Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2884/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-473/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh xx.xx.2020-ci ildə “Facebook” sosial şəbəkəsindəki hesabında iddiaçının şərəf və ləyaqətini aşağılayan ifadələr işlədib. 2.Hazırkı iddiadan əvvəl iddiaçı “şərəf və ləyaqətin müdafiəsi barədə” başqa iddia ilə məhkəməyə müraciət edərək tələb edib ki, cavabdeh yazdığı ifadələri təkzib etsin və üzr istəsin. Həmin iddia üzrə AR Ali Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2(102)- 4920/2022 nömrəli qərarla qərara alınıb ki, cavabdeh özünə məxsus sosial şəbəkə hesabında iddiaçının barəsində yazdığı ifadələri təkzib edərək həmin sosial şəbəkə hesabı vasitəsilə iddiaçıdan üzr istəsin. Qərara əsasən icra sənədi verilib, icra sənədi icra olunub, ona görə də icra sənədi üzrə icraata xitam verilib. Belə ki, iddiaçı cavabdehin üzrünü qəbul etdiyini bildirib və icra sənədi üzrə icrata xitam verilməsini xahiş edib. 3.Bundan sonra – xx.xx.2024-cü ildə iddiaçı hazırkı iddianı qaldırıb. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 5.Tələb onunla əsaslandırılıb ki, cavabdehin “Facebook” sosial şəbəkəsində deyil, sadə yazılı formada məhkəmə prosesində üzr istəməsi iddiaçının şərəf və nüfuzunun qorunması anlamına gəlmir. Çünki “Facebook” sosial şəbəkəsindən istifadə edən şəxslər məhkəmə prosesi zamanı yazılan üzrxahlıq ərizəsindən xəbərsizdirlər və iddiaçı bu ərizəni birbir həmin şəxslərə göstərmək imkanına malik deyil. İddiaçı bu vəziyyətdən kifayət qədər narahatdır və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edir. 6.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 11.Belə ki, AR Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İddiaçı “şərəf və ləyaqətin müdafiəsi barədə” birinci iddia ilə 2020-ci ildə məhkəməyə müraciət edərkən mənəvi zərərə görə kompensasiya tələb etməyib, yalnız təkzib və üzr tələb edib, məhkəmə iddianı təmin edib. 4 ildən sonra – 2024-cü ilə iddiaçı ikinci iddia ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə kompensasiya tələb edib və tələbini onunla əsaslandırıb ki, cavabdeh üzrü lazımi formada istəməyib. Üzr istəmə barədə məhkəmə qərarının lazımi qaydada icra edilməməsi eyni əmələ görə mənəvi zərərin ödənilməsi barədə tələbin təmin edilməsi üçün əsas ola bilməz, bu hal məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyətə əsas ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı üzrü qəbul etdiyini bildirib, məhkəmə isə buna əsaslanaraq icra sənədi üzrə icraat xitam verib. Odur ki, şərəf və ləyaqətin müdafiəsi barədə hüquq tam təmin olunuş sayılır. 12.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib. 13.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-473/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2884/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2884/2025
30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver