Məhkəmə qərarları › İş №2(103)-2870/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2870/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2870/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin dəyişdirilməsi və sabit pul məbləğində tutulması” tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. Gürcüstan Respublikasının vətəndaşı olan iddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5636/2023 saylı qətnaməsi əsasında ondan hazırkı iş üzrə cavabdehin xeyrinə 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə övladları olan xx.xx.2012-ci il təvəllüdlü Annanın və xx.xx.2016-cı il təvəllüdlü Tahirin yetkinlik yaşına çatana kimi saxlanılması üçün qeyd edilən qətnamə əsasında iddiaçıdan cavabdehin xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Hal-hazırda iddiaçının ailə vəziyyəti dəyişilib, onun əmək haqqısının məbləği azalıb, onun başqa nikahdan daha 2 övladı var: xx.xx.2018-cı il təvəllüdlü Lileka və xx.xx.2024-cü il təvəllüdlü Luka. Bundan başqa xəstə anası da iddiaçının himayəsindədir. Qeyd edilən alimentin iddiaçıdan tutulması iddiaçının onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Bu səbəbdən də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh yazılı etirazla Rayon Məhkəməsinə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5636/2023 saylı qətnaməsindən də göründüyü kimi, “2 uşağa görə alimentin tutulması tələbi barədə” iddiaya dair işə baxılan zaman hazırkı iş üzrə iddiaçı məhkəmə baxışı iclasında iştirak etmiş, həmin iddiaya dair yazılı münasibətini də Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi Binəqədi Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə qət etmişdir ki, hazırkı iş üzrə iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulsun Həmin qətnamə əsasında verilmiş “icra vərəqəsi” icra edilməsi üçün, hazırkı iş üzrə iddiaçının yaşadığı, işlədiyi və vətəndaşı olduğu Gürcüstan Respublikasının aidiyyəti icra orqanına göndərilmişdir. Qətnamə icra edilmir. Belə ki, cavabdeh özünə aid bank hesabı ilə bağlı məlumatları həmin icra orqanına təqdim etsə də, hesabına indiyədək cəmi bir dəfə aliment məbləği köçürülmüşdür. Cavabdeh, dəfələrlə həmin icra orqanından aliment pulunun göndərilməməsi səbəblərini öyrənməyə çalışsa da nəhayət ona deyilmişdir ki, “borclu şəxs aliment məbləğini mübahisələndirir deyə, ödənişlər dayandırılır”. Göründüyü kimi iddiaçı, hər bir bəhanə ilə alimentin ödənilməsindən, ödənildiyi halda isə alimentin məbləğinin azaldılmasına can atır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, onun himayəsində xəstə anası və başqa qadından doğulmuş 2 övladı var. İddiaçının bu dəlili əsaslı hesab edilə bilməz. Çünki qeyd edilə şəxslərin iddiaçının himayəsində olması cavabdehin yanında qalmış 2 uşağa görə tutulan alimentin məbləğinin azaldılması üçün əsas deyil Digər tərəfdən, iddiaçı, iddia ərizəsində əmək haqqının miqdarının dəyişdiyini, azaldığını qeyd etmişdir. İddiaçının bu dəlili də əsaslı hesab edilə bilməz. Çünki cavabdeh iddiaçının əmək haqqısının çox və ya az olmasını mübahisələndirmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, cavabdehin xeyrinə tutulmalı olan aliment iddiaçının qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında tutulmalıdır. İddiaçının əmək haqqısının azalması təqdirində cavabdehə çatası alimentin miqdarı 2 uşağa görə ümumilikdə 470 manatdan az olacaqsa da belə cavabdeh hesab edir ki, iddiaçıdan onun xeyrinə tutulan aliment iddiaçının qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında tutulmalıdır Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının bildirdiyi dəlillər iddianın əsaslı hesab edilərək, təmin edilməsi üçün zəmin yaratmır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçının əmək haqqısı təxminən 4.180 lari, yəni təxminən 2.503 manat məbləğindədir. Müəyyən tutulmalar çıxdıqdan sonra iddiaçıya təxminən 3.277 lari, yəni təxminən 2.033 manat ödənilir. İddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçının himayəsində xəstə anası və başqa qadından doğulmuş 2 övladı var. Belə olan halda müəyyən edilir ki, iddiaçıdan cavabdehin xeyrinə 2 uşağa görə tutulmalı olan 1/3 hissədə alimentin məbləği (2.033 manat / 3=) təxminən 678 manat təşkil edir. Bu isə iddiaçının onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır.

9. İş üzrə cavabdehə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat vermişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5636/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, (hazırkı iş üzrə iddiaçı) İddiaçı, onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment 2 uşağın – xx.xx.2012-ci il təvəllüdlü Annanın və xx.xx.2016-cı il təvəllüdlü Tahirin yetkinlik yaşına çatana kimi saxlanılması (hazırkı iş üzrə cavabdeh) Cavabdeh xeyrinə tutulmalıdır.

12. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, həmin qətnamə əsasında verilmiş “icra vərəqəsi” icra edilməsi üçün, hazırkı iş üzrə iddiaçının yaşadığı, işlədiyi və vətəndaşı olduğu Gürcüstan Respublikasının aidiyyəti icra orqanına göndərilmişdir.

13. İddia ərizəsinə əlavə edilmiş “Doğum haqqında şəhadətnamələrin” notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Lileka Maqradzenin və xx.xx.2024-cü il təvəllüdlü Luka Maqradzenin atası (hazırkı iş üzrə iddiaçı) İddiaçı, anası isə Lela Şavadzedir.

14. Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi Patrul Polisi Departamentinin xx.xx.2024-cü il tarixli, MİA 3 24 03007435 saylı arayışdan görünür ki, həmin Departamentin əməkdaşı olan İddiaçı aylıq əmək haqqısı 4.180 lari, ona ödənilən məbləğ isə 3.277,12 laridir (internet resurslarından əldə olunmuş məlumata əsasən müəyyən edilir ki, iddiaçının əmək haqqısını təşkil edən 4.180 lari, təxminən 2.503 manat, müəyyən tutulmalar çıxdıqdan sonra iddiaçıya ödənilən 3.277,12 lari, təxminən 2.033 manat təşkil edir).

15. İddiaçı apellyasiya şikayətində bildirir ki, onun himayəsində xəstə anası və başqa qadından doğulmuş 2 övladı var. Ondan cavabdehin xeyrinə 2 uşağa görə tutulmalı olan 1/3 hissədə alimentin məbləği (2.033 manat / 3=) təxminən 678 manat təşkil edir. Bu isə onun onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

16. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, aliment məbləğinin həcminin artırılması, ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Məhkəmə qeyd edir ki, hazırkı işin materiallarından göründüyü kimi, iddiaçının rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir. Alimentin hazırkı iş üzrə iddiaçının (borclunun) aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız hazırki iş üzrə cavabdehin (tələbkarın) razılığı ilə yol verilir. Hazırki halda cavabdeh alimentin iddiaçının aylıq qazancından tutulmasını tələb edir və sabit pul məbləği formasında alimentin tutulmasına etiraz edir.

19. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının başqa qadından doğulmuş 1 uşağı - xx.xx.2018-cı il təvəllüdlü Lileka alimentin tutulması barədə qətnamə qəbul ediləndən əvvəl doğulmuş, digər uşağı – xx.xx.2024-cü il təvəllüdlü Luka isə alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra doğulmuşdur. İddiaçı, həmin uşaqların onun himayəsində olmasını əsas gətirərək hazırkı iddianı cavabdehə qarşı irəli sürsə də, Məhkəmə qeyd edir ki, bu hal tutulan alimentin hazırkı iş üzrə cavabdehin (tələbkarın) razılığı olmadan iddiaçının (borclunun) aylıq qazancından müəyyən hissədə tutulmasına əsas yaratmır.

20. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı, onun tərəfindən cavabdehə qarşı irəli sürdüyü iddianı həmçinin xəstə anasının onun himayəsində olması ilə əsaslandırır. Lakin o, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

21. İddiaçı həmçinin iddiasını onunla əsaslandırır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5636/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edildikdən sonra onun əmək haqqısının azalmışdır.

22. Lakin Binəqədi Rayon Məhkəməsinin 2(001)-5636/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin mülki işə baxılan zaman Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi Patrul Polisi Departamentinin verdiyi xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Patrul Polisi Departamentinin əməkdaşı olan İddiaçı aylıq əmək haqqısı 3.800 lari, ona ödənilən məbləğ isə 2.979,20 laridir.

23. Göründüyü kimi, kimi iddiaçı, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5636/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edildikdən sonra onun əmək haqqısının azalmasını qeyd etsə də, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi Patrul Polisi Departamentinin verdiyi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, iddiaçıya ödənilən əmək haqqının məbləğində (3.277,12 lari - 2.979,20 lari =) təxminən 297 lari, yəni təxminən 180 manat artım olmuşdur.

24. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas yaratmır. g) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

30. Yuxarıda qeyd edildiyi kimi iddiaçının əmək haqqısı 3.277,12 lari, yəni təxminən 2.033 manat təşkil edir. İddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləği (3.277,12 lari : 3 = 1.092,38 lari) təxminən 678 manat, iddiaçının ödəmək istədiyi və iddia ərizəsində qeyd etdiyi məbləğ isə 470 manat təşkil edir. Başda sözlə hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((678 manat - 470 manat) x 12=) 2.496 manat təşkil edir.

31. İş üzrə cavabdeh də hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi, hazırkı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bundan başqa iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar