Məhkəmə qərarları › İş №2(103)-2906/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2906/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2906/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(006)-4254/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29.09.2014-cü il tarixdən Qazax hərbi prokurorluğunda müstəntiq vəzifəsində işləyir. 12.09.2018-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı yüngül dərəcəli xəsarət almışdır. Həmin xəsarət Baş Prokurorluq tərəfindən təşkil edilmiş Komissiya tərəfindən xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan kimi qiymətləndirilmişdir. Daha sonra həmin sığorta hadisəsi üzrə sığorta ödənişinin alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Şəmkir rayon filialına müraciət etmiş və həmin Filial tərəfindən iddiaçıya 17.07.2019-cu il tarixdə 5760 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı həmin ödənişin natamam olması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən ona sığorta ödənişi edilən zaman vəzifə maaşının 10 faizi məbləğində ödəniş edilmişdir. Halbuki, qanunvericiliyə əsasən aldığı əmək haqqının 10 faizi məbləğində ödəniş edilməli idi. Eyni zamanda, həmin ödənişlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyindən dəbbə pulu da cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ödənilməmiş olan 3360 manat məbləğində sığorta ödənişinin, 5760 manat sığorta ödənişinin 56 gün gecikdirilməsi və ödənilməməsinə görə 322 manat 56 qəpik, sığorta ödənişinin qalan 3360 manat hissəsinin 55 gün gecikdirilməsi və ödənilməməsinə görə isə 184 manat 80 qəpik dəbbə pulunun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3897,36 qəpik pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçının X3 rayon filialındakı hesabına (İBAN AZ43AİİB********************) ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(006)-4254/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(006)-4254/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Siğorta Kommersı̇ ya Şı̇ rkətı̇ apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əmək haqqı anlayışını düzgün təfsir etməyib. Prokurorluqda qulluq keçmə haqqında qanuna görə, əmək haqqına əlavə ödənişlər aid deyil. Bu ödənişlər əmək haqqı hesab edilmir. 1 faiz sığorta haqqı müəyyən edilir. Ödənişlər rüblər üzrə aparılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 15.03.2019-cu il tarixli HP-10/8 №-li Arayışından görünür ki, İddiaçı 29.092014-cü il tarixdən Respublikanın prokurorluq orqanlarında, 10.06.2016-cı il tarixdən isə Qazax hərbi prokurorluğunun müstəntiqi vəzifəsində xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 01.04.2019cu il tarixli Arayışından görünür ki, İddiaçı 25.02.2019-cu il tarixli təqrirlə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edərək 12.09.2018-ci il tarixdə saat 21:30 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı özünə məxsus idarə etdiyi “VAZ21070” markalı avtomobillə Qazax rayonundan Şəmkir şəhərinə qayıdarkən baş vermiş yolnəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarətləri aldığını bildirmiş və aldığı xəsarətlərlə əlaqədar olaraq ona sosial sığorta müavinəti verilməsi məsələsinə baxılmasını xahiş etmiş və Komissiyanın qərarı ilə İddiaçı qeyd edilən vaxtda və şəraitdə aldığı yüngül dərəcəli bədən xəsarəti xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan kimi qiymətləndirilmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 1013 №-li Ekspert rəyindən görünür ki, iddiaçının aldığı xəsarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan zərər vurma kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 15.10.2019cu il tarixli HP-09/84 №-li Arayışından görünür ki, iddiaçıya il ərzində vəzifə pulu üzrə 835 manat, rütbə pulu üzrə 125 manat, məzuniyətə görə 1920 manat, müalicə üçün 1920, maddi yardım kimi 3 dəfə olmaqla hər biri 960 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 29.03.2019cu il tarixli HP-09/24 №-li Arayışından görünür ki, iddiaçının orta aylıq əmək haqqı 1520 manat təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 5760 manat məbləğində sığorta ödənişi 17.07.2019-cu il tarixdə ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Sığorta Şirkətinə ərizə ilə müraciət olunaraq ona ödənilməli olan sığorta haqqı ödənişinin məbləğinin düzgün hesablanması və tam ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan 26.12.2019-cu il tarixli 08-A-743 №-li cavabdehin məktubundan görünür ki, prokurorluq orqanlarının əməkdaşlarına il ərzində verilən əlavə haqlar, birdəfəlik müavinətlər, maddi yardımlar və başqa ödənişlər əmək haqqı hesab edilmir. Beləliklə də, əlavə haqlar, maddi yardımlar, kompensasiyalar, birdəfəlik müavinətlər, mükafatlar və başqa digər ödənişlər əmək haqqı hesab edilmədiyindən həmin məbləğlər sığorta məbləğinə aid edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin Qanunun 5-ci maddəsinə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət isbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci abzasına əsasən Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Həmin maddənin 7-ci abzasına əsasən Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onun 5 illik əmək haqqısı məbləğində sığorta edilmiş iddiaçının əmək haqqısı ona ödənilmiş aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət olmasına və sığorta hadisəsi zamanı sığorta ödənişi əmək haqqının müvafiq faizi nisbətində ödənilməli olsa da, cavabdeh onun əmək haqqısının məcmusunu düzgün müəyyən etməmiş, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəmək öhdəliyi olsa da, 5760 manat sığorta ödənişini 56 gün gecikmə ilə 17.07.2019-cu il tarixdə vermiş, sığorta ödənişinin 3360 manatını isə verməkdən ümumiyyətlə imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası X1 Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(006)-4254/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar