Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2803/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş (Açar sözlər: «alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğvi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2665/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanaraq reyestrdə 4Ə-649 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ №-0729138 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 70000(yetmiş min) manata satmış, alıcı isə həmin qiymətə almışdır.
2. xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderinə əsasən Cavabdeh1 tərəfindən 42500(qırx iki min beş yüz) manat X3 (notarius) hesabına köçürülmüşdür.
3. xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderinə əsasən, Cavabdeh1 tərəfindən 27500 manat X3 (notarius) hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 145 m2 olan fərdi yaşayış evinə dair Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanılmış 09.08.19-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər icra edilməmiş, müqavilə şərtləri əhəmiyyətli dərəcədə puzulmuşdur. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan 30000(otuz min) manatı notariusun depozit hesabına ailəvi tanışı X1 etmişdir. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan, alıcı tərəfindən xx.xx.2019-cu ildə ödənilməli olan 40000(qırx min) manatı isə ümumiyyətlə ödənilməmiş, bu məğləğlə bağlı əməliyyat aparılmamışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2665/2022 saylı, 25 noyabr 2022ci il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı müqavilə üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 70000 manatın onun tərəfindən deyil, məhkəmədə şahid kimi dindirilmiş X1 tərəfindən ödənildiyini bildirmiş, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilmədiyi qeyd edilmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-649 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqısına dair AN-İ №- ******* saylı müqaviləsi ilə İddiaçı ünvan 1 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh1 satmış, satıcı isə daşınmaz əmlakı 70000 manata almışdır. İş materiallarına olan notariat işindən də görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 42500 manat və xx.xx.2019-cu il tarixdə isə 27500 manat X3 (notarius) hesabına köçürülmüşdür. Belə olan halda iş materialları ilə məhz Cavabdeh1 əmlakın dəyərinin ödəməsi, həmçinin müqavilə üzrə nəzərdə tutulmuş məbləğin tam şəkildə ödənilməsi halı öz təsdiqini tapır. İddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu ərizələrdəki fikirləri, həmçinin şahid ifadəsi arasında ziddiyətlər müəyyən edilmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində əmlakın dəyəri olan 70000 manatın ona ödənilmədiyini, nisyə alğı-satqı müqaviləsi bağlanmalı olduğunu bildirmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə 30000 manatın Əminova Lətafət tərəfindən ödənildiyi, qalan 40000 manatın isə ümumiyyətlə notariusun hesabına köçürülmədiyini bildirmiş, məhkəmədə şahid kimi dindirilmiş Əminova Lətafət isə ifadəsində notariusa 70000 manat pul təqdim etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edərək, cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı (hazırkı iş üzrə cavabdeh) ilə cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair İddiaçı adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Əvvəlki məhkəmə araşdırması zamanı da iddiaçı başqa məzmunda, hazırkı izahatları ilə ziddiyyətli izahatlar vermişdir. Belə ki, həmin vaxt iddiaçı Cavabdeh1 qohumlarının onun həyat yoldaşına borc verdiyini, onun isə evi formal olaraq, borc müqaviləsini pərdələmək məqsədi ilə müqaviləni bağlamasını qeyd etmişdir. Halbuki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini fərqli şəkildə əsaslandırmış, ən sonda əmlakın dəyərinin X1 tərəfindən ödənildiyini iddia edərək, əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı tərəfin irəli sürdüyü əsaslar ilə iş materialların tədqiqi zamanı məhkəmə tərəfindən müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsinin əsasları müəyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış AN- İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, qətnamə əsassız, qanuna zidd hesab edilməli və ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2019cu il Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair AN-İ saylı, ******* saylı alqı-satqı müqaviləsi üzrə öhdəlik Cavabdeh1 tərəfindən icra edilməmişdir. Müqavilədə nəzərdə tutulan 70000 manat ödəniş cavabdehlərin ailəvi tanışı X1 tərəfindən edilmişdir. Çünki, cavabdehlər iddiaçının qardaşından ümumi dəyəri 40000 manat olan iki avtomobil götürmüşdür. Əvəzində isə 110000 manat dəyərində olan fərdi yaşayış evini 70000 manata iddiaçıya satılması razılaşdırılmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 həmin məbləği ödəmək iqtidarında olmadığına görə müqavilənin rəsmiləşdirilməsi üçün müqavilə üzrə ödənişin cavabdehlərin ailəvi tanışı X1 tərəfindən edilməsi xahiş olunmuşdur. Əminova Lətafət 70000 manat məbləği notariusun depozit hesabına qoymuş və daha sonra həmin məbləği geri götürmüşdür. X1 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, öz ifadəsində yuxarıda qeyd olunan faktları təsdiq etmiş, müqavilə üzrə ödənişin onun tərəfindən icra edildiyi bildirmişdir. Məhkəmə iddia tələbini rədd edərkən cavabdehin alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyini, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu və bu faktın şahid ifadəsi ilə təsdiq edilməsi kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları nəzərə almamışdır. Məhkəmə sübutlara düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, X1 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, müqavilə üzrə ödənişin onun tərəfindən icra edildiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən şahidin ifadəsinə düzgün qiymət verilməmişdir. Eyni zamanda şahid ifadəsinin mötəbərliyinin təsdiq edilməsi məqsədilə tərəfindən alqısatqı əməliyyatının həyata keçirildiyi Bakı şəhəri 14 saylı Notariat ofisində yerləşən "xxxx" ASC-nin “5 saylı” şöbəsində qeydə alınan kamera görüntülərinin təqdim olunması üçün "xxxx" ASC-nin Baş Ofisinə sorğu verilmişdir. "xxxx" ASC isə sorğuya cavab olaraq tələb olunan məlumatların bank sirrini təşkil edən məlumat olduğunu bildirmişdir. Bu baxımdan kamera görüntülərinin əldə edilməsi üçün məhkəməyə vəsatət təqdim olundu. Lakin məhkəmə tərəfindən "xxxx" ASC-nin Baş Ofisinə sorğu verilmədi. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ıilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Lakin məhkəmə həmin qətnamələrdən kassasiya şikayətinin verilməsini, həmin qətnamələrin qanuni qüvvəyə minməməsini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etmir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ünvanladığı ərizəsində səhhəti ilə əlaqədar olaraq 26 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə baxılmasının təxirə salınmasını xahiş etsə də, ərizəsinə səhhəti ilə bağlı hər hansı bir sübut əlavə etməmişdir. Cavabdeh ünvan 3 ünvanladığı ərizədə 26 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı, digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa , tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Mülki Məcəllənin həmin yaxud digər normaların dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməz.
20. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
21. Satılan fərdi yaşayış evinin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsin olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı iddia edir ki, alqı-satqı müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Yəni, müqavilədə nəzərdə tutulan 70000 manat ödəniş cavabdeh tərəfindən deyil, ailəvi tanışı olan X1 tərəfindən edilmişdir. Bu fakt həqiqi olsa belə iddianın əsaslı və mütləq təmin edilməli olduğuna dəlalət etmir. Çünki, iddiaçı satdığı evin dəyərinin ödənilmədiyini mübahisələndirmir. Yalnız, üçüncü şəxsin ödədiyini, sonradan isə həmin məbləği geri götürməsini bildirir. İddiaçının şikayətində göstərdiyi dəlillər daha çox müqavilənin etibarsızlığı halı ilə bağlı olsa da, o, müqavilənin və çıxarışın ləğvini tələb edir. Əlbətdə ki, iddiaçı peşəkar vəkillə təmsil olunduğundan bu institutların mahiyyətini və fərqli hüquqi nəticələr yaratdığını bilməmiş deyildir. Ona görə də hazırki şikayət üzrə hüquqi dəyərlindərmə müqavilənin ləğvi istiqamətində aparılır. Buna baxmayaraq məhkəmə mübahisələndirilən əqdin əhəsmiyyətsiz olduğunu aşkar edərsə buna da münasibət bildirə bilər. Lakin qeyd olunduğu kimi iddiaçı cavabdehin aldığı evin dəyərini ödəmək iqtidarında olmadığına görə ümumi tanışları olan Lətafət Əminova tərəfindən ödənilməsinin xahiş olunduğunu göstərir. Qeyd olunduğu kimi bu faktın doğruluğu belə cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi kimi qiymətləndirilə və iddanın təmin edilməsi üçün əsas ola bilməzdi.
22. Bununla yanaşı, işdə olan notariat işinin materiallarında mübahisəli evin və torpaq sahəsinin alqı-satqısına görə ödənişin cavabdeh tərəfindən banka ödənilməsi öz təsdiqini tapır. Lakin ödənişin X1 tərəfindən icra edilməsinin mötəbərliyinin təsdiq edilməsi məqsədilə alqı-satqı əməliyyatının həyata keçirildiyi Bakı şəhəri 14 saylı Notariat ofisində yerləşən "xxxx" ASC-nin “5 saylı” şöbəsində qeydə alınan kamera görüntülərinin təqdim olunması üçün "xxxx" ASC-nin Baş Ofisində sorğu verilməsi barədə vəsatətin məhkəmə tərəfindən təmin edilməməsi də iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Əvvəla, ona görə ki, bu əməliyyatın üzərindən 3 ildən artıq vaxt keçdiyi üçün bu görüntülərin saxlanılması mümkünsüzdür. İkincisi, qeyd olunduğu kimi bu ödənişin Lətafət Əminova tərəfindən bankın depozit hesabına ödənilməsi həqiqi olsa belə bu vəziyyət heç nəyi dəyişmir. Bu fakt cavabdehin müqavilə üzrə öhdəliyini, yəni cavabdehin alqı-satqı müqaviləsi üzrə evin dəyərini ödəmədiyini təsdiq etmir. Başqa sözlə hər bir halda evin dəyəri ödənilmişdir. Ödənilmiş həmin vəsaiti isə bank tərəfindən yalnız iddiaçıya təqdim edilə bilərdi. İddiaçının isə aldığı həmin vəsaiti sonradan kiməsə verməsi isə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi anlamına gəlmir.
23. Bu cür iddianın təmin edilməsi üçün isə əsas olmalıdır. Əks halda mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan ləğv edilməsi yaxud etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar. Çünki, iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan ləğv edilmsini və etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Bu cür hallar nəinki müqavilədən imtina üçün əsas ola bilməz, həmçinin mülki hüququ müqavilələr, o cümlədən alqı-satqı müqaviləri üzrə alıcı və satıcının qanuni mənafelərinə zərər vurmaqla yanaşı, eyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, bu cür vəziyyətlərdə, yəni bu cür iddiaların təmin olunacağı təqdirdə tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxara bilər.
24. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbətdə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutalrı tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçı bu hissədə də haqlı olmamışdır. Çünki, məhkəmə gəldiyi nəticəni tədqiq etdiyi sübutlarla əsaslandırmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənəni qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2665/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2665/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.