Məhkəmə qərarları › İş №2(103)-2897/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2897/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2897/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşağın ananın himayəsinə verilməsi və aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2024 nömrəli 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin nikahdan kənar münasibətindən xx.xx.2023-cü il təvəllüdlü X8 doğulmuşdur.

2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə görə Cavabdeh İddiaçı dünyaya gəlmiş X5 atası hesab edilmişdir.

3. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Qaradağ rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir və 1868,50 manat məbləğində əmək haqqı alır.

4. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından müəyyən olunmuşdur ki, iddiaçı “X11” publik hüquqi şəxsində həkim vəzifəsində işləyir və 1407 manat məbləğində əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi, X5 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin cavabdehdən tutularaq ona ödənilməsi və nikahdan kənar doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ötrü cavabdehdən həm sabit pul məbləğində, həm də cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin və X5 doğulduğu gündən ödənilməmiş alimentlərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə nikahdan kənar xx.xx.2023-cü il tarixdə X7 doğulmuşdur. Hazırda xx.xx.2023-cü il təvəllüdlü X7 onunla yaşayır.

7. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2023-cü il tarixli 5-11/2-2098/2023 saylı rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan xx.xx.2023-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmalarını mümkün hesab etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2024-cü il tarixli 2(011)-922/2024 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il təvəllüdlü Məmmədov (Almasov) Malik Həsrət oğlunun İddiaçı himayəsində saxlanılması, xx.xx.2023-cü il təvəllüdlü Məmmədov (Almasov) Malik Həsrət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflərin faktiki nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşağı faktiki vəziyyətə və qəyyumluq və himayəçilik komissiyasının rəyinə uyğun olaraq iddiaçının yanında qalmalıdır.

10. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Qaradağ rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir və 1868,50 manat məbləğində əmək haqqı alır. Həmin məbləğin 1/4 hissəsi uşaqlar üçün 2024-cü il üzrə yaşayış minimumunu əhatə etdiyindən, məhkəmə xx.xx.2023-cü il təvəllüdlü X2 üçün əlavə olaraq sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab etmir.

11. Məhkəmə eyni zamanda iddia tələbinin “X5 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından müəyyən olunmuşdur ki, iddiaçı “X11” publik hüquqi şəxsində həkim vəzifəsində işləyir və 1407 manat məbləğində əmək haqqı alır. Buna görə də məhkəmə X5 3 yaşı tamam olanadək hər ay ödənilməli olan sabit pul məbləği formasında alimentin tutulmasını ağlabatan hesab etmir.

12. Məhkəmə həmçinin iddia tələbinin “X5 doğulduğu gündən ödənilməmiş alimentlərin tutularaq İddiaçı ödənilməsi barədə” hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, cavabdehdən alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 56, 75.1, 75.4, 78.1, 78.2, 81, 84.1, 85.1.1, 86, 100.3, 112.1, 100.2, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa, Mülki Prosesual Məcəllənin 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ¼ məbləğdə aliment təyin edilməsi hissəsində ləğv olunaraq sabit əmək haqqı məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında sosial-ailə münasibərləri olmamış, beləliklə də uşağın əvvəlki təminat səviyyəsi mövcud olmamışdır. Məhkəmə qərar qəbul edərkən, onun ailəli olmasını və himayəsində 2 azyaşlı olmasını nəzərə almamışdır. Bununla yanaşı iddiaçının da sabit gəlirinin olması nəzərə alınmalı idi. Məhkəmə tərəfindən onun iştirakı təmin edilməmişdir. Əlavə edilən əmək müqaviləsindən də göründüyü kimi, onun əməkhaqqı dəyişkən olduğu üçün sabit əmək haqqı məbləğində aliment təyin edilməlidir. O, ƏƏSM yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən verilmiş, 006350 nömrəli vəsiqədə də öz əksini tapdığı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün mühafizəsi uğrunda İİ qrup əlillik dərəcəsi almışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən qətnamə tutulan aliment hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Aliment hissəsində Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

30. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Qaradağ rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir və 1868,50 manat məbləğində əmək haqqı alır.

31. Göründüyü kimi cavabdehin daimi iş yeri və müntəzəm qazancı var, bununla bağlı qeyd olunan dəlil əsassızdır.

32. Aliment sabit pul şəklində o vaxt təyin olunur ki, aliment ödəməli olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olur, qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alır, yaxud onun qazancı və ya sair gəliri yoxdur, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil, çətinlik törədir. Hazırki işdə isə belə hallar müəyyən edilmir.

33. Cavabdehin himayəsində daha iki uşağının olması da şikayətin təmin olunması üçün əsas yaratmır, onun aldığı əmək haqqı həmin uşaqların saxlanılması üçün də yetərlidir.

34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-922/2024 nömrəli iş üzrə 06 fevralcü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar