Məhkəmə qərarları › İş №2(103)-2844/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2844/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2844/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 31 yanvar 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli məhkəmə aktı ilə iş üzrə icraata xitam vermişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində bu məhkəmə aktı “qətnamə” kimi daxil edilmiş və məhkəmə aktının nəticəsi “iddia qismən təmin edildi” kimi göstərilmişdir. Bundan sonra, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla, onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli aktda yol verilmiş yanlışlığın aradan qaldırılmasını, xx.xx.2022-ci il tarixli məhkəmə aktının adındakı “qətnamə” sözünün “qərardad” kimi oxunmasını, “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılmasını, yekun məhkəmə aktının nəticəsinin “iddia qismən təmin edildi” kimi deyil, “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilməsini qərara almışdır. İddiaçı, həmin (xx.xx.2023-cü il tarixli) qərardaddan vəkili (nümayəndəsi) Vəkil vasitəsi ilə Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi məhkəmə aktı qərardad deyil, qətnamə olmuş, həmin qətnamə ilə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş “miras payının müəyyən edilməsi tələbi barədə” iddia qismən təmin edilmişdir. Bundan sonra, Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı qəbul etməklə iş üzrə gəldiyi nəticəni qanunsuz olaraq dəyişmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətinin təmin edilməməsini, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, qərardaddan verilmiş şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, o, hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş, iş üzrə əlavə izahat vermiş və çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında sədrlik edən hakim iş üzrə məhkəmə araşdırmasının bitdiyini, iş üzrə qətnamə qəbul edilməsi üçün müşavirəyə getdiyi, məhkəmə qətnaməsinin növbəti tarixdə - xx.xx.2022-ci il tarixdə elan ediləcəyini bildirmişdir. Həmin tarixdə, o, qətnamənin elan olunmasına təxminən 10 dəqiqə gecikmiş və bu səbəbdən telefon vasitəsi ilə hakimin işçiləri ilə əlaqə saxlayaraq qətnamənin hansı qaydada qəbul edilməsi ilə maraqlanmış, hakimin işçisi ona bildirmişdir ki, iddia qismən, yəni miras payda payın 1/6 hissədə müəyyən edilməsi hissəsində təmin edilmişdir. Bundan sonra o, “Elektron Məhkəmə” İnformasiya Sistemində də iddianın qismən təmin edilməsi barədə nəticəni də görmüşdür. İşin nəticəsi barədə təmsil etdiyi və hüquqlarını müdafiə edən iddiaçıya məlumat vermişdir. Qətnamənin elanından 1 ay keçməsinə baxmayaraq o, qətnamənin elektron qaydada “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmədiyini görərək hakimə müraciət etmiş və qətnamənin elektron qaydada “Elektron Məhkəmə” İnformasiya Sisteminə hansı tarixdə yerləşdiriləcəyi ilə maraqlanmış, lakin hakim ona bildirmişdir ki, iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə səhv olduğundan, o, qərardad qəbul edərək, iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli aktının “qətnamə” deyil, “qərardad” olmasını, “Elektron Məhkəmə” İnformasiya Sisteminə vurulmuş “iddia qismən təmin edildi” nəticənin isə “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilməsini qərara almışdır. Göründüyü kimi, Rayon Məhkəməsi “yanlışlığın aradan qaldırılması barədə” xx.xx.2023-cü il tarixli qərardadı qəbul etməklə iş üzrə gəldiyi nəticəni qanunsuz olaraq dəyişmişdir. Rayon Məhkəməsinin iş üzrə xitam verilməsi barədə deyil, əslində iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlməsi onunla təsdiq edilir ki, (1) hakim iş üzrə icraata xitam verməli idisə, onda işə 1 il ərzində baxmazdı, (2) xx.xx.2022-ci il tarixdə müşavirəyə çıxarkən hakim elan etmişdir ki, o, qətnamə qəbul etmək üçün müşavirə otağına gedir, (3) hakimin yanında işləyən işçi iddianın qismən təmin edilməsi barədə ona məlumat verməzdi. Məhkəmə, apellyasiya baxışının predmeti olan məsələnin xarakterini nəzərə alaraq Rayon Məhkəməsi tərəfindən 29 və 30 dekabr 2022-ci il tarixlərdə hazırki iş üzrə keçirilmiş iclasların audio-video yazısını özündə əks etdirən informasiya daşıyıcısını (“CD” diski) Rayon Məhkəməsindən götürərək ona baxış keçirmişdir. “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Rayon Məhkəməsində hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında yalnız bir nəfər – iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirak etmiş, iş üzrə digər şəxslər iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamışlar. Vəkili Vəkil iclasda iştirak edərək, iş üzrə əlavə izahat vermiş və çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış hakim (sədrlik edən) məhkəmə araşdırmasının bitdiyini, müşavirə otağına getdiyi, elanın növbəti tarixdə, saat 15:00-da olmasını bildirir. xx.xx.2022-ci il tarixinə aid və 6 saniyə davam edən audio-video yazıdan isə görünür ki, məhkəmə iclas zalında məhkəmə iclas katibindən başqa zalda heç kim yoxdur. Məhkəmənin iş üzrə gəldiyi nəticəni özündə ifadə edən məhkəmə aktı və ya aktın nəticə hissəsi elan olunmur. “CD” diskə keçirilmiş baxış ilə bağlı iddiaçının vəkili (nümayəndəsi) bildirdi ki, Mülki Prosessual Məcəlləsinin tələbinə görə, iş üzrə tərəflər məhkəmə baxışı iclas zalında olmadıqları halda yalnız qətnamənin giriş və nəticə hissəsi elan edilməyə bilər. Amma qərardadlar ilə bağlı bu kimi qayda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) nəzərdə tutulmayıb. Bu hal özü-özlüyündə təsdiq edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qərardad deyil, qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iddiaçı tərəfin qərardaddan verdiyi şikayətdə ifadə olunmuş dəlilləri, habelə apellyasiya baxışı iclasında şifahi olaraq səsləndirdiyi dəlilləri və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən ləğv olunmalıdır. Belə ki, MPM-nin 214.1-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi hallarda hakim tərəfindən qəbul edilmiş qətnamə məhkəmə iclası zalında elan olunmur. MPM-də bu kimi qayda qərardadla münasibətdə nəzərdə tutulmamışdır. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu kimi qayda analogiya ilə qərardadların elanına da aid edilir. Rayon Məhkəməsi hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş məhkəmə aktını iş üzrə tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə elan etməməkdə haqlı olmuşdur. Qəbul edilmiş məhkəmə aktının elan edilməməsi həmin aktın məhz qətnamə olması kimi qiymətləndirilə bilməz. İddiaçı tərəf bildirir ki, Rayon Məhkəməsinin iş üzrə xitam verilməsi barədə deyil, əslində iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlməsi onunla təsdiq edilir ki, hakim iş üzrə icraata xitam verməli idisə, onda işə 1 il ərzində baxmazdı. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxan hakim iş üzrə icraatın xitam verilməsinə əsas verən halları müəyyən etdiyi halda işin icraatına xitam verməsi barədə qərardad qəbul etməlidir. Lakin nəzərə alınmalıdır ki, MPM-nin “İş üzrə icraata xitam verilməsi” adlı 20-ci Fəsilinin müəyyən etdiyi qaydalarda bu kimi prosessual hərəkətin yerinə yetirilməsi imkanı işin baxılması müddəti ilə məhdudlaşdırılmır. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müzakirə edilən bu dəlili əsaslı deyil və Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş məhkəmə aktının qətnamə kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. İddiaçı tərəf daha sonra bildirir ki, Rayon Məhkəməsinin hakimi xx.xx.2022-ci il tarixdə müşavirəyə çıxarkən elan etmişdir ki, o, qətnamə qəbul etmək üçün müşavirə otağına gedir. Bununla bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, işə baxmış hakim (sədrlik edən) xx.xx.2022-ci il tarixli iclasda məhkəmə araşdırmasının bitdiyini, müşavirə otağına getdiyi, elanın növbəti tarixdə, saat 15:00-da olmasını bildirir. Hakim, müşavirə otağına məhz qətnamə qəbul etmək üçün getdiyi bildirməyib. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müzakirə edilən bu dəlili əsaslı deyil. Məhkəmə həmçinin bildirir ki, işə baxmış hakim, müşavirə otağına məhz qətnamə qəbul etmək üçün getdiyi bildirmiş olsa idi belə, bu hal həmin iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsinə heç bir halda mane ola bilməzdi. Buna görə də, Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin müzakirə edilən və yuxarıda qeyd edilən həmin dəlili bu səbəbdən də əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin iş üzrə xitam verilməsi barədə deyil, əslində iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlməsi onunla təsdiq edilir ki, iddiaçının vəkili (nümayəndəsi) qətnamənin elan olunmasına təxminən 10 dəqiqə gecikmiş, bu səbəbdən o, hakimə təhkim edilmiş məhkəmə əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq qətnamənin hansı qaydada qəbul edilməsi ilə maraqlanmış, həmin əməkdaş ona bildirmişdir ki, iddia qismən təmin edilmiş və mirasda 1/6 hissədə pay müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, dəlildə göstərilən halın baş verməsini təsdiq edə biləcək sübutlar Məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-nin tələblərinə görə, iş üzrə tərəflər məhkəməyə edilən müraciətlərdə göstərilən faktları və halları sübut etməlidir (maddə 77.1.). Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müzakirə edilən bu dəlili də əsaslı deyil və Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş məhkəmə aktının qətnamə kimi qiymətləndirəlməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi məhkəmə aktı qətnamə deyil, qərardad olmuşdur. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla, onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli aktda yol verilmiş yanlışlığın aradan qaldırılmasını, həmin məhkəmə aktının adındakı “qətnamə” ifadəsinin “qərardad” kimi oxunmasını qərara almaqda haqlı olmuşdur. Çünki Məhkəmə qeyd edir ki, MPM-nin 228.2-ci maddəsinə görə, hakim, iş üzrə qəbul etdiyi məhkəmə aktında buraxılmış yanlışlıqları və açıq hesab səhvləri düzəldə bilər. Artıq yuxarıda da qeyd edildiyi kimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla, həmçinin qərara almışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlıq aradan qaldırılsın, yekun məhkəmə aktının nəticəsinin “iddia qismən təmin edildi” kimi deyil, “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilsin. Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsini əsaslı saymır. Həmin nəticə MPMnin 228.2-ci maddəsinin tələblərinə ziddir. Çünki “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılması qaydası nəinki qeyd edilən prosessual normada, ümumiyyətlə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Məhkəmə bildirir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılmasının xüsusi qaydası var və həmin Sistemdə yol verilmiş yanlışlığın aradan qaldırılması işə baxmış məhkəmə tərəfindən verilən məlumata əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən həyata keçirilir. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadın “Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılması hissəsi ləğv edilməlidir. Şikayətin, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair hissəsi əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-nin 402-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkil (nümayəndə) Vəkil vasitəsi ilə verdiyi şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərardad qismən, yəni «“Elektron Məhkəmə” İnformasiya Sistemində yol verilmiş yanlışlığın aradan qaldırılması, yekun məhkəmə aktının nəticəsinin “iddia qismən təmin edildi” kimi deyil, “iş üzrə icraata xitam verildi” kimi müəyyən edilməsi barədə» hissədə ləğv edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar