Məhkəmə qərarları › İş №2(103)-2868/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2868/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2868/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-249/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 20.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, mənəvi zərərin əvəzi kimi 20.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının övladı (yeganə oğlu) X2 xx.xx.2013-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Hadisəni cavabdehlə əmək münasibətində olan şəxs - X3 törədib. Belə ki, o, idarə etdiyi, cavabdehə məxsus “Mitsubishi L 200” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərərkəti qaydalarını pozub, iddiaçının övladına xəsarətlər yetirib, iddiaçının övladı aldığı xəsarətlərdən ölüb. Bu, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilib. Yeganə oğlunun ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, nəticədə o, mənəvi sarsıntı keçirib. Cavabdeh həm işəgötürən, həm də yüksək təhlükə mənbəyinin sahibi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1099.1 və 1108.1-ci maddələrinə göstərişlərinə uyğun olaraq mənəvi zərərin əvəzini ödəməyə borcludur. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölən şəxsin atası X1 mənəvi zərərin əvəzi kimi cavabdehdən 20.000 manat pul tutulması barədə Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 2(004)-932/2022 nömrəli qətnamə qəbul edilib. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3999/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti rədd edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh bu qətnamədən kassasiya şikayəti verib, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-5132/2022 nömrəli qərarı ilə kassasiya şikayəti rədd edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb (iş v. 47). Ölən şəxsin atasına təzminat verilməsi iddiaçını (ölən şəxsin anasını) mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək təzminatın məbləği də 20.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki mənəvi zərərə görə təzminat məsələsində ölmüş şəxsin anası ən azı ölmüş şəxsin atasına bərabər tutulmalıdır. Cavabdeh ASC-nin maliyyə imkanları ölmüş şəxsin atası ilə yanaşı onun anasına da eyni məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-249/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar