Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2830/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh İB-nin nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Xətai Məhkəməsinin e-2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı anasının himayəsində olmaqla anası, nənəsi və bacısı ilə birlikdə yaşamışdır. Cavabdeh əməkdaşının səhlənkarlığı ucbatından İddiaçı anası, nənəsi və bacısı ölmüşdür.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli hökmü ilə Cavabdeh əməkdaşı olmuş X9 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.
3. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən X1 Məhəmməd Namiq oğlunun anası, X5 onun bacısıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 100.000 manat mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, cavabdehin işçisi sahə ustası X14 ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan yerinə yetirilən tədbirlərin həyata keçirilməsinə, istismarda olan qaz kəmərlərinin, cihazların və qurğuların texniki vəziyyətinə nəzarətə, təbii qazın istifadəsindən hər hansı təhlükə yaranarsa, həmin an qazın nəqlini dayandırıb, müvafiq tədbirləri yerinə yetirməyə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə bütün tədbirləri yerinə yetirməyə və qaz kəmərlərinin təftiş qrafikinin tərtibində iştirak edib, vaxtlı-vaxtında qrafik üzrə təftişi yerinə yetirərək, nəticələri barədə akt tərtib etməyə cavabdeh şəxs olaraq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə iddiaçının anası Mətanət Bayramova, bacısı Məlahət Bayramova və nənəsi Elmira Xəlilova ölmüşdür. Belə ki, təqsirli şəxs Bakı şəhəri Nizami rayonu Qaz İstismar sahəsinin 2 saylı Qaz İstismar xidmətinin sahə ustası vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibət bəsləyərək vəzifə səlahiyyətlərini lazımi qaydada həyata keçirməyib 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın 1.13, 1.19, 3.110, 3.79, 3.84, 3.86, 9.230 bəndlərinin, eyni zamanda 06 mart 2006-cı il tarixdə təsdiq olunmuş «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat»ın 1.8, 1.11, 2.3, 3.1, 3.2 bəndlərinin, «Təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında əhali üçün, xx.xx.2009-cu il tarixli Müqavilə»nin 2.1.8, 2.2.1, 4.1-ci bəndlərinin, həmçinin xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş «Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə tabe olan rayon Qaz İstismar idarəsinin qaz istismar sahəsinin sahə ustasınm vəzifə təlimatı»nın tələblərini pozaraq, fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmaqla, 28 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsi 23/1-də yerləşən mənzildə yaşayan X12, X6 və azyaşlı X2 yatdıqları zaman dəm qazının təsirindən boğularaq ölmələrinin texniki səbəbi olmuş hərəkətsizlik göstərmiş, yəni səhlənkarlıq etmişdir. İddiaçının anasının, bacısının və nənəsinin ölümünə səbəb olmuş Cavabdeh İB-nin Bakı şəhər Nizami rayonu Qaz İstismar sahəsinin 2 saylı Qaz istismar xidmətinin sahə ustası vəzifəsində işləyən X3 Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli hökmü ilə CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində o, davamlı iztirab, sarsıntı keçirir. Cavabdehin işçisinin təqsiri üzündən iddiaçı ana qayğısından məhrum olmuşdur. Cavabdehin işçisinin təqsiri üzündən bacı qayğısından da məhrum olmuşdur. Cavabdehin işçisinin vurduğu mənəvi zərərin ağırlığı üçqatdır. Çünki hər bir nəvənin sevimlisi olan nənə nəvazişindən də məhrum qalmışdır. Nizami Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli qanuni qüvvə minmiş hökmü ilə işçisinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlığını ifadə etmək üçün əlavə sözlərə ehtiyac duyulmur. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur
6. Bakı şəhəri Xətai Məhkəməsinin e-2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli (hakim Aygün Həsənova) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq cavabdehdən 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 315 (üç yüz on beş) manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının anası, bacısı və nənəsinin vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma anası, bacısı və nənəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən anasının, bacısının və nənəsini ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının, bacısının və nənəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anası, bacısı və nənəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının anası, bacısı və nənəsinin ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, anası, bacısı və nənəsinin ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 75.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, Cavabdeh İBdən 315 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Qətnamədən Cavabdeh İB (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6108/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma anası, bacısı və nənəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instaniya məhkəməsinin mənəvi ziyan tələbi ilə bağlı iddianı qismən təmin etməsini də düzgün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının, bacısının və nənəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edərək, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anası, bacısı və nənəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin normalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh İB-nin işçisi barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbi olmaması, iddiaçının hazırki iddianı qaldırmasını və onun yaxın insanlarının ölümü nəticəsində mənəvi iztirab keçirməsini istisna etmir. Bundan başqa kollegiya apellyasiya şikayətinin “hazırki iş üzrə iddianın təmin olunaraq Cavabdeh İB-dən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə Cavabdeh İB tərəfindən iddia qaldırılaraq X7 tələb oluna bilər. Bu da özlüyündə Zaur Məstanov eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaqdır” barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, X14 barəsində aparılan cinayət işi üzrə sonuncu heç bir mülki hüquqi məsuliyyətə cəlb edilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən işçisinin ona vurduğu ziyan tələbi ilə sonradan öz işçisinə qarşı iddia qaldırması onun öz hüququdur. Onun öz hüququndan istifadə edib-etməməsi hazırki iddia ilə hər hansı bir bağlılığı və hazırki iddianın əsassızlığına təsiri yoxdur. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2.,1096.1,1096.2,1097.1., 1099.1, 1099.2.-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına,“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 82.4.-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən Cavabdeh İB (nümayəndəsi və vəkili Vəkil3 Alisahib oğlu) kassasiya şikayəti verərək ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-641/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər – Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), m Elşanə Vəliyeva və m Elşad Şamayev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6108/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən məlum olur ki, məhkəmələr cavabdehin işçisinin səhlənkarlığı nəticəsində iddiaçının nənəsinin, anasının və bacısının vəfat etməsini, və cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını məhkəmələr işin mübahisəsiz halı kimi qəbul etmişlər. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələrin qənaətinə görə, göstərilən şəxslərin hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir, işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, vurulmuş mənəvi zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassasiya şikayətinin dəlilləri müstəvisində dəyərləndirilməlidir. İlk olaraq, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin isə təmin olunmamasını xahiş etmiş və şikayətində göstərmişdir ki, Cavabdehndən mənəvi zərərə görə 75.000 manat məbləğində pul vəsaiti alınması ilə bağlı ümumiyyətlə iddiaçı tərəf iddia tələbini təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində də cavabdehdən 75.000 manat mənəvi zərərin alınaraq iddiaçiya ödənilməsi ilə bağlı heç bir əsaslandırma aparılmamışdır, hər hansısa bir sübuta istinad edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi X9 təqsirli bilindiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin Zaur Məstanovdan şikayət və tələbinin olmaması, ümumiyyətlə X9 mənəvi zərəri ödəyib-ödəməməsi hallarını yoxlamamışdır, ümumiyyətlə öz qətnaməsində bu məsələləri araşdırmamışdır. Hazırki iş üzrə iddianın təmin olunaraq Cavabdeh İB-dən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə Cavabdeh İB tərəfindən iddia qaldırılaraq X7 tələb oluna bilər. Bu da özlüyündə Zaur Məstanov eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaqdır. Bununla da birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə çıxarmışdır.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İddiaçı tərəf əlavə olaraq bildirdi ki, onun babasına cavabdeh Birlik tərəfindən heç bir ödəniş edilməyib. Cavabdeh bu dəlili ilkin olaraq kassasiya şikayətində qeyd etsə də, onu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Hazırda ailə üzvlərindən yalnız babası qalıb, xəstədir və babasına da özü baxır.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
20. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X8 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
21. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
27. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
28. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
29. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
30. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən iddianın təmin edilən hissəsində iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla qalan mübahisələndirilən hissədə iddia haqlı sayılır.
31. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat tələb edib, məhkəmə isə 75000(yetmiş beş min)manat hcmində təmin etmişdir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.
32. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf anasını, nənəsini və bacısını itirən azyaşlının (hadisə baş verərkən iddiaçı 9 yaşında olmuşdur.) mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbəttə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə şikayətlərdə uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun doğmalarını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.
33. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin qismən təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.
34. Bunlarla yanaşı, iddiaçının babası və digər qohumları qeyd olunan faktla əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etməmişdir. Düzdü kassasiya şikayətində iddiaçının babasının guya əvvəllər cavabdehdən 74000 manat təzminat aldığı qeyd edilmişdir. Lakin belə bir hal olmamışdır. Ən azından yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bu halın həqiqi olduğunu təsdiq etmədi. Apellyasiya baxışı zamanı tərəflərin izahatından bəlli oldu ki, iddiaçının hazırki iddia ilə məhkəməyə hadisə baş verəndən uzun illər sonra müraciət etməsi onun azyaşlı və sonradan hərbi xidmətdə olması ilə bağlı olmuşdur. Bununla yanaşı, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. Əlbətdə ki, iddiaçının hələ uşaqikən hər kəsdən artıq keçirdiyi bu mənəvi əzab ölçüyə gəlməz sayılır. Ona görə də iddiaçının alacağı mənəvi zərərin əvəzinin onu həddən artıq zənginləşdirməsi barədə yanaşma da açıq-aşkar əsassız hesab edilir. 35.Göstərilənlərə baxmayaraq, iddiaçı iddiasının qismən təmin edilməsini mübahisələndirməsə də cavabdeh təmin edilən həmin hissəni mübahisələndirir. Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləği hissəsində gəldiyi nəticə ilə razılaşmamışdır. Əsas təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğunun kifayət qədər əsaslandırılmaması olmuşdur. Ona görə də kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişlər, cavabdeh tərəfin iqtisadi vəziyyəti, təqsirinin dərəcəsi və hər bir ölmüş şəxsə görə 11000 manat həcmində iddianı qəbul etməsi nəzərə alınmaqla qət edilən məbləğ azaldılmalıdır.
36. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi mənəvi zərərin əvzinin məbləği hissəsində dəyişdirilməli və mənəvi zərərin məbləği azaldılaraq 45.000(qırx beş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilsin və mənəvi zərərin əvəzi azaldılaraq 45.000(qırx beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.