Məhkəmə qərarları › İş №2(103)-2798/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2798/2020

12.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2798/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, övladının – xx.xx.2014-cü il təvəllüdlü X2 saxlanması üçün onun tərəfindən cavabdehə ödənilən alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(009)-4777/2016) ilə hazırki iş üzrə iddiaçı ilə cavabdehin arasındakı nikahın pozulması, nikahdan doğulmuş və yetkinlik yaşına çatmamış uşağın cavabdehin (anasının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin iddiaçıdan hər ay tutularaq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı qeyd edilən alimenti vaxtlı-vaxtında cavabdehə ödəmişdir. Hal-hazırda iddiaçının ailə vəziyyəti dəyişmiş, o, ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan artıq 1 övladı da var: xx.xx.2018-ci il təvəllüdlü X5. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının yaşlı valideynləri də iddiaçının himayəsindədirlər. Qeyd edilənləri gəlirinin qeyri-müntəzəm xarakter daşıdığını nəzərə alaraq iddiaçı hesab edir ki, 1 uşağa görə ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı sabit pul məbləğində, yəni 1.000 manat müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin hər ay sabit pul məbləğində - 1.000 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının daimi iş yeri var və o, aylıq əmək haqqı alır. Sabit pul məbləğində alimentin tutulması üçün qanunda nəzərdə tutulmuş əsaslar hazırki iddianın təmin edilməsinə imkan vermir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, əsassız olan iddianı təmin etmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənələrdən müəyyən edilir ki, iş üzrə tərəflər nikahda olmuş, bu nikahdan onların bir övladları var: xx.xx.2014-cü il təvəllüdlü Nadejda. Uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pisləşmiş və onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(009)-4777/2016) ilə hazırki iş üzrə iddiaçı ilə cavabdehin arasındakı nikahın pozulması, nikahdan doğulmuş və yetkinlik yaşına çatmamış uşaq cavabdehin (anasının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan, iddiaçının qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin xx.xx.2016-cı il tarixdən etibarən iddiaçıdan hər ay tutularaq cavabdehə verilməsi qət edilmişdir. İşdə olan sənədlərdən daha sonra müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Bu nikahdan iddiaçının 1 övladı da var: xx.xx.2018-ci il təvəllüdlü Nikita. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iş üzrə iddiaçı xx.xx.2005-ci il tarixdən “xxxxxxxxxxxxxxxx” MMC-nin X1 İT X6 bölümünün rəhbəri vəzifəsində işləyir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüququ normalarının tələblərindən göründüyü ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Rayon Məhkəməsi də, bunları nəzərə alaraq iddiaçının iddia tələbini təmin etmişdir. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, alimentin sabit pul məbləğində tutulması yalnız alimenti almaq istəyən şəxsin xahişi (müraciəti) əsasında tutula bilər. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, məhkəmə baxışının predmeti olan iddianın hüquqi əsası yoxdur; Rayon Məhkəməsi iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri əsassız deyil, formal mülahizə xarakteri daşımır. Odur ki, göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPMnin 384-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən çıxış edən, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar