Məhkəmə qərarları › İş №2(103)-2799/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2799/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2799/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 və nümayəndəsi (vəkili) X5, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «alimentin tutulmasının qanunsuz hesab edilməsi və tutulacaq aliment məbləğinin kompensasiya edilərək əvəzləşdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-5286/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «alimentin tutulmasının qanunsuz hesab edilməsi və tutulacaq aliment məbləğinin kompensasiya edilərək əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı müddətdə cavabdehlər tərəfindən iddiaçıdan 21 iyun 2009cu il təvəllüdlü X11 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 09 avqust 2020-ci il tarixinə qədər iddiaçının yanında qaldıqları və onun tərəfindən saxlanıldıqlarına görə 09 avqust 2020-ci il tarixinə qədər iddiaçıdan 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 saxlanılması üçün cavabdehlər tərəfindən aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, 09 avqust 2020-ci il tarixinə qədər iddiaçıdan 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 saxlanılması üçün artıq ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaitinin, iddiaçıdan gələcəkdə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi, o cümlədən də, dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 anaları Cavabdeh1 yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 (üç min) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin mülki kollegiyasının 23 iyun 2020-ci il arixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilir ki, 09 avqust 2020-ci il tarixinə qədər hər üç uşaq və hətta tələbkar Cavabdeh1 İddiaçı yanında, onun kirayələdiyi mənzildə qalmış və faktiki olaraq maddi cəhətdən İddiaçı 09 avqust 2020-ci il tarixinə qədər onları təmin etmiş və bütün xərcləri ödəmişdir. Bununla bağlı ailənin hal-hazırda yaşadığı mənzildə olan video kameralarından görüntüləri, yazılı sübutları (uşaqların saxlanması üçün sərf edilən vəsaitlərin çekləri, qaimələr və s.) da iddia ərizəsinə əlavə edirik. Eyni zamanda hazırki ərizəyə əlavə edilmiş Cavabdeh1 tərəfindən Yasamal rayon Məhkəməsinə ünvanlanmış qarşılıqlı iddia ərizəsindən və iddianı təmin etmək üçün tədbirlərin görülməsi barədə ərizədən və o cümlədən də, Cavabdeh1 vəkili Afət Qaziveva tərəfindən verilmiş qərardaddan şikayətdən də, görünür ki, Cavabdeh1 09 avqust 2020-ci il tarixdə qız övladları ilə birlikdə İddiaçı ilə yaşadıqları mənzili tərk etmişdir. 21 iyun 2009-cu il təvəllüdlü (11 yaşlı) X11 Andreyeviç isə umumiyyətlə anası Cavabdeh1 ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşağın bütün maddi ehtiyacını atası ödəyir. Bu hal Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı İlqar Səfərov tərəfindən qəbul edilmiş 07 sentyabr 2020-ci il tarixli «Cinayət isinin başlanmasının rədd edilməsi» haqqında Qərarda da öz əksini tapmışdır. Həmin qərardan görünür ki, 11 yaslı Əndrü Rudenko anasına getmək istəmir. Hətta Cavabdeh2 İcra Məmuru tərəfindən 28 sentyabr 2020-ci il tarixdə akt tərtib edilərək, 21 iyun 2009-cu il təvəllüdlü (11 yaslı) X11 Andrevevicin anası Cavabdeh1 ilə getmək istəmədiyi müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh2 İcra X12 məhz 23 iyun 2020-ci il tarixdən hər üç uşağa görə hər ay 3000 manat aliment ödəməli olduğunu bildirərək, iddiaçıdan 9000 manat və o cümlədən də, bundan sonra hər ay 3000 manat aliment ödəməyi tələb edir. Məlum olduğu kimi Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı tərəfindən artıq 6000 manat aliment ödənilmişdir. Bununla yanaşı qətnamənin icrası ilə bağlı yaranmış ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün qətnaməyə izah verilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, lakin qərardadda Ailə Məcəlləsinin 106-cı maddəsinə istinad edilərək, borcların məhz icra məmuru tərəfindən müəyyən edildiyi, bununla razı olmayan tərəfin müvafiq qaydada şikayət verə bilməsi, yəni qeyd edilən halın qətnamənin icrası qaydasında icra prosesində həll edilən məsələ olması göstərilmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinin tələbinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən Mülki Prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qeyd edək ki, tərəfimizdən bütün yuxarıda göstərilən məlumatlar icra məmuruna təqdim edilmiş və bununla bağlı müvafiq ərizə ilə müraciət edilmişdir. Lakin, cavabdeh heç bir tədbir görmür, əksinə qanunsuz olaraq iddiaçıdan uşaqların faktiki olaraq iddiaçıda olduğu və onun tərəfindən saxlanıldığı dövr üçün də, aliment tələb edir. Halbuki, icra vərəqəsinin verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, «Birinci intansiya məhkəməsi Ailə Məcəlləsinin 100.2-ci maddəsini tələbini əsas tutaraq alimentin 19.09.2019-cu il tarixdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Cavabdeh isə aliment tutulması barədə ərizəni 19.09.2019-cu il tarixdə məhkəməyə vermişdir. Lakin məhkəmə bu zaman nəzərə almamışdır ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtda da, həmçinin hazırda da, uşaqlar iddiaçı və cavabdehlə eyni mənzildə yaşayırlar. Ailənin bütün xərcləri, həmçinin bu günə qədər uşaqların maddi cəhətdən bütün xərcləri iddiaçı tərəfindən təmin edilir. Apellyasiya baxışı zamanı cavabdeh özü də, bu halı təsdiq etmişdir ki, hazırda da iddiaçı uşaqların bütün xərclərini qarşılayır. Kollegiya qeyd edir ki, belə olan halda, yəni, ərizənin verildiyi və məhkəmə mübahisəsi davam etdiyi müddətdə uşaqların maddi təminatı iddiaçı tərəfindən qarşılandığı halda, həmin müddət ərzində iddiaçıdan cavabdehin xeyrinə uşaqların saxlanılması üçün alimentin tutulması yolverilməzdir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti bu hissədə əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması vaxtına dair hissədə dəyişdirilərək, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır”. Bununla yanaşı bildirilir ki, tərəfindən 2 iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmiş, azyaşlı qızlarla ünsiyyət hüququnun verilməsi və 11 yaşlı Əndrü Rudenkonun saxlanılması üçün Cavabdeh1 aliment tutulması xahiş olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)- 5286/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin olunmuş, 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin faktiki olaraq İddiaçılə qaldığı (yanında qaldığı) müddətdə Cavabdeh1 tərəfindən iddiaçıdan 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin əsassız hesab edilməsi, 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 09 avqust 2020-ci il tarixinə qədər İddiaçı yanında qaldıqları üçün, 09 avqust 2020-ci il tarixinə qədər iddiaçıdan 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 saxlanılması üçün Cavabdeh1 tərəfindən aliment tələb edilməsinin əsassız hesab edilməsi, 09 avqust 2020-ci il tarixinə qədər iddiaçı tərəfindən 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X4 saxlanılması üçün ödənilmiş 3000 (üç min) manat məbləğində pul vəsaitinin (alimentin) iddiaçıdan gələcəkdə tutulacaq aliment məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat xidmət haqqının Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, alimentin qanuni qüvvədə olan məhkəmə qərarına əsasən tutulması, onun tələb hüququnun da icra sənədinə əsaslanması, əvvəllər (09 avqust 2020-ci il tarixədək) bir mənzildə yaşamaları, lakin bu halın iddiaçını aliment öhdəliklərindən azad etməməsi, uşaqların saxlanılması üçün ona kömək etməməsi, iddiaçı tərəfindən sadəcə kirayədə yaşadıqları mənzilin kirayə haqqının, sürücünün və yeməkləri bişirən dayənin pulunun ödənilməsi, məhkəmənin hansı əsasa və sübuta istinadən 3000 manat artıq aliment pulununun ödənilməsi nəticəsinə gəlməsinin anlaşılmaz olması, iddiaçının kifayət qədər maddi imkana malik olması, xaricdə bir çox ölkələrdə biznesinin və hesablarının olması, tez-tez xaricə getməsi, 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçi zorla və təzyiq altında yanında saxlaması, onunla ünsiyyətinə mane olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni iddianın təmin olunmuş hissələrində ləğv olunmalı, iddianın həmin hissələrdə təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında 24 iyun 2016-cı il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan üç yetkinlik yaşına çatmayan (21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X9) uşaqların olması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh1 yanında qalmaları və yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin əvvəlinin hesablanması hissədə dəyişdirilmiş, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət olunmuşdur (Ali Məhkəmənin mülki kollegiyasının 23 iyun 2020-ci il arixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır). İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 14289/2019 saylı, 09 dekabr 2019-cu il tarixli icra sənədi üzrə 11 sentyabr 2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarı qəbul edilmiş və şöbə tərəfindən iddiaçıya 25 sentyabr 2020-ci il tarixli «tələbin könüllü icrası haqqında» bildiriş göndərilmiş, iddiaçı tərəfindən müəyyən aliment məbləğləri ödənilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir-neçə tələb irəli sürmüşdür. Onlardan biri - 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin faktiki olaraq onun yanında qalması, bu səbəbdən də cavabdehlər tərəfindən ondan həmin uşağın saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Cavabdeh tərəf də 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin hazırda faktiki olaraq iddiaçının yanında qalmasını inkar etmir (lakin, cavabdeh bu halla razılaşmır və uşağın zorla, təzyiq altında iddiaçının yanında saxlanıldığını bildirir). Birinci instansiya məhkəməsi 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçin faktiki olaraq iddiaçının yanında qalmasını nəzərə alaraq, Cavabdeh1 tərəfindən həmin uşağa görə aliment tələb olunmasının qanunsuz sayılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə qərarları ilə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı) hər üç uşağın ananın yanında saxlanılması, hər uğaşı görə hər ay 1000 manat sabit pul miqdarından aliment tutulması və alimentin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən olunmuşdur (halbuki, iddiaçı əvvəlki işdə verdiyi apellyasiya və kassasiya şikayətlərində də analoji hallara istinad edirdi). İcra hərəkətləri də məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş icra sənədinə əsasən aparılır və həmin icra işində tələbkar (xeyrinə aliment ödənilən şəxs) Cavabdeh1dır. Yəni, cavabdehdən alimentin tutulmasının hüquqi (qanuni) əsası vardır və bu sahədə tələbkarın qanunsuz tələbi mövcud deyildir. Belə olan halda isə hazırki tələb özüözlüyündə uğurlu sayıla bilməz. Əks halda, məhkəmə qərarları bir-birini təkzib etmiş olar (bir məhkəmə qərarı ilə alimentin tutulmalı olması, digəri ilə isə alimentin tələb olunmasının qanunsuz sayılması) ki, bu da prosessual hüquq normalarının tələblərinə uyğun olmazdı. Məhkəmə kollegiyası qəbul edir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər. Belə ki, AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin, iddiaçının hazırki tələbi bu istiqamətdə olmamaqla, dolayısı ilə qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia 21 iyun 2009-cu il təvəllüdlü X11 Andreyeviçə aid hissədə əsassızdır və irəli sürülmüş faktiki tələb uğurlu olmamaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Lakin, hazırki iddia tələbinin rədd olunması iddiaçını digər əsaslardan çıxış edərək qanunvericiliyin tələblərinə uyğun yeni iddia irəli sürmək imkanılarını istisna etmir. Bununla yanaşı, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri də nəzərə alaraq hesab edir ki, iddia təmin olunmuş qalan hissələrdə də rədd olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, alimentlə bağlı hissədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçının bir müddət uşaqları ilə birlikdə yaşaması faktı özuözlüyündə onu aliment öhdəliyindən azad edə bilməzdi. Xüsusilə qeyd edilməlidir ki, ailə qanunvericiliyi aliment öhdəliyi müəyyən olunmuş şəxs tərəfindən uşaqlarının alimentdən əlavə müəyyən ehtiyaclarını qarşılamasını istisna etməmişdir və hər bir valideyn uşaqlarına daha yaxşı təminat verməkdə sərbəstdir. Həmçinin, AM-nin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: - aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; - məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; - aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Göründüyü kimi, ödənilmiş alimentin geri tələb olunması yalnız qanunda nəzərdə tutulmuş istisna halların mövcudluğu ilə bağlıdır. İddiaçı isə həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə iddia tələbləri məhz göstərilən əsaslara görə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası işə irəli sürülmüş tələb həddində baxaraq, ondan kənara çıxmağı məqsədəmüvafiq hesab etmir. Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq nomalarının düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən apellyasiya şikayətinə əsasən qismən, yəni iddianın təmin olunan hissələrində ləğv olunmalı, iddia həmin hissələrdə yuxarıda göstərilən əsaslar üzrə rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «alimentin tutulmasının qanunsuz hesab edilməsi və tutulacaq aliment məbləğinin kompensasiya edilərək əvəzləşdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-5286/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-5286/2020 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunan hissələrində ləğv edilsin, iddia həmin hissələrdə təmin olunmasın. Məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar