Məhkəmə qərarları › İş №2(103)-2807/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2807/2023

10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2807/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sx oğlu və İx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4011/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, iddiaçı tərəfindən evin dəyəri cavabdehə ödənilmiş, sonra iddiaçı evi bəyənmədiyini bildirərək ödənişi geri istəmiş, lakin cavabdeh evə görə ödənilmiş vəsaiti iddiaçıya qaytarmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55.000 ABŞ dolları əsas borc, 19.250 ABŞ dolları faiz borcu, 457,84 manat dövlət rüsumu olmaqla, ümumilikdə 457,84 manatın və 74.250 ABŞ dolları məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə həyat yoldaşı xərçəng xəstəliyinə tutulduğundan mütəmadi olaraq yaşadıqları Sabirabad şəhərindən Bakı şəhərinə müayinə və müalicəyə gəlməyə, həmin dövrdə qohumlarının evində və ya otellərdə gecələməyə məcbur olurdular. Başqalarına narahatlıq yaşatmamaq və mümkün qədər ağır xəstə olan həyat yoldaşının narahatlıqlarının qarşısını almaq üçün Bakı şəhərində ev almağa qərar verdilər. Həmin dövrdə tanışı Cavabdeh ev almaq niyyətini bildikdə Bakı şəhərində, Ramana qəsəbəsində evi olduğunu, evi satmaq istədiyini və vəziyyətini nəzərə alaraq münasib qiymətə evi ona sata biləcəyini bildirdi. O, cavabdehlə birlikdə evə baxış keçirmiş, məlum olmuşdur ki, ev 0,2 sot torpaqda kürsülü, 3 otaqlı və dəhlizdən ibarət formada inşa edilib. Cavabdeh evi əslində 70.000 manata satışa çıxardığını, lakin münasibətlərini, vəziyyətini və ehtiyacını nəzərə alaraq evi ona 60.000 manata satacağına söz vermişdir. Lakin, o, həmin dövrdə o qədər pulu birdəfəyə verə bilməyəcəyini, pulu hissə-hissə vermək imkanının olduğunu bildirmişdir. Cavabdeh bununla razılaşmış, o da Sabirabad şəhərinə qayıdaraq 15.000 ABŞ Dolları məbləğində pulu taksi sürücüsü Etibar adlı şəxslə birlikdə cavabdehə göndərmişdir. Həyat yoldaşının xəstəliyinin ağırlaşması səbəbindən müalicə və müayinələr üçün mütəmadi olaraq Türkiyə Respublikasına getmək məcburiyyətində qaldığından bir neçə ay cavabdehlə əlaqə saxlaya bilməmişdir. Lakin, 2015-ci ilin fevral ayında növbəti dəfə Türkiyə Respublikasından qayıtdıqda cavabdeh Heydər Əliyev adına Hava limanında onları qarşılayaraq Sabirabad şəhərinə gətirmiş, söhbət əsnasında evin qalan pulunu da ödəməyini xahiş etmişdir. O da Sabirabad şəhərində yerləşən evində ailə üzvlərinin iştirakı ilə cavabdehə 40.000 ABŞ Dolları məbləğində ödəniş etmişdir. Təqribən 1-2 ay sonra ailə üzvləri və tanışları cavabdehdən almış olduğu evə baxdıqda cavabdehin evi dəyərindən baha qiymətə ona satdığını müəyyən etmişlər. Bu səbəbdən 2015-ci ilin aprel ayında cavabdehlə görüşərək bu barədə iradını ona bildirmiş və ödədiyi 55.000 ABŞ Dollarını geri qaytarmasını ondan tələb etmişdir. Cavabdeh ondan aldığı pulu borclarına verdiyini, hazırda pulu olmadığını bildirmiş, amma ona satdığı evi başqa şəxsə sataraq pulunu qaytaracağına söz vermişdir. Lakin, dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. Cavabdehin pulunu verməyəcəyindən qorxaraq 2018-ci ildə yenidən onunla əlaqə saxlayaraq ondan aldığı evi onun adına sənədləşdirməsini tələb etmiş, lakin cavabdeh bildirmişdir ki, evi 60.000 manata başqa şəxsə satmış və borclarına ödədiyindən bu mümkün deyil, qısa vaxtda pulunu geri qaytaracaqdır. Lakin, bir müddət sonra cavabdeh telefonlarına cavab verməmişdir. xx.xx.2019-cu ildə ortaq tanışları Rafael adlı şəxslə birlikdə Bakı şəhərinə gələrək cavabdehi tapmışlar. Cavabdehlə söhbət əsnasında artıq ona inanmadığını bildirmiş və pulunu dərhal tam məbləğdə geri qaytarmasını tələb etmişdir. Cavabdeh pulunun olmamasını, lakin ödəyəcəyinə inanmağı üçün iltizam tərtib edilmiş və cavabdeh öz imzası ilə iltizamı təsdiq edərək ona təqdim etmişdir. Cavabdeh öz imzası ilə təsdiq etdiyi iltizamda da qeyd etmişdir ki, həqiqətən ev satmaq adı ilə ondan 55.000 ABŞ Dolları məbləğində pulu alıb və qısa vaxtda pulunu geri qaytaracaq. Lakin, bu günədək cavabdeh müxtəlif bəhanələrlə pulunu vermir. O, 2020-ci ildə cavabdehin ona qarşı törətdiyi dələduzluq cinayəti barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Şikayəti araşdırılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Polis Şöbəsinə göndərilmişdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Möhlət Bayramov şikayəti əsasında xx.xx.2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mübahisə mülki xarakterlidir və o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Həmin araşdırma zamanı da cavabdeh ona qeyd edilən məbləğdə borclu olduğunu etiraf etmiş və bu etirafedici izahatı qərarda da öz əksini tapmışdır. Cavabdehin ona 55.000 ABŞ Dolları məbləğində borclu olması mübahisəsizdir, lakin hesab edir ki, cavabdeh 7 ildən artıq müddətdə pulunu qaytarmaması səbəbindən ona əlavə ziyan vurmuşdur. Bu səbəbdən cavabdehin ona qaytarmalı olduğu məbləğ aşağıdakı kimi hesablanmalıdır: əsas borc: 55.000 (əlli beş min) ABŞ Dolları; öhdəliyin vaxtında icra edilməməsi səbəbindən vurulmuş maddi zərər: 55.000*5%=2750 ABŞ Dolları; 2750*7=19250 ABŞ Dolları; 55.000 + 19250 = 74250 ABŞ Dolları; Dövlət rüsumu: 457,84 (dörd yüz əlli yeddi manat, 84 qəpik) manat.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 4011/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 55.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, həmçinin 457,84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 55.000 ABŞ dolları məbləğində pulu mənimsəmiş, lakin bu günədək həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Cavabdeh ona borclu olduğu 55.000 ABŞ dolları məbləği Sabirabad RPŞ-nin Təhqiqat bölməsində ondan alınan izahatında etiraf etmişdir. Cavabdeh tərəfindən 55.000 ABŞ dolları məbləğində pulun evi satmaq niyyəti ilə mənimsənilməsi və cavabdehin hələ də o borcu ödəməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdirdir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməlidir.

6. Məhkəmə iddia tələbinin faiz borcu hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, Mülki Məcəlləsinin 21, , 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449, 740.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 80, 106.1, 119.1, 217.4– cü maddələrinə, Dövlət Rüsumu haqqında qanunun 8.1.3-cü maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qətnamənin faiz borcunun ödənilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək apellyasiya icraatına xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilmişdir.

10. Qətnamədən narazı qalan cavabdeh də ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman iş üçün əhəmiyyəti halları araşdırmamış, cavabdeh tərəfindən dəfələrlə bütün sübutların araşdırılması üçün vəsatətlər verilməsinə baxmayaraq, işin obyektiv və hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Belə ki, qətnamədə göstərilmişdir ki, guya o, 52.000 ABŞ dolların iddiaçıdan alınması barədə həm yazdığı iltizamda göstərmiş, eyni zamanda iş materiallarının içində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, guya onun 52.000 manat borcunun olması, həmin borc dollar ekvivalentinə çevirilərək 52.000 ABŞ dolları müəyyən olunmasını etiraf etmişdir. Lakin, bunlar həqiqətə uyğun deyil. Belə ki, iltizam onun tərəfindən yazılmayıb və o, 52.000 ABŞ dollar borcunun olmasını qəbul etməmişdir. Onun iddiaçıya bu günə olan borcu 52.000 manatdır və hətta birinci instansiya məhkəməsində iltizamın onun tərəfindən yazılıb yazılmaması barədə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə tələbini rədd etmişdir. Lakin, bütün bunlara baxmayaraq, məhkəmə nədənsə 52.000 manat borcun olmasını nəzərə almadan, naməlum 55.000 ABŞ dolların olmasını müəyyən etmişdir. Bundan əlavə, Sabirabad RPŞ tərəfindən tərtib etdiyi qərarda texniki səhvi təkrarlayaraq əsaslandırıcı hissədə 52.000 ABŞ dolları göstərsə də, sonuncu abzasda 55.000 ABŞ dolları yazır, eyni səhvi məhkəmədə qətnamə qəbul edərkən edir. Hesab edir ki, qətnamə tamamilə naməlum, qanunsuz və əsassızdır. O izahatında da bildirmişdir ki, 12.000 manat və ikinci dəfə 40.000 manat almışdır. Pulu manatla aldığı təqdirdə, hansı səbəbdən və hansı qanunvericiliyə uyğun dollar məzənnəsi ilə qaytarmalı olması aydın deyil və məhkəmə tərəfindən əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri yalnız təmin edilmiş iddia tələbinin həcmi ilə olub və borc münasibətlərinin mövcudluğu hər hansı formada mübahisələndirilməyib. Tərəflər arasında yaranmış münasibət üzrə cavabdehin borclu olduğu məbləğin məhz 55.000 ABŞ dolları olması xx.xx.2019-cu il tarixli iltizamda təsbit edilib və həmin iltizam cavabdeh tərəfindən imzalanıb. Cavabdeh iltizamtakı imzanın ona aid olmamasını mübahisələndirməmiş, bu barədə məhkəmədə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə birinci instansiya məhkəməsində vəsatət verməmişdir. Əksinə, onun nümayəndəsinin sualına cavab olaraq iltizamı imlayarkən ona heç bir təsir göstərilmədiyini bildirmişdir. Cavabdehin 55.000 ABŞ dolları məbləğində borcunun olması onun Sabirabad RPŞ-də verdiyi izahatda təsdiq edilib. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda borcun valyutası haqlı olaraq ABŞ dolları kimi göstərilib. Cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə qanunsuz, əsassız və mülahizə xarakterlidir, hər hansı maddi hüquq normasına istinad yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdilər ki, cavabdeh dəfələrlə 55.000 ABŞ dollarının ödənilməsinə söz versə də, bunu etməmişdir. Sonuncu dəfə söz vermişdir ki, bu ilin aprelin 15-dək borcunu ödəyəcəkdir. İşdə olan iltizam Rafael adlı ümumi tanışları tərəfindən tərtib edilmiş və cavabdeh onu imzalamışdır. Həmin görüşdə danışılanlar CD diskə yazılmış və iş materiallarına əlavə edilmişdir. Cavabdeh özü də birinci instansiya məhkəməsində təsdiq etmişdir ki, iltizamda olan imza ona məxsusdur.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən qətnamənin təmin olunmuş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia cavabdehdən 55.000 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 55.000 ABŞ dolları ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin 457, 84 məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır.

21. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hazırkı mübahisə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normaları ilə deyil, əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir.

22. Bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

23. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş əsassız varlanma obyekti olan 55.000 ABŞ dolları məbləğində pul sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır.

24. Belə ki, tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı razılaşmaya əsasən iddiaçı tərəfindən evin dəyərini təşkil edən 55.000 ABŞ dolları cavabdehə ödənilsə də, sonradan iddiaçı evi bəyənmədiyini bildirərək ödənişi geri istəmiş, cavabdeh də bununla razılaşmış, lakin ödənilmiş vəsaiti qaytarmağa vəd etsə də, bunu etməmişdir.

25. Göründüyü kimi, hazırda cavabdeh hər hansı müqavilə və ya hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış, yəni əsassız varlanmışdır.

26. Cavabdeh xx.xx.2019-cu il tarixdə tərtib olunmuş iltizama imza edərək bildirmişdir ki, dostu Sabirabad rayon sakini İddiaçı ilə Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən ona məxsus həyət evinin alqı-satqısı barədə qarşılıqlı razılığa gələrək ondan həqiqətən əvvəlcədən 55.000 ABŞ dolları almışdır. Lakin müəyyən səbəbdən qeyd edilən evin alqısatqısı baş tutmadığı üçün üzrlü səbəbdən bugünə kimi İddiaçı qaytara bilmədiyi 55.000 ABŞ dollarının və ya hazırki vaxtda yeni Azərbaycan manatı ilə ekvivalenti olan 93.000 manat məbləğində pulu yaxın vaxtda nağd qaydada İddiaçı qaytaracaqdır.

27. İş materiallarında olan birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasına dair protokoluna, habelə həmin iclasın işə əlavə edilmiş audio-video yazısına əsasən müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh iltizamdakı xəttin ona məxsus olmadığını bildirmiş, lakin iltizamdakı imzanın ona aid olduğunu qəbul etmişdir. Eyni zamanda, iş materiallarında cavabdeh tərəfindən birinci isntansiya məhkəməsinə təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçrilməsi barədə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı vəsatət də yoxdur.

28. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı da təsdiq etmişdir ki, iltizamı onların Rafael adlı ümumi tanışları tərtib etmiş, lakin imzanı cavabdeh icra etmişdir. Həmin görüşdə danışılanlar CD diskə yazılmış və iş materiallarına əlavə edilmişdir.

29. Göründüyü kimi, cavabdeh qeyd olunan iltizamı imza etməklə iddiaçıdan 55.000 ABŞ dolları məbləğində pulu almasını etiraf etmişdir. Cavabdeh iddiaçıya ödənilməli olan məbləğin 52.000 manat olduğunu bildirirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(006)- 4011/2022 saylı qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia cavabdehdən 55.000 ABŞ dolları pulun tutulması hissəsində təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 55.000 (əlli beş min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 457 (dörd yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar