Məhkəmə qərarları › İş №2(103)-2842/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2842/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2842/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2480/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 2(005)-3172/2019 saylı qətnaməsi ilə cavabdehdən 3 (üç) azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X13) uşağının saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 360 manat alimentin miqdarının artırılaraq 420 manat müəyyən olunması barədə qətnamə çıxarılmışdır. Qeyd edir ki, keçmiş həyat yoldaşı Cavabdeh və onun dayısı Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini X3 tərəfindən sifariş ilə iddiaçı keçmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) xx.xx.2012-ci ildə işdən azad edilmişdir. Bu günə qədər hara müraciət etsə də onun hərbi biletində xidmətə uyğunsuzluq olduğuna görə onu heç bir yerdə işə qəbul edilmir. Keçmiş həyat yoldaşı Cavabdeh və onun dayısı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini X3 tərəfindən qərəzli şəkildə iddiaçının qurduğu ikinci ailəsini dağıtmaq üçün alimentin artırılmasına variantlarına əl ataraq qisas alır. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyində əməliyyatçı vəzifəsində çalışaraq fəxri fərmanlara layiq olmuşdur. Bu günə qədər vaxtı-vaxtında çox çətinliklə 3 övladına görə hər ay 360 manat alimenti ödəyir və heç vaxt ödənişi gecikdirmir. Bu onun atalıq borcudur. Cavabdeh başa düşməlidir ki, o yüksək əmək haqqı almır. İddiaçı özəl klinikaların birində gözətçi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 300 (üç yüz) manat təşkil edir. Halbuki o, Saratov Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini bitirmişdir. Keçmiş həyat yoldaşı və onun dayısı iddiaçının karyerasını məhv edərək sifraiş ilə işdən azad etdirmişdir. Cavabdeh heç bir kirayədə qalmır. Cavabdeh Mərdəkanda 2 mərtəbəli evi var. O evi isə nikah dönəmində 2008-ci ildə iddiaçı tərəfindən tikilmiş evdir. O, evi uşaqlarına vermişdir. Hazırda Cavabdeh yüksək markalı avtomobil idarə edir. Bundan başqa Bakı şəhərində onun mənzili var Qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı qətnaməsi ilə müəyyən olunmüş hər 3 uşağa görə 420 manat məbləğin ləğv edilməsi, 3 övladına görə aldığı əməkhaqqının məbləğinə görə hesablanmasına əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2480/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vərərək qətnamənin ləğv edilməsini və 3 övladına görə aldığı əməkhaqqının məbləğinə görə hesablanmasına əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2480/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 794902 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ 921131 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r. İş materiallarında olan 1 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 965388 nömrəli, xx.xx.2014-cü il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X9 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1350 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, PC24/20 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən “xxxx” MMC-də xx.xx.2019-cu il tarixdən gözətçi vəzifəsində işləyir. Aylıq məvacibi 300 manatdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3172/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12852/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddia tələbində göstərilən dəlillərin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına əsas ola bilməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20-ci maddəsinə görə isə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12852/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12333/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X1 şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1456/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə X1 şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12333/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1456/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, cavabdehin başqa qadınla ailə qurması, ondan da iki uşağının doğulması, həmçinin onun xx xxxxxx 2019-cu il tarixdən “xxxx” MMC gözətçi vəzifəsində işləməklə hər ay 300 manat əmək haqqı alması, onun əvvəlki nikahdan doğulmuş üç uşağına minimum dolanacaq xərclərindən az məbləğdə aliment ödəməsi üçün əsas ola bilməz. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçının özünün Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər kafedrasında baş müəllim vəzifəsində işləməsi və hər ay 750 manat əmək haqqı almasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hal da alimentin miqdarının artırılmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin hər ay cəmi ödəyəcəyi 420 manat və üstəgəl iddiaçının hər ay aldığı 750 manat əmək haqqı üç uşağın bir ay ərzində normal yaşaması, qidalanması və sair minimum dolanacaq xərcləri üçün yetərli deyil və hazırki vaxtda üç uşağın normal yaşaması üçün kifayət qədər vəsait tələb olunur və bu gün uşaqların bütün əziyyətini iddiaçı çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Yuxarıda göstərilən hallar mülki işin materialları və işin halları ilə təsdiq edilərək tərəflər arasında mübahisə doğurmadığından və sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan halhazıradək cavabdehin və ya iddiaçının maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, uşaqların diqqətəlayiq maraqları baxımından aliment məbləğinin azaldılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına əsasən haqlı olaraq mübahisənin göstərilən qaydada həll edilməsi nəticəsinə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2480/2020 nömrəli xx xxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2480/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar