Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2785/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların və ya onların pul ilə əvəzinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(004)-405/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların və ya onların pul ilə əvəzinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş ona məxsus qızıl zinət əşyalarının və ya onların 20900 manat məbləğində dəyəri olan pul ilə əvəzinin, 8000 manat dəyərində toy zamanı hədiyyə olaraq alınmış ağ qızıldan brilyant qaşlı boyunbağı, sırğa, üzük, qolbağ, kulondan ibarət dəst, 3000 manat dəyərində ailəsi tərəfindən hədiyyə edilmiş sırğa və üzükdən ibarət qızıl dəst, 1000 manat dəyərində ailəsi tərəfindən qızının 1 yaşında hədiyyə edilmiş sırğa və üzükdən ibarət qızıl dəst, 3000 manat dəyərində ailəsi tərəfindən ad günündə hədiyyə edilmiş 2 ədəd qızıl onluq, 700 manat dəyərində babası tərəfindən hədiyyə edilmiş qızıl dəst, 1500 manat dəyərində nişan tədbirində alınmış qızıldan hazırlanmış brilyant qaşlı üzük, 900 manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl sep, 700 manat dəyərində qaynanası tərəfindən toyda hədiyyə edilmiş qızıl üzük, 500 manat dəyərində ad günündə hədiyyə edilmiş qızıl üzük, 400 manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl üzük, 400 manat dəyərində baldızı tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl üzük, 250 manat dəyərində anası tərəfindən hədiyyə edilmiş yanları qaşlı qızıl üzük, 250 manat dəyərində qızına hədiyyə edilmiş qızıl boyunbağı və kulon, 150 manat dəyərində qızıl sırğa, 150 manat dəyərində qızıl kulon, ona məxsus cehiz əşyalarının yenisinin və ya onların 32000 manat məbləğində pul ilə əvəzinin, 2500 manat dəyərində divan və kreslo dəsti, 2500 manat dəyərində stol və stul dəsti, 2500 manat dəyərində saxlama şkafları, 3500 manat dəyərində yataq otağı dəsti, 2000 manat dəyərində mətbəx mebeli, 800 manat dəyərində mətbəx stol-stul dəsti, 1000 manat dəyərində uşaq çarpayısı, 600 manat dəyərində televizor, 1300 manat dəyərində soyuducu, 1500 manat dəyərində paltaryuyan, 1500 manat dəyərində qabyuyan, 150 manat dəyərində ətçəkən, 250 manat dəyərində tozsoran, 90 manat dəyərində mikser, 200 manat dəyərində mikrodalğalı soba, 200 manat dəyərində ütü, 150 manat dəyərində çörək qızardan, 250 manat dəyərində qaz piltəsi, 4000 manat dəyərində qab-qacaq, 1500 manat dəyərində 3 ədəd çilçıraq, 1500 manat dəyərində 3 ədəd pərdə, 2000 manat dəyərində müxtəlif cür dəsmal və yataq örtükləri, 2000 manat dəyərində 3 ədəd xalça, məhkəməyə müraciət üçün çəkdiyi 750 manat məbləğində pul vəsaitinin və 250 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd etdiyi 5-ci sırada əks olunan 700 manat dəyərində babası tərəfindən hədiyyə edilmiş sarı qızıl dəst, 8-ci sırada əks olunan 700 manat dəyərində qaynanası tərəfindən toyda hədiyyə edilmiş səpmə brilyant qaşlı sarı qızıl üzük, 9-cu sırada əks olunan 500 manat dəyərində ad günündə hədiyyə edilmiş iri formada sarı qızıl üzük, 10cu sırada əks olunan 800 manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş səpmə brilyant qaşlı sarı qızıl üzük, 11-ci sırada əks olunan 400 manat dəyərində uşağın ad günündə verilmiş 2-3 qram sarı qızıl üzük, 14-cü sırada əks olunan 180 manat çəhrayı rəngli qızıl sırğa,15-ci sırada əks olunan 150 manat qızıl kulon kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2011-ci il tarixli nikah Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından 12 aprel 2012-ci il təvəllüdlü qızları Əliyeva Banu dünyaya gəlmişdir. Evlənən zaman adətlərə uyğun olaraq valideynləri tərəfindən ona cehiz əşyaları hədiyyə edilmiş, həmin əşyalar Cavabdeh1lə birlikdə Yeni Yasamalda yaşadığı kirayə mənzilə yerləşdirilmişdir. 2012-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən mənzilə köçdüklərindən həmin əşyalar da sözügedən mənzilə köçürülmüşdür. Bundan sonra, yəni həmin evdə cəmi 2-3 ay yaşadıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ailəvi şəkildə Tərtər rayonuna, oradan isə Ağdam rayonunun Quzanlı qəsəbəsinə köçüb yaşamağa başlamışlar. Valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalar Bakı şəhərində yerləşən mənzildə qalmışdır. Nikahları faktiki pozulduqdan sonra ona məxsus olan iddia ərizəsində qeyd etdiyi qızıl zinət və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(004)-405/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanında olan cehiz əmlak---1 ədəd divan və kreslo dəsti, 1 ədəd stol və stul dəsti, saxlama şkafları, 1 ədəd yataq otağı dəsti, 1 ədəd mətbəx mebeli, 1 ədəd uşaq çarpayısı, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd ətçəkən, 1 ədəd tozsoran, 1 ədəd mikser, 1 ədəd mikrodalğalı soba, 1 ədəd ütü, 1 ədəd toster, 1 ədəd qaz plitəsi, qabqacaqlar, 3 ədəd çilçıraq, 3 ədəd pərdə, dəsmal və yataq örtükləri, 3 ədəd xalça, qızıl zinət əşyaları---1 ədəd brilyant qaşlı ağ qızıldan boyunbağı, sırğa, üzük, qolbağdan ibarət dəst, 2 ədəd sırğa və üzükdən ibarət qızıl dəst, 2 ədəd qızıl onluq, 1 ədəd sarı qızıl dəst, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd səpmə brilyant qaşlı sarı qızıl üzük, 1 ədəd iri formada sarı qızıl üzük, 1 ədəd sarı qızıl üzük, 1 ədəd yantar qaşlı qızıl üzük, 1 ədəd qızıl boyunbağı və qızıl kulon, 1 ədəd çəhrayı rəngli qızıl sırğa və 1 ədəd qızıl kulonun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(004)-405/2022 saylı qətnaməsinin qismən ləğv edilərək iddia ərizəsində qeyd olunan cehiz əşyalarının pul ilə əvəzinin ona ödənilməsi, itirilmiş 900 manat dəyərində qızıl boyunbağı, 400 manat dəyərində qızıl üzüyün, həmçinin 800 manat dəyərində mətbəx stol-stulunun dəyərinin ona ödənilməsi, məhkəmə qətnaməsinin digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus olan cehiz əşylarından paltaryuyan, tozsoran, ətçəkən, mikser, qaz plitəsi, mətbəx stol-stulu, yumşaq mebel dəsti, yataq otağı dəsti və mətbəx mebeli uzun müddətdir cavabdehlərin və digər ailə üzvlərinin istifadəsi nəticəsində korlanmış, yararsız hala düşmüşdür. Buna görə də həmin əşyaların təzəsinin alınaraq ona qaytarılması və ya pul ilə əvəzinin ona ödənilməsi zərurəti yaranmışdır. Həmçinin digər bütün mebel əşyalarına da cavabdehin və digər ailə üzvlərinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzi də ona ödənilməlidir. Məhkəmədə əşyalara yerli baxış keçirilməsinə dair vəsatəti də təmin edilməmişdir. Nəticədə, məhkəmə qərar qəbul edən zaman iddia tələbinə tam əsaslı yanaşılmamış, məsələ araşdırılmamış, əşyalarının cavabdehlər tərəfindən yararsız hala salınmış vəziyyətdə ona qaytarılması barədə qərar qəbul etmişdir. Bundan əlavə, itirilmiş 900 manat dəyərində qızıl boyunbağı, 400 manat dəyərində qızıl üzüyün, həmçinin 800 manat dəyərində mətbəx stol-stulunun dəyərinin ona ödənilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(004)- 405/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı 25 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(004)-2819/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikaha daxil olarkən və nikah dövründə iddiaçıya bir sıra qızıl zinət və cehiz əşyaları hədiyyə edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər iddia tələbini qismən etiraf edərək bildirmişlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl zinət əşyalarından 900 manat dəyərində qızıl boyunbağı və 400 manat dəyərində qızıl üzükdən başqa digər qızıl zinət əşyaları və cehiz əşyaları onlardadır. Bundan əlavə cavabdehlər qeyd etmişlər ki, iddia ərizəsində qeyd olunan 800 manat dəyərində mətbəx stol-stul dəsti mənzildən-mənzilə köçərkən sınmış və hal-hazırda yoxdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı 900 manat dəyərində qızıl boyunbağı, 400 manat dəyərində qızıl üzük və 800 manat dəyərində mətbəx stol-stul dəstinin həm mövcud olduğunu, həm də onların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində olmasını sübut edə bilməmişdir. İş materiallarından görünür ki, qızıl zinət və cehiz əşyalarının qaytarılması ilə bağlı tərəflər arasında SMS yazışmalar olmuşdur. Həmin yazışmaların birində Cavabdeh2 İddiaçı qızıl zinət və cehiz əşyalarının onlarda olduğunu bildirərək əşyalarını istənilən vaxt götürə biləcəyini bildirmişdir. Bundan əlavə, Cavabdeh2 ünvan 3 ünvanında yaşayan iddiaçının atası Sənan İsmayılova 10.11.2020-ci il tarixdə teleqram vuraraq ev əşyalarının və digər əşyaların götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin dəyəri qat-qat yüksək olan (8000, 3000, 3000 manat və s.) qızıl zinət əşyalarının onlarda olmasını etiraf edib 900 manat dəyərində qızıl boyunbağı və 400 manat dəyərində qızıl üzüyü qaytarmaqdan boyun qaçırması ağlabatan deyil. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələb etdiyi qızıl zinət və cehiz əşyalarının cavabdehlərdə olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməsə də, cavabdeh tərəf tələb olunan əşyaların əksər hissəsinin onlarda olduğunu səmimi etiraf etmişdir. Bundan əlavə, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı 900 manat dəyərində qızıl boyunbağı, 400 manat dəyərində qızıl üzük və 800 manat dəyərində mətbəx stol-stul dəstinin cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsində qeyd olunan cehiz əşyaları cavabdehlərin və onların ailə üzvlərinin istifadəsində olduğundan yararsız hala düşdüyünə görə həmin cehiz əşyalarının dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə apellyasiya şikayətinin dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, iddiaçı tərəf əvvəla həmin cehiz əşyalarının yararsız hala düşməsini və yalnız cavabdeh tərəfin istifadəsində olmasını sübut edə bilməmişdir. Bundan əlavə, həmin əşyalar iddiaçının da istifadəsində olmuşdur. İş materiallarından görünür ki, cavabdehlərdən alınıb iddiaçıya qaytarılması qət olunan əşyalar hal-hazırda mövcuddur. İddiaçı həmin əşyaların dəyərini iddia ərizəsində göstərsə də, onların dəyəri barədə məhkəməyə mötəbər sübut (qiymətləndirmə rəyi, qəbz, qaimə və s.) təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi həmin əşyaların dəyərinin yox, mövcud olan əşyaların cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər əsassız olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(004)-405/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2785/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2785/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver