Məhkəmə qərarları › İş №2(103)-2814/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2814/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2814/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)- 1132/2016 nömrəli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü Məhərrəmova Şəbnəm Səlahəddin qızı və xx.xx.2012-ci il təvəllüdlü Məhərrəmova Səbinə Səlahəddin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Məhərrəmov Səlahəddin Fərhad oğlundan hər ay hər uşaq üçün sabit məbləğdə 60 manat, cəmi 120 manat məbləğində alimentin tutulması qət edilmişdir.

2. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 nömrəli Bakı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-M35741/23 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 327,21 manat əmək pensiyası alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Məhərrəmov Səlahəddin Fərhad oğlu ilə nikahlarından doğulmuş xx.xx.2009- cu il təvəllüdlü Məhərrəmova Şəbnəm Səlahəddin qızının və xx.xx.2012-ci il təvəllüdlü Məhərrəmova Səbinə Səlahəddin qızı adlı uşaqların saxlanması üçün hər ay 220 manat olmaqla iki uşaq üçün ayda 440 manat aliment məbləğinin Məhərrəmov Səlahəddin Fərhad oğlunun anası Cavabdeh tutularaq uşaqlar 18 yaşına çatana qədər ona ödənilməsini və mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1132/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə keçmiş əri Məhərrəmov Səlahəddin Fərhad oğlundan birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Məhərrəmova Şəbnəm Səlahəddin qızı və xx.xx.2012-ci il təvəllüdlü Məhərrəmova Səbinə Səlahəddin qızı adlı uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2016-cı ildən bu günə qədər cavabdehdən alimentin tutulması, qətnamənin icrası mümkün olmamışdır. Ümumiyyətlə aliment ödənişi olmamışdır.

5. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, uşaqların nənəsi Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Məhərrəmova Şəbnəm Səlahəddin qızının və xx.xx.2012-ci il təvəllüdlü Məhərrəmova Səbinə Səlahəddin qızının 18 yaşına çatanadək hər uşaq üçün hər ay 60 manat, cəmi 120 manat alimentin və mediasiya üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsinə (hakim Ruslan Mirzəliyev) əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin oğlu Məhərrəmov Səlahəddin barədə inzibati cəzalar tətbiq edilmiş və həmin hallar müəyyən edilmişdir, (müvafiq məhkəmə qərarları ilə) ancaq bu kimi əhəmiyyətli olan hallar nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi, cavabdehin oğlunun aliment ödəmədiyinə görə bir neçə dəfə inzibati qaydada cəzalandırılmasına dair dəlilləri aydınlaşdırmamışdır. Bundan başqa yerli qanunvericiliyin tələbinə görə aliment nənə və babadan tutulması hallarına belə toxunmamış və aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin pensiyası xəstəliyi ilə əlaqədar onun öz müalicəsinə kifayət etmir.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

8. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

9. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, hazırki iddia tələbinin əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir.

20. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyi yetkinlik yaşına çatmayan nəvənin saxlanılması üçün öz valideynindən maddi yardım ala bilmədikdə baba və nənədən aliment almaq hüququnu müəyyən etsə də, həmin norma onların bunun üçün öz valideyinlərindən maddi yardım ala bilməməsi yəni valideyinin əmək qabiliyyətli olmaması və ya əlillik dərəcəsinin olmasını ehtiva edir.

21. İş materiallarından da görünüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(008)-1132/2016 nömrəli qətnaməsinə əsasən aliment öhdəliyi yaranmış Məhərrəmov Səlahəddin Fərhad oğlu əmək qabiliyyətli şəxsdir.

22. Həmçinin nənə babanın aliment öhdəliyinin yaranması üçün qanunvericiliyin şərti onların zəruri vəsaitə malik olmalarıdır. Cavabdeh nəvələrinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə müvafiq qaydada iddia tələbini əsaslandığı, yəni cavabdehlərin tələb edilən məbləğdə pulu ödəmək üçün zəruri vəsaitə malik olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

23. Elektron-məhkəmə informasiya sisteminin “əmlak və gəlir məlumatları” bölməsindən cavabdehin yaşa görə 363,85 manat məbləğində pensiya aldığı məlum olur.

24. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü Məhərrəmova Şəbnəm Səlahəddin qızı və xx.xx.2012-ci il təvəllüdlü Məhərrəmova Səbinə Səlahəddin qızının yetkinlik yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh qismində çıxış edən onların nənəsi Cavabdeh tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanının olmasına dair sübut təqdim edilməməsini, cavabdehin ahıl yaşlarında olması və mövcud xəstəliklərini, habelə hazırda Məhərrəmov Səlahəddin Fərhad oğlundan alimentin tutulması barədə qüvvədə olan qətnamənin mövcudluğunu nəzərə alaraq, iddianın təmin edilməsi məqsədəmüvafiq hesab edilməməlidir.

25. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması, uşaqların atası Məhərrəmov Səlahəddin Fərhad oğlunun əmək qabiliyyətli olması nəzərə alınmalıdır.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar