Məhkəmə qərarları › İş №2(103)-2867/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2867/2020

10.03.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2867/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: İkram Sabir oğlu Şirinov və X3 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-nin nümayəndələri X2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxx” QSC-yə qarşı “iş vaxtlarından artıq işləmiş və hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxx” QSC-yə qarşı “iş vaxtlarından artıq işləmiş və hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək 90512 manat dəymiş zərərin “xxxxxxxxxxxxxxx” QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: “xxxxxxxxxxxxxxx’’ QSC-nin 10 saylı X1 əmək müqaviləsi əsasında xx.xx.2013-ci il tarixli əmrlə operator vəzifəsinə təyin edilmiş və xəstəliyi ilə əlaqədar olaraq müalicə olunmaq üçün ona möhlət verilməsi barədə ərizə ilə işlədiyi idarəyə müraciət etsə də, ərizəni qəbul etməmiş, idarə tərəfindən Azərbycan Respublikası Əmək Məcəlləsinin “a” bəndinə əsaslanaraq xx.xx.2018-ci il tarixli əmri ilə guya öz xahişi ilə işdən azad olunmuşdur. Halbuki həkim müayinəsindən keçərkən ona bildirilmişdir ki, həddən artıq ayaq üstə durduğuna görə (qanuni iş vaxtından artıq işlədiblər) xəstələnmişdir. Halhazırda da müalicəni davam elətdirir. O, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bir həftə 77 saat gündüz, bir həftə 55 saat gündüz, 49 həftə 22 saat gündüz, 22 saat gecə, cəmi 44 saat, 52 həftə 33 saat gündüz, 22 saat gecə, cəmi 55 saat, 48 həftə 22 saat gündüz, 33 saat gecə, xx.xx.2016-cı ii tarixdən xx.xx.2018-ci il tarixədək 23 həftə 22 saat gündüz, 11 saat gecə, cəmi 33 saat, 22 həftə 11 saat gündüz, 22 saat gecə, cəmi 33 saat, 46 həftə 22 saat gündüz-22 saat gecə növbəsində işləmişdir. xx.xx.2015-ci il tarixdə Naxçıvan şəhər Hərbi Səfərbərlik İdarəsinin çağırış vərəqəsi ilə müayinədən keçmək üçün Naxçıvan şəhərinə getmişdir. Müayinə müddəti bir ay çəkmişdir. Naxçıvandan qayıtdıqdan sonra sənəd təqdim etsə də qəbul etməmişlər və qanunsuz olaraq onu işdən azad etmişlər. O, “xxxxxxxxxxxxxxx"un prezidenti cənab Rövnəq Abdullayevə ərizə ilə müraciət etmişdir. Bundan sonra onu yenidən işə qəbul etmişlər. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işsiz qalmışdır. Orta əmək haqqının məbləğinin təxminən 550 manat olduğunu nəzərə alaraq, gördüyü işə görə aylıq maaşı min manatdan yuxarı olmalı idi. Ona görə də "xxxxxxxxxxxxxxx" 26.756 manatdan əlavə altı il işlədiyi müddətə görə 36.000 manat, artıq iş saatlarına görə isə 26.756 manat, cəmi 89.512 manat pul ödəməlidir. Bundan başqa, müalicə olunması üçün 1000 manat pul da tutulmalıdır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bunlardır:

1. xx.xx.2016-cı il tarixdə 2-ci dərəcəli yanacaqdoldurma məntəqəsinin operatoru vəzifəsinə keçirilməsi yalan məlumatdır. Həmin tarixdə heç bir yeni vəzifəyə təyin edilməmişdir. Sadəcə olaraq əvvəllər vəzifəsi kassir-operator göstərilirdi, sonra isə dəyişib “operator” etmişlər. Gördüyü işdə isə heç nə dəyişilməmişdir. Yenə də iki vəzifəni kassiroperatr vəsifəsini yerinə yetirirdi. İki vəsizfəni yerinə yetirdiyinə görə əlavə pul almalı olduğuna görə, sonradan həmin vəzifənin adını dəyişib “operator” etmişlər.

2. İddia müddəti ötürülməmişdir. Belə ki, İddiaçı işdən çıxması barədə xx.xx.2015-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etməmiş, həmin vaxt Naxçıvan şəhər Hərbi Səfərbərlik İdarəsində olmuşdur. xx.xx.2015-ci il tarixdə isə bərpa olunmaq əvəzinə yenidən işə qəbul edilmişdir. O, əmək kitabçasını xx.xx.2018-ci il tarxidə almış, hüququnun pozulduğu gündən 10 ay keçdikdən sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək iddia tələbinə və apelyasiya şikayətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu cavabdeh şirkətdə iş vaxtından artıq işlədildiyi üçün ödənilməmiş əmək haqqı və salamlığına vurulmuş zərəri tələb edir. İş vaxtından artıq işləməsini şahidlər təsdiq edə bilər. Çünki oğlu işə gedəndə bu barədə qeydiyyat jurnalına imza atmış və çıxanda da həmin qaydada qeyd aparılmışdır. Lakin jurnalda işə daxil olma və çıxma saatları göstərilməmişdir. Oğlunun artıq işləməsini təsdiq edən şahidləri məhkəməyə gətirə bilər. Hazırda cavabdeh təşkilatda yeni sistem tətbiq edilir və işçilər barmaq izləri ilə qeydiyyatdan keçir, bununla da işçinin gün ərzində neçə saat işdə olduğu göstərilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxx” QSCnin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, heç bir işçi orada artıq işlədilməmişdir. İşçilərin işə gəlmə və çıxma vaxtı qeyd olunan jurnallar var. Hazırda isə biometrik sistem tətbiq olunur və işçilər barmaq izləri ilə işə gəlmə və çıxma vaxtlarını qeyd edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxx” QSCnin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, qarşı tərəfin dedikləri həqiqəti əks etdirmir. İddiaçı əlavə işə cəlb olunmamışdır. Ümumiyyətlə şirkətdə iş vaxtından artıq işləmə halı mümkün deyil, çünki bu barədə dəqiqi qeydiyyat aparılır. İş vaxtı isə əlavə işə cəlb olunma halı da ola bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edə bilməmişdir.

İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur:

İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” QSC-nin 10 saylı yanacaqdoldurma məntəqəsində əmək müqaviləsi əsasında xx.xx.2013-cü il tarixli əmrlə kassir-operator vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə müvafiq olaraq (öz ərizəsinə əsasən) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli əmrlə yenidən “xxxxxxxxxxxxxxx” QSC-nin 10 saylı YDM-nə kassir-operatoru peşəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə müvafiq olaraq işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iki müxtəlif işi gördüyünə görə digər işə görə hesablanmamış əmək haqqını və iş vaxtlarından artıq işlədiyi vaxta görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Mübahisə ilə bağlı dəyərləndirmə:

Birinci tələblə bağlı qiymətləndirmə:

Məhkəmə kollegiyası hesab edir ki, işçinin iki müxtəlif işə cəlb olunması, iki müxtəlif işi eyni zamanda görməsi və digər işə görə əmək haqqı ödənilməsi tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş xx xxx 2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı kassir-operator vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqı 550 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, kassir-operator vəzifəsinin iki müxtəlif vəzifə olub-olmaması məsələsi hazırda mübahisəli hal olmamalıdır. Çünki əmək müqaviləsindən də görünür ki, kassir-operator vəzifəsi işçinin əsas işi olmuş, 550 manat məbləğində əmək haqqı iddiaçıya kassir-operator vəzifəsinə aid səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı ödənilmiş, iddiaçı da bununla razılaşaraq əmək müqaviləsini imzalamış və uzun müddət hər hansı bir tələb irəli sürmədən müəyyən olunmuş əmək haqqını alaraq həmin vəzifədə çalışmışdır. Bundan başqa, iddiaçı 550 manat məbləğində əmək haqqı alaraq uzun müddət həmin vəzifədə işələməsinə baxmayaraq, tərəflər arasındakı əmək münasibətlərinə xitam verilikdən sonra hazırkı tələbi irəli sürmüşdür. İddiaçı kassir-operator vəzifəsindən xx.xx.2015-ci il tarixdə azad olmuş, yenidən xx.xx.2015-ci il tarixli əmrlə həmin vəzifəyə təyin edilmişdir. Həmin vaxtı da vəzifəsi ilə bağlı hər hansı tələb irəli sürməmiş, eyni məbləğlə razılaşaraq xx.xx.2016-cı il tarixədək işləmişdir. xx.xx.2016-cı il tarixdə isə yanacaqdoldurma məntəqəsinin opertoru vəzifəsinə keçirilmişdir. Bundan sonra da keçmiş vəzifəsi ilə bağlı hər hansı bir tələbi olmadan xx.xx.2018-ci il tarixədək həmin idarədə işləmiş, yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür. İşə baxan məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə yuxarıda qeyd olunanlara əsasən, əsassız olmaqla yanaşı, həm də iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Belə ki, iddiaçı həmin vəzifədə 2015-ci ildən işləməyinə baxmayaraq, həmin müddətdə heç bir tələb irəli sürməmiş, yalnız tərəflər arasında münasibətlər ləğv olunduqdan sonra bir illik iddia müddətini ötürüməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-ci maddəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əslində iddiaçı hüququnun pozulduğunu 2013-cü ildən işə qəbul olunduğu vaxtdan, daha sonra yenidən 2015-ci ildən həmin vəzifəyə təyin olunduğu vaxtdan bilirdi. Yuxarıda qeyd olunan qanunvericilik normlarına əsasən, iddia müddətinin başlanğıcı təkcə işçiyə işdən çıxma barədə əmrin surətinin verildiyi tarixdən deyil, həmçinin işçinin hüquqlarının işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən də pozulduğu gündən başlayır. Məsələn, hər hansı sənədləşdirilmə aparılmadan işçi iş yerinə buraxılmırsa, ona əmək haqqı ödənilmirsə, bu artıq hüququn pozulması hesab olunur və iddia müddətinin axımı da həmin andan başlayacaq. Beləliklə, iddiaçı elə ilk aydan digər işə görə əmək haqqı almayaraq hüququnun pozulduğunu bilirdi. İddiaçının tələbi də məhz digər işə görə ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlıdır. Deməli, iddiaçı qəbul olunduğu vaxtdan ona digər işə görə hər hansı bir məbləğ ödənilmədiyini bilirdi. Eyni zamanda məhkəmə kollegiyası bir məsələyə də aydınlıq gətirməyi zəruri hesab edir ki, əslində kassir-operator dedikdə özlüyündə iki işin görülməsi ehtiva oluna bilər, lakin real həyatda təsəvvür edilsə iddiaçının işi yanacaqdoldurma stnasiyasında müştərilərə yanacağın doldurulmasını həyata keçirərək elə oradaca daxil olan vəsaitin kassaya vurulması olmuşdur. Həmin işlərin əslində başqa-başqa adamlar deyil, elə eyni şəxs tərəfindən həyata keçirilməsi artıq qəbul edilmiş bir qaydadır və onun müxtəlif şəxslər tərəfindən həyata keçirilməsi məntiqə uyğun deyil.

İkinci tələblə bağlı qiymətləndirmə:

İşə baxan məhkəmə həmin tələbə iddiaçının sübutetmə yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlı qiymət vermişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində gecə vaxtı və çoxnövbəli iş rejimində işlədiyini, əlavə işlər gördüyünü sübut edən və iddia tələbini əsaslandıran dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin ikinci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Lakin hazırda əmək müqaviləsində işçinin gecə vaxtı müəyyən işləri yerinə yetiməsi, çoxnövbəli iş rejimində olması ilə bağlı heç bir müddəa yoxdur. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci bəndinə əsasən, iş vaxtından artıq işişəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Göründüyü kimi işçinin əlavə iş saatlarına cəlb olunması onun razılığı əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilir. Lakin hazırda iddiaçının iş vaxtından artıq iş görməsini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iddiaçının iş vaxtından artıq işlədilməsinə dair hallar da təsdiq olunmur. İdddiaçı bununla bağlı sübutlar təqdim edə bilməmişdir. İddiaçıda olan sübutların təqdim edilməsinə (qeydiyyat jurnalları) zərurət aradan qalxmışdır. Beləki, iddiaçının nümayəndəsi təsdiq edir ki, işçilər işə gələrkən və işdən çıxarkən qeydiyyat jurnalına imza atmışlar və orada saat göstərilməmişdir. Ona görə həmin jurnalın tələb olunaraq baxış keçirilməsi sübut baxımından heç nə vəd etmir. Həmin halların şahid ifadələri ilə təsdiq olunmasına gəldikdə, əvvəla həmin sübutlar 1-ci instansiya məhkəməsinə verilməli idi, bundan başqa, uzun müddət keçəndən sonra şirkətdən işdən azad olunmuş şahidlərin ifadələri əsasında həmin halların təsdiq edilməsi özlüyündə mötəbər sübut kimi qəbul edilməyəcək. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Hakimlər: imzalar Əsli ilə düzdür

Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar