Məhkəmə qərarları › İş №2(103)-8137/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8137/2023

27.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8137/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və X1 cavabdeh Əmiraslanova (İsrafilova) Ella İlqar qızına qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X1 cavabdeh Əmiraslanova (İsrafilova) Ella İlqar qızına qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e- 2(005)-4533/2023 nömrəli qərardadından cavabdeh Əmiraslanova (İsrafilova) Ella İlqar qızının apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və X4 cavabdeh Əmiraslanova (İsrafilova) Ella İlqar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus Bakı şəhəri Nərimanov rayonu X10 küçəsi 1969 məhəllə ev 21 mənzil 8 ünvanında yerləşən 2 otaqlı mənzildə, cavabdeh X3 istifadə hüququna xitam verilərək mənzildən çıxarılmasına, iddiaçılar İddiaçı1 və X1 onlara məxsus Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 1969 məhəllə, ev 21, mən.8 ünvanında yerləşən 2 otaqlı mənzilə köçürülmələrinə və mənzildən heç bir mane olmadan istifadə etmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e- 2(005)-4533/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Cavabdeh tərəfindən 28 noyabr 2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumu Cavabdeh geri qaytarılmışdır.

3. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və qarşılıqlı iddianı icraata qəbul etməklə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e- 2(005)-4533/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

6. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

8. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.

9. Şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Yəni, cədvəlin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” bölməsində qərardadın tarixi göstərilməmiş, “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” bölmələri tərtib olunmamaqla şikayətin məzmununda da bu xüsusatlar barədə heç bir qeyd aparılmamışdır.

10. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

11. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(005)- 4533/2023 nömrəli qərardadından Cavabdeh şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar