Məhkəmə qərarları › İş №2(103)-2751/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2751/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2751/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3837/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kondisoner "LC" bir ədəd – 1.000 manat, mətbəxt mebeli - 900 manat, qaz sobası, aspirator - 220 manat, şirə çəkən - 300 manat, lüstr - 80 manat, pərdə - 60 manat, divan Saloğlu, belka - 390 manat, stol “Salo gen“ - 250 manat, stul - 300 manat, musiqi mərkəzi - 700 manat, kovralit - 250 manat, paltar yuyan maşın "Siemens” - 460 manat, mikrosoba - 410 manat, divan mebeli - 350 manat, lüstr - 120 manat, pərdə - 60 manat, yataq mebeli "Saloğlu" – 1.810 manat, fen - 110 manat, televizor “Samsung” - 599 manat, tozsoran “Samsung" - 109 manat, soyuducu "Siemens” – 1.180 manat olmaqla, cəmi 9.977 manat dəyərində əmlak və ya onların dəyərinin cavabdeh Əzizova (Məcidova) Fərəh Vaqif qızından alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3837/2022 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

3. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aidiyyətə dair qərardadda qeyd edilmiş maddələrə istinad edilməsi, məhkəmə baxışı zamanı müəyyən edilməli idi. Lakin, məhkəmə işə baxaraq müşavirəyə gedirsə və cavabdeh tərəfindən aiddiyyat məsələsi mübahisləndirilmirsə, işin araşdırılması tam başa çatdırıldığı halda məhkəmə baxışının təzələnərək aidiyyat məsləsinə aydınlıq gətirilməsinin özü prosessual hüquq pozuntusudur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 45.1.-ci maddəsinin izahına görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 62. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən müəyyən olunur ki, cavabdehin rəsmi yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1, ev 1-dir.

13. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşə aidiyyət qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

14. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyini aşkar etdiyi təqdirdə işi başqa məhkəmədə baxılmağa verməlidir.

15. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki-prosessual qanunvericilik iddiaçının da üzərinə bu növ iddialar üzrə iddianı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi vəzifəsini qoyur.

16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3837/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar