Məhkəmə qərarları › İş №2(103)-2794/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2794/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2794/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının qanunsuz həbsdə saxlanılmasına görə mənəvi zərərin əvəzi kimi hər sutka üçün 100 manat olmaqla ümumilikdə 39.100 manat, habelə iddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirməsinə görə kompensasiya kimi 30.000 manat, cəmi 69.100 manat cavabdehin vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 13.000 manat cavabdehin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamə mənəvi zərərə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2020-ci il tarixdə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə olduğu müddət (1 il 26 gün) nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə zalından azadlığa buraxılmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sonradan həmin hökm Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edilmiş və iddiaçıya bəraət verilmişdir. Bu hökm Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 1 il 26 gün həbsdə saxlanılmış, nəticədə mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci maddələrindən görünür ki, belə halda mənəvi zərərin əvəzi ödənilməlidir. Mənəvi zərərin əvəzi kimi müəyyən edilən 13.000 manat ağlabatan məbləğdir və ədalətli hesab olunur. Qətnamə sol gözün görmə qabiliyyətinin itirilməsinə görə kompensasiya ödənilməsi tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həbsdən əvvəl iddiaçının sol gözü ilə bağlı sağlamlıq problemi olmuşdur. Milli Oftalmologiya Mərkəzinin çıxarışından görünür ki, iddiaçıya “OS-üst göz qapağın kəsilmiş yaralanması, korneaskleral dəlib-keçən yaralanma, daxili qişaların yara ağzından çıxması ilə hişema” diaqnozu təyin olunmuşdur. “Qısa anamez diaqnostik müayinə, xəstəliyin istiqaməti, keçirilmiş müalicə, göndərildiyi və çıxdığı vaxt vəziyyəti” qrafasında: “Daxil olarkən xx.xx.2020-ci il tarixində OS-yaranın birincili cərrahi işlənməsi icra olundu. xx.xx.2020-ci il tarixində OS-büllur qalığının yuyulması icra olundu. Çıxarkən yara və tikişlər adaptasiya olub, ifrazat yoxdur. Ön kamera dərindir. Bəbək qeyri-düzgün, gözdibi qan laxtaları müşahidə olunur. Aydın oftalmoskopiya olunmur” yazılmışdır. “Müalicə və əmək qabiliyyəti haqqında rəyi” qrafasında: “Sol kopred 1 damcı, hər 1 saatdan bir, sol gatisin 1 damcı, hər 2 saatdan bir” qeyd edilmişdir. O cümlədən Azərbaycan Tibb Universitetinin X1 arayışından görünür ki, iddiaçıda “OD-ş/n cismin tək-tək bulanmaları var. OS-ş/n cismin total qopması, destmetrik dəyişikliklər müəyyən olunur. OH-Tor qişa tamdır, incəlmişdir. Patoloji cırıq yoxdur”. İddiaçı iddia edir ki, sol gözünün görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ondan ibarətdir ki, qanunsuz həbsdə saxlanıldığı müddətdə müayinə və müalicə oluna bilməyib. Lakin müəyyən olunub ki, iddiaçı həbsdə olduğu müddətdə həbsdə saxlama yerinin rəhbərliyinə sol gözü ilə bağlı sağlamlıq probleminin olması barədə məlumat verməyib, o cümlədən müayinə, müalicə və ya tibbi əməliyyat üçün müraciət etməyib. Bu səbəbdən də iddiaçının sol gözünün görmə qabiliyyətini itirməsi ilə onun həbsdə saxlanılmasının arasında səbəbli əlaqə müəyyən olunmur. Ona görə də məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar