Məhkəmə qərarları › İş №2(103)-2862/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2862/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2862/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-629/2023 saylı mülki iş üzrə 15 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 29 dekabr 2015-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 655 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 atadan alınıb onun himayəsinə verilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(002)-1712/2022 saylı qətnaməsi ilə uşaq ona verilmiş və uşağın saxlanılması ilə bağlı onun xeyrinə aliment tutulmuşdur. Göründüyü kimi, hazırkı iş onun əvvəl qaldırdığı iddia ilə bağlı olduğundan hazırda həmin mülki iş üzrə baxılıb qərar qəbul edilməmiş, həmin işin nəticəsi məlum olmayana kimi hazırkı işin baxılması mümkün deyildir. Ona görə də Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsindən hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, həmin iş həll olunana kimi məhkəmənin icraatında olan işin icraatının dayandırılmasını xahiş edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən və həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, qeyd olunmuş mülki işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilənədək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-629/2023 saylı mülki işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-629/2023 saylı qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnərək iddia tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı qanuna, məhkəmə təcrübəsinə, bütövlükdə həqiqətə uyğun deyildir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-629/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254- 258-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və ziddiyyətli mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Araşdırma zamanı müəyyən edilmişdir ki, nikahın pozulması, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 atadan alınıb onun himayəsinə verilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin (xx.xx.2022-ci il tarixdən etibarən) alınaraq ona verilməsi (cavabdehin iddiasının təmin edilməsi) barədə” Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsindən hazırkı iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş üzrə İddiaçı diqqətinə çatdırılmalıdır ki, faktiki olaraq onun yanında qalan uşaqların təminatı olaraq müvəqqəti təminat tədbiri qismində müraciət hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 629/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar