25 yanvar 2018-ci il tarixdə ilkin müayinədən keçmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona İİ qrup əlillik təyin edilmiş və səbəb kimi ümumi xəstəlik göstərilmişdir. Növbəti müayinə tarixi isə 25 yanvar 2023-cü il tarixədək müəyyən edilmiş, eyni zamanda, iddiaçıya əmək qabiliyyətsiz olmaqla “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu qoyulub. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş sonuncu müayinə zamanı iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilib və ona “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu qoyulub və əlilliyin səbəbi kimi ümumi xəstəlik göstərilib. Əlillik müddəti 25 yanvar 2023-cü il tarixədək müəyyən edilmişdir. İddiaçı sığorta ödənişinin verilməsi barədə Cavabdeh Sığorta Şirkəti ASC müraciət etsə də, sonuncu 07 mart 2018-ci il tarixli H255/18 saylı məktubla həyat sığortası Şəhadətnaməsində sığorta ödənişinin sığorta olunanın sığorta müddəti ərzində ölməsi; sığorta müddəti ərzində sığorta olunanın əmək qabiliyyətini xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi (İ və İİ qrup əlillik təyin edilməsi) halında ödənilməsini və hazırkı halda onun əmək qabiliyyətini daimi itirməməsini, ona əlillik dərəcəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə təyin edilməməsini əsas tutub sığorta ödənişinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya 25.01.2023-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmiş, tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində isə sığorta riski sığorta olunanın sığorta müddəti ərzində ölməsi və əgər sığorta müddəti ərzində təyin edilərsə, əmək qabiliyyətinin xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi (İ və İİ qrup əlillik) müəyyən edilmiş, iddiaçı isə əmək qabiliyyətini daimi itirməmişdir. Bundan başqa, iddiaçıya əlillik dərəcəsi 25.01.2018-ci ildə təyin edilmiş, tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində isə sığortanın qüvvədə olduğu müddət 10.07.2014-cü il saat 00.01-dən 10.07.2017-ci il saat 24:00-dək müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsi nəticəsində əlillik dərəcəsinin sığorta müddəti ərzində təyin edilməsi sığorta riski kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi sığorta müddəti ərzində təyin edilməmişdir. Ona görə də cavabdehin imtinası əsaslıdır. Beləliklə birinci instansiya məhkəməsi iddiaçının əmək qabiliyyətini daimi itirməməsi və əlillik dərəcəsinin sığorta müddəti ərzində təyin edilməməsi əsası ilə iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi qeyd edir ki, əvvəla iddiaçı sağlamlığını 2017-ci ilin mart ayında itirib və o, 15 may 2017-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müalicə alıb. Tibb müəssisəsindən çıxdıqdan sonra isə o, qeydiyyatda olduğu yer üzrə poliklinikaya müraciət edib və poliklinika xəstəlik sənədlərini araşdırdıqdan sonra ona əlillik dərəcəsi verilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına elektoron müraciət edib və sonuncunun 25 yanvar 2018-ci il tarixli qərarı ilə ona İİ qrup əlillik təyin edilib. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrində isə müqavilənin məhkəmə təfsiri və onun qaydaları nəzərdə tutulub. Şübhəsiz ki, müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bununla yanaşı məhkəmə bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirməlidir. Bunları müəyyənləşdirmək üçün isə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, həmçinin tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini təfsir edərkən sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının əmək qabiliyyətini əslində xəstəlik nəticəsində sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə itirməsinə diqqət yetirmədən, onun xəstəlik tarixinə, bir sözlə sığorta hadisəsinin nə vaxt baş verməsinə aydınlıq gətirmədən, yalnız cavabdeh tərəfin gətirdiyi arqumentlərə əsaslanaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, cavabdeh tərəfin özünün istinad etdiyi “İpoteka kreditləri üzrə borcalanların həyatı sığortası” Qaydalarının 1-ci maddəsində göstərilir ki, sığorta hadisəsi dedikdə-müqavilədə nəzərdə tutulan və baş verməsi ilə sığortaçının, müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanının verdiyi və sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi şərti ilə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləğini faydalanan şəxsə ödəmək vəzifəsini yaradan haldır (hadisədir). Xəstəlik isə-ilk dəfə sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində təyin edilən sığorta olunanın xəstəliyi, yaxud mövcud olan xəstəliyin kəskinləşməsidir. Eləcə də həmin Qaydaların 6-cı maddəsinin 6.1.2-ci bəndində göstərilir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində ümumi əmək qabiliyyətini daimi tam və ya qismən itirməsi (əlavə təminat) sığorta riskləridir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sığorta hadisəsinin sığorta müqaviləsinin qüvvədə oluduğu müddətdə baş verib-verməməsi, iddiaçının xəstəliyi ilə sığorta hadisəsi arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmadan, ona sığorta ödənişinin verilməsindən imtina edilməsi qanuni, əsaslı sayıla bilməz. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı Qərarına istinad edib iddiaçıya əlillik dərəcəsinin 5 il müddətinə, yəni 25 yanvar 2013-cü il tarixədək təyin edildiyi üçün onun sağlamlığını müvəqqəti itirməsinə dair gəldiyi nəticədə açıq-aşkar əsaslı deyil. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində əmək qabiliyyətinin tam və qismən itirilməsinin anlayışı verilmişdir və həmin qeyddə göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və V bəndlərində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 2.6-cı maddəsində göstərilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində də səhvə yol verib və tətbiq edilməli olan qanunu tətbiq etməməklə Azərbaycan Respublikası MPM-nin 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozub. Həmin maddələrdə göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 899.1-ci maddəsinə görə, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər. Mülki Məcəllənin 903-cü maddəsinə görə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir (903.1). Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir (903.2). Mülki Məcəllənin 922-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (922.1). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (922.2). Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (922.3). Göründüyü kimi, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23.09.2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.04.2014-cü il tarixli 398 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” AR Qanunun 16.5-ci maddəsinə uyğun olaraq kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir (1.1). Qaydalar nəzərdə tutur ki, əmək qabiliyyətinin itirilməsi – sığortalının və ya sığorta olunanın hərəkət, ünsiyyət, öz davranışına nəzarət imkanlarına, habelə əmək funksiyalarını normal icra etməsinə mane olan fizioloji və ya psixoloji vəziyyətdir (2.0.14). Bu Qaydalara əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərinə aid edilirlər: 3.0.1. həyatın ölüm halından sığortası; 3.0.2. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta (3.0). Qaydaların 16.1-ci bəndinə görə sığorta müqaviləsində bu Qaydaların 13.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi 16.3-cü bəndi nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir: 16.1.1. Sığorta olunan öldükdə sığorta məbləğinin 100 faizi həcmində; 16.1.2. Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halında ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış miqdarda. 16.2. Sığorta müqaviləsində bu Qaydaların 13.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir: 16.2.1. Sığorta olunan öldüyü halda qalıq borc məbləğində; 16.2.2. Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində. 16.3. Sığortaçı bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borc verənə verir. Sığorta ödənişi qalıq borc məbləğindən çox olduqda qalan məbləğ sığorta olunana və ya onun vərəsələrinə ödənilir. Cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsinin və birinci instansiya məhkəməsinin iddianı rədd etməsinin ilk əsası ondan ibarət olmuşdur ki, iddiaçıya müqavilənin qüvvədə olduğu 10.07.2014-cü ildən 10.07.2017-ci il tarixədək olan müddətdə deyil, ondan sonrakı müddətdə, yəni 25.01.2018-ci ildə “soxulcanabənzər çıxıntının, qalxan çənbər bağırsağın xərçəngi; cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət; PT3N1M0, zəif diferensasiyalı G3 İİİ mərhələ” diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh imtinasını Mülki Məcəllənin 922.1-ci maddəsi ilə əsaslandırmışdır. Lakin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı sağlamlığını 2017-ci ilin mart ayında itirmiş, 15 may 2017-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müalicə almış, tibb müəssisəsindən çıxdıqdan sonra isə o, qeydiyyatda olduğu yer üzrə poliklinikaya müraciət edib və poliklinika xəstəlik sənədlərini araşdırdıqdan sonra ona əlillik dərəcəsi verilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına elektron müraciət edib və sonuncunun 25 yanvar 2018-ci il tarixli qərarı ilə ona İİ qrup əlillik təyin edilmişdir. Ona görə də cavabdehin yuxarıda göstərilən əsasla sığorta ödənişini ödəməkdən imtina etməsi qanunsuz və əsassızdır. Cavabdehin sığorta ödənişindən imtina üçün irəli sürdüyü ikinci əsas isə ondan ibarətdir ki, tərəflər arasında təsdiq olunmuş sığorta şəhadətnaməsində əmək qabiliyyətinin daimi tam və ya qismən itirilməsinə sığorta təminatı verilmişdir. İddiaçı əmək qabiliyyətini tam itirsə və əlil olsa da, ona əlillik müvəqqəti təyin olunduğundan əmək qabiliyyətini müvəqqəti itirmiş, sığorta hadisəsi baş verməmişdir. Ümumi bəlli olan faktdır ki, şəxs əmək qabiliyyətini itirdikdə, xüsusən də bunun nəticəsində ona əlillik dərəcəsi verildikdə heç də bütün hallarda həmin anda onun əmək qabiliyyətini daimi və ya müvəqqəti itirdiyini müəyyən etmək mümkün deyildir. Əmək qabiliyyətinin daimi və ya müvəqqəti itirildiyi yalnız müvafiq həkim komissiyası tərəfindən təyin olunan növbəti yoxlamanın nəticəsindən asılı olaraq müəyyən edilə bilər. Belə yoxlamalar isə əmək qabiliyyətinin itirilmə səbəbindən asılı olaraq bir neçə il sonraya da təyin oluna bilər. Növbəti müayinə vaxtının təyin edilməsi isə əmək qabiliyyətinin müvəqqəti itirildiyi anlamına gələ bilməz, çünki bu sualın cavabı məhz gələcəkdə keçiriləcək yeni müayinənin nəticəsindən asılıdır. Baxılan iş üzrə tərəflər arasında imzalanmış şəhadətnamənin cavabdehin istinad etdiyi şərtləri baxımından əgər müvafiq həkim komissiyasının sənədində yeni müayinə tarixi göstərilibsə, əmək qabiliyyətinin istənilən itirilməsi (hətta İ qrup əlillik təyin edildikdə belə) müvəqqəti itirilmə hesab olunacaq və sığorta təminatı ilə əhatə olunmayacaq. Halbuki yuxarıda istinad olunan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarında ümumiyyətlə əmək qabiliyyətinin daimi və ya müvəqqəti itirilməsi anlayışı yoxdur, yalnız əmək qabiliyyətinin tam və ya qismən itirilməsindən asılı olaraq sığorta təminatının şərtləri dəyişilə bilər. Bununla yanaşı, Qaydaların 16-cı maddəsi tələb edir ki, sığorta müqaviləsində həm sabit sığorta məbləğinin, həm də azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əlillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış miqdarda və ya qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində sığorta məbləği ödənilməlidir. Göründüyü kimi Qaydalar sığortaçının üzərində hər bir halda təyin edilən əlillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində sığorta məbləğinin əvvəlcədən razılaşdırılmış miqdarını müəyyən etmək öhdəliyi qoyur. Lakin baxılan iş üzrə sığortaçı kimi cavabdeh tərəfindən təklif edilmiş sığorta müqaviləsində (şəhadətnamədə) Qaydaların tələblərinə əsasən təyin edilən əlillik dərəcəsindən asılı olaraq sığorta məbləği müəyyən edilməmiş, sığorta təminatı əmək qabiliyyətinin daimi itirilməsi kimi qeyri-müəyyən şərtdən asılı edilməklə, sığortalı demək olar ki, əksər hallarda sığorta təminatından məhrum edilmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, müvafiq həkim komissiyası tərəfindən 25 yanvar 2018-ci ildə iddiaçı ümumi xəstəlikdən əmək qabiliyyətsiz hesab edilmiş, ona 25.01.2023-cü il tarixədək İİ qrup əlillik təyin edilmişdir. Göstərilənlərdən əlavə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində əmək qabiliyyətinin tam və qismən itirilməsinin anlayışı verilmişdir və həmin qeyddə göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, 2017-ci ilin mart ayında, yəni sığortanın 10.07.2017-ci il tarixədək qüvvədə olduğu müddətdə iddiaçının ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsiz hesab edilməsi ilə sığorta hadisəsi baş vermiş və cavabdehin 10 iyul 2014-cü il tarixli MAP-140972-B09 saylı həyat sığortası şəhadətnaməsinə əsasən xəstəlik nəticəsində sığortalının ümumi əmək qabiliyyətinin tam itirilməsi halına görə, yəni müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunanın əmək qabiliyyətinin tam itirilməsi nəticəsində ssuda üzrə borcun ümumi sığorta məbləğindən çox olmayan qalığı həcmində ödəniş etmək öhdəliyi yaranmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 09.07.2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş qrafiki) müəyyən edilir ki, sığorta hadisəsinin baş verdiyi 10.07.2018-ci il tarixinə iddiaçının ipoteka müqaviləsi üzrə qalıq borcu 31352,26 manat təşkil etmiş, iş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən 2017-ci ilin mart ayından 10.07.2018-ci il tarixədək olan müddətdə isə 9760 manat məbləğində pul vəsaiti üçüncü şəxs ASC “xxxx” bankına ödənilmiş, sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 44680 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sığortaçının üzərinə məhz tələb olunan həcmdə sığorta ödənişini ödəmək öhdəliyi qoyulmalıdır. İş materiallarında müəyyən olunur ki, İddiaçı hüquqi yardım üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil oğlu ilə bağladığı müqaviləyə görə 13.04.2018-ci il tarixli mədaxil qəbzinə əsasən 200 manat xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 25.04.2018-ci ildə isə 30 manat dövlət rüsumu ödəmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin müəyyən edilmiş hallarına MPM-in 115.0.6, 119.1 və 121.1-ci maddələrini tətbiq etməklə iddia tələbi “200 (beş yüz) manat məbləğində hüquqi yardıma görə xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” hissəsində də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5241/2019 saylı, 18 oktyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli “həyat sığortası” Şəhadətnaməsinə əsasən İddiaçı faydalanan şəxs, “xxxx” Bank ASC 20 Yanvar filialına 10 iyul 2018-ci il tarixə olan 31.352 manat kredit borcunun qalığı məbləğində sığorta ödənişi Cavabdeh Sığorta Şirkəti ASC-dən alınıb “xxxx” Bank ASC-nin xeyrinə ödənilsin. Əmək qabiliyyətini itirdiyi 2017-ci ilin mart ayından 10 iyul 2018-ci il tarixədək “xxxx” Bank ASC-yə ödədiyi 9.760 manat pul ödənişi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat xidmət haqqının və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Sığorta Şirkəti ASC-dən alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2741/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2741/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver