Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2770/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi və cavabdehlərin vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mehbulla qızı və Cavabdeh2 MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, pulun qaytarılması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı2 ilə Cavabdeh2 firması arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 15.2.102 nömrəli obyektə görə (07.02.2008) imzalanmış nömrəsiz və tarixsiz Müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, əldən çıxmış faydaya görə 120.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pulun illik 5%-olan (10 il x 3.436) 34360,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 MMC ilə İddiaçı2 arasında bağlanmış 551 saylı, 31 may 2012-ci il tarixli və 07 fevral 2008-ci il tarixli müqavilələr ləğv edilməsi və Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 3000 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2, apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarlımasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən protokollaşdırma və məhkəmə qətnaməsinin əsaslandırılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamış, digər tərəfdən iddiaçı tərəfin qanuni və əsaslı vəsatətləri təmin edilməmişdir. MPM-in tələblərinə görə məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları protkolda göstərilməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahidin ifadəsini düzgün protokollaşdırmamış, həmçinin məhkəmə qətaməsinidə də şahidin ifadəsini təhrif etməklə yanlış formada əks etdirmişdir. Nəzərə almaq lazımdır ki, şahid ifadəsi sübut növlərindən biridir və bəzi hallarda işin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş O.Əmrahov ifadəsində göstərmişdir ki, ondan tələb olunan 10250 manat məbləğində pulun 850 manatını ödəməklə, müqavilə əsasında aldığı tikilməkdə olan yeni “xxxx” TM-nin 9-cu sırasında sahəsi 30 kv.m. olan, nömrəsini xatırlamadığı yeri 18.000 manata İddiaçı1 satanda onadan yazılı razılıq alınmayıb və Cavabdeh1 İddiaçı1 1100 manat alandan sonra yerin onun adında rəsmiləşdirilməsinə göstəriş vermiş, tələb olunan bütün ödənişlər İddiaçı1 tərəfindən ödənilmiş, obyektin satışından əldə etdiyi pulun 9400 manatını İddiaçı1 qaytarmış, İddiaçı1 isə həmin pulu MMC-nin kassasına ödəmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyindən fərqli olaraq şahid O.Əmrahovun və R.Quliyevin ifadəsi iddiaçılar tərəfindən irəli sürülmüş tələblərin həqiqiliyini təsdiq edir və həmin şahid ifadəsi digər sübutlarla yanaşı qiymətləndirilərkən iddia tələblərinin təmin edilməsi üçün kifayət qədər əsaslar olması müəyyən edilir. Məhkəmə 3000 manat pulun cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə nəticəyə gələrkən cavabdehin nümayəndəsinin iddianı həmin hissədə etiraf etməsini nəzərə almışdır. Ancaq İddiaçı2 ilə cavabdeh MMC arasında imzalanmış müqavilələri ləğv etsə də, həmin müqavilələri niyə ləğv etdiyini və yaxud iddia tələblərini digər hissədə niyə təmin etmədiyini qanunvericiliyin tələb etdiyi tərzdə əsaslandırmamışdır. Məhkəmə müqaviləni ləğv edərkən mülki qanunvericiliyin tələblərinə əməl etməmişdir. Aparılmış tədqiqat araşdırması, məhkəməyə təqdim edilmiş sübutlar və şahidlərin ifadələrinə əsasən mübahisəsiz qaydada müəyyə olunur ki, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələr üzrə cavabdehlərə pul ödənilmişdir. Pulun ödənilməsi isə cavabdehin həmin obyektləri təhvil vermək öhdəliyini doğurmuşdur. Cavabdehlər heç vaxt iddiaçılar tərəfindən aldığı obyektlərə görə pul ödənmədiyini iddia etməmiş və yaxud buna dair hər hansı sübut təqdim etməmişlər. Təhqiqat araşdırması zamanı MMC-nin direktoru iddiaçılar tərəfindən 13250 manat pul verildiyini bildirmiş, 68.720 manat məbləğində pul tələbinin əsassız olduğunu qeyd etmişdir. Bundan başqa, müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edildiyi halda onun ləğvinə görə dəymiş zərərin ödənilməsinə dair iddianın təmin edilməsi zəruri idi. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisə obyektlərinin iddiaçılara təhvil verildiyi müəyyən olunmur və iddiaçılar məhz bu əsasa istinad etmişlər. Buna görə də həmin obyektlərə görə ödənilmiş vəsaitin cavabdehlərdə saxlanması üçün qanuni əsaslar mövcud olmamışdır. Buradan müəyyən olunur ki, 1) cavabdehlər iddiaçılar tərəfindən obyektlərə görə pul verildiyini inkar etmirlər; 2) cavabdehlər iddiaçılar tərəfindən başqa şəxslərdən alınmış (burada obyektin birbaşa cavabadehlərdən alınmaması nəzərə tutulur) obyektlərə görə verilmiş pul görə məsuliyyət daşımadıqlarını bəyan edirlər (məhkəmə də bununla razılaşmışdır; 3) cavabdehlər bütün hallarda obyektlərin iddiaçılara təhvil verildiyini, yalnız onların obyektləri təhvil almaqdan imtina etdiyini bildirirlər. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehlərin ticarət obyektlərinə görə pul alınmasını inkar etməməsi tərəflər arasında müqavilə münasibətlərinin və öhdəlik hüququnun yaranmasını təsdiq edir. Cavabdehlər iddiaçılar tərəfindən öhdəliyin qismən icra edilməsini iddia etməyiblər. Bu isə belə deməyə əsas verir ki, iddiaçılar öhdəliyini tam və lazımi qaydada icra ediblər. İddiaçılara satılmış obyektlərə görə pulun həmin obyektlərin əvvəlki sahiblərinə verilməsi cavabdehləri məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, həmin obyektlərin əvvəlki sahibləri obyektlərin dəyərini ödəmiş, üstəlik obyektlərin İddiaçı2 adına rəsmiləşdirilməsi Cavabdeh1 razılığı ilə olmuş və bunun üçün əlavə pul ödənilmişdir. Dolayısı ilə təsisçinin razılığı və yeni müqavilələrin imzalanması cavabdehlər üçün obyektlərin iddiaçılara təhvil verilməsindən ibarət olan öhdəlik yaratmışdır. Ona görə də obyektlərin təhvil verilməməsi cavabdehləri iddiaçılara dəymiş ziyana görə cavabdehlik daşımaqdan azad etmir. Məhkəmənin də bununla bağlı mövqeyi əsassız olmuşdur. Dəyəri tam olaraq ödənilmiş obyektlərin iddiaçılara verildiyi, lakin obyteklərin yerləşdiyi sıralarda satışın az olduğu üçün iddiaçıların həmin obyektləri təhvil almaq istəmədikləri barədə cavabdehlərin dəlilləri tamamilə uydurmadır. İçərisi malla dolu olan, başqasının istifadəsinə verilmiş, üzərində "11.3.1" yazılmış, əslində 12.3.1 nömrəli olan mağazanın, eləcə də 15.2.102 saylı obyektin yerləşdiyi sıranın bütövlükdə inşasının yarımçıq qaldığını əyani əks etdirən 6 ədəd fotoşəkillər mülki işin materiallarına əlavə edilmişdir. Bu isə cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini təsdiq edir. Digər tərfədən, iddianı 3.000 manat məbləğinə aid hissədə etiraf edən cavabdeh dolayısı ilə iddiaçının bütün tələblərini etiraf etmiş, xüsusilə də iddiaçılara satılmış obyektin onlara təhvil verilməməsi faktını təsdiq etmişdir. Əgər satılmış obyektlər iddiaçılara təhvil verilmişdirsə və iddiaçılar həmin obyektlərdən istifadə edərək bəhər götürmüşlərsə, cavabdeh hansı əsasla istifadə olunmuş obyektlərə görə iddiaçılara qapı və açar pulunu geri qaytarmağı qəbul etmişdir. Təəssüflə qeyd olunmalıdır ki, məhkəmə bu məqama diqqət yetirməmiş, iddianın etirafını nəzərə alıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarmamışdır. Bütün təhqiqat araşdırması və həmin araşdırmaların nəticəsində qəbul edilmiş qərarlar (o cümlədən məhkəmə nəzarəti qaydasında çıxarılmış qərarlar) mülki işin materiallarına əlavə edilmiş, lakin məhkəmə həmin qərarlardan ümumiyyətlə istifadə etməmişdir. Halbuki, iddiaçıların uzun illər boyu apardığı mübarizənin nəticəsi olaraq, mahiyyəti üzrə olmasa da, müəyyən qərarlar qəbul edilmiş, cavabdehlərin nüfuzu və digər amillər (iqtisadi güc, hüquq mühafizə orqanlarının obyektiv olmaması və acizliyi) iş üzrə obyektiv qərar qəbul edilməsini və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini mümkünsüz etmişdir. Hazırkı iddia tələbləri əsasında işə baxan məhkəmə də hüquq mühafizə orqanları kimi eyni mövqedən çıxış etmiş, cavabdehlərin iqtisadi gücü və müəyyən təsir imkanları nəticəsində obyektivlikdən uzaq olmuş, tərəflər arasında bağlanmış müqavilələrin predmetini təşkil edən və "xxxx" TM-də yerləşən obyektlərin mövcud olub-olmamasını, kimlərin istifadəsində və sərəncamında olmasını müəyyən etmək məqsədilə obyektlərə baxış keçirilməsinə dair vəsatəti, iş üzrə şahid, 11.3.1 saylı mağazanı satan Qənbər Həsənovun məhkəməyə ifadə verməyə çağırılması üçün ona rəsmi bildiriş göndərilməsi barədə vasətəti, eləcə də işin obyektiv araşdırılması üçün "xxxx" TM-nin arxivində saxlanılan, 11.3.1, 15.2.102 saylı, eləcə də Oktay Əmrahovun satdığı, 9-cu sırada sahəsi 30 kv.m. olan obyektlərə aid olan bütün sənədlərin əslinin və ya onlardan çıxarışların məhkəməyə gətirilməsi barədə vasətəti təmin etməmiş, cavabdehlər tərəfindən müvafiq sübutların təmin edilməsində acizlik göstərmiş, üstəlik hər hansı sübut təqdim etməyən cavabdehlərin xeyrinə qətnamə çıxarıb, bütün lazımi sübutları təqdim edən iddiaçıların zərərinə əsassız qətnamə çıxarmaqla onların ədalətli məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat və əldən çıxmış faydaya görə 103.787,50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni iddiaçıların mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 firması və firmanın təsisçisi olan digər cavabdeh X4 arasında qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı yaranmışdır. Belə ki, cavabdeh firma və firmanın təsisçisi Cavabdeh1 Qaradağ rayonu Lökbatan qəsəbəsinin Cənub-şərqi Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən “xxxx” ticarət mərkəzində yerləşəyən “Yeni Bazar” ticarət kompleksində qeyri-yaşayış sahələrini müxtəlif sahibkarlara icarəyə verilməsini həyata keçirir. Bunun üçün tərəflər arasında “İcarə müqaviləsi” adlanan müqavilə bağlanır, icarəçi tərəfindən müəyyən dövr üçün icarə haqqı əvvəlcədən, yəni hələ inşa olunmamış tikiliyə görə ödənilir, tikili icarəyə verən tərəfindən inşa edilib hazır olandan sonra icarəçiyə təhvil verilir. Əvvəlcədən ödənilmiş pul vəsaiti isə bundan sonra icarə haqqı kimi nəzərə alınır. Hazırkı mübahisə də bu münasibətlər çərçivəsində İddiaçı2 göstərilən ünvanda iki qeyri-yaşayış obyektinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanması ilə yaranmışdır. 1-ci İcarə Müqaviləsi İddiaçı2 ilə Cavabdeh2 firmasının təsisçisi Cavabdeh1 arasında 34 kvadrat metr anbar sahəsinin İddiaçı2 icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. Müqavilənin aşağı hissəsində obyektin Ticarət Mərkəzində yerləşdiyi yeri kimi “15-2-102” nömrəsi qeyd edilmişdir. 2-ci İcarə Müqaviləsi İddiaçı2 ilə Cavabdeh2 firmasının direktoru X9 arasında 11-3-1 saylı yerdə yerləşən 50 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı2 icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. İddiaçılar hazırki tələblə məhkəməyə müraciət edərək, həmin müqavilələrin ləğv edilməsini, müqavilə üzrə və müqavilədən kənar cavabdehlərə ödənilmiş 68720 manat pulun, 120000 manat əldən çıxmış faydanın, 68720 manat pulun illik 5%-ni təşkil edən 34360 manat pulun İddiaçı2 xeyrinə; işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50000 manat məbləğində pulun, 100000 manat məbləğində mənəvi ziyanın digər İddiaçı1 xeyrinə cavabdehlərdən tutulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi müqavilələrin ləğv edilməsi və cavabdehin etirafı nəzərə alınaraq 3000 manat pulun tutulması hissədə təmin edilmiş, iddianın təmin edilən hissəsi cavabdehlər tərəfindən mübahisləndirilməmişdir. İşin digər halları ondan ibarətdir ki, yuxarıda İddiaçı2 ondan əvvəl Cavabdeh2 MMC ilə başqa şəxslərin bağladıqları obyektlərin icarəsi ilə əlaqədar münasibətləri davam etdirmiş, həmin münasibətlərin davamı kimi cavabdeh MMC ilə yeni icarə müqavilələri bağlamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 01.11.2003-cü il tarixli 601 nömrəli müqavilədən görünür ki, MMC-nin direktoru D.Əmirovanın şəxsində X10 ümumi sahəsi 25 kv.metr olan anbarın icarəyə verilməsi barədə müqavilə bağlanmışdır (müqavilədə əl yazısı ilə “9-чы ряд Раhиб» qeydi aparılmışdır). İş materiallarına əlavə edilmiş digər icarə müqaviləsindən görünür ki, cavabdeh firmanın təsisçisi Cavabdeh1 şəxsində X5 ilə “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 50 kv.metr olan anbarın icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçılar 1-ci obyektə münasibətdə bildirirlər ki, X1 “xxxx” Ticarət Mərkəzində, 9-cu sırada, sahəsi 25 kv.metr olan mağazası olmuşdur. Bu obyektin sahəsinə və yerləşdiyi sıraya uyğun olaraq ona güzəştli şərtlərlə, yeni tikilən TM-nin 9-cu sırasında yerləşən, sahəsi 30 kv.metr təşkil edən obyektin verilməsi üçün O.Əmrahovdan 25 kv. metr x 300 + 5 kv. metr x 550 manat olmaqla, 10250 manat məbləğində pul alınmışdır. Bu fakt, O.Əmrahova 06.12.2007-ci il tarixdə verilmiş, cavabdeh tərəfin imzası və möhürü ilə təsdiq olunmuş 004369 nömrəli kassa mədaxil qəbzində öz əksini tapmışdır. Cavabdeh tərəfin qanunsuzluqlarından, özbaşınalığından bezərək bazarı tərk edən O.Əmrahov ona veriləsi yeni yerə görə müqavilə bağlamaqdan imtina etmişdir. O, həmin yerə görə ödədiyi pulu (10250 manat) geri ala bilmədiyindən, ona çatası yeri cavabdehin razılığı ilə satıb pulunu götürməli idi. "xxxx" Ticarət Mərkəzi MMC-də 9-cu sırada, sahəsi - 30 kv.metr olan obyekt üçün hər kv.metr sahəyə görə 600 manat hesabı ilə Oktay Əmrahova 18000 manat pul verilmiş, sonuncu da həmin pulun 850 manatını MMC-nin kassasına keçirdikdən sonra, 9400 manatını MMC-nin kassasına keçirmək üçün İddiaçı1 qaytarmış, iddiaçı da həmin məbləği kassaya ödədikdən sonra, cavabdeh - Cavabdeh1 göstərişi ilə onun imzası və möhürü ilə təsdiq olunmuş 06.12.2007-ci il tarixli, 004369 saylı kassa mədaxil orderinin qəbzindəki Oktay Əmrahovun adının üstündən xətt çəkilərək, həmin qəbzə İddiaçı2 adı qeyd olunmuşdur. Həmçinin, həmin qəbzin arxa hissəsində kassaya məsul şəxslər tərəfindən iddiaçı, İddiaçı1 cəmi 10250 manat ödədiyi qeyd edilməklə kassaya nəzarət edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra 06.12.2007-ci il tarixli, 004369 saylı kassa mədaxil orderinin qəbzinin surəti İddiaçı1 verilmiş, qəbzin əsli isə cavabdehdə saxlanılmışdır. Bu sövdələşmədən əldə etdiyi məbləğ cavabdehi qane etmədiyindən, əlavə olaraq İddiaçı1 1100 manat məbləğində pul almış, sonra sənədləşmə aparılmasına göstəriş vermişdir. İddiaçı1 bundan sonra satış şöbəsinə yaxınlaşıb 2000 manat məbləğində qapı pulu, 1000 manat məbləğində açar pulu, 20 manat məbləğində blank pulu ödəsə də, ondan əlavə 2400 manat da tələb olunmuşdur. Sonradan isə aydın olmuşdur ki, ona 9-cu sıradan sahəsi 30 kv.metr olan obyekt əvəzinə 15-ci sıradan 15.2.102 nömrəli, sahəsi 34 kv.metr təşkil edən başqa yer (1-ci obyekt) verməklə iddiaçını aldatmışlarlar. Etirazları və narazılıqları heç bir nəticə vermədiyindən, İddiaçı1 məcbur olub əlavə (4 kv.metr x 600 man) 2400 manat məbləğində pul ödəmiş, sahəsi 34 kv.metr olan 15.2.102 nömrəli obyekt üçün oğlu İddiaçı2 adına rəsmiləşdirilən müqaviləni, o cümlədən 06.12.2007-ci il tarixli 004369 nömrəli qəbzin surətini almış, lakin ödədiyi pulların müqabilində rəsmi sənəd ala bilməmişdir. İddiaçılar 2-ci obyektə münasibətdə bildirirlər ki, X2 adına sənədləşmiş, onun qardaşı Qənbər Həsənov tərəfindən satılan 2-ci obyekt - 11.3.1 nömrəli obyektin iddiaçının adına rəsmiləşdirilməsinə görə cavabdeh 4000 manat əlavə pul istəmişdir. Sənədləşmə xərclərini öz boynuna götürən Qənbər Həsənov bu məbləğlə razılaşmamışdır. Ona görə də, Qənbər Həsənov Bakı şəhəri 37 saylı notariat kontoruna gedib, oradan 10 il müddətinə (07.02.2008-ci il tarixli) etibarnamə alaraq müqavilə ilə birlikdə İddiaçı1 vermiş, əvəzində həmin obyektə görə cavabdehə ödədiyi 38000 manat məbləğində pulu (sahəyə görə: 50 kv.metr x 700 manat) 35000 və əlavə olaraq 3000 manat qapı və açar pulu) İddiaçı1 almış, rəsmi qəbz verilmədiyini bildirmişdir. Cavabdehin inadkarlığı səbəbindən bu obyekt yalnız 4 ildən çox vaxt keçdikdən sonra – 31.05.2012-ci il tarixdə, M.Həsənov və Q.Həsənov qardaşlarının iştirakı olmadan, cavabdehin yaxın adamı kimi tanınan X7 vasitəsi ilə (ilkin müqaviləni alıb ona verdi, əvəzində yenisini gətirdi), İddiaçı2 adına rəsmiləşdirilmişdir. 551 nömrəli, 31.05.2012-ci il tarixli müqavilədə Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovanın adı göstərilsə də, onu Cavabdeh1 özü imzalamış və möhür vurmuşdur. İddiaçılar, icarə müqaviləsi əsasında icarə haqqını və müqavilədən kənar ödənişlər etdiklərini, buna baxmayaraq cavabdehlər tərəfindən mağazaların onlara faktiki təhvil verilmədiyini bildirirlər, bu əsasla da müqavilənin ləğv edilməsini, real zərəri və əldən çıxmış faydanın verilməsini xahiş edirlər. Cavabdeh “xxxx” MMC, iddiaçılarla bağlanan icarə müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilərək, mağazaların təhvil verildiyini, mağazaların icarəyə verildiyini ifadə etmiş, lakin iddiaçıların müqavilə münasibətinin davam etməsini istəməməsini nəzərə alaraq müqavilənin ləğv edilməsinə etiraz etmədiyini bildirir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə, əvvəlki apelyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv etməklə, 15.10.2020-ci il tarixli qərarında vurğulamışdır ki, İddiaçı1 və İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən hansı səbəblərdən icarə müqavilələrinin ləğv edilməsini və onlara dəymiş ziyanın ödənilməsini tələb etmələri aydın şəkildə iddia ərizəsində əsaslandırılmamış, iddia qanunun tələbləri baxımından əsaslandırılmamışdır. İddiaçılar təxminən 10 il ərzində aldıqları obyektlərin onlara təhvil verilməməsini iddia etsələr də, cavabdehlərin təsdiq etməsinə görə ticarət obyektləri iddiaçıların istifadəsində olmuş, lakin maliyyə böhranı ilə əlaqədar ticarət fəaliyyətinin zəifləməsi səbəbindən obyektlərin qaytarılmasını və ödədikləri pulun onlara verilməsini tələb etmişlər. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəflərin həmin dəlillərini araşdırıb onlara qiymət vermədən əldən çıxmış faydaya görə cavabdehlərdən iddiaçıların xeyrinə 103.787,50 manat tutmuşdur. Əgər ticarət mərkəzində həqiqətən də ticarət fəaliyyəti zəifləmişdirsə və həmin obyektlər iddiaçıların istifadəsində idisə, onda cavabdehlərdən əldən çıxmış faydaya görə pul tələb edilməsi istisna olunur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan həmin hallara müvafiq hüquqi qiymət verilmədiyindən məhkəmə kollegiyasının nəticəsi qanuni sayıla bilməz. Əgər ödənilən pul məbləği icarə haqqının əvvəlcədən ödənilməsi ilə bağlı idisə, bu məsələ mütləq icarə müqavilələrində öz əksini tapmalı idi. Kollegiya, Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə bildirir ki, hər bir tərəf digər tərəfin müqavilə şərtlərinə əməl etməməsi barədə dəlillər irəli sürür. Belə olan halda birinci növbədə müqavilə şərtlərinə kimin tərəfindən əməl edilməməsi, müvafiq olaraq iddiaçı Ramzi Kərimlinin müqavilədə göstərilən və göstərilməyən pulun ödənilib-ödənilməməsi, cavabdeh tərəfindən isə müqavilədə göstərilmiş obyektlərin iddiaçya təhvili verilib-verilməməsi, iddiaçıların iddia tələbində göstərdikləri digər maddi və mənəvi ziyana məruz qalıb-qalmamaları müəyyən edilməlidir. Kollegiya bildirir ki, iddianın cavabdehin etiraf etdiyi 13250 manat real zərər və əldən çıxmış faydaya dair hissəsinin hüquqi həlli mağazaların təhvil verilib-verilməməsinin müəyyən edilməsindən asılıdır. Belə ki, cavabdeh mağazaların istifadəyə verildiyini qeyd edir. İddiaçılar isə bunun əksini iddia edirlər. İş materiallarında olan ticarət mərkəzinin direktoru Dilşad Əmirovanın izahatında qeyd edilir ki, İddiaçı2 adına rəsmiləşdirilən obyektlər iqtisadi böhranla əlaqədar fəaliyyətsiz qalmışdır. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə Cavabdeh2 firmasına müraciət etmiş, pulunu geri tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. Göründüyü kimi iddiaçıların qeyd etdiyinin əksinə olaraq müəyyən edilir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirərək obyektləri iddiaçılara təhvil verib. İddiaçılar bunun əksini sübut edə bilmirlər. İddiaçıların uzun müddət iddia qaldırmaması və tərəflər arasında 2008-ci ildə müqavilə bağlandıqdan sonra, obyektləri onların istifadəsinə təqdim etmədiyini iddia edən iddiaçı tərəfin eyni şəxslərlə (cavabdeh tərəflə) 2012-ci ildə yenidən icarə müqaviləsi bağlamasını nəzərə alındıqda obyektlərin istifadəyə verilməməsi faktı inandırıcı görünmür. Belə ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət işin başlanmasının rədd edilməsi barədə” 05.01.2018-ci il tarixli qərardan görünür ki, İddiaçı1 cavabdeh MMC barəsində verdiyi şikayət əsasında araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilir: "Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, "Cavabdeh2” firmasının təsisçisidir. Firmaya məxsus Lökbatan qəsəbəsində yerləşən "xxxx" TM-də yerləşən ticarət obyektləri ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verilməklə fəaliyyət göstərir. "xxxx" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti 2007-ci ildə X8 adına rəsmiləşdirilmişdir. 2008-ci ilin əvvəllərində isə həmin obyekt İddiaçı1 oğlu İddiaçı2 istifadəsindədir. Sadəcə olaraq ticarət mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıra fəaliyyətsizdir. Araşdırma zamanı izahatı alınmış X11 bildirmişdir ki, 1996-cı ildən "Cavabdeh2" firmasının direktoru vəzifəsində işləyir. Firma Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" TM-də olan obyektləri icarəyə verməklə fəaliyyət göstərir. "xxxx" TM-də yerləşən 11.3.1 saylı, sahəsi 50 kvadrat metr olan ticarət obyekti 31.05.2012-ci il tarixli 551 saylı müqavilə əsasında İddiaçı2 icarəsinə verilmişdir. Həmçinin İddiaçı2 icarəsinə 15.2.102 saylı 34 kvadrat metr sahəsi olan ticarət obyekti anbar kimi verilmişdir. 06.12.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13250 manat pul ödənilmişdir. Dünyada baş verən iqdisadi böhranla əlaqədar "xxxx" TM-də alver zəifləmiş və İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlər fəaliyyətsiz qalmışdır. İddiaçı2 atası İddiaçı1 bir neçə dəfə "Cavabdeh2" firmasına müraciət etmiş, pulunu tələb etmişdir. Firma tərəfindən ona dəfələrlə təklif olunmuşdur ki, icarə əsasında götürdüyü obyektlər əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilsin. İddiaçı1 isə bununla razılaşmamışdır. 06.12.2017-ci il tarixli 004369 saylı kassa mədaxil orderinə əsasən firmaya 13250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68720 manat pul tələb edir. Bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd etmişdir". Beləlikl, Kollegiya qeyd edir ki, cavabdeh mağazaların istifadəyə verildiyini sübut etdiyinə görə ondan real zərər və əldən çıxmış faydanın tutulması qanunsuz və əsassızdır. Müqavilədən kənar ödənişlərə və xərclərə gəldikdə isə, Kollegiya qeyd edir, cavabdeh bu məbləğlərin alınmasını bütün instansiyalarda qəbul etməmişdir. Belə olduğu təqdirdə, bu pulların ödənilməsinin sübut edilməsi iddiaçının üzərinə düşür. İddiaçılar isə Cavabdeh2 MMC-nin bu pulları rəsmi olaraq almasını sübut edə bilmir. Buna dair inandırıcı və kifayətedici sübutlar təqdim edilməyib və iş materiallarında mövcud deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçıların illik 5 faiz və mənəvi zərərin tutulması tələbinin təmin edilməsi üçün də hüquqi əsas yoxdur və tələb etməkdə haqlı deyillər. Odur ki, Kollegiya iddia tələblərinin hüquqi əsası kimi aşağıdakı normaları da nəzərə alır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-2216/2018 saylı iş üzrə 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2770/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2770/2021
19.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver