Məhkəmə qərarları › İş №2(103)-2897/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2897/2025

30.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2897/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(005)-420/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı və Cavabdeh2 ər-arvaddır. Onların nikahı xx.xx.2000-ci ildə bağlanıb, halhazıra kimi birlikdə yaşayırlar. 2.Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küşələrinin kəsişməsindəki 6 girişli 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 113.5 kv.m təşkil edən iki otaqlı 31 nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). 3.Mənzilə dair cavabdeh (sifarişçi) Cavabdeh2 ilə cavabdeh (podratçı) Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli 93 nömrəli müqaviləyə görə, sifarişçi müqavilədə göstərilmiş 136.200 manat məbləğində pulu podratçıya tam ödəməklə mənzilin tikintisini podratçıya həvalə edir (iş v. 6), 4.Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC -yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəyə görə, sifarişçi mənzilə dair həmin müqavilənin Niyaməddin Eyvazovun adına keçirilməsinə etiraz etmir (razıdır), mənzil ilə əlqədar heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaq (iş v. 9). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, mənzilin Cavabdeh1 MMC təfindən başqasına satılması barədə müqavilə ləğv edilsin və mənzil iddiaçının ailəsinə geri qaytarılsın. 6.Tələb onunla əsaslanıdırılıb ki, iddiaçının əri Cavabdeh2 mənzildən başqa şəxsin xeyrinə imtina ərizəsini arvadının razılığı olmadan verib. Bundan başqa, Cavabdeh2 aldadılıb, imtina ərizəsinin qarşılığına ona pul və ya başqa mənzil verilməyib. 7.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.İddia ərizəsində müqavilənin ləğvi xahiş olunsa da, iddianın əsasından görünür ki, iddiaçı müqavilənin etibarsız sayılmasını tələb edir. Ona görə də hazırkı tələb müqavilənin etibarsız sayılması barədə tələb sayılmalıdır. Lakin iddiaçı etibarsız sayılmasını tələb etdiyi müqaviləni məhkəməyə təqdim etməyib, Cavabdeh1 MMC-nin həmin müqaviləni hansı tarixdə və kiminlə bağladığını bidirməyib, habelə müqavilənin digər tərəfini cavabdeh kimi göstərməyib. 12.Hər hansı müqavilənin etibarsız sayılması üçün əvvəlcə onun mövcud olduğu, məzmunu və tərəfləri müəyyən edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İddiaçının etibarsız sayılmasını tələb etdiyi müqavilənin mövcud olması, məzmunu və tərəfləri müəyyən edilmədiyinə görə, tələb təmin edilə bilməz. 13.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-420/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar