Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2776/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovan katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evə istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, “Südçülük sovxozu” adlandırılan ərazi, H.Cavid küçəsi, dalan 4-də yerləşən fərdi yaşayış evinə köçürülsün və həmin evə istifadə hüquqları tanınsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülsün, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər keçmiş ər-arvaddır, 2 uşaqları var: 2006-cı il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü X2. Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. İddiaçı evi zəbt etməyib, ev onun yaşayış yeridir, lakin tərəflərin münsisbətləri pozulduqdan sonra cavabdeh iddiaçının orada yaşamasına imkan vermir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçı məhrum edildiyi evə uşaqları ilə birlikdə köçürülməlidir. İddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi mümkün deyil. Belə ki, müqavilənin bağlanması üçün o, oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyil. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz. Beləliklə, apellyasiya şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2776/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2776/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver