Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2841/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı x oğlunun və nümayəndəsi və vəkili X3, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Fı̇ rması və “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsi ilə bağlı digər mübahisələr” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(005)-517/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh2 Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 Firması arasında 21 yanvar 2010-cu il tarixli MQ-M/21-01 saylı və 29 may 2012-ci il tarixli MQ-M/29-05 saylı Müqavilələr bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.m sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Daha sonra Cavabdeh2 Firması özünə məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) əldə etmişdir. ASC “Xalq” Bankı ilə Cavabdeh2 Firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000,00 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000,00 manat təşkil etmişdir. 08 iyul 2015-ci il tarixdə tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh2 Firması 4 oktyabr 2018-ci il tarixinədək 17.000.000,00 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 04 oktyabr 2013-ci il tarixli, sonradan isə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Hesab edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır. “xxxx” ASC və Cavabdeh2 Firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış Kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması” kimi göstərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 Firmasına 7.000.000,00 manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən 2 ildən də az müddət keçdikdən sonra “xxxx” ASC və Cavabdeh2 Firması arasında 08 iyul 2015-ci il tarixində yeni Kredit müqaviləsi bağlanaraq, Cavabdeh2 Firmasına 17.000.000,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə “ünvan 3 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması” qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixində tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən 2 ildən az müddət keçdikdən sonra isə həmin kreditdən 3 dəfə çox məbləğdə kredit eyni məqsəd ilə Cavabdeh2 Firmasına verilir. Bununla da, həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X5 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydalar”-nın tələbləri “xxxx” ASC tərəfindən kobud şəkildə pozulmuşdur. 30 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul edib və Qaydalar qüvvədən düşüb. Bundan başqa, Qaydalara əsasən “xxxx” ASC Cavabdeh2 Firmasının maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh2 Firmasının özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Hər kəs bildiyi kimi, banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıq aşkar görünür ki, “xxxx” ASC tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. “xxxx” ASC-nin kredit rəsmişləşdirilən Filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, bundan əlavə biznes plan da mövcud olmamışdır. Təəssüflər olsun ki, hazırki İpoteka müqaviləsi üzrə Qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Həm qanunvericiliyin tələblərinə, həm də ümumi qəbul edilmiş praktikaya əsasən ipoteka saxlayan hər hansı daşınmaz əmlakı ipotekaya götürən zaman, ipoteka predmetini təşkil edən daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər zəruri sənədlərin yoxlanılmasında əlavə, daşınmaz əmlaka yerində baxış keçirir. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasına “xxxx” ASC-nin nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh2 Firması da təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə iddiaçılar və Cavabdeh2 Firması arasında bağlanan müqavilələr əsasında iddiaçılar onlara məxsus əmlaklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, “xxxx” ASC artıq bir neçə ildir ki fəaliyyət göstərən ofis və mağazanı görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. “xxxx” ASC özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olmasını görmüşlər, guya Cavabdeh2 Firması “xxxx” ASC-yə həmin aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, “xxxx” ASC müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin, ona məlum olmayan səbəblərdən “xxxx” ASC bunu etməmişdir. Mübahisə ilə bağlı “xxxx” ASC yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin, yuxarıda da qeyd edildiyi kimi, həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular iddiaçıda “xxxx” ASC-nin vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. “xxxx” ASC ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin iddiaçılara məxsus olmasını bilmişdir. Belə olan halda, “xxxx” ASC vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq bildirilir ki, 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsızdır. Belə ki, 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ümumiyyətlə iddiaçılar barəsində heç bir hüquqi nəticə doğura bilməz. Çünki əmlak iddiaçılara məxsusdur və Cavabdeh2 Firmasının əmlaka dair hər hansı sərəncam vermək səlahiyyəti belə yoxdur. Səlahiyyətsiz şəxsin bağladığı əqd isə bağlandığı andan etibarsızıdır. İddiaçı isə nəinki bəyənmiş, heç əmlakın “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsindən məlumatlı belə olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, ASC “Xalq” Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(005)-517/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(005)-517/2020 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh2 Firması ilə “xxxx” ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 Firmasına illik 16% olmaqla, 60 ay müddətinə 17.000.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Firması ilə “xxxx” ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m təşkil edən qeyri-yaşayış binası “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə Cavabdeh2 firmasının ASC “Xalq” Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2-2(102)-366/17 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 oktyabr 2018-ci il tarixli, İş № 13-2(102)-1(k)/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X10 və X2 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh2 firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı Cavabdeh2 firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh2 firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “Xalq” Bankının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/Sİ.V1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyriyaşayış binasına yönəldilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 firmasından ASC “Xalq” Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan Cavabdeh2 firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 15043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X7 Cavabdeh2 firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X2 Cavabdeh2 firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə iddiaçı Cavabdeh2 firması və üçüncü şəxs Ağa-X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bundan əvvəl də müxtəlif şəxslərin iddiaları ilə mübahisələndirilmiş, işə baxan məhkəmələr müqaviləyə hüquqi qiymət vermiş və onun etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar olmadığından iddia tələblərini rədd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsasların olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İddiaçı və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Məmmədov Qalı̇ b Nı̇ yaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2(005)-517/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2841/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2841/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver