Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2859/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSCyə qarşı iş üzrə (Açar sözlər: (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-194/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2023-cü il tarixli, OPT-757-0340-23 nömrəli kredit müqaviləsinə əsasən kreditverən BOKT "xxxx" QSC borcalan İddiaçı istifadəsinə 1.050 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən olunmuş müddətdə və qaydada bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən kreditverənə qaytarmağı öhdəsinə götürürür. Kredit kreditverən tərəfindən Cavabdeh1 MMC-nin hesabına köçürülməklə veriləcəkdir.
2. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, onunla bağlanmış xx.xx.2023cü il tarixli OPT-757-0340-23 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 71 manat əsas, 12 manat cərimə, ümumi olaraq 1.067 manat borcu yaranmışdır. Borc ödənilmədiyi təqdirdə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 80037105 nömrəli qaimədən görünür ki, İddiaçı “SAMSUNG” markalı paltaryuyan maşını sağlam vəziyyətdə təhvil aldığını təsdiq etmişdir.
4. Cavabdeh1 tərəfindən verilmiş **********10 nömrəli zəmanət talonundan görünür ki, alıcı tərəfindən istifadə, daşınma, saxlanılma qaydaları pozulduqda məhsula zəmanət verilmir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli OPT-757-0340-23 saylı müqavilənin ləğv edilməsini və paltaryuyanın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023- cü il tarixdə 1.050 manat olmaqla "Samsung" markalı paltaryuyanı bir il zəmanət müddətilə almışdır. Sözügedən paltaryuyan yaşadığı evə quraşdırıldıqdan sonra işləməmişdir. Bu problemi cavabdehə bildirmiş, lakin cavabdeh tərəf müqavilə üzrə götürmüş öhdəliklərinə məsuliyyətsiz yanaşmış və alınan malı nə təmir etməmiş, nə də əvəzləməmişdir. Bu səbəbdən o, kredit öhdəliyini yerinə yetirməmişdir. "xxxx" BOKT-la da həmin tarixli kredit müqaviləsi də bağlanmışdır. Yuxarıda qeyd etdiyi kimi, təhvil aldığı məhsul nasaz olduğundan hər hansı ödəniş etməkdən imtina etmişdir. Hazırda da paltaryuyan işləmir. Cavabdehdən isə əşyasını götürməyini və müqavilələrin ləğv edilməsini tələb etmək üçün məhkəməyə müraciət edir.
7. Cavabdeh1 nümayəndəsi iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçının özü də təsdiq və etiraf edir ki, elektrik məişət avadanlığında torpaqlanma olmadığı üçün elektrik keçirməsi müşahidə olunur. Bu isə “SAMSUNG” markalı paltaryuyanın qüsurlu olması demək deyildir. İddiaçının texniki servisə müraciəti əsasında bütün bunlar ona izah edilmişdir. Buna baxmayaq o, israrlı şəkildə və heç bir əsas olmadan malın qaytarılmasını tələb etmişdir. Hazırkı iddia ərizəsindən də göründüyü kimi, iddaçı “SAMSUNG” markalı paltaryuyanın işləmədiyini iddia edir, lakin məhkəməyə təqdim etdiyi iddiaçının səsyazısından da məlum olduğu kimi, o, texniki servisə və cavabdehə müraciətlərində malın işləmədiyini deməmişdir. İddiaçı malın elektrik keçirməsi şikayəti ilə müraciət etmiş və hər dəfə də ona izah olunmuşdur ki, elektrik keçirməsi torpaqlanma olmaması ilə bağlıdır və bu da iddiaçı tərəfindən düzgün istifadə olunmadığından zəmanət şərtlərinin təsir dairəsinə düşmür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddiasına etirazını bildirmiş və onun iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, mağazanın servisinə müraciət etsə də, paltaryuyanı təmir etməmişlər. Ona təmir ustası demişdir ki, paltaryuyana torpaqlama (zazemlenie) qoşulmalıdır. Onun evində “torpaqlama” qurulmamışdır. Lakin digər cihazlar torpaqlama olmadan işləyir və heç bir problem olmur.
9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 3489/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Adil Ağalarov məhkəməyə xx.xx.2024-cü il tarixli məlumat ünvanlayaraq bildirmişdir ki, ekspert qarşısında qoyulan suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən cavablandırıla bilər. Göstərilənlər nəzərə alınaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat”ın 3.2.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-194/2025 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Rüstəmov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar müqavilənin ləğvi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 421.1.,421.2.,422.2, 423.2, 425.1, 442-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Mülki- Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək iddia ərizəsinə qarşı etiraza uyğun əsaslandırmış, həmçinin bildirilmişdir ki, iddaçının tələbi əsasında birinci instansiya məhkəməsində ətraflı araşdırma aparılmış, onun tələbləri sübuta yetirilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC-dən 1.050 manat dəyərində “SAMSUNG” markalı paltaryuyan maşın almış və təhvil-təslim aktına imza edərək malın qüsurlarına dair hər hansı irad bildirməmişdir. Həmin vəsait iddiaçıya kredit müqaviləsinə əsasən BOKT "xxxx" QSC tərəfindən təqdim edilmişdir.
23. İddiaçı paltaryuyan maşının yaşadığı evə quraşdırıldıqdan sonra işləmədiyini bildirmiş, lakin aldığı paltaryuyan maşında yaranmış qüsurların istehsal xarakterli olduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
24. Apellyasiya araşdırması zamanı iş üzrə ekspertiza təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli texniki rəyinə əsasən müəyyən edilir ki, istifadəçinin ünvanında cihaza texniki baxış keçirilib, bütün hissələri diaqnostika edilib və cihaz praktiki yoxlanılıb. Cihazda cərəyan keçirmə hadisəsi baş verməyib. Məhsulda texniki qüsur yoxdur. İstehalçının qeyd etdiyi kimi məhsuldan istifadə zamanı elektrik xəttində torpaqlama mütləqdir.
25. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının aldığı paltaryuyan maşında istehsal xarakterli qüsurlar aşkar edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Başqa sözlə, hazırki iş üzrə iddiaçıya cavabdeh tərəfindən lazımi keyfiyyətə malik olmayan mal təqdim edilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-194/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: