Məhkəmə qərarları › İş №2(103)-2885/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2885/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdeh Birlikdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının doğma bacısı X3 cavabdeh Birliyin əməkdaşları X4 və X1 təqsiri üzündən faciəvi şəkildə vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmalarına dair cinayət işinə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Birliyin həmin əməkdaşları öz vəzifələrinin icrasına laqeyd yanaşmış, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, səhlənkarlı etmiş, nəticədə iddiaçının bacısının yaşadığı mənzilin hamam otağında quraşdırılmış su qızdırıcısının tüstü borusunda problem yaranmış və iddiaçının bacısı dəm qazının sızmasından zəhərlənərək ölmüşdür. Həmin hökmlə Ceyhun Məmmədov və İsmayıl Qiyasbəyov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və hər birinə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökm qanuni qüvvəsini almış və icra edilmişdir. Bacısının vəfatı ilə bağlı iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı körpə olduğu vaxt valideynləri vəfat etmiş və bu səbəbdən də iddiaçını, ondan 10 yaş böyük olan bacısı böyütmüş, faktiki olaraq valideynləri əvəz etmişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Birlikdən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat və iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi 180 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi iddiaçının özünə aid edilməsini, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 120 manat məbləğində pul vəsaitinin cavabdeh Birlikdən tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş və artıq icra edilmiş hökmlə müəyyən edilmişdir ki, iddiaçının bacısının ölməsinə səbəb cavabdeh Birliyin əməkdaşlarının ehtiyatsızlıqdan törətdikləri cinayət hadisəsi olmuşdur. Bacısını qeyd edilən şəraitdə vəfat etməsi nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübhəsizdir. Buna görə də, cavabdeh Birlik, onun əməkdaşlarının ehtiyatsızlıqdan törətdikləri cinayət nəticəsində iddiaçıya vurduqları mənəvi zərərin əvəzini ödəməlidir. Mənəvi zərərin əvəzinin məbləğinə gəldikdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Birlikdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalı, qalan hissəsə isə iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, iddia tələbinin 1/3 hissəsi əsaslı olduğu üçün təmin edilir. Bu səbəbdən də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi 180 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi iddiaçının özünə, qalan hissəsi ilə cavabdehə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən hökmdə əks olunmuş bədbəxt hadisə Birliyin əməkdaşlarının səhlənkarlığı nəticəsində baş vermişdir. Buna görə də, mənəvi zərərin əvəzi də, hadisəni törətmiş şəxslər tərəfindən ödənilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsinin Birlikdən iddiaçının xeyrinə tutulmasını qət etmiş mənəvi zərərin əvəzinin məbləği də ağlabatan deyil. Həmçinin Rayon Məhkəməsi iddiaçının psixoloji stress və emosional gərginlik çəkməsinə dair hər hansı mötəbər sübutun mövcud olmamasını nəzərə almamışdır. d) apellyasiya baxışının hədləri barədə məlumat

7. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

8. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır.

9. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

10. İş üzrə iddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

11. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki MPM-in 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. İddiaçının bacısının ölməsinə səbəb cavabdeh Birliyin əməkdaşlarının ehtiyatsızlıqdan törətdikləri cinayət hadisəsi olmuşdur. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2010 saylı cinayət iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Birliyin əməkdaşları Ceyhun Məmmədov və İsmayıl Qiyasbəyov öz vəzifələrinin icrasına laqeyd yanaşmış, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, səhlənkarlı etmiş, nəticədə iddiaçının bacısının yaşadığı mənzilin hamam otağında quraşdırılmış su qızdırıcısının tüstü borusunda problem yaranmış və iddiaçının bacısı dəm qazının sızmasından zəhərlənərək ölmüşdür.

14. MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

15. Məhkəmə qeyd edir ki, qeyd edilən hökmdə təsvir edilmiş hadisə zamanı iddiaçının bacısının ölməsi ilə iddiaçıya mənəvi zərərin dəyməsi sübhəsizdir.

16. Buna görə də, qəbul edilməlidir ki, apellysiya şikayətinin “iddiaçının psixoloji stress və emosional gərginlik çəkməsinə dair hər hansı mötəbər sübutun mövcud olmamasının Rayon Məhkəməsi tərəfindən nəzərə alınmaması barədə” apellyasiya şikayətinin dəlili əsassızdır.

17. Məhkəmə, apellyasiya şikayətinin “mənəvi zərərin əvəzinin Birlik tərəfindən deyil, hadisəni törətmiş şəxslər tərəfindən ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.).

18. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh Birlik, onun işçilərinin törətdikləri cinayət nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzini ödəməlidir. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

19. Cavabdeh Birlik apellyasiya şikayətində həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin Birlikdən iddiaçının xeyrinə tutulmasını qət etmiş olduğu mənəvi zərərin əvəzinin məbləği ağlabatan deyil.

20. Bununla bağlı Məhkəmə bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

22. Məhkəmə qeyd edilənləri, işin hallarını və cavabdeh Birliyin işçilərinin ehtiyatsızlıqdan törətdikləri cinayət əməlinin iddiaçıya münasibətdə ağır nəticə ilə yekunlaşmasını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Birlikdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

23. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iddia qismən təmin edildiyindən iddianın məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi 180 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi iddiaçının özünə, qalan 120 manat hissəsi isə cavabdeh Birliyə aid edilməlidir.

24. Məhkəmə qeyd edilən nəticə ilə bağlı Rayon Məhkəməsinin mövqeyini əsaslı hesab edir. Çünki, iddiaçı, mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdeh Birlikdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin Rayon Məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin əvəzi olaraq cavabdeh Birlikdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır.

25. Göründüyü kimi, iddia tələbinin 1/3 hissəsi əsaslı olduğu üçün təmin edilmişdir.

26. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. g) apellyasiya baxışının nəticəsi

27. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Odur ki, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

30. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə İddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar