Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2847/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8754/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının hər birinə 75 manat olmaqla, iki uşağa görə 150 manata qədər azaldılması və ödənməmiş aliment borclarını ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx xxxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki övladı - xx.xx.2011-ci il təvəllüdlü Rəvan və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Nikahları Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-4656/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Alimenti həmişə vaxtlı-vaxtında ödəmişdir, sonradan alimentin miqdarı artırılmış, cəmi 308 manat alimentin tutulması qət olunmuşdur. Lakin onun həmin məbləğdə alimenti ödəməyə imkanı çatmır. Belə ki, 2014-cü il tarixdə yeni nikaha daxil olub, həmin nikahdan da iki övladı - xx.xx.2015-ci il təvəllüdlü Səbahət və xx.xx.2018-ci il təvəllüdlü Sabir adlı uşaqları doğulub. Əvvəllər Türkiyə Respublikasında yaşayıb və orada işlədiyi üçün uşaqların hər birinə 108 manat, cəmi birlikdə 216 manat aliment ödəyib. Lakin səhhətində nasazlıq olduğu üçün ağır işdə işləyə bilməyib, bu səbəbdən də məcbur qalıb başqa iş yerlərində işləyib. Ancaq aldığı cüzi maaşla özü də daxil olmaqla 4 nəfərin bu günkü tələbatını və iki uşağa görə alimenti ödəmədiyi üçün məcbur qalıb Naxçıvana qayıdıb.. Özünün şəxsi evi yoxdur. Ailəsi ilə birlikdə atasına məxsus evdə yaşayır. Nə özü, nə də həyat yoldaşı heç yerdə işləmir. Hərdən iş olanda ailəsini dolandırmaq üçün məcbur qalıb işləyir. Əlavə qazancı və ya gəliri yoxdur. Əgər valideynlərinin dəstəyi olmasa, dolana bilməz. Ərzağı çox vaxt nisyə götürməli olur. Belə olduğu üçün məhkəmənin müəyyən etdiyi 308 manat məbləğində alimenti ödəyə bilmir. Gələcəkdə maddi durumu yaxşılaşarsa, o özü verdiyi alimentin miqdarını artıracaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8754/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, işə yenidən baxmaqla alimentin dəyişdirilərək hər uşaq üçün hər ay 75 manat olmaqla, cəmi 150 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu olduğu kimi, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu olan 160 manat da hər iki valideyndən tutulmalıdır. Yaşayış minimumu müəyyən edilərkən bütün uşaqların yaşayış minimumu müəyyən edilmişdir. Belə olan halda yeni nikahdan olan iki uşağının normal təminatdan kənarda qalması haqsızlıqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh şikayətə etiraz edərək şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Rəvan və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-325/2016 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün Namiq Cəfərovdan hər ay hər uşaq üçün 110 manat aliment tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6760/2018 saylı qətnaməsi ilə əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılmış, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 154 manat məbləğində olmaqla, 308 manat məbləğində sabit pul şəklində aliment tutulmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə X4 ilə yeni nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü Səbahət və xx.xx.2018-ci il təvəllüdlü Sabir adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı mübahisə üzrə iddiaçı hal-hazırda rəsmi heç yerdə işləmədiyinə və yeni nikaha daxil olmasına, həmin nikahdan doğulan övladlarının onun himayəsində olduğuna istinad edərək təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və iki uşağa görə ümumilikdə 150 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır. Belə ki, məhkəmə qətnaməsi ilə uşaqlar üçün sabit pul məbləğində tutulmuş aliment ümumilikdə 308 manat, hər uşağa düşən məbləğ 154 manat olduğu halda iddiaçı 2 uşağa birlikdə 150 manat aliment təyin edilməsini xahiş edir. Halbuki hal-hazırda uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 170 manat müəyyən edilmişdir.Eyni zamanda iddiaçının yeni nikaha daxil olması onu özünün əvvəlki nikahdan olan uşaqlarını saxlamaq vəzifəsindən azad etmir və bu fakt özüözlüyündə həmin uşaqların təminat səviyyəsinin azaldılmasına əsas ola bilməz. İddiaçının ödənilməmiş aliment borcunun silinməsi barədə tələbinə münasibətdə Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2). Məhkəmə araşdırması zamanı aliment borcunun silinnməsi üçün əsaslar - şəxsin xəstəliyi və ya digər üzrlü səbəblər, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallar müəyyən edilməmişdir. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaqlar cavabdehin himayəsində olduğundan onların saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8754/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2847/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2847/2020
26.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver