Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2860/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3rşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(001)- 1185/2023 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.500 manat verilməyən əmək haqqının və 123,25 manat son haqq-hesabın verilməyən hissəsini ümumilikdə 1.623,25 manat və mediasiya üçün ödəmiş olduğu 52 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzində 17 il müxtəlif vəzifələrdə işləmişdir. 30 mart 2020-ci il tarixində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və X1 transfer edilmiş və Observatoriyanın “Əmək bazarının təhlili və monitorinqi'’ şöbəsində mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşə qəbul edilərkən onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. 29 iyun 2020-ci ildə onu işə çağırmış, bildirmişlər ki, işə qəbul zamanı imzalamalı olduğu əmək müqaviləsini indi imzalamaq lazımdır. Ona əmək müqaviləsini oxumağa imkan vermədən qol çəkdirmişlər. 30 iyun 2020-ci il tarixdə o, qeyri-qanuni olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Observatoriyanın rəhbərliyi tərəfindən əmək müqaviləsinin bir nüsxəsi ona verilmədiyi üçün o, 3 saylı Asan Xidmətə və 1 saylı DOST agentliyinə müraciət edərək, əmək müqaviləsi bildirişlərini əldə etmişdir. Əldə etdiyi əmək müqaviləsi bildirişlərindən ona məlum oldu ki, Observatoriyanın rəhbərliyi əmək müqaviləsi bildirişində əmək haqqının 1000 manat olduğu halda ona 500 manat əmək haqqı vermişdir. Daha sonra o, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Observatoriyanın 30 iyun 2020-ci il tarixli **********3 nömrəli əmri və əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı iddianı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mübahisələndirmişdir. Binəqədi Rayon Məhkəməsi iddianın əmək haqqı ilə bağlı hissəsinə baxmamışdır, məhkəmə 2(001)- 1734/2021 nömrəli 10 fevral 2021-ci il tarixli qətnamənin 7 vərəqinin 7-ci abzasında qeyd etmişdir ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3822/2022 nömrəli, 13 may 2022-ci qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, onun “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 əvvəlki vəzifəsinə - Əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Observatoriya Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3822/2022 nömrəli, 13 may 2022-ci qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına kasassiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyası 2(102)-4455/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsin kasassiya şikayəti təmin edilməsin. Hal-hazırda Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Yasamal rayon icra və probasiya şöbəsində icraatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4455/2022 nömrəli 24 oktyabr 2022-ci il tarixli qərarının işə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat bölməsinin 14-cü bəndində qeyd edilmişdir ki, həmçinin hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən işə götürən əmək haqqı ödəməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə, hüquqların əlavə olaraq kobud pozuntusudur. Həmin bölmənin 23-cü bəndində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. O, 2022-ci ilin yanvar ayında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla mübahisə olduğundan hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hesab edir ki, Observatoriya tərəfindən əmək haqqının natamam ödənilməsi, son haqq-hesabın düzgün hesablanmaması və gecikdirilməsi ilə bağlı iddiası keçirilən məhkəmə proseslərində mübahisələndirilmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsə qarşı “pul” tələbinə dair iddia ərizəsinə yenidən baxılmalıdır. Cavabdeh onu işə cəlb edib, əmək haqqını ödəmədiyinə görə maddi məsuliyyətə cəlb edilməli, ödənilməmiş əmək haqqı birdəfəlik ödəniş formasında cavabdeh orqandan tutulmalı və ona ödənilməlidir. Cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1500 manat əmək haqqını verməmişdir. Binəqədi Rayon Məhkəməsinin məhkəmə iclasında Observatoriyanın nümayəndəsi bildirmişdir ki, əmək müqaviləsi bildirişində əmək haqqı 1000 manat olmağına baxmayaraq, əmək haqqı 500 manat vəzifə maaşından, 500 manat mükafat hissəsindən ibarətdir. Ona əmək haqqının vəzifə maaşı verilmişdir. 500 manat mükafat hissəsi verilməmişdir. Observatoriyanın da büdcəsinin maliyyələşməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edildiyinə görə, Observatoriyanın büdcə vəsaiti dövlət vəsaiti hesab olunur. Ona görə də, Observatoriyanın işçilərinin vəzifə maaşına aylıq mükafat əlavə edilə bilməz. Bununla da sübut olunur ki, əmək müqaviləsi bildirişində onun əmək haqqı vəzifə maaşından ştat cədvəlinə uyğun olaraq 1000 manatdır. Lakin Observatoriyanın rəhbərliyi tərəfindən Observatoriyada işlədiyi 3 ay müddətində əmək haqqı və son haqq-hesabı kəsrlə verilmişdir. Əmək haqqı və son haqq-hesabı hesablanaraq ona ödənilməlidir. Qeyd etdiyi kimi, cavabdeh şəxs tərəfindən 2020-ci ilin aprel, may və iyun ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1500 manat əmək haqqı verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(001)- 1185/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 ödənilməmiş əmək haqqına görə 1.058,15 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 34 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Göründüyü kimi iddiaçının hazırki tələbi əmək müqaviləsi bildirişində əmək haqqının 1000 manat göstərildiyi halda 500 manat hesablanması ilə bağlıdır. Ona 3 ay müddətində aylıq 500 manat əmək haqqı hesablanıb verilmiş, eyni zamanda son haqq-hesabı və digər ödənişləri də 500 manat əmək haqqına uyğun olaraq hesablanmış, gecikdirmə ilə ödənilmişdir. Hesab edir ki, onun üçün 2020-ci ilin aprel, may, iyun ayları üzrə hesablanmış cəmi məbləğ 3000 manat, son haqq-hesaba düşən gün 7.5 gün, 1 günə düşən məbləğ 32,96 manat, cəmi hesablanmış son haqq-hesab 247.7 manat hesablanmalıdır. Son haqq-hesabının verilməyən hissəsi 123,25 manat cavabdeh tərəfindən ona ödənilməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl cavabdehə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi tələbinə dair” iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin iş materiallarından müəyyən edilir ki, iddiaçı həmin tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" da əmək bazarının təhlili və proqnozlaşdırma şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.338,4 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 14.338,4 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırması haqqında həmin cədvəldən müəyyən edilir ki, iddiaçı həmin iddia tələbində əmək müqaviləsinin şərtində göstərilən əmək haqqı məbləğinin aprel, may və iyun ayları üzrə tam ödənilməməsinə görə hesablanmış məbləği də tələb etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3822/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi həmin hissələrdə rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə müəyyən edilir ki, iddiaçının hazırki tələbi daha əvvəl baxılmış iddia tələbinə daxil olan tələblərdən biridir. Həmin iddia tələbinə isə artıq baxılmışdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, hazırki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(001)- 1185/2023 saylı qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2860/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2860/2023
02.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver