Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2777/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı“xxxx” ASC-nə qarşı “sığorta ödənişinin, maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-KZ-*** dövlət qeydiyyat nişanlı “X5” minik markalı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də xx.xx.2020-ci il tarixinədək kasko sığortası üzrə sığortalatdırdığını, bununla əlaqədar PMİ-014465 nömrəli "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə" sığorta şəhadətnaməsi və şəhadətnamənin əlavə şərtlərinə dair xx.xx.2019-cu il tarixli razılaşma imzalandığını, şəhadətnamədə, “hər hansı bir sığorta hadisəsi nəticəsində aparılacaq təmir və ya bərpa işlərinin sığortalı tərəfindən təyin olunmuş təmir müəssisəsində həyata keçiriləcəyi"nin, razılaşmanın "d" bəndində daha da dəqiqləşmə edilərək “sığorta hadisəsi zamanı zərər çəkmiş avtomobilin təmir işlərinin bu müqavilə ilə sığortalanmış nəqliyyat vasitəsinə xidmət edən rəsmi servis mərkəzində (Porsche Bakı Mərkəzi) aparılacağı”nın, “b” bəndində isə “sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilməyəcəyi”nin təsbit olunduğunu, xx.xx.2017-ci il tarixdə axşam saat 21:35-də nəqliyyat vasitəsi tərəfindən idarə edilərkən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qarşısına qəflətən heyvan çıxmasına görə idarəetməni itirdiyini və qarşı yola çıxaraq maşını yol kənarı maneəyə vurduğunu, baş vermiş sığorta hadisəsinin qeydiyyatı üçün cavabdehə və ərazi polis qurumlarına dərhal məlumat verdiyini və müvafiq rəsmiləşdirmə aparıldığını, sığorta hadisəsindən sonra avtomobilin müqaviləyə uyğun olaraq rəsmi servis mərkəzinə (Porsche Bakı Mərkəzi) aparıldığını və oradakı ilkin vizual müayinənin nəticələri üzrə tərtib edilmiş arayışla ilkin təmir xərclərinin 20 680 manat olduğunun müəyyən edildiyini, bu arayış təqdim olunduqdan sonra cavabdehin xx.xx.2019-cu il tarixli 756 saylı məktubla cavab verərək (sığorta şərtlərini pozaraq) qiymətləndirmə ilə razı olmadığını, avtomobilin ehtiyat hissələrinin yenisi ilə deyil, hadisədən öncəki vəziyyətinə uyğun ehtiyat hissələri ilə təmir olunmalı olduğunu və avtomaşına dəyən ziyanın 5790 manat olduğunu iddia etdiyini, X4 Palatasına edilmiş şikayətlə bağlı cavabdehin xx.xx.2019-cu il tarixli 839 saylı məktubla cavab verərək əvvəlki iddiasını təkrarladığını və avtomobili yenidən qiymətləndirmək üçün özünün təqdim etdiyi üç şirkət arasından "müstəqil" ekspert seçməyi təklif etdiyini, halbuki cavabdehin müqavilə şərtlərinə uyğun olaraq sığorta hadisəsi nəticəsində zərər görmüş avtomaşının “Porsche Bakı Mərkəzi”ndə təmir edilməsi üçün ödənişləri vaxtında icra etməli olduğunu, təmir xərclərinin məbləğinin “x” manat və ya “y” manat olmasının heç bir əhəmiyyət daşımadığını, onun hüquqi mənafeyinin avtomaşının razılaşdırılmış servis mərkəzində və razılaşdırılmış şərtlərlə təmir olunmasından ibarət olduğunu, cavabdehin müqavilə öhdəliklərinin icrasını gecikdirməsinə görə hər gün 60-70 manat taksilərə pul xərcləmək məcburiyyətində qaldığını və ümumilikdə 2000 manat maddi ziyan çəkdiyini, cavabdehin hərəkətləri nəticəsində hər gün əsəb, stress altında olmaqla mənəvi ziyan da çəkdiyini, həmçinin məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə müqavilə bağlamaq məcburiyyətində qalaraq hüquqi yardıma görə həmin büroya 300 manat və vəkilə etibarnamənin təsdiqi üçün 12 saylı notariusa 13 manat ödədiyini bildirmiş, buna görə də **-KZ-*** dövlət qeydiyyat nişanlı “X5” minik markalı nəqliyyat vasitəsinin “Porsche Bakı Mərkəzi”ndə təmir olunması üçün sığorta ödənişi kimi 40 000 manatın, nəqliyyat vasitəsinin təmir olunması üçün sığorta ödənişlərini gecikdirdiyi üçün uğradığı 2000 manat maddi zərərin, keçən dövrdə qanunsuz hərəkətlərə görə keçirdiyi stress və mənəvi iztirablara görə 25 000 manat mənəvi zərərin və vəkildən aldığı hüquqi xidmətə görə ödədiyi 313 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, “xxxx” ASC-dən 17 355 (on yeddi min üç yüz əlli beş) manatməbləğində sığorta ödənişinin, hüquqi yardım üçün ödənilmiş 313 (üç yüz on üç) manatın və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın “xxxx” ASC-dən alınaraq dövlət nəfinə keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməməsinə aid hissədə - ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, natamam ekspert rəyinə istinad etdiyini, mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. Qətnamədən cavabdehin nümayəndəsi (İdarə Heyətinin sədri) də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və avtomobilin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini rəsmi servis mərkəzinin avtomobilin təmiri üçün cəmi 9510 manat müəyyənləşdirdiyi halda ekspert rəyindəki rəqəmin həddindən artıq şişirdilmiş olduğu, iddiaçı ilə bağlanmış müqavilədə sığorta hadisəsi nəticəsində ona pul verilməli olmasının nəzərdə tutulmadığı, təmir xərcinin servis mərkəzinə köçürülməli olduğu və bundan imtina etmədikləri arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. “xxxx” ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Günay Musayeva ASC-nin apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi zamanı zərər çəkmiş avtomobilin təmir işlərinin nəqliyyat vasitəsinə xidmət edən rəsmi servis mərkəzində aparılacağı təsbit olunmuş, sığortaçı nəqliyyat vasitəsini təmir etdirmək öhdəliyini öz üzərinə götürmüşdür. “xxxx” ASC hazırda da bu öhdəliyin icrasından yayınmır və avtomobili təmir etdirməyə hazırdır, lakin iddiaçı israrla avtomobilin təmir olunmasını deyil, sığorta ödənişi kimi ona pul ödənilməsini tələb edir. Belə aydın olur ki, iddiaçının niyyəti əsassız qazanc əldə etməkdir, çünkü ASC avtomobilin təmirinə icazə verməklə təmir üçün tələb edilən 9510 manatı “Porshe Bakı Mərkəzi”nə ödəmək istədiyini ona bildirsə də, iddiaçı israrla daha artıq pulun özünə verilməsini istəməkdədir. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, iddiaçıya məxsus “Porsche Cayenne” markalı ** KZ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən PMİ-014465 saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2020-ci il tarixinədək sığortalanmış, şəhadətnamədə sığortalı və sığorta olunan şəxs qismində iddiaçı göstərilmiş, sığorta şəhadətnaməsinə əsasən, sığortalanmış avtomobilin sığorta dəyəri və sığorta məbləği 40 000 manat, azadolma məbləği 100 manat müəyyən edilməklə, iddiaçı tərəfindən 1400 manat sığorta haqqı ödənilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə sığorta şəhadətnaməsinin əlavə şərtlərinə dair razılaşma da bağlanmış, razılaşmanın b) bəndində “sığorta ödənişi həyata keçirilərkən sığortalanmış avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalının tətbiq edilməyəcəyi”, d) bəndində isə “sığorta hadisəsi zamanı zərər çəkmiş avtomobilin təmir işlərinin bu müqavilə ilə sığortalanmış nəqliyyat vasitəsinə xidmət edən rəsmi servis mərkəzinədə (Porcshe Bakı Mərkəzi) aparılacağı” təsbit olunmuşdur. İş materiallarından və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə saat 21:35 radələrində İddiaçı tərəfindən idarə olunarkən qəzaya uğramış, nəticədə iddiaçıya ziyan dəymişdir. İş materiallarından görünür ki, “xxxx” ASC xx.xx.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlamış, məktubda “Porsche Cayenne” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cəmiyyətdə sığortalanmış olduğu, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın “xxxx” MMC-də 20 680 manat qiymətləndirildiyi, lakin bu qiymətləndirmə ilə razılaşmadıqları, çünkü 2009-cu il buraxılışlı avtomobilin hadisədən öncə ehtiyat hissələrinin yeni olmadığı, avtomobilə dəymiş ziyanın “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyasında qiymətləndirildiyi və xx.xx.2019-cu il tarixli qüsur aktına görə 5790 manat müəyyən edildiyi” bildirilməklə, Sığorta Aktının imzalanması və sığorta ödənişinin qəbul edilməsi üçün iddiaçı Cəmiyyətə dəvət olunmuşdur. Beləliklə, “Porsche Cayenne” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış olduğu və xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verərək həmin avtomobilin qəzaya uğradığı mübahisələndirilməməkdədir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar işə birinci instansiya məhkəməsində baxılarkən 4 fərqli qiymətləndirmə rəyinə istinad olunmuşdur. Belə ki, sığorta hadisəsindən sonra “Porsche Cayenne” markalı avtomobilin rəsmi servisi olan “Porshche Bakı Mərkəzi”nin (bu Mərkəzin təsisçisi olan “xxxx” MMC-nin) tərtib etdiyi ilkin qüsur aktında avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 20 680 (iyirmi min altı yüz səksən) manat vəsaitin tələb olunduğu; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin istinad etdiyi “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyasının həmin ziyanın məbləğini 5790 (beş min yeddi yüz doxsan) manat müəyyənləşdirdiyi; “xxxx” ASC-nin müraciəti əsasında 2-ci əl ehtiyat hissələrinin qiyməti ilə hesablama aparan “Porshche Bakı Mərkəzi”nin (Mərkəzin təsisçisi olan “xxxx” MMC-nin) tərtib etdiyi ikinci qüsur aktında bu məbləğin 9510 (doqquz min beş yüz on) manat olduğu qənaətinə gəlindiyi, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində isə “Porshche Bakı Mərkəzi”nin hər iki qüsur aktının məlumatları nəzərə alınmaqla avtomobilin zədələnməsindən doğan ziyanın aşınma tətbiq edilməməklə 17 355 (on yeddi min üç yüz əlli beş) manat, aşınma tətbiq edilməklə 13 337 (on üç min üç yüz otuz yeddi) manat olduğu nəticəsinə gəlinmişdir. Birinci instansiya məhkəməsi məhz özünün təyin etdiyi ekspertizanın rəyini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürərək sığortalanmış avtomobilə dəymiş ziyanın aşınma tətbiq edilməməklə 17 355 manat təşkil etdiyi qənaətinə gəlmişdir. Qeyd olunduğu kimi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddiaçının onun sığortalısı olduğunu, sığorta hadisəsinin baş verdiyini və bunun nəticəsində sığortalının (iddiaçının) əmlakına ziyan dəydiyini ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği, həmçinin həmin məbləğin sığortalının özünə ödənilməli olub-olmaması ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 927.1-ci maddəsinə görə, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Bu mənada kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, tərəflərin baş verdiyini mübahisələndirmədikləri sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş zərərin həcmi kimi məhz özünün təyin etdiyi ekspert rəyi ilə müəyyən olunmuş məbləği (aşınma tətbiq edilməməklə 17 355 manat) əsas götürməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, sığorta şəhadətnaməsində “sığorta ödənişi həyata keçirilərkən sığortalanmış avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalının tətbiq edilməyəcəyi” təsbit olunmuş, məhkəmə də bu xüsusatı nəzərə almışdır. Tərəflərin istinad etdikləri rəylər (aktlar) isə biri digərini təkzib etdiyi üçün mübahisəlidirlər və bu səbəblə onların mötəbər sübut qismində qəbul edilməsi mümkün deyildir. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, “xxxx” ASC-nin “avtomobilin təmir edilməsi barədə qətnamə çıxarılması” xahişini əsassız hesab edir; belə ki, Mülki Məcəllənin 927.2-ci maddəsinə görə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Göründüyü kimi qanunvericilik sığorta ödənişinin formasının (növünün) sığortaçının seçimi əsasında müəyyənləşdirilməsi imkanını “zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edilməsi” ilə şərtləndirmiş, hazırkı mübahisə isə məhz zərərin miqdarı ilə bağlı tərəflərin mübahisə etmələri nəticəsində yaranmışdır. Kollegiya iddiaçının “2000 manat maddi zərərin, keçirdiyi stress və mənəvi iztirablara görə 25 000 manat mənəvi zərərin xeyrinə tutulması” tələbləri üzrə gəlinən nəticəni də qanuni hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir – iddiaçı isə, həmin tələblərinin araşdrılmasını zəruri edəcək hər hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri də tərəflərin özlərinə aid olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4086/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2777/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2777/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver