Məhkəmə qərarları › İş №2(103)-2753/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2753/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2753/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Mahirə İsmayılova müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik xəstəxanasının epikrizində qeyd olunur ki, hamilə qadın İddiaçı xx.xx.2020-ci il tarixdə xəstəxana doğum şöbəsinə daxil olmuşdur. X11 xəstəxanasında əkstra karporal mayalanma olunub. Hal-hazırda oraya müraciət edib. X2 daxil olunmayıb – təcili yardımla xəstəxananın doğum şöbəsinə gətirilib. Daxil olarkən vəziyyəti çox ağırdır. Mb-4,6, ALAT – 900; ASAT 596, Trombosit – 70; sidikdə zülalı – 0,066 %. Hamilə əməliyyata alındı – qeysəriyyə rəyi ilə çəkisi 1700,0 boyu 42 olan oğlan uşağı xaric olundu. Uşaq 4-cü sutkada olüb. Əməliyyat zamanı koagulopatim, hipotonik qanaxma davam edib. Bunu nəzərə alaraq 3 paket eyniqruplu əritroritar kütlə, 6 ədəd təzə vurulmuş plazma köçürülüb – uşaqlığı saxlanılıb. Əməliyyatdan sonrakı dövrdə davamlı olaraq infuziya, qanəvəzedicilər, vitaminli terapiya, antianemin müalicə aparılıb. HB 8,4-ə qalxıb. HEFF xx.xx.2020-də 63, ASAT 65 olub. Müalicə zamanı: heptral, kontrivem dexametazon, afriakson, metranizadol, çox saylı ifuziya, antianemic olunub. Kafi vəziyyətdə xx.xx.2020-ci il tarixdə evə yazılıb.

2. 3 saylı ŞKX-nın yeni doğulmuşların ölüm epikrizindən görünür ki, dəqiqləşdirməmiş infeksiyası, vaxtından qabaq doğulmuş uşaq diaqnozu qoyulmuş və uşaq ölmüşdür. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik xəstəxanasının epikrizindən müəyyən olunur ki, uşağın doğulma tarixi xx.xx.2020-ci il, uşaq 32 həftəlik olmuşdur.

3. Cavabdeh MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixində Mərkəzi Klinikaya müraciət etmişdir. Mərkəzi Klinikanın təcili yardım şöbəsində iddiaçıya ilkin tibbi yardım göstərilmiş və müayinələrdən keçməsi təklif olunmuşdur. Mərkəzi Klinika Azərbaycan Respublikası Prezidentinin tabeçiliyinə verilmiş təsərrüfat hesablı tibb müəssisədir və göstərilən tibbi xidmətlər pulludur. İddiaçı ödənişdən imtina etdiyinə görə Təcili yardıma müraciət edilmiş və təcili yardım vasitəsilə dövlət xəstəxanalarından birinə təxliyə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş analiz, müayinə, müalicə və əməliyyat xidmətlərinin görülməsindən ötrü ödədiyi 15.000 (on beş min) manat, mənəvi zərərə görə 10.000 (on min) manat və dövlət rüsumu olaraq ödədiyi 165 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-2020-ci illər ərzində fasilələr və müəyyən aravermələrlə Mərkəzi Klinika (həkim Mahirə İsmayılova) tərəfindən (EKO) müayinə, müalicə, əməliyyatlar olunmuşdur. Uzun, süründürməci, eyni zamanda fantastik qiymətlər müqabilində gedən müalicə (hamiləliyi 32-ci həftəsi) qəbul etdiyi ağır və çoxsaylı dərmanların, həkim məsulyətsizliyinin nəticəsində ağır vəziyyətə çatmağı ilə sonlandı. Çox gərgin vəziyyətdə klinikaya getməyinə baxmayaraq həkim Mahirə İsmayılova və növbədə olan tibbi heyət tərəfindən lazımi yardım olunmayıb. (Belə olan halda başqa (Prenetal) xəstəxanaya getməyə çalışmışdır.) Bundan əlavə ehtiyacı olduğu halda başqa (Prenetal) xəstəxanaya getməsinə köməklik etmək kimi mənəvi borclarını yerinə yetirməmişlər. Nəticədə illər ərzində çəkdiyi zəhmətini, iyirmi min (20000 min) manat civarında xərcini, 32-33 həftəlik övladını, ən əsası isə sağlamlığını itirmişdir. Bu illər ərzində 1839,39 manat+1235 manat (Aptek) dərman peraparatlarına, Sənədləşmə işinə (Asan xidmət) 18 manat, Xromosom analizi ücün 250 manat. Özəl şirkətdən alınan dərman (iynə) peraparatına görə 204 manat. Referans klinikasında verilən analizlər ücün 292,6 manat, Sağlam Ailə klinikasında verilən analizlər ücün 1118 manat, Mərkəzi Klinikada müayinə, müalicə, əməliyyatlar üçün 9401 manat ödənişlər olunmuşdur. Qeyd edir ki, yuxarıda göstərilən məbləğlər bu günə kimi qorunub saxlanılan ödəniş qəbzləridir, bəziləri qorunub saxlanılmamış, bəziləri isə yararsızlaşmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 650/KEŞ saylı rəyində qeyd olunur ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X7 xx.xx.2022-ci il tarixdə aparılmış ezofaqoqastro duodenoskopiya müayinəsi zamanı İddiaçı “Ezofagit. Hiatal hemia tip İ.Eroziv panqastrit. 12 barmaq bağırsaq xorasının olduğu müəyyən edilmişdir. Cavabdeh İddiaçı adına tərtib edilmiş tibb sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “İnfertil” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun xəstənin üzərində “Diaqnostik histeroskopiya” cərrahiyyə əməliyyatı icra edilmiş, xx.xx.2017-ci il tarixdə xəstənin ümumi vəziyyəti yaxşı olmuş və ambulator nəzarət altına evə yazılmışdır. Cavabdeh İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı hamiləlik dövründə Cavabdeh aparılmış müalicələrdən və cərrahiyyə əməliyyatından sonra onda “Ezofagit. Hiatal hemia tip İ. Eroziv panqastrit. 12 barmaq bağırsaq xorası”nın yaranması istisna edilir. Məhkəmə tərəflərin izahatları ilə yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları, o cümlədən ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələrin onun vəziyyətinə uyğun olmuş, aparılmış müalicələrin onun səhhətinə əks təsiri olmamışdır. Başqa sözlə iddiaçının iddiasını əsalandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, hazırki işdə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq belə hesab etmişdir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasına doğum şöbəsinə X13 vasitəsi ilə ağır vəziyyətdə daxil olub. Daxil olmanın səbəbi isə X8 tərəfindən qəbul olunmamağıdır. xx.xx.2020-ci il tarixdə X1rkən orada həkim Mahirə İsmayılova və növbədə olan tibbi heyət xəstəni qəbul etməmələri və bunun səbəblərini bildirməməklə yanaşı xəstənin yaxın qohumuna (anası) və özünə məcburi şəkildə xəstəxananın tərk etməsinə dair sənədə imza etdirməyə çalışmışlar. Bununla bağlı vəsatətlə müraciət etsə də məhkəmə buna münasibət bildirilməmiş və məhkəmə qətnaməsində öz təsdiqini tapmamışdır. Digər bir hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 650/KEŞ saylı rəyində ekspertizanın verdiyi rəy ilə bağlıdır ki, həmin rəydən də göründüyü kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışıdır ki, həmin arayışda onun Ə.D.Məlikov adına Binəqədi TM “ PHŞ-nın poliklinika şöbəsinə müraciət etməyi və “X12 tip 1. Erozuv Panqastrit. 12 b.bağırsaq xorası” diaqnozu qoyulmasıdır. Onun doğuşla bağlı əlaqəsinin qeyd edilən xəstəliklə necə əlaqəsi ola bilər. Baş vermiş hadisənin üzərindən 2 iki vaxt ötmüşdür. Bununla bağlı ekspert hər hansısa bir müayinə belə aparmamışdır. xx.xx.2020- ci il tarixdə X13 vasitəsi ilə onu Mərkəzi Klinikanın qəbul etməməsi və 3 saylı ŞKX-ya xəstəxanasına aparılmağıdır ki, orada təqdim edilən arayışdan da görünüyü kimi doğuşla bağlı xəstəxanaya daxil olub, bağırsaq xorası ilə deyil. Ümumiyyətlə məhkəmənin ekspertlə bağlı gəldiyi nəticəyə alqış düşür. Göründüyü kimi məhkəmə doğuşla bağırsaq xorasını, yəni panqastriti eyniləşdiribdir ki, burada adi bir izah keçərlidir ki, həmin doğuşun xəstəliklə necə əlaqəsi vardır. Perinatal xidmət odur ki, uşaq ana bətnində olarkən ona hamiləlik dövründə anaya göstərilən tibbi yardımlar ona təyin edilmiş müayinə və müalicənin düzgün həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Mərkəzi Klinik həkim Mahirə İsmayılova perinatal xidmətin düzgün aparılmaması nəticəsində vaxtından əvvəl doğuşun həyata keçirilməsi ilə nəticələnmişdir ki, dünyaya gəlmiş uşaq 4 gün yaşamışdır. Perinatal xidmətin ümumdünya praktikasında uğurlu alınma ehtimalına əsaslanan hal həqiqəti əks etdirmir. Ona görə ki, ilk növbədə həmin dövrdə anaya göstərilən müayinə və müalicə düzgün aparılmalıdır və buradan ekspertin gəldiyi nəticə isə tamamilə qanunsuzdur. Çünki, o halın müəyyən edilməsi üçün əsaslar 3 saylı ŞKX-nın verdiyi rəydən və epikrizdən tam aydın şəkildə görünür. Məhkəmənin gəldiyi nəticə isə qanunsuzdur. Məhkəmənin istinad etdiyi maddi norma əsaslı olsada bunu əsassızlığını təmin etmişdir. Şikayətində sadaladığı hallar həkim səhlənkarlığı və aparılan müayinə və müalicələrin düzgün həyata keçirilməməsi və doğuş zamanı ona lazımi köməyin göstərilməməsi, vurulmuş maddi və mənəvi ziyanın anlaşılmayacaq qədər əsassızlığını qəbul edilməsidir. İnsan taleyinin məhkəmə üçün heç bir əhəmiyyət kəsb etməməsi öz təstiqini tapmışdır. Təqdim etdiyi 3 saylı ŞKX-nın rəyi və epikriz ona əsas verir və orada bir mənalı şəkildə qeyd edilmişdir ki, xəstə ağır vəziyyətdə xəstəxanaya doğum şöbəsinə Mərkəzi Klinika MMC-dən gətirilmiş və orada işləyən həkim Mahirə İsmayılovanın xəstəsi olaraq və növbədə olan həkim heyətinin xəstəni qəbul etməyərək, lazımi köməklik göstərməmişdir. Hesab edir ki, məhkəmə mülki prosessual məcəllənin 9, 14, 217-ci maddələrinin tələblərinə əməl etməyərək qətnamə qəbul etmişdir. Nə qədər ki, maddi hüquq normalarına düzgün əməl olunmayıb deməli Mülki Prosessual Məcəlləsinin tələbləri də pozulmuşdur. İlk növbədə məhkəmənin ekspertin rəyinə əsaslanaraq qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, aydınlaşdırılmayan 3 saylı ŞKX-nın rəyi və epikriz iş üçün əhəmiyyətli olan faktiki halı sübut etsə də buna münasibət bir mənalı şəkildə bildirilməmişdir və həmin sübut məhkəmə qətnaməsində öz əksinin tapmamışdır. Bütün bunlar onu göstərir ki, məhkəmənin obyektiv qətnamə çıxarmaq niyyəti olmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, konkret olaraq həkimin də adını ərizəmdə qeyd edib. Həkim gələrək ona həmin gecə kömək etməməsinin və yaxud bunun barəsində köməkçilərinə xəbər etməməsinin səbəbini açıqlayardı. Ekspertiza rəyindən narazıdır, heç bir suala cavab verilməyib. Ekspertiza rəyinin digər hissəsində xəstənin ağır vəziyyətdə gəlməsi və Mərkəzi Klinikaya getsə də ona kömək olunmayıb yazılması da doğru deyil. Mədə xorasının heç bir aidiyyatı yoxdur. Söhbət həmin gecədən gedir. O sağlamlığında problem yaşayır, illərdir o antidepressant istifadə edib. O bu hadisə ilə əlaqədar 1 il antidepressant qəbul edib. O özü maraqlanıb və gedib. Onu müayinə etməyiblər. Orada ona sağlamlığında hər hansı probleminin olması barəsində sual verdilər, o sağlamlığında problem olduğunu bildirdi. Onlar ondan bunun barəsində sənəd gətirməyini istədilər və bunun səbəbini soruşduqda iş materiallarına əlavə edəcəklərini bildirdilər. Onun şikayəti 12 barmaq bağırsaqdan deyil, onun şikayəti həmin gecədəndir. Hamiləlik dövründə daxili orqanlar nəzarətdə saxlanılmalıdır. Böyrək və qaraciyər haqqında tibbi sənədlər olmadığı halda ekspert qarşısında qoyulan suallar cavabsız qalmışdır. Onsuzda onun elə dediyi odur ki, onunla əlaqəli bir sənəd yoxdur. Daxili orqanlar nəzarətdə saxlanılmayıb. Özləri öz dediklərini təkzib edirlər, həm tibbi yardım olunduğunu deyir, həm də ilkin yardım haqqında sənədin olmadığını bildirirlər. Onu heç bir müayinə etmirlər, sənəd əsasında söhbət edirlər. Həkim onunla danışanda ona maddi imkanının az olduğunu və yaşının çox olduğunu bildirib. 2 embriondan istifadə edilib. Məqsəd vətəndaşın cibinə girmək olub. O həkimin xəstəsidir və vaxtaşırı onun yanına gedib. Ona heç kim heç nə demirdi. Onun anası onun halının pis olduğunu görəndə klinkada də səs-küy saldı ki, qızını hara aparsın. Çatan kimi ona ilkin yardım göstərməmiş iynə vurdular, o iynənin şəklini telefona çəkmişdi. Ona dəymiş zərəri istəyir. Həkim özü etiraf edib ki, o uşaq normal idi. Uşaq 33 həftəlik idi.

13. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı ilə aralarında süni mayalanma ilə əlaqədar müqavilə bağlanılıb, doğuş barədə müqavilə bağlanılmayıb.Müqavilənin şərtlərində süni mayalanmanın alınmamaq ehtimalının olması, hamiləliyin baş verməməməsi qeyd edilsə də, amma bunların heç biri olmayıb. Doğuşun keçirilməsi üçün kassaya ödəniş edilməli,müqavilə imzalanmalıdır. Bununla bağlı müqavilə bağlanılmayıb.Buna görə də iddiaçı dövlət xəstəxanasına təxliyə edilib.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

21. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. Cavabdeh MMC-yə analiz, müayinə, müalicə və əməliyyat xidmətlərinin görülməsindən ötrü ödədiyi 15.000 manat məbləğində pulun tutulması;

2. İddiaçının yeni doğulmuş uşağının vəfat etməsi nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın ödənilməsi;

22. İşin mübahisəsiz halı odur ki, İddiaçı 2017-2020-ci illər ərzində Mərkəzi Klinikada həkim Mahirə İsmayılova tərəfindən EKO müayinə və müalicə olunmuşdur. Hamiləliyin 32ci həftəsində olarakən xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikaya müraciət etmişdir. Mərkəzi Klinikadan təcili yardım vasitəsilə 3 saylı şəhər klinik xəstaxanasına göndərilmişdir.

23. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixdə onun vəziyyəti pisləşmişdir, o, Mərkəzi Klinikaya müraciət etmişdir. Ona nəzarət etməli olan həkim Mahirə İsmayılova axşam olduğu üçün xəstəxanaya gəlməmiş və xəstəxananın digər işçiləri də onun vəziyyətinin ağır olduğunu görərək bir tədbir görməmiş, onu təcili tibbi yardımla dövlət xəstəxanası olan 3 saylı şəhər klinik xəstaxanasına göndərmişlər və bir neçə saatdan sonra o, qeysəriyyə əməliyyatı olunmuşdur. Onun uşağı 4 gün yaşamış və vəfat etmişdir.

24. Cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixində Mərkəzi Klinikaya müraciət etmişdir. Mərkəzi Klinikanın təcili yardım şöbəsində iddiaçıya ilkin tibbi yardım göstərilmiş və müayinələrdən keçməsi təklif olunmuşdur. Mərkəzi Klinika Azərbaycan Respublikası Prezidentinin tabeçiliyinə verilmiş təsərrüfat hesablı tibb müəssisədir və göstərilən tibbi xidmətlər pulludur. İddiaçı ödənişdən imtina etdiyinə görə Təcili yardıma müraciət edilmiş və təcili yardım vasitəsilə dövlət xəstəxanalarından birinə təxliyə edilmişdir. səh161.

25. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

26. Çünki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 650/KEŞ saylı rəyini əsas götürərək iddianı rədd etmişdir. Rəydə göstərilmişdir ki, Cavabdeh İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı hamiləlik dövründə Cavabdeh aparılmış müalicələrdən və cərrahiyyə əməliyyatından sonra onda 12 barmaq bağırsaq xorası”nın yaranması istisna edilir”.

27. Lakin işin halları və iddiaçının izahatından da aydın görünür ki, iddiaçının tələbi ona lazimi tibbi xidmətin göstərilməməsi, övladının tələf olması və nəticədə sağlamlığının itirilməsi ilə bağlı zərərin ödənilməsi olmuşdur. 12 barmaq bağırsaq xorası hazırki mübahisə predmeti olmamışdır.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 3792 nömrəli ekspert rəyində qeyd edilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı “Sonsuzluq”la əlaqədar Mərkəzi Klinikada həkim mama-ginekoloqun nəzarətində olmuş və ona müvafiq laborator müayinələr aparılmışdır. Qərardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət etmiş və ona ilkin tibbi yardımlar göstərilmiş, əlavə müayinələrdən keçməsi təklif edilmişdir. Daha sonra, İddiaçı TTY vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına təxliyyə edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikaya müraciəti zamanı ona hansı tibbi xidmətin göstərilməsi, ümumi vəziyyəti və diaqnoz haqqında qeydiyyat aparılmadıgı üçün bu haqda konkret fikir söylənilməsi mümkün olmadı. İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikaya müraciəti zamanı onun obyektiv və instrumental müayinələr haqqında qeydiyyat aparılmadıgı üçün bu haqda fikir söylənilməsi mümkün olmadı.İddiaçı xx.xx.2020-ci il tarixdə müraciət etdiyi Mərkəzi Klinikadan sonra o, 3 saylı şəhər klinik xəstəxanasına təxliyyə edilmişdir. xx.xx.2020-ci il tarixdə hamilə xəstəxanaya qəbul edilmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “31-32 həftəlik hamiləlik. Baş gəlişi. Preeklampsiya. HELLP sindrom. Gec ilk doğan. İ-li sonsuzluq. EKM” diaqnoz təyin edilmiş və doğuş operativ yolla başa çatdırılmışdır. Yeni doğulmuş uşağın vəziyyətinin ağırlığına uyğun olaraq aparılan tibbi yardımlara baxmayaraq xx.xx.2020-ci il tarixdə onda bioloji ölüm baş vermişdir. Yeni doğulmuş uşağın meyiti müayinə olunmadığı üçün aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Aparılacaq müalicələrin proqnozu haqqında əvvəlcədən konkret fikir söylənilməsi mümkün deyildir. Cavabdeh İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı antenatal dövrünün müşahidələri zamanı onda böyrək və qaraciyər patologiyaları haqqında tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, maddi zərərlə bağlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hamilə qala bilməsi üçün Mərkəzi Klinikada müalicə və müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 3792 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur.

30. Bundan əlavə, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki: “övladım normal yerdə doğulsaydı hazırda yaşaya bilərdi. Klinika mənə tibbi yardım göstərsə idi, bunlar baş verməyəcəkdi.” (səh 156). “Həkim özü etiraf edib ki, o uşaq normal idi. Uşaq 33 həftəlik idi”.

31. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

33. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

34. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikaya müraciət etməsi təsdiqini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikaya müraciət etmişdir. Məktubda həmçinin qeyd olunur ki, Mərkəzi Klinikanın təcili yardım şöbəsində iddiaçıya ilkin tibbi yardım göstərilmiş və müayinələrdən keçməsi təklif olunmuşdur. İddiaçı ödənişdən imtina etdiyinə görə Təcili yardıma müraciət edilmiş və təcili yardım vasitəsilə dövlət xəstəxanalarından birinə təxliyə edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilkin tibbi yardım göstərilməsi və müayinələrdən keçməsinin təklif olunması, iddiaçının isə ödənişdən imtina etməsi sübut olunmur. İddiaçı Mərkəzi Klinikada EKO müayinə və müalicə olunmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçı 32 həftəlik hamilə olmuşdur. Mərkəzi Klinikada iddiaçıya tibbi yardımın təklif edilməsi və iddiaçının bundan imtina etməsi işin hallarına uyğun deyil. Çünki, iddiaçı ilkin olaraq həmin Klinikaya müraciət etsə də o, oradan təcili yardım vasitəsilə dövlət xəstəxanasına gətirilmiş və iddiaçı qeysəriyyə əməliyyatı keçirmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə lazımı tibbi xidmət göstərilməməsi nəticəsində iddiaçı fiziki və mənəvi sarsıntılar keçirmişdir. Çünki iddiaçı uzun müddət müayinə və müalicə üçün özünün seçdiyi klinikada hamiləliyinin 32-ci həftədə olması nəzərə alınmadan ona tibbi xidmət göstərilməmiş, həmin vəziyyətdə təcili tibbi yardım vasitəsilə o, dövlət xəstəxanasına təxliyə edilmiş, nəticədə qeysəriyyə əməliyyatı keçirmişdir.

38. Məhkəmə kollegiyası qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarında qeyd edilən mövqeyi nəzərə alaraq hazırkı halda cavabdehdən iddiaçının xeyrinə 4000 manat məbləğində mənəvi ziyanın tutulmasını işin hallarına uyğun hesab edir.

39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-51/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən mənəvi zərərə görə 4000 (dörd min) manat , iddia ərizəsinin verilməsi üçün ödənilən 60 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilən 30 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir.

40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 4000 manat olduğundan cavabdeh tərəfindən qətnamədən şikayət verilməsinə yol verilmir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-51/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən mənəvi zərərə görə 4000 (dörd min) manat, iddia ərizəsinin verilməsi üçün 60 manat və apellyasiya şikayətinin verilməsi üçün 30 manat, cəmi 4090 (dörd min doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən İddiaçı qətnaməni aldığı vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar