Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2816/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi və tərəflərin iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1309/24 saylı iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 1943/2023 saylı qətnaməsi ilə İddiaçı ilə X4 arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 anasının himayəsində saxlanılmış, İddiaçı Cavabdeh xeyrinə, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh "xxxx" MMC-də səyyar/pərakəndə satış üzrə ticarət agenti vəzifəsində işləyir və 500 manat əmək haqqı alır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1943/2023-cü il saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda 500 manat əmək haqqı alır. Halhazırda 150 manat ödəyə bilər. Uşağın anası da hal-hazırda sığorta şirkətində işləyir. Onun da aylıq gəliri var. Uşaq üzərində hər iki valideyn eyni dərəcədə hüququ və vəzifələrə malikdirlər. Onun da uşağın ehtiyaclarını ödəmək üçün onunla bərabər vəzifəsi vardır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1309/24 saylı iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı 300 manat məbləğində aylıq aliment müəyyən edilən zaman onun mülkiyyətinə olan avtomobil əlavə gəliri olduğunu, hazırda həmin avtomobilə cavabdehin də payı müəyyən olunduğudan əlavə gəlir yerinin artıq olmadığını bildirsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 1943/2023 saylı qətnaməsində alimentin məbləğinin müəyyən edilməsi zamanı iddiaçının hazırda qeyd etdiyi hallar müəyyən edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112.1, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 övladı var və valideynlərdən hər ikisi işləyir. 300 manat alimenti ödəyə bilməyəcəyi təqdirdə icra məmurları tərəfindən barəsində qanuna müvafiq olaraq tədbirlər görüləcək və bu da hər iki tərəfin mənafeyinə zidd olan haldır. N i k a h pozularkən aralarında razılıq əldə edilmişdi ki, avtomobillə bağlı cavabdehin iddiası olmayacaq və o, avtomobildən işdən sonra əldə edəcəyi gəlirdən aliment ödəyəcək. Lakin sonradan birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı iddia qaldırmış və avtomobilin üzərində onun yarı payı müəyyən edilmişdir. Məhkəmə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini göstərmişdir. Həmin qanuna əsasən əmək qabiliyyətli əhali üçün 287 manat təşkil etdiyi də qeyd edilmişdir. Əmək haqqından 300 manat ödədikdə ona 200 manat qalır və bu da təbii ki onun tələbatlarının ödənilməsi üçün kifayət deyil. Nəzərə alınsa ki, cavabdeh də işləyir və əmək haqqı alır, məhkəmənin bu qərarı ədalətsizdir.
9. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
11. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir.
19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu
20. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, ailə qanunvericiliyi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə alimentin azaldılma imkanını nəzərdə tutur.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin.
26. Hazırkı mübahisə üzrə iddiaçı hal-hazırda rəsmi qazancından başqa əlavə gəlirlərinin olmadığının, rəsmi qazancının isə aşağı olduğuna istinad edərək təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və hər uşaq üçün 150 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin tələbin təmin olunması son nəticədə uşağın əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPMnin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.