Məhkəmə qərarları › İş №2(103)-2839/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2839/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2839/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-372/2024 nömrəli 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 22 oktyabr N5-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.N5-ci il tarixdə Göygöl rayonu Toğanalı kəndində qayadan yıxılaraq vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N5-ci il tarixdə 53 saylı akt qeydi aparılmışdır.

2. 11 oktyabr N6-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə görə X12 xx.xx.N6-cı il tarixdə Qobustan rayonunda ürək çatışmazlığından vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N6-cı il tarixdə 63 saylı akt qeydi aparılmışdır.

3. Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)-084/N6 nömrəli hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən X7 təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş; sınaq müddəti ərzində X4 davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə İcra orqanına həvalə edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70,5-ci maddəsinə əsasən X4 üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu şuralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuş; X7 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanunu qüvvəsini alıb icraya yönəldiyi vaxtdan hesablanmış; X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmış; X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən X8 təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş; sınaq müddəti ərzində X5 davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə icra orqanına həvalə edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X5 üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu şuralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuş; X8 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanunu qüvvəsini alıb icraya yönəldiyi andan hesablanmış; X14 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmış; iş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı müvafiq göstərişlər verilmişdir.

4. 08 iyul N6-cı il tarixli hökmün icrası barədə göstərişə əsasən Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)-084/N6 saylı hökmü qanun qüvvəsini almış və icraya yönəldilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 50.000 manat, ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, cəmi 50.240 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X13 və X14 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətini aşaraq oğlunun ölümünə səbəb olmuşlar. Belə ki, X17 Nazirliyinin Göygöl raonunda yerləşən N saylı hərbi hissəsinin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, kapitan rütbəsində hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin «1-ci və 2-ci motoatıcı taborların müdafiə rayonlarında partlayan və partlamayan mühəndis maneələrinin qurulması haqqında» xx.xx.N5-ci il tarixli, 0121 saylı əmrinə əsasən həmin əmrin icrası ilə əlaqədar yaradılmış qrupun rəhbəri təyin edilməklə, ona 2-ci taborun şərti olaraq «Camış orta» adlanın döyüş postunun cinahlarında mühəndis maneələrinin, habelə tikan tel maneəsinin qurulması işlərinin davam etdirilməsi tapşırılmışdır. Hərbi hissə komandiri tərəfindən Tərlan Əliyevə tikan tel maneəsinin quraşdırılmasında dirək kimi istifadə etmək məqsədilə, qışa hazırlıqla əlaqədar hərbi hissəyə tədarük olunan oduncaqların budaqlarından, habelə hərbi hissənin maddi-texniki təminat bölüyündə olan, söküntülərdən çıxmış müxtəlif materiallardan seçmək barədə göstəriş verilməsinə baxmayaraq, Tərlan Əliyev rəis kimi digər şəxsi marağa görə, yəni nisbətən düz və eyni ölçülü ağac dirəklər əldə edərək ona tapşırılmış işi daha rahat və asan görə bilmək, habelə özünü bacarıqlı və işgüzar komandir kimi göstərmək məqsədilə, döyüş şəraitində qulluq səlahiyyətini aşaraq, Xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid olduğundan Milli Parkların ərazisində oduncaq tədarükünün aparılmasının ümumiyyətlə qadağan olunmasına baxmayaraq, qanunsuz olaraq, xx.xx.N5-ci il tarixdə saat 16 radələrində bölüyün hərbi qulluqçularından ibarət qrupu bölüyün dayaq məntəqəsindən 3 km məsafədə, Göygöl Milli Parkının ərazisində yerləşən «Üç bulaq» adlanan dağlıq ərazidəki meşə sahəsinə aparmış, ərazidəki avtomaşın yolundan keçənlərin onların qanunsuz olaraq milli park ərazisində ağac kəsmələrinin şahidi olmamaları üçün həmin hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhlükə altında qoyaraq, avtomaşın yolunun sol tərəfində əks istiqamətə aşağıya doğru axan Kürəkçay çayını keçib, 70 metr yüksəklikdə yerləşən, mövsümlə əlaqədar torpağı palçıqlı və ağac yarpaqları ilə örtülü olduğundan sürüşkən olan, sərt yoxuşlu, sıldırım qayalıqlı dağlıq meşə sahəsinə qalxmalarına göstəriş vermiş, Tərlan Əliyevin rəhbərliyi və qanunsuz göstərişi ilə işçi qrupu tərəfindən meşədən diametri 15-20 sm, uzunluğu 2 metr olan təxminən 80 ədəd ağac dirək kəsilərək bir qədər aşağı daşındıqdan və üç topa yığıldıqdan sonra saat 18 radələrində qrup xidmət yerinə qayıtmışdır. Növbəti gün, xx.xx.N5-ci il tarixdə saat 09 radələrində Tərlan Əliyev qanunsuz göstərişlərini davam etdirərək, xidməti vəzifələrinin icrasına daxil olmamasına, həftənin bazar günü olduğundan şəxsi heyətin istirahəti üçün tədbirlər planlaşdırılmasına, gecə yağış yağdığından yer sürüşkən olduğuna görə əsgərlərin dağdakı həmin meşə sahəsinə yenidən qalxmalarının, eləcə də orada işləmələrinin daha da təhükəli olmasına, qeyd olunan şəraitdə işlərin görülməsi ilə bağh təcrübə və bacarıqlarının olmamasına, xüsusi mühafizə vasitələri ilə təchiz edilməmələrinə baxmayaraq, əvvəlcədən ərazinin relyefi, təhlükəli sahələri, orada işləməyin çətinlikləri və işin təhlükəsiz görülməsi üçün zəruri ola biləcək digər hallarla bağlı məlumatlandırmadan, bölüyün 1-ci tağım komandiri, baş leytenant X8 bölüyün əsgərlərindən bir qrup seçib bir gün əvvəl özünün rəhbərliyi ilə ağac dirəklərin doğranaraq toplanıldığı dağlıq meşə sahəsinə getmələrini və həmin dirəkləri yuvarladaraq yuxarıdan aşağı, çayın kənarına, avtomaşın yoluna yaxın yerə düşürtmələrini tapşırmışdır. Onun qanunsuz göstərişinə əsasən Ramil Zeynalovun başçılığı ilə 13 nəfər əsgərdən ibarət qrup ağac dirəklərin yığıldığı yerə getmiş, saat 11 radələrində Ramil Zeynalov qrup üzvlərinə meşə sahəsinə qalxıb orada kəsilərək toplanmış ağac dirəkləri yuxarıdan aşağı istiqamətə çayın kənarına yuvarlamağı tapşırmış, özü isə aşağıda qalaraq onları gözləmiş, iş meydançasına qalxmayaraq iş yerinin düzgün seçilməsini, əsgərlər arasında funksiyaların düzgün bölüşdürülməsini, əsgərlərin təhlükəli, yəni qayalıq, sərt yoxuş, sürüşkən ərazilərə keçmələrinin qarşısının alınması üçün tədbirlər görülməsini və işlərə nəzarət olunmaqla əməliyyatların təhlükəsizlik qaydalarının tələblərinə uyğun ardıcıl və təhlükəsiz yerinə yetirilməsini təmin etməmişdir. Nəticədə saat 11:20 radələrində ağac dirəkləri aşağıya doğru yuvarlayarkən ayaqları sürüşüb yıxılan əsgər X10 uzun müddət müalicə tələb edən, sağlamlığına az ağır zərərvurmaya aid olan «sağ dirsək sümüyünün sınığı, başın alın nahiyəsinin əzilmişçapılmış, bel və hər iki aşağı ətrafın çoxsaylı sıyrılmış yaraları» xəsarətləri, əsgər X1 zərər vurmadığına görə dərəcəsi təyin edilməyən «döş qəfəsinin sol ön səthinin sıyrılmış yarası» xəsarətləri almış, həmçinin əsgər X9 ayaqları sürüşüb dağlıq meşə sahəsinin sol cinah istiqamətindəki qayalıqdan yıxılaraq həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən «1-ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması, başın və bədənin çoxsaylı əzilmiş-cırılmış, sıyrılmış yaraları və qançırları, təpə sümüyünün çatı, sol böyrəyin kontuziyası» xəsarətləri almış və 1ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması səbəbindən hadisə yerində ölmüşdür. Ölən əsgər X9 onun oğludur. Asəf, hərbi hissə komandirinin N mart N5-ci il tarixli 89 saylı əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci tağımının 3-cü manqasında istehkamçı vəzifəsinə təyin edilmişdir. 04 oktyabr N5-ci ildə saat 17 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Şöbəsindən həyat yoldaşına zəng edərək, oğlunun meşədə odun yığarkən ayağının sürüşməsi nəticəsində qayadan yıxılıb öldüyünü bildirmişlər. Oğlunun ölümünə bais olan şəxslərin barəsində cinayət işi başlanılmış və Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1- 1(095)-084/N6 nömrəli hökmü ilə X13 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1., 341.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzaları şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. 08 iyul N6-cı ildə hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməyi, iztirablara məruz qalmağı mübahisəsizdir. Bu günədək həm oğlunun, həm də onun ölümünə dözməyərək ürəyi partlayan həyat yoldaşının yoxluğunun acısını, iztirablarını, sarsıntılarını çəkir. Tənha qalmışdır. Bir ana üçün övladını itirməyin nə demək olduğunu yalnız eyni halı yaşamış ana başa düşər. Bir qadın üçün övladının ölümünün yaşatdıqlarını bölüşə biləcəyi həyat yoldaşının olmamasını isə sözlə ifadə etmək mümkün deyil. Ürəyi sızlayır, daxili qan ağlayır, canlı bir ölü kimidir. Evi onun üçün qaranlıq bir məzar kimidir. Sevincini və kədərini paylaşdığı oğlu və həyat yoldaşı yoxdur. Bəzən səhərədək yata bilmir, bəzən isə yuxudan ayılanda yuxulu-yuxulu elə bilir oğlu və həyat yoldaşı evdədirlər. Sonra yadına düşür ki, onlar artıq yoxdurlar. Onları görmək, yenidən ünsiyyətdə olmaq istəyir lakin, əli heç yerə çatmır. Acizlik çəkir. Bu hal davamlı olaraq baş verir. Yaraları, çəkdiyi iztirablar çox dərindir. Hadisə nəticəsində və ondan sonra, indiyədək yaşanan streslər, iztirablar, acizlik, əzablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2024-cü il tarixli 2(006)-372/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 240 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə göstərmişdir ki, qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, iddiaçının oğlunun gənc yaşında vəfat etməsinə səbəb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X4 və X5 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları olmuşdur. Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1- (095)-084/N6 saylı hökmü ilə X4 və X5 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Həmin şəxslərin döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları nəticəsində iddiaçının oğlunun ölməsi işin mübahisəsiz halıdır.

9. Məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə iddiaçının yuxarıda qeyd edilən hökmdə təsvir edildiyi səbəblərdən, göstərilən vaxtda və şəraitdə ölməsi, vəfat edən şəxsin atasının bundan sarsılaraq oğlunun ili çıxmamış ürək çatmamazlığından ölməsi faktları şübhəsiz ki, istənilən şəxs kimi iddiaçının da mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçı tam şəkildə sarsılmış, qısa müddət ərzində oğlunu və həyat yoldaşını itirməsi, tək və köməksiz vəziyyətdə qalması onun şüuruna ciddi təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

10. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 50.000 manat məbləği ağlabatan hesab etməmişdir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının oğlunun məruz qaldığı hüquqazidd əməlin növünü, davam etdiyi müddəti, hüquqazidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqazidd əməlin iddiaçının oğlunun ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 40.000 (qırx min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır.

11. Məhkəmə gəldiyi nəticəni «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Mülki Məcəllənin 21, 43.3, 1096.1, 1097.1, 1100, 1115, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin cavabdeh Müdafiə Nazirliyinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi Müdafiə Nazirliyinə münasibətdə təmin edilməli idi. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Kollegiya tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

21. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

22. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

24. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iddiaçının oğlu X3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X13 və X5 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətini aşmaları nəticəsində ölməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

34. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

35. İddiaçının öz övladını itirməsi nəticəsində sarsıntılar, psixoloji stress və emosional gərginlik keçirməsi, şüurunda mənfi halların yaranması, iztirablar yaşaması işin mübahisəsiz halıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.

37. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

38. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

39. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

40. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir.

41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-372/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar