Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2891/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlu katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-4341/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə avtomobilə dəymiş zərərə görə 4765 manat, kirayə haqqı 6300 manat, mənəvi zərərə görə 800 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11895 manatın cavabdeh ASC-dən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və dəqiqləşdirmə onunla əsaslandırılmışdır ki, ona məxsus “Lexus LS 460” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili “Lada Prirora” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2019-cu il tarixdə saat 21:30 vurulmuş, onun avtomobilini vurmuş avtomobil “xxxxxxxxxxxx” ASC-də sığortalı olmuşdur. Sığorta şirkətinə müraciət etmiş, ona dəymiş zərəri hesablamaq üçün 3 müxtəlif servisə müraciət etmiş, hər biri ayrı-ayrılıqda 4335 manat, 4545 manat, 4765 manat miqdarında qiymət qoymuşdur. Lakin cavabdeh bu pulu verməkdən imtina etmişdir. Sığorta şirkəti hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq 45 gündən artıq süründürmüşdür. Cavabdeh tərəfindən iş məhkəməyə qədər və hətta məhkəmə müddətində də qərəzli olaraq süni uzadılmış, bu müddət ərzində o, “X4” MMC-dən “Hyundai Elantra” markalı “**-MV-***” qeydiyyat niaşanlı avtomobili aylıq 1050 manata kirayə götürmüşdür. Həmçinin 6 ay müddətində onunla pis rəftara görə, ona verilən əziyyət üçün ona dəymiş mənəvə zərərə görə 800 manat pul tutulub ona verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 4341/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxx” ASCdən 4545 manat məbləğində sığorta ödənişi və 20 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 120 manat məbləğində pulun cavabdeh “xxxxxxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində iddianın təmin edilməyən mənəvi zərər və kirayə haqqı hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, sığorta şirkətinin əməkdaşları onunla kobud rəftar etmiş, saatlarla onu gözlətmişlər və nəticədə onun mənəvi iztirab və sarsıntı keçirməyinə səbəb olmuşlar. Kirayə haqqı ilə bağlı məhkəmə pulun ödənilməsini təsdiq edən sənədin olmamasına istinad etmişdir, iş materiallarında isə həm müqavilə, həm də zəmanət məktubu mövcuddur, ödəniş qəbzlərinə gəldikdə isə dekabr ayında müqavilənin müddəti bitdiyi üçün ödəniş yalnız həmin vaxt mümkün olacaqdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini əsaslandırmalı idi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Lexus Bakı” servis mərkəzinin aktı ekspert rəyinə köçürülmüşdür. Ekspert tərəfindən subroqasiya işlərində də rəy verilmiş və hər dəfə mərkəz tərəfindən işlənilib hazırlanmış metodikadan istifadə edilməklə illik aşınma nəzərə alınmış və avtomobilin istismarda olması qeyd edilməklə, avtomobillərin dəyişilməli hissələrinin dəyəri azaldılaraq müəyyən edilmiş, hazırki mülki iş üzrə isə bu hal baş verməmişdir. Odur ki, iş üzrə təkrar ekspertiza keçirilməli və yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən icbari qaydada sığortalanmış “Lada Pirora” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Lexus LS 460” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sonuncuya maddi ziyan yetirmişdir. “Toyota Bakı Mərkəzi” (Lexus Bakı Mərkəzi) tərəfindən verilən xx xxxxx 2019-cu il tarixli qüsur aktına görə nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi həcmi 4545 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” MMC Servis Mərkəzinin xx xxxxx 2019-cu il tarixli qüsur aktına görə ehtiyat hissələri və görülən işlərin ümumilikdə dəyəri 4765 manat müəyyən edilmişdir. “MY AUTO” Servis tərəfindən verilən xx xxxxx 2019-cu il tarixli avtomobilin qüsur aktına əsasən isə istifadə olunacaq ehtiyat hissələri və görülən işlərin ümumilikdə dəyəri 4335 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının sifarişi ilə “xxxxxxx” MMC tərəfindən qiymətləndirilmə keçirilmiş və xx xxx 2019-cu il tarixli rəyə əsasən avtonəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 4500 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilmiş “X2” tərəfindən verilən xx.xx.2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə” dair akta əsasən ümumi məbləğ 1530 manat müəyyən edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən ümumi məbləğ 1500 manat müəyyən edilmişdir. “xxxxxxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində “Lexus LS 460” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1530 manat dəyərində maddi zərərin vurulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20472 saylı xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Lexus Bakı” servis mərkəzinin xx.xx.2019-cu il tarixli aktındakı məlumatlara əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı “Lexus LS460” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4545,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti 2445 manat; təmir-bərpa işlərinin qiyməti 2100 manatdır. Məhkəmə ekspert rəyinə uyğun olaraq cavabdehdən 4545 manat sığorta ödənişinin tutulması qənaətinə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ekspert tərəfindən təmir xərci yüksək məbləğdə müəyyən olunmaqla yanaşı, həm də illik aşınma nəzərə alınmamışdır, təkrar ekspertiza keçirilməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2030 saylı xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Lexus Bakı” servis mərkəzinin xx.xx.2019-cu il tarixli aktındakı məlumatlara əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı “Lexus LS460” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla təxminən 4545,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 2445 manat; təmir-bərpa işlərinin qiyməti 2100 - manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3796,0 manat, o cümələdən: dəyişilməli hissələrin qiyməti - 1696 manat; təmir-bərpa işlərinin qiyməti - 2100 manat. Göründüyü kimi, ekspert rəyi ilə illik 3 % (2-6%) aşınma nəzərə alınmaqla, 12 il (2007- 2019) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 1696 manat müəyyən edilmiş və beləliklə də avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3796 manat müəyyən edilmişdir. Beləliklə, avtomobil 2007-ci il buraxılışlı olduğundan hazırki iş üzrə nəticəyə gələrkən, onun aşınması nəzərə alınmalı olduğundan, Kollegiya təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2030 saylı xx xxxxxxx 2020-ci il tarixli rəyini daha mötəbər hesab edərək, qeyd edir ki, təkrar ekspert rəyinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 3796 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə kirayə haqqının tutulması (ödənişləri təsdiq edə bilməmiş) və mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini təsdiq edə biləcək sübutlar təqdim edilmədiyinə görə iddia tələbini həmin hissədə rədd etməklə doğru qənaətə gəlmişdir. İddiaçının bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətində müqavilənin iş materiallarında olduğu, ödənişin yalnız dekabr ayında mümkün olacağı qeyd edilmişdir. Kollegiya qeyd edir ki, müqavilənin mövcudluğu ödənişin edildiyini təsdiq etmir, apelyasiya baxışı zamanı da iddiaçı tərəfindən müqaviləyə əsasən ödənişlərin edildiyini sübuta yetirən ödəniş qəbzləri təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli, cavabdeh “xxxxxxxxxxxx” ASC-dən İddiaçı xeyrinə tutulmalı məbləğ 3796 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4341/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 4545 manat məbləğində sığorta ödənişinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin və cavabdeh “xxxxxxxxxxxx” ASC-dən İddiaçı xeyrinə tutulmalı məbləğ 3.796,0 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 80 manatı İddiaçı, 20 manatı cavabdeh “xxxxxxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-2891/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2891/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver