Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:əmlak tələbi, tərəflərin iştirakı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, 40 saylı (Yeni qaydalarla : AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 11, M10, M2) mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının qardaşı X1 02 may 2013-cü il tarixdə nikaha daxil olmuş, nikahda olduqları müddətdə mübahisəli mənzildə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, 40 saylı (yeni qaydalarla:AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 11, M10, m2) mənzildən cavabdehə məxsus yataq mebel dəsti (altı qapılı şifoner, taxt, iki qapılı, üç siyirtməli və güzgülü kamod şkafları ilə birlikdə), 2 (iki) ədəd qorka (bir ədədi dörd qapılı, digəri ikiqapılı olmaqla), dördqapılı, üç siyirtməli 1 ədəd güzgülü kamod, 2 ədəd nalçanın, 1 ədəd yuxayayan, iki ədəd tort çəngəli, 1 ədəd elektrik samovarının çayniki və limon qaşığı dəstinin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonra və ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh tərəfindən özünə məxsus əşyalar mənzilindən çıxarılmamışdır. Cavabdehə bununla bağlı tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)- 521/2023 nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmişdir.
4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehə məxsus əşyalar qaldığından və bu, iddiaçının mülkiyyət hüququnu pozduğundan həmin əşyalar mənzildən çıxarılmalıdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatdadır, bu səbəbdən də işə Nərimanov rayon məhkəməsində baxıla bilməzdi. xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında isə ona məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. İddiaçının evində cehiz əmlaklardan əlavə onun qızıl-zinyət əşyaları və sair əmlakı da qalmışdır. Məhkəmə həmin əmlaklara münasibət bildirməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi və həmin şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
9. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi prosessual əsasa görə ləğv olunmalı və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
17. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
18. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarına cavabdehə ünvanlanmış müvafiq məhkəmə bildirişləri əlavə olunsa da, işdə həmin bildirişlərin cavabdehə çatdırılmasını təsdiq edən heç bir sənəd yoxdur. Cavabdeh özü də məhkəmə baxışı barədə ona heç bir məlumat verilmədiyini bildirir. Bu isə təsdiq edir ki, birinci instansiya məhkəməsi işə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat vermədən baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
19. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
20. İddianın mahiyyətinə münasibətdə isə Məhkəmə kollegiyası nəzərə alır ki, işin mübahisəsiz hallarına görə iddiaçının qardaşı Ruslan Miriyev ilə cavabdeh xx.xx.2013cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra onlar iddiaçının mülkiyyətində olan mənzildə birlikdə yaşamış, cavabdeh cehiz əşyalarını həmin evə gətirmişdir. Nikah pozulduqdan sonra cavabdeh mənzili tərk etmiş, ona məxsus əşyalar iddiaçıya məxsus mənzildə qalmışdır.
21. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur ( maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4).
22. Kollegiya qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçıya məxsus mənzildə qalması (saxlanılması) iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddia əsaslıdır və təmin olunmalıdır.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh qızıl-zinət əşyaları və iddia ərizəsində göstərilməyən əşyaların da mənzildə qaldığını bildirsə də, bununla bağlı qarşılıqlı iddia verməmiş və həmin tələb məhkəmə baxışının predmeti olmamışdır. Bu səbəbdən apellyasiya baxışında bununla bağlı hər hansı araşdırma aparılması mümkün deyildir.
24. MPM-ə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (maddə 218.3).
25. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı mübahisəli mənzildə başqa əşyalarının da qalmasına dair sübutlar təqdim etməklə bu barədə ümumi qaydada ayrıca müstəqil iddia qaldıra bilər.
26. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyət qaydalarına əməl olunmaması barədədir. Apelyatorun fikrincə o, Lənkəran rayonunda qeydiyyatda olduğundan ona qarşı iddiaya da həmin rayonun məhkəməsində baxılmalı idi və bu səbəbdən Nərimanov rayon məhkəməsi hazırkı işə baxmaqda səlahiyyətli olmamışdır.
27. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, bu barədə cavabdeh tərəfindən vəsatət verilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmamış, cavabdeh həmin qərardaddan şikayət vermiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
28. Məhkəmə kollegiyası bununla bağlı bir daha qeyd edir ki, çıxarılması tələb olunan əşyaların olduğu mənzil Nərimanov rayonunun ərazisində yerləşdiyindən işə baxılması da müstəsna aidiyyət qaydalarına uyğun olaraq Nərimanov Rayon Məhkəməsinin səlahiyyətinə aiddir.
29. MPM-nin 39-cu maddəsinin tələbinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
30. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh məxsus yataq mebel dəsti (altı qapılı şifoner, taxt, iki qapılı, üç siyirtməli və güzgülü kamod şkafları ilə birlikdə), 2 (iki) ədəd qorka (bir ədədi dörd qapılı, digəri ikiqapılı olmaqla), dördqapılı, üç siyirtməli 1 ədəd güzgülü kamod, 2 ədəd nalçanın, 1 ədəd yuxayayan, iki ədəd tort çəngəli, 1 ədəd elektrik samovarının çayniki və limon qaşığı dəstindən ibarət əşyaları Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4, mənzil 40 (Yeni qaydalarla : AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 11, M10, M2)dan çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.